Azərbaycan gəncliyi hər zaman dövlətin diqqət və qayğısını
hiss edir
Müsahibimiz MM-in deputatı, Azərbaycan Gənclər
Təşkilatları Milli Şurasının sədri Fuad
Muradovdur
- Fuad müəllim, qarşıdan
Azərbaycan gəncləri üçün əlamətdar
hadisə olan 2 Fevral Gənclər Günü gəlir. Ümummilli
liderimiz Heydər Əliyevin Azərbaycan gəncliyinə
qayğısının tərənnümü olan bu gün hər
il ölkədə yüksək səviyyədə qeyd edilir.
Ümumiyyətlə, əsası ulu öndərimiz tərəfindən
qoyulan dövlət gənclər siyasətinin əhəmiyyəti
haqqında nə deyə bilərsiniz?
- Əlbəttə,
dövlətimizin gənclər siyasəti ulu öndər Heydər
Əliyevin adı ilə bağlıdır. Bilirsiniz ki, sovetlər
ittifaqı dağılan ərəfədə və müstəqilliyimizin
ilk illərində respublikada, bütün sahələrdə
olduğu kimi, gənclərlə də iş yox səviyyəsində
idi. Dövlətin diqqətindən kənarda qalan gənclər
ölkəni ya tərk edir, ya da zərərli vərdişlərə
qurşanırdılar. 1993-cü ildə ulu öndərimiz
hakimiyyətə gələndən sonra artıq dövlət
səviyyəsində gənclər siyasəti həyata
keçirilməyə başlandı.
Ulu öndərin müəyyənləşdirdiyi
strategiyanın tərkib hissəsi olaraq Azərbaycan gənclərinin
inkişafı mərhələsi başladı və müxtəlif
gənclər təşkilatları yarandı. Həmçinin,
1994-cü ildə Gənclər və İdman Nazirliyi də təsis
olundu.
Xüsusilə qeyd etmək
istəyirəm ki, hər zaman fəaliyyətinin bir hissəsini
Azərbaycan dövlətçiliyinin inamlı və parlaq gələcəyi
sayılan gənclərə həsr edən Prezident İlham Əliyev,dövləti
tərəqqi yoluna çıxaran ulu öndər Heydər Əliyevin
siyasi kursunu uğurla davam etdirdiyini sübut edir. Ümummilli
liderin zəngin və möhtəşəm dövlətçilik
fəaliyyətində gənclər siyasəti hər zaman
xüsusi yer tutub. Ümidvaram ki, ölkə gəncləri tərəfindən
böyük ruh yüksəkliyi ilə qarşılanan diqqət
və qayğı Azərbaycan gəncliyinin cəmiyyətin həyatında
tutduğu mövqeyin daha da möhkəmləndirilməsinə
mühim təkan verməklə yanaşı əbədi
müstəqillik, milli mənafe, bərabərhüquqlu sivil cəmiyyət
kimi sağlam əqidə ətrafında birləşən gənclərimizin
həyatında yeni səhifə açmaqdadır. Görülən
işlər onu deməyə əsas verir ki, dövlətin gənclər
siyasəti geniş bir sahəni əhatə edir.
- Parlament tərəfindən gənclərin cəmiyyətimizdə
rolunun artırılması, onların təhsil almaq, işləmək,
sosial problemlərinin həll edilməsi istiqamətində
qanunlar qəbul edilib. Sizcə, bu qanunvericilik aktları
qarşıya qoyulan məqsədlərə çatmaq
üçün yetərlidirmi?
- Doğrudur, Milli Məclis
"Dövlət gənclər siyasəti haqqında"
qanun qəbul edib və bu qanun gənclərin
hüquqlarını kifayət qədər qoruyur. Eləcə
də, digər qanunlarda da müvafiq olaraq gənclərlə əlaqədar
müddəalar öz əksini tapıb. Milli Məclisdə təmsil
olunan gənc millət vəkilləri də
vaxtaşırı olaraq bu qanunların təkmilləşdirilməsi
üçün öz təkliflərini verir. Məsələn,
bizim təklifimiz əsasında qanunvericiliyə belə bir
müddəa əlavə edildi ki, əgər gənc işləyirsə
və hərbi xidmətə yollanarsa, xidməti borcunu yerinə
yetirəndən sonra öz işinə bərpa
olunmalıdır. Ümumiyyətlə, dövlətimiz hər
zaman çalışır ki, ölkəmizin gələcəyi
olan gənclər barədə
düşünülmüş addımlar atılsın.
