DAVOS İQTİSADİ FORUMU İŞİNİ DAVAM
ETDİRİR
İlham Əliyev: "Azərbaycanın təcrübəsi
digər ölkələr üçün nümunə ola
bilər"
İsveçrənin
kurort şəhərində açılmış 39-cu
Dünya İqtisadi Forumu davam edir. Fevralın 1-də başa
çatacaq forumda müasir dövrün siyasi-iqtisadi problemləri,
qlobal inkişafın əsas problemlərinin müzakirəsi və
həlli üçün işgüzar tərəfdaşlığın
genişlənməsinə yardım məsələləri
diqqət mərkəzindədir.
Yanvarın 29-da Davosda
Forumun "Enerji Outlook-2009" mövzusunda iclası
keçirilmişdir. Böyük əhəmiyyətə malik
bu iclasda Azərbaycan Prezidenti İlham Əliyev iştirak
etmişdir.
Ümumiyyətlə,
ekspertlər Davos Forumunun dünya iqtisadiyyatı
üçün mühüm rol oynayacağını,
hazırda bütün dünyanı bürüyən qlobal
maliyyə böhranından çıxış
yollarının axtarılması baxımından faydalı
olacağını bildirmişlər. Builki forumda 100-dək
ölkədən 2500-dən çox nümayəndə, o
cümlədən 41 dövlət və hökumət
başçısı, tanınmış şirkətlərin
təmsilçiləri, iqtisadçılar, ekspertlər, beynəlxalq
təşkilatların, KİV-lərin rəhbərləri
iştirak edir. Bir sözlə, Davosda keçirilən indiki
forum bütün tarixi ərzində ən çox nümayəndənin
iştirak etdiyi görüş hesab olunur. Beş gün ərzində
300-dək iclasın keçirilməsi nəzərdə
tutulmuşdur.
İclaslar əsasən
"Böhran cəmiyyəti və liderlik", "Ətraf
mühitə nəzarət", "Maliyyə idarəçiliyinin
yeni sərhədləri", "Bütün qiymətlərin,
böhranların qarşısının alınması",
"Neft və qaz siyasəti - xəritə dəyişikliyi"
və "Böyük oyun təkrarlanır" bölmələri
üzrə təşkil olunur.
Çıxışlarda
bildirilmişdir ki, ən optimal varianta görə, maliyyə
böhranı 2010-cu ilin sonu - 2011-ci ilin əvvəlində
başa çatacaq ki, bu da onun 2009-cu ildə dünya ölkələrinin
iqtisadiyyatına təsir imkanlarını gücləndirir.
Xatırladaq ki, dünyada böhranlı vəziyyətə
baxmayaraq, Azərbaycan iqtisadiyyatını inkişaf etdirir.
Ümumdaxili məhsulun artım sürətinə görə
ölkəmiz lider mövqeyini saxlayır. 2003-cü illə
müqayisədə 2008-ci ildə dünya
iqtisadiyyatının artımı 25,4 faiz, o cümlədən
ABŞ-da 13,3 faiz, Avropa İttifaqı ölkələrində
13,7 faiz, MDB ölkələrində 45,4 faiz, Çində
66,5 faiz təşkil edibsə, son beş ildə Azərbaycan
iqtisadiyyatı 2,6 dəfə artmışdır. Ölkəmizin
neft sektoru 4,1 dəfə, qeyri-neft sektoru isə 1,8 dəfə
artmışdır.
Forumun əsas tədbirlərindən
olan "Enerji Outlook-2009" iclasını açan
"CNN-İnternational" televiziya kanalının
aparıcısı Con Defterios Prezident İlham Əliyevə və
digər qonaqlara minnətdarlıq etmişdir.
Azərbaycan Prezidenti
İlham Əliyev çıxışında ölkəmizin
iqtisadi inkişafı və potensialından, aparılan
islahatlardan və energetika sahəsində görülən
işlərdən danışmışdır.
Dövlətimizin
başçısı enerji layihələrindən də
söhbət açaraq demişdir ki, Azərbaycan
aparılmış düzgün siyasət nəticəsində
və tərəfdaşların birgə səyi ilə beynəlxalq
əhəmiyyətli layihələr həyata
keçirmişdir. Azərbaycanın bu sahədəki təcrübəsi
digər ölkələr üçün nümunə ola
bilər.
Prezident İlham Əliyev
Avropanın gündəliyində olan Nabukko layihəsi ilə
bağlı fikirlərini də açıqlamış,
ölkəmizin Avropanın enerji təhlükəsizliyinə
öz töhfəsini verdiyini bildirmişdir.
Sonra dövlətimizin başçısı
aparıcının və iştirakçıların
suallarına cavab vermişdir.
Niftəliyev Naib
Səs.- 2009.- 30 yanvar.- S.2.