Azərbaycan diplomatiyası yeni sferada

 

Hafiz Paşayev: "Azərbaycan Diplomatik Akademiyası ölkədə yeni tipli məktəb modelidir"

 

Dünən Azərbaycan Diplomatik Akademiyasının ilk tədris korpusunun açılışı ilə bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransında giriş sözü ilə çıxış edən ADA-nın rektoru Hafiz Paşayev ölkədə yeni məktəb modelinin hazırlandığını bildirib. H.Paşayev vurğuladı ki, 2006-cı ilin mart ayında Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış olan bu təhsil ocağı Azərbaycan diplomatiyası tarixində ən uğurlu məqamlardan biridir. O, qeyd etdi ki, ADA-nın təsis edilməsi ölkəmizdə yeni təhsil metodlarının tətbiqinə və yüksək intellektə malik diplomatların yetişməsinə zəmin yaradır. O, eyni zamanda, diplomatiya sahəsində bütün dünya təcrübəsinə tam doğunluğu ilə yiyələnmək və bu axında ölkəmizin rolunu daha da gücləndirmək üçün ADA-nın fəaliyyətini zəruri olduğunu bildirib. Ona görə də, müasir dövrdə Azərbaycan diplomatiyasının daha da inkişafının ən vacib prinsiplərdən biri kimi qiymətləndirildiyini söyləyən ADA-nın rektoru, hazırlanacaq kadrların müasir metodları tam dolğunluğu ilə mənimsəyəcəyini söyləyib.

H.Paşayev ADA-nın bütün müasir standartlara uyğunlaşması üçün ən qabaqcıl tədris ləvazimatları ilə təmin edildiyini bildirib. Eyni zamanda, Akademiyanın qabaqcıl dünya praktikasında aparıcı yerə malik olduğunu, xarici ölkə universitetləri ilə çox ciddi əlaqələr yaradıldığını qeyd edən H.Paşayev bundan sonra bu istiqamətdə daha geniş tədbirlər planı işlənib hazırlanacağını mətbuat nümayəndələrinin diqqətinə çatdırıb.

ADA-nın rektoru indiyə qədər görülmüş işlərin müqabilində Azərbaycanda təhsilin yeni modelinin işlənib hazırlandığını və bunun ancaq yetişdiriləcək diplomatlar üçün tətbiq olunacağını söyləyib. Onun sözlərinə görə, tədrisin bütövlükdə beynəlxalq dil kimi ingilis dilində tətbiq olunacağını və bunu da yetişəcək hər bir diplomat üçün olduqca mühüm əhəmiyyətli prinsiplərin tərkib hissəsi kimi qiymətləndirildiyini bildirən H.Paşayev, artıq Azərbaycan diplomatiyasının beynəlxalq təcrübədə örnək olacağına tam əminlik yarandığını qeyd edib: "Çünki ADA-da azərbaycanlı tələbələrlə yanaşı xarici ölkə vətəndaşlarının də tədrisə cəlb olunması əsas məqsəddir. Ona görə biz ölkəmizin artmaqda olan beynəlxalq imicini daha da möhkəmlətmək və yeni-yeni uğurlara imza atmaq üçün daha mütəşəkkil bir formada yetişmiş gənclərin qüvvəsində istifadə etməliyik. Bunun üçün də yaradılmış yeni tədris ocağının imkanlarından geniş istifadə etmək diplomatlar qarşısında dayananan əsas prinsipdir" -deyə bildirib. H.Paşayev ölkəmizdə 2 ildən artıqdır ki, fəaliyyət göstərən diplomatik akademiyanın tədrisində daha çox Xarici İşlər Nazirliyinin diplomatlarının imkanlarında istifadə olunduğunu qeyd edib. Bütün bunlarla yanaşı ADA-nın yaradılacaq yeni korpusunda şəhərciyin də yaradılmasının başlıca vəzifə kimi qarşıya qoyulduğunu bildirən alə təhsil ocağının rəhbəri 2010-cu ilə qədər bu işlərin yekunlaşacağını söyləyib.

Mətbuat konfransında XİN mətbuat katibi Xəzər İbrahim də yaradılmış olan yeni diplomatiya məktəbinin böyük imkanlara malik olduğunu bildirib. O, qeyd edib ki, ADA Azərbaycanda regionda ən böyük yeni təhsil konsepsiyasının nümunəsidir. Onun imkanlarından istifadə etmək üçün isə gənclərimizin qarşısında dayanan ən mühüm vəzifənin də bilikli və savadlı kadrlar kimi yetişməsini vacib amil olduğunu söyləyən XİN rəsmisi, Azərbaycan diplomatiyasının inkişafda olduğunu vurğulayıb. Tədbirdə, həmçinin, mətbuat nümayəndələrinin müxtəlif suallarına da aydınlıq gətirilib.

 

 

Tapdıq QURBANLI

 

Səs.- 2009.- 29 yanvar.- S. 3.