HEYDƏR ƏLİYEV MUZEY-MƏRKƏZLƏRİNDƏN
AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİN XALQA
ÇATDIRILMASINDA DÜZGÜN İSTİFADƏ EDİLMƏLİDİR
Ulu öndərin ideyaları təbliğ edilir
Azərbaycan Prezidenti
İcra Aparatının regional idarəetmə və yerli
özünüidarəetmə orqanları ilə iş
şöbəsi Mədəniyyət və Turizm Nazirliyi və
Heydər Əliyev Fondu ilə birgə Ağstafa rayonundakı
Heydər Əliyev Mərkəzində Heydər Əliyev muzey
və mərkəzlərinin işinin təşkili və fəaliyyətinin
təkmilləşdirilməsi məsələlərinə həsr
olunmuş respublika seminar-müşavirəsi keçirmişdir.
Respublikamızın
şəhər və rayon icra hakimiyyəti
başçılarının müavinlərinin, Heydər Əliyev
muzeylərinin, mədəniyyət və turizm idarələri
rəhbərlərinin iştirakı ilə keçirilən
seminar-müşavirənin iştirakçıları əvvəlcə
müasir müstəqil Azərbaycan dövlətinin memarı
və qurucusu Heydər Əliyevin abidəsi önünə
gül dəstələləri qoymuş, ulu öndərin
xatirəsini ehtiramla anmışlar.
Seminar-müşavirəni
giriş sözü ilə Azərbaycan Prezidentinin İcra
Aparatının regional idarəetmə və yerli
özünüidarəetmə orqanları ilə iş şöbəsinin
müdiri Zeynal Nağdəliyev açaraq müzakirə olunan
mövzu ilə əlaqədar geniş məruzə
etmişdir.
Qeyd edilmişdir ki, hər
bir xalq onun tarixində müstəsna rolu olmuş dahi şəxsiyyətlərin
xatirəsini həmişə uca tutaraq onlara həsr edilmiş
fondlar, müxtəlif xatirə kompleksləri, muzeylər, mərkəzlər
yaradır. Bu insanların həyatı və fəaliyyəti
ilə bağlı nə varsa ehtiramla tədqiq edilərək,
mənəvi dəyərlər kimi qorunub saxlanılır və
böyüməkdə olan nəslin vətənpərvərlik
ruhunda tərbiyə olunması işində istifadə edilir. Xalqımızın
taleyində mühüm rol oynayan belə şəxsiyyətlərdən
biri də məhz Heydər Əliyevdir. Onun müdrikliyi,
uzaqgörənliyi, fəaliyyəti, bütövlükdə həyatı
hər kəs üçün nümunədir. Bu gün sadə
peşə adamından tutmuş rəhbər işçiyədək
hamı ümummilli lider Heydər Əliyevin irsini, onun idarəçilik
prinsiplərini öyrənməli, onlardan birmənalı
şəkildə bəhrələnməlidir. Bu məqsədə
nail olmağın ən təsirli yollarından biri Heydər Əliyev
muzey-mərkəzlərinin yaradılmasıdır. Ulu öndərin
həyat və fəaliyyət fəlsəfəsinin, elmi-nəzəri
irsinin, azərbaycançılıq ideologiyasının
öyrənilməsi, təbliği və gələcək nəsillərə
çatdırılması kimi şərəfli missiyanı
öz üzərinə götürən Heydər Əliyev
Fondu bu gün onu uğurla həyata keçirir. İnsanların
sağlamlığı, gənc nəslin təlim-tərbiyəsi,
milli mədəniyyətimizin təbliği, ekoloji mühitin təmizliyi,
sosial problemlərin həlli, xüsusi qayğıya
ehtiyacı olan uşaqlara diqqətin artırılması, Azərbaycan
həqiqətlərinin dünyaya yayılması və digər
sahələrdə ardıcıl layihələr həyata
keçirməklə, Fond ulu öndər Heydər Əliyevin
ideyalarını yaşadır və inkişaf etdirir. Fondda
yaradılmış Heydər Əliyevin həyat və fəaliyyətindən
bəhs edən nəfis ekspozisiya onu seyr edən hər kəsin
qəlbində yüksək iz qoyur. Ardıcıl və məqsədyönlü
fəaliyyəti nəticəsində Fond nəinki respublikamızda,
hətta xaricdə nüfuzlu beynəlxalq qurumlarda böyük
hörmət qazanmışdır. Fondun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyətinə
görə bir çox nüfuzlu beynəlxalq təşkilatların
fəxri adlarına və mükafatlarına layiq
görülmüşdür.