- Azərbaycanda xeyli sayda gənclər təşkilatları
fəaliyyət göstərir. Necə hesab edirsiniz, bu təşkilatlar
müstəqil dövlətimizin inkişafına, möhkəmlənməsinə
öz töhfələrini verə bilirmi?
- 1995-ci ildə
yaranmış Gənclər Təşkilatlarının Milli
Şurası 2000-ci ilin aprel ayında Avropa qitəsində ən
nüfuzlu qeyri-hökumət təşkilatı olan Avropa Gənclər
Forumuna tamhüquqlu üzv, 2002-ci ilin yanvar ayında isə
BMT-nin İqtisadi Sosial Şurasına müşahidəçi
seçilib. Həqiqətən, bu məqamlar müstəqil
Azərbaycan gəncliyinin formalaşma və inkişaf mərhələsində
kuliminasiya nöqtələri hesab olunar. Ümummilli liderimizin
"biz dövlətin və cəmiyyətin idarə edilməsində
gənc nəslin qüvvəsinə arxalanacaq, onların
imkanlarından maksimum istifadə edəcəyik" cümləsi
istedadlı və geniş potensiala sahib gənclərimiz
üçün bir növ çağırış rolu
oynadı. Bu fikir o zamanlar indi olduğu kimi ölkə gəncləri
qarşısında geniş üfüqlər açdı, həyatda
öz təsdiqini tapdı. Gənclər Milli Məclisin
üzvü, nazir müavini və digər mühüm dövlət
və hakimiyyət orqanlarında məsul vəzifələrə
irəli çəkildilər.
Rəhbərlik etdiyim Azərbaycan
Gənclər Təşkilatlarının Milli Şurası
hazırda öz ətrafında 80-ə yaxın gənclər
təşkilatını birləşdirir. Təşkilatlar
öz fəaliyyətlərində ali məqsəd kimi
dövlətimizin inkişafında rol oynamaq, ölkə
Prezidentinin həyata keçirdiyi siyasətə dəstək
olmaqdır. Gənclərimiz, həmçinin, xarici ölkələrdə
Azərbaycanın təbliğatının aparılması ilə
məşğul olur.
Mən bu gün tam əminliklə
deyə bilərəm ki, Azərbaycan gəncləri öz
intellektual səviyyələri ilə digər inkişaf
etmiş ölkələrlə rəqabətə girir və
tam məsuliyyətlə deyirəm ki, ölkəmizdə gənclərin
intellektual bazası bir sıra öncül ölkələrlə
bərabər səviyyədədir. Bu gün biz bunu
görürük. İstər kütləvi informasiya vasitələrində
işləyən, istərsə də dövlət
qurumlarında çalışan, istər parlamentdə təmsil
olunan, istərsə də beynəlxalq qurumlarda ölkəmizi
təbliğ edən gənclər, təbii ki, dövlətin
qayğısını öz üzərlərində daim hiss
edirlər və onlara göstərilən etimadı
doğrultmağa çalışırlar.Bu yöndə Azərbaycanda
mövcud olan gənclər təşkilatları dövlətimizə
köməklik məqsədilə müxtəlif sosial-siyasi-iqtisadi
layihələr həyata keçirirlər.
- Azərbaycan Prezidentinin 2007-2015-ci illərdə
"Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı"nın təsdiq
edilməsi barədə sərəncamı gəncliyə
göstərilən diqqətin daha bir parlaq təzahürüdür.
- Ölkə Prezidentinin
sərəncamı ilə bu proqram əsasında 5000 gənc
dünyanın nüfuzlu ali məktəblərində təhsil
alacaqdır. Mən deyərdim ki, bu, çox faydalı bir
proqramdır. Bunun müsbət nəticələrini biz gələcəkdə
görəcəyik. Avropada təhsil alan gənc, təbii ki,
ölkəsinə qayıdacaq və orda qazandığı
bilikləri ölkəmizin inkişafı naminə sərf edəcək.
Bütün bunlar, təbii ki, Azərbaycanın prioritetlərinin
göstəricisidir.
Qeyd edim ki, proqram həyata
keçiriləndə müəyyən araşdırmalar
aparıldı və belə bir nəticə əldə edildi
ki, xaricdə təhsil alan tələbələrin əksəriyyəti
vətəninə qayıdır. Çünki bu gün
ölkəmizdə işləmək üçün imkanlar
çoxdur. Əgər gələcəkdə dövlətin
xaricdə oxutdurduğu gənc xarici ölkədə qalsa belə,
bunun ölkəmizə elə bir zərəri yoxdur. Çünki
o, ölkəmizi xaricdə təmsil edə bilər. Etiraf etməliyik
ki, bəzi sahələrdə boşluqlar var. Ona görə də,
xaricdə təhsil almış gənclərimiz
qayıdıb bu boşluqları doldurmalıdırlar. Bizim
çalışdığımız odur ki, Azərbaycan gənci
hər zaman dövlət qayğısını hiss etsin. Buraya,
həmçinin,gənclərin asudə vaxtlarının səmərəli
təşkili və yeni iş yerlərinin
açılması məsələsi də daxildir. Təbii
ki, ən vacib məsələlərdən biri də odur ki,
Azərbaycan gənci dünyada baş verən qlobal məsələlərdən
də kənar qalmasın.
- Gənclərin ölkənin ictimai-siyasi həyatında
fəallığını necə qiymətləndirmək
olar?
- Mən deyərdim ki, gəncliyimiz
bu gün müxtəlif sahələrdə inkişaf edib. Bizim
təşkilatımızın əsas vəzifələrindən
biri də odur ki, hər bir gəncin istədiyi sahəyə
yönəlməsinə yardımçı olaq. Şərt
o deyil ki, gənclərin hamısı siyasətçi olsun.
Siyasətə gedən yol da sosial-ictimai işlərdən
keçir. Hansı sahədə çalışmasından
asılı olmayaraq, dövlətin mənafeyini müdafiə
etsin. Azərbaycan gənci hər zaman istər sosial-ictimai, istər
siyasi məsələlərdə öz gücünü
sınayıb. Bu istək genetikdir, dövlətçiliyin
qorunması tarixən ali məsələ hesab olunub. Sirr deyil
ki, prezident seçkilərində gənclər daha aktiv
oldular və ölkədəki siyasəti dəstəklədilər.
Mən deməzdim ki, gəncliyimiz tam siyasiləşib, sadəcə,
belə bir təbəqə yaranıb ki, onlar öz gələcəklərini
ancaq siyasətdə görürlər. Ümumiyyətlə,
dövlətin hər bir addımı cəmiyyətin maariflənməsinə
xidmət etməlidir. Martın 18-də ölkədə
keçiriləcək referendum da bu qəbildən olan bir
addımdır və bu məsələdə də gənclər
çox aktivdir.
- Bəs bu təbəqənin əsas problemləri
hansıdır və bu problemlər necə həll edilir?
- Müasir ictimai-siyasi
arenanın sürətli inkişaf mərhələsinə
şahidlik etdiyimiz bir zamanda Azərbaycan gəncliyinin problemlərinə
baxış prizması yenilənməlidir. Əlbəttə,
gənclərə diqqət və qayğı dövlət
siyasətinin prioritet istiqamətlərindəndir. Lakin
düşünürəm ki, fəal tərbiyə və gənclərin
ictimai və dövlət quruculuğuna cəlb edilməsi bu
qayğı və dəstəyin real təzahürü ola bilər.
