"Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı" həyata keçirilir
Peşə təhsilinin müasir tələblərə
uyğunlaşdırılması üçün bu sahədə
təcrübəsi olan ölkələrlə əməkdaşlıq
genişlənir
Bu gün ölkənin
dinamik inkişaf edən iqtisadiyyatının texniki
peşə üzrə ixtisaslı kadrlara tələbatının
daha dolğun ödənilməsi, inkişaf etmiş
müasir dövrün tələblərinə uyğun
mütəxəssislərin yetişdirilməsi müasir
dövrün başlıca tələblərindəndir.
Xüsusilə, texniki-peşə təhsilinin məzmunca
yeniləşdirilməsi sahəsində ölkədə
ciddi islahatlar həyata keçirilir. "Azərbaycan
Respublikasında texniki-peşə təhsilinin inkişafı
üzrə Dövlət Proqramı"nın (2007-2012-ci
illər) tətbiqi ilə bağlı bu sahədə
mövcud olan problemlərin kompleks həlli
üçün imkanlar bir daha nəzərdən keçirilir,
beynəlxalq təcrübə öyrənilir.
Dünən texniki-peşə
təhsili sahəsində zəngin təcrübəsi
olan Koreyanın məşhur Daevoo şirkəti ilə
müqavilə imzalayan Təhsil Nazirliyi Türkiyə
ilə də əməkdaşlıq etmək niyyətindədir.
Təhsil Nazirliyində Türkiyə Respublikası milli
təhsil nazirinin müavini Sadəttin Sabazın
başçılıq etdiyi nümayəndə heyəti
ilə birgə keçirilən görüşdə
açıqlama verən təhsil naziri Misir Mərdanov
qarşılıqlı əməkdaşlığın
səmərə verdiyini bildirib: "Geniş tərkibdə
nümayəndə heyətinin ölkəmizə səfəri
Azərbaycanla Türkiyənin təhsil nazirlikləri
arasında təhsil və elm sahəsində əməkdaşlıq
haqqında imzalanmış protokola əsasən təşkil
olunub. Görüşdə ölkəmizdə texniki-peşə
təhsili sahəsindəki islahatlara yardım, təcrübə
mübadiləsinin aparılması və peşə
müəssisələri arasında qarşılıqlı
əlaqələrin yaradılması məsələləri
müzakirə olunacaq". Azərbaycanı təmsil
edən nümayəndə heyətinin İzmirdəki
peşə təhsilli məktəbləri ilə tanışlığını
bir daha xatırladan M.Mərdanov bildirdi ki, türkiyəli
həmkarlarımızın təcrübəsindən
istifadə etmək, peşə yönümlü mütəxəssislərin
hazırlanması istiqamətində razılıq əldə
olunub. Nazir ölkəmizdə peşə təhsili sisteminin
təşkili məsələləri barədə qonaqlara
məlumat verərək bildirib ki, uzun illər sovetlər
birliyinin tərkibində olan Azərbaycanda digər
müttəfiq respublikalarda olduğu kimi peşə
yönümlü ixtisaslar ümumi təhsil sistemi daxilində
öyrədilmiş, ayrıca təkmil proqramları olmamışdır.
Bu baxımdan ölkəmizdə texniki- peşə təhsilli
mütəxəssislərin hazırlanmasında bəzi
problemlər bu gün də mövcuddur.
Texniki peşə təhsilinin
inkişafı üçün qəbul olunmuş qərarın
tətbiqi ilə bəzi sahələr üzrə ixtisasların
öyrədilməsində müəyyən islahatların
aparıldığını deyən M.Mərdanov görüləsi
işlərin olduğunu vurğulayıb: "Biz bu fikirdəyik
ki, Türkiyənin eyni profilli təhsil müəssisələri
ilə əməkdaşlığı genişləndirək,
xüsusilə, turizmin inkişafı sahəsində
dünya üzrə səkkizinci yerdə olan dost ölkənin
təcrübəsini respublkanın peşə məktəblərində
tətbiq edək".
Türkiyəli nümayəndə
heyətinin rəhbəri Sadəttin Sabaz iki gün ərzində
peşə məktəblərində təhsil sistemli
şəkildə qurulduğunu, mütəxəssis hazırlığına
diqqət artırıldığını deyib: "Hazırda
bütün dünyada, Avropada texniki -peşə təhsilinə
maraq əvvəlki illərlə müqayisədə
çox yüksək səviyyədədir. Türkiyədə
də Azərbaycanda olduğu kimi peşə yönümlü
kadr hazırlığına dövlət səviyəsində
dəstək göstərilir".
Qonaq onu da bildirdi ki,
2007-ci ildə Türkiyəyə 18 milyon turist gəlmiş,
ölkə büdcəsinə 18 milyard TL vəsait daxil
olub. Proqnozlara görə həyata keçiriləcək
160 layihə üzrə 2023-cü ildə Türkiyəyə
gələcək turistlərin sayı 63 milyon nəfərə
çatdırılacaq: "Peşə məktəblərində
təhsil alanlar bir gün nəzəri biliklərə yiyələnir,
5 gün ərzində öyrəndiklərini seçdikləri
sahələr üzrə təcrübədən keçirirlər.
Bu sahədə təhsil alanlara rus və Çin dilləri
də öyrədilir. Türkiyədə bütün sahələr,
ixtisaslar üzrə peşə məktəbləri fəaliyyət
göstərir. Turizm üçün gözəl imkanlara
malik Azərbaycanda da çoxillik təcrübələrinin
öyrədilməsi üçün tərəflər
arasında razılıq əldə olunub. Qarşıdakı
illərdə bu sahədə əməkdaşlığın
genişləndirilməsi üçün bütün
imkanlar nəzərdən keçiriləcək".
Görüşdə
hər kəs üçün maraqlı olan məsələlər
barədə fikir mübadiləsi aparılıb.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2009.- 28 yanvar.- S. 7.