Zeynal Nağdəliyev
daha sonra demişdir ki, Heydər Əliyev Fondu bu gün
respublikamızda fəaliyyət göstərən Heydər Əliyev
muzey və mərkəzləri üçün işin
düzgün qurulmasında bir nümunədir. Fondun təcrübəsi
əsas götürülərək hər bir şəhər
və rayonda bu işlər yüksək səviyyədə
böyük həvəslə təşkil edilir. Fond tərəfindən
göstərilən qayğının nəticəsidir ki, son
illər Bakıda, həmçinin respublikamızın şəhər
və rayonlarında 51 Heydər Əliyev muzeyi və mərkəzi
yaradılmış, 3 muzey istifadəyə verilmək ərəfəsindədir,
daha 3 muzeyin tikintisi isə başa çatmaq üzrədir. Yeni
muzeylərin yaradılması prosesi davam edir. Ağstafadakı
möhtəşəm Heydər Əliyev mərkəzi,
Qazaxdakı Heydər Əliyev elm mərkəzi, Yevlax, Lənkəran,
Şəmkir, İsmayıllı, Qax və Zaqatala şəhərlərində
yerəşən Heydər Əliyev muzeyləri, bu
yaxınlarda Bakının Yasamal rayonunda
açılışı olmuş Heydər Əliyev muzey-məktəbi
mövcud olduqları qısa müddət ərzində əhalinin
böyük ehtiramla ziyarət etdiyi mədəniyyət, elm və
maarif mərkəzlərinə çevrilmişdir.
Bu sahədə əldə
olunan nailiyyətlərlə yanaşı, mövcud
çatışmazlıqlardan da danışan məruzəçi
demişdir ki, aparılmış araşdırmalar onu göstərir
ki, Heydər Əliyev muzeylərinin mövcud potensialından
kifayət qədər istifadə edilmir. Elə bu
seminar-müşavirənin də keçirilməsindən əsas
məqsəd bu nöqsanları araşdırmaq, həlli vacib
məsələləri birgə müzakirə etməkdir.
Heydər Əliyev
muzey-mərkəzləri ilə bağlı problemləri bir
neçə qrupa bölən şöbə müdiri
demişdir ki, bir çox muzeylərdə elektron kitabxanalar təşkil
edildiyi halda, digərləri yalnız bir otaqdan, bir kompozisiya və
ya ekspozisiya zalından ibarətdir. Muzey tələblərinə
cavab verməyən layihələr əsasında inşa edilən
belə binalarda nəinki muzey əşyalarının
mühafizəsi üçün fond otaqları, hətta
havalandırma, yanğından mühafizə, siqnalizasiya
sistemləri belə nəzərdə tutulmamışdır.
Müşavirədə
ekspozisiyanın muzey mərkəzlərinə gələnlərə
yüksək peşəkarlıqla təqdim edilməsi də
vacib şərt kimi diqqətə
çatdırılmışdır. Qeyd edilmişdir ki, bunun
üçün savadlı və geniş
dünyagörüşü olan, ümummilli lider Heydər Əliyevin
həyatı, çoxşaxəli fəaliyyəti ilə
yanaşı, siyasəti, tarixi və ədəbiyyatı
mükəmməl bilən və ardıcıl olaraq öz
üzərində çalışan muzey işçilərimizin
sayı çox olmalıdır. Təəssüflər olsun
ki, aparılan təhlillər onu göstərir ki, bu sahədə
problemlər çoxdur.
