PREZİDENT İLHAM ƏLİYEV
DAVOS İQTİSADİ FORUMUNUN "ENERÆİ
OUTLOOK-2009" MÖVZUSUNDA İCLASINDA İŞTİRAK
EDİB
İlham Əliyev: "Azərbaycanın enerji
ehtiyatlarına Avropada tələbat böyükdür"
Xəbər verildiyi
kimi, yanvarın 29-da Dünya İqtisadi Forumunun "Enerji
Outlook-2009" mövzusunda iclası keçirilib. Böyük
əhəmiyyətə malik bu iclasda Azərbaycan Prezidenti
İlham Əliyev iştirak edib. Forumun əsas tədbirlərindən
olan "Enerji Outlook-2009" iclasını açan
"CNN-İnternational" televiziya kanalının
aparıcısı Con Defterios Prezident İlham Əliyevi və
digər qonaqları salamladı, bu iclasda qlobal iqtisadiyyatla
bağlı ən aktual məsələlərin müzakirə
olunacağını bildirdi. Son vaxtlar neftin qiymətinin
aşağı düşdüyünü xatırladan Con
Defterios bildirdi ki, bir il öncə dünya bazarında neftin 1
barrelinin dəyəri 100 dollardan yuxarı olanda ilin sonuna qədər
"qara qızıl"ın qiymətinin 200 dollara
çatması proqnozlaşdırılırdı. İndi isə
neftin 1 barrelinin qiyməti 40 dollara bərabərdir. Bu
baxımdan da iclasın əsas müzakirə mövzuları
dünyada enerji təhlükəsizliyi, neftin qiymətinin
hansı səbəbdən aşağı düşməsi
və sabitləşməsi məsələləri
olacaqdır.
HƏR ŞEY TƏLƏBATDAN ASILI OLACAQ
Con Defterios ilk
sözü Azərbaycan Prezidentinə vermək istədiyini
bildirərək dedi ki, OPEK-in Əlcəzairdə keçirilən
son iclasında Azərbaycan quruma üzv olmayan
hasilatçı ölkə kimi gündəlik hasilatı 300
min barrel aşağı salmağı, yəni son 2 ildə
hasilatı ən aşağı həddə endirməyi təklif
etmişdir. Bu iclas 2002-ci ildən bəri OPEK üzvü olan və
üzvü olmayan ölkələrin bir araya gəldiyi ən
böyük toplantıdır.
İclasın
aparıcısı Prezident İlham Əliyevdən "2009-cu
ilin proqnozuna dair deyilənlər nəzərə alınarsa,
OPEK ölkələri, habelə Azərbaycan indi neft
hasilatını kifayət qədər azaldıbmı, yoxsa
bundan da az neft çıxarılmalıdır?" sualına
cavab verməyi xahiş etdi.
Prezident İlham Əliyev
suala cavabında dedi:
- Hesab edirəm ki, neft
hasilatında elan edilmiş və hazırda həyata
keçirilən azaldılma tədbirləri qiymətin sabit səviyyədə
saxlanılması üçün kifayət edəcəkdir. Əlbəttə
ki, hər şey tələbatdan, hasilatdan və öhdəliklərin
hansı şəkildə yerinə yetirilməsindən
asılı olacaqdır.
Azərbaycana gəldikdə
isə, hasilatın həcmi hələ ki, o qədər
yüksək deyildir. Lakin biz ümumi işə öz töhfəmizi
verməyə çalışırıq. Biz də müxtəlif
vasitələrlə qiymətin
tarazlaşdırılmasına və enerji təhlükəsizliyində
öz rolumuzu oynamağa çalışırıq. Hər
iki məsələ bir-biri ilə əlaqəlidir və
vacibdir. 5-6 il bundan əvvəl enerji təhlükəsizliyi məsələləri
heç müzakirə edilmirdi. İndi isə bu, nəinki
istehlakçılar, o cümlədən hasilatçılar
üçün böyük bir problemə çevrilibdir. Hasilatçı
ölkə kimi Azərbaycan öz enerji təhlükəsizliyinin
təmin edilməsi üçün dünya bazarlarına
müxtəlif çıxış marşrutlarının
olmasında maraqlıdır.
Hesab edirəm ki, neft
hasil edən ölkələrin birgə səyləri, eləcə
də enerji siyasətinin bütün
iştirakçıları - hasilatçılar, tranzit
ölkələr və istehlakçılar arasında
qarşılıqlı anlaşma hamımız
üçün daha yaxşı şərait yaradacaqdır.
NABUKKO UZUNMÜDDƏTLİ ENERJİ TƏHLÜKƏSİZLİYİ
DEMƏKDİR
Sonra iclasın
aparıcısı Con Defterios bildirdi ki, Nabukko kəməri
layihəsi 2003-cü ildən bəri dəfələrlə
müzakirə olunubdur. Lakin Rusiya ilə Ukrayna
arasındakı mübahisə bu layihənin
reallaşmasına, belə demək olarsa, təkan
vermişdir. Azərbaycan Prezidentinə ünvanlanan növbəti
sual belə oldu: "İndi Azərbaycandan və Xəzər
regionundan həmin kəmər üçün hasilatı əldə
etməyin vaxtıdırmı?"
Azərbaycan Prezidenti
İlham Əliyev suala cavabında dedi:
- Bizim üçün
potensial bazarları dəqiq bilməyimiz çox vacibdir. Bu
vaxta qədər Azərbaycan öz qazını qonşu
ölkələrə ixrac edir. Hazırda Azərbaycanın
qaz hasilatı mövcud infrastruktur və bazarlarla əhatə
olunur. Lakin biz daha böyük miqdarda qaz hasil etmək ərəfəsindəyik.
Növbəti beş il ərzində biz bu həcmi 2 dəfə
artırmağı planlaşdırırıq. Məhz bu səbəbdən
mövcud bazarlar kifayət deyildir.
Nabukko layihəsinin bir
çox problemləri var idi: siyasi dəstək, siyasi iradə,
maliyyə öhdəliyi və tranzit məsələləri.
Bu layihəyə bir çox iştirakçılar cəlb
olunmuşdur. Hesab edirəm ki, bütün
iştirakçıların birgə səyi və
güclü maliyyə dəstəyi bu layihənin irəlilədilməsinə
yardımçı ola bilər. Biz öz təcrübəmizdən
bilirik ki, ehtiyatlar olmadan boru kəmərini tikmək necə
çətindir. Lakin biz öz tərəfdaşlarımızla
- bp və digər şirkətlərlə bunu etdik. Biz neftin
qiyməti təxminən 30 dollar olan vaxtda Bakı-Tbilisi-Ceyhan
neft kəmərini tikdik. O zaman Azərbaycanın gündəlik
neft hasilatı 200 min barrelə bərabər idi. Biz gündəlik
həcmi 1 milyon barrel olan boru kəmərinə sərmayə
qoymağa başladıq.
Bu səbəbdən
hesab edirəm ki, Nabukko ölkələri və bu layihəni
dəstəkləyən təşkilatlar daha cəsarətli
olmalı, onlar bu layihəyə təkcə gəlir mənbəyi
kimi baxmalı deyillər. Bu, enerji təhlükəsizliyidir.
Enerji təhlükəsizliyi ümumi təhlükəsizliyə
və uzunmüddətli müstəqilliyə aparır. Bu səbəbdən
hesab edirəm ki, daha güclü siyasi iradə, daha aydın
maliyyə dəstəyi olmalıdır. Azərbaycan kimi
ölkələr həm tranzit, həm də təchizatçı
ölkə rolunu oynayaraq, bu layihəyə dəstək vermək
üçün əlindən gələni etməyə
hazırdır.
İclasın
aparıcısı dəyərli fikirlərinə görə
Azərbaycan Prezidentinə təşəkkür etdi və bu
məsələyə yenidən
qayıdılacağını bildirdi.
Con Defterios OPEK-in baş
katibinə müraciət edərək, 2008-ci ilin
dördüncü rübündə dünya bazarında
hasilatın azalmasının təşkilatda hansı
narahatlıq yaratdığını və neftin qiymətini
40 dollar həddində saxlamaq üçün nə etməyin
lazım olduğunu soruşdu.
OPEK-in baş katibi
Abdullah Səlim Əl-Bədri bildirdi ki, istehsalın həcmi
ilə bağlı məsələ qurumun martın 15-də
keçiriləcək iclasında yenidən müzakirə
olunacaqdır. Neft istehsal edən ölkələrin mövqeyi
ondan ibarətdir ki, "qara qızıl"ın indiki qiyməti
çox aşağıdır və hasilatçı ölkələri
təmin etmir. Neft hasil edən ölkələr enerji sahəsi
ilə yanaşı, infrastruktura da sