ÇEXİYA NABUKKO LAYİHƏSİNİ DƏSTƏKLƏYİR

 

Çexiya Respublikasının Baş naziri Mirek Topolanek Nabukko qaz kəmərinin tikintisinə dair Budapeşt zirvə görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında demişdir: "Nabukko Avropa ölkələri üçün mühüm layihədir və Çexiya Respublikası onun həyata keçirilməsi üçün var qüvvəsini əsirgəməyəcəkdir". Baş nazirin sözlərinə görə, o, Avropa İttifaqına sədrlik edən ölkənin hökumətinin başçısı kimi layihənin həyata keçirilməsini sürətləndirmək üçün mkün olan dəstəyi göstərəcəkdir. Bolqarıstanın Baş naziri Sergey Stanişev isə Gürcüstan mətbuatına müsahibəsində demişdir: "Bu yaxınlarda Rusiya ilə Ukrayna arasında baş vermiş və Avropanın bir çox ölkələrini asılı vəziyyətə salmış qaz münaqişəsi bu layihənin tezliklə həyata keçirilməsinə yeni təkan vermişdir".

Gürcüstan Baş nazirinin birinci müavini və maliyyə naziri Nika Gilauri isə vurğulamışdır ki, Nabukko layihəsi tranzit ölkələrdən biri olacaq Gürcüstan üçün prioritet layihədir. Gilaurinin fikrincə, layihənin həyata keçirilməsi Avropa İttifaqı dövlətlərinin və qitənin digər ölkələrinin Rusiya qazından asılılığını azaldaraq, onların enerji təhlükəsizliyini təmin edəcəkdir.

6,14 milyard dollar məbləğində qiymətləndirilən Nabukko layihəsi Türkiyə ərazisindən keçməklə Xəzər dənizindən Avstriyaya qaz kəmərinin 2013-cü ilədək çəkilməsini nəzərdə tutur. Kəmərin tikintisi və istismarı ilə Avstriyanın OMV neft-qaz şirkəti başda olmaqla beynəlxalq konsorsium məşğul olacaqdır. Kəmərin maksimum ötürmə qabiliyyəti isə 31 milyard kubmetr təbii qaz təşkil edəcəkdir.

 

 

Naib

 

Səs.- 2009.- 29 yanvar.- S. 3.