Demokratik, sivil cəmiyyətin təkamülü və inkişafı
prosesində cəmiyyətimizdə cərəyan edən bir
sıra sosial-iqtisadi, habelə, ictimai innovasiyalar ölkə gənclərinin
həyatına inkişafla birlikdə mənfi və müsbət
ünsürlər də daxil etmişdir. Həyat tərzi hər
bir gəncin mənəvi güzgüsüdür. Gənclərin
sağlam mənəviyyatı, dünyaya baxışı, ətrafındakılara
münasibəti onun həyat tərzinə təsir edir. Məsələn,
götürək cəmiyyətimizin özül və təməlini
təşkil edən, gələcəyimizin aynası gənc
ailələrimizi. Gənclər siyasətinin prioritet məsələlərindən
biri də gənc ailələrin mənzil problemidir. Bu məsələ
daim dövlət orqanları və hökumətin diqqət mərkəzindədir
və ipoteka şərtlərinin sadələşdiriliməsi
üçün konkret olaraq tədbirlər
görülür.
İkinci məqam gənclərin
əmək birjalarının respublika üzrə təşkil
olunmasıdır. Azərbaycanda əmək
yarmarkalarının təşkili əhali arasında
işsizliyin aradan qaldırılmasında müəyyən
rol oynayır. Digər tərəfdən, əxlaqi-mənəvi
oriyentirlərin deformasiya etdiyi, zəif və iradəsiz gənclərin
asanlıqla kriminogen çarxa düşdüyü və
narkomaniya kimi bütün dünyanı sarsıdan bəlaya
aludə olduğu bir şəraitdə, krizis yardım mərkəzlərinin
açılması və mərkəz daxili psixoloqların
pulsuz konsultasiyası zərurəti meydana çıxır.
Prezident İlham Əliyevin
Sağlam həyat tərzi və sosial proqramlar sektorunun
inkişafı məqsədilə imzaladığı fərmana
əsasən respublika üzrə tikilib istifadəyə verilən
milli olimpiya komplekslərini qeyd edərək, bu növ
qurumların sağlam gənc nəslin yetişməsində,
respublikamızda idman hərəkatının genişlənməsində,
gənclərimizin pis vərdişlərdən
ayrılmasında, onların cəmiyyətimiz
üçün layiqli, fiziki və mənəvi cəhətdən
güclü vətəndaş kimi formalaşmasında əvəzsiz
rolunu vurğulamaq istərdim.
- Bu gün Azərbaycanın ən böyük problemi
olan Dağlıq Qarabağ məsələsində gənclərimizin
mövqeyi qənaətbəxş sayıla bilərmi?
- İlk növbədə,
qeyd etmək istərdim ki, erməni faşistlərinin törətdiyi
bəşəri miqyaslı cinayətlər və
soyqırımlar, əfsuslar olsun ki, dünya ictimaiyyəti tərəfindən
hələ də tanınmayıb. Düşüncəli, vətənpərvər,
xalqını və torpağını sevən Azərbaycan gəncliyi
də bu faktı anlayır və təbii ki, bu dəhşət
dolu cinayətlərin beynəlxalq, siyasi-hüquqi arenada qiymətsiz
qalmasına təəssüflənir. Təəssüf hissi
etiraz hissini ucaltmaq istəyi doğurur. Müxtəlif ölkələrdə
təhsil alan gənclərimizin bəzən yerli diaspor təşkilatları
ilə, bəzən isi fərd və kiçik bir qrup olaraq səslərini
ucaltmaq cəhdlərini müşahidə etmişəm. Rəsmi
və qeyri-rəsmi qaynaqlardan əldə olunan şəkil və
yazı materiallarının kütləvi yayımı, yerli
radiolarda soyqırım və işğal günlərində
gənc tələbələrimizin etdiyi
çıxışlar, ilk baxışda dəryada bir damla
kimi görünə bilər. Amma bu dünya ictimaiyyətinin
gözündə mövqelərimizi möhkəmlədəcək,
alqışa layiq və bizi zəfərə götürəcək
addımlardır. Qarabağ dəhşəti
unudulmamalıdır. Bu baxımdan, xüsusilə, təhsil
ocaqlarında işğal günlərinin, soyqırım
tarixlərinin yüksək səviyyədə qeyd
olunmasını, Şəhidlər Xiyabanına, Fəxri
Xiyabana ziyarətləri, ölkəmizin tarixi abidələrinə,
muzeylərə ekskursiyaları, Qarabağ müharibəsi
iştirakçıları ilə mütəmadi olaraq
görüşlərin təşkilini məqsədəuyğun
hesab edirəm.
Səs.- 2009.- 30 yanvar.- S. 6.