Hər bir Azərbaycan vətəndaşı
ümummilli liderimizin qurub yaratdığı müstəqil
dövlətimizin vətəndaşı olmaqdan qürur hissi
duymalıdır. Muzey-mərkəzə gələn hər bir
kəs bilməlidir ki, ulu öndər Heydər Əliyev Azərbaycanın
müstəqillik uğrunda mübarizəyə ötən əsrin
70-80-ci illərində - sovet kommunist rejiminin hələ
çox güclü olduğu bir dövrdə
başlamışdır. Artıq o zaman Heydər Əliyev Azərbaycanın
müstəqil dövlət olacağını
görürdü. Azərbaycana birinci rəhbərliyi illərində
ulu öndər respublikanı nəhəng tikinti
meydancasına çevirərkən, irimiqyaslı sənaye
obyektlərinin inşasına xüsusi diqqət yetirərkən,
yeni təhsil ocaqları yaradarkən, fundamental və tətbiqi
elmlərin sıçrayışlı inkişafına nail
olarkən, məhz bugünkü və gələcək tərəqqinin
təməlini qoymuşdur. Hər bir Azərbaycan vətəndaşı
dərk etməlidir ki, ümummilli lider Heydər Əliyev
öz tarixi qərarını qəbul edib xalqın tələbi
ilə yenidən hakimiyyətə qayıtmasaydı, Azərbaycanı
böyük faciələr gözləyirdi. Ölkə daxilində
ictimai-siyasi sabitlik yaradılmasaydı, Ermənistan-Azərbaycan
müharibəsində atəşkəs əldə edilməsəydi,
"Əsrin müqaviləsi" imzalanmasaydı, müstəqil
Azərbaycan Konstitusiyası qəbul olunmasaydı,
Bakı-Tbilisi-Ceyhan kimi beynəlxalq layihələr
reallaşdırılmasaydı, bu gün heç bir iqtisadi
inkişafdan danışmaq olmazdı. Odur ki,
xalqımızın dahi oğlu Heydər Əliyevin
adını daşıyan muzey-mərkəzləri məhz bu
həqiqətləri yaymaq, insanlara çatdırmaq məqsədi
ilə fəaliyyətlərini yenidən qurmalıdırlar.
Seminar-müşavirədə
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
çıxış edərək, Azərbaycanda muzeylərin
fəaliyyətinin yaxşılaşdırılması istiqamətində
görülən işlərdən və bu sahədə
qarşıda duran vəzifələrdən
danışmışdır. Qeyd olunmuşdur ki, hələ
70-ci illərdə ulu öndər Heydər Əliyev Azərbaycanda
muzey işinin təkmilləşdirilməsinə ciddi diqqət
yetirirdi.
Ümummilli lider bununla əlaqədar
müvafiq tapşırıqlar vermiş, qərarlar qəbul
etmişdi. 1970-ci il yanvarın 30-da respublikada muzey işinin vəziyyəti
və onu yaxşılaşdırmaq tədbirləri
haqqında xüsusi qərar qəbul edilmişdir. Ulu öndər
ikinci dəfə hakimiyyətə gəldikdən sonra muzey
işinin yaxşılaşdırılmasına daha
böyük diqqətlə yanaşmışdır. Məhz
bunun nəticəsidir ki, hazırda ölkəmizdə 200-dən
artıq muzey fəaliyyət göstərir. Bunların 14-ü
incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i
tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti,
43-ü ev və 51-i Heydər Əliyev muzeyidir. Ümummilli
liderimizin bu sahədəki siyasi xəttini dövlətimizin
başçısı İlham Əliyev uğurla davam etdirir.
Son illər Azərbaycanda muzey işi sahəsində çox
böyük uğurlar əldə edilmişdir. Hazırda
respublikamızda onlarla muzey əsaslı təmir edilmiş və
bəzilərində yüksək səviyyəli bərpa
işləri aparılmışdır.
Heydər Əliyev
Fondunun icraçı direktoru Anar Ələkbərov geniş
mərüzə ilə çıxış edərək təmsil
etdiyi qurumun gördüyü işlərdən
danışmış, Azərbaycanın birinci xanımı,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyevanın gərgin fəaliyyəti
nəticəsində həyata keçirilən tədbirləri
seminar-müşavirə iştirakçılarının
diqqətinə çatdırmışdır. A.Ələkbərov
qeyd etmişdir ki, Heydər Əliyev Fondu şəhər və
rayonlarda fəaliyyət göstərən Heydər Əliyev
muzeylərinin qurulması və eksponatlarla zənginləşdirilməsi,
habelə fəaliyyətinin düzgün müəyyənləşdirilməsi
üçün hər cür qayğı və yardım
göstərir. Fondun əməkdaşları tez-tez yerlərdə
olaraq muzeylərin qurulmasında lazımi tövsiyələrini
verirlər.
Azərbaycan Prezidentinin
İcra Aparatının regional idarəetmə və yerli
özünü idarəetmə orqanları ilə iş
şöbəsinin müdiri Zeynal Nağdəliyev
seminar-müşavirəyə yekun vurmuşdur. Müşavirədən
sonra iştirakçılar Heydər Əliyev Mərkəzinin
foyesində Azərbaycanın tanınmış 5 rəssamının
əl işlərindən ibarət sərgiyə tamaşa
etmişlər. Rəssamların hərəsi bir əsərini
mərkəzə hədiyyə etmişdir.
Naib NİFTƏLİYEV
Səs.- 2009.- 30 yanvar.- S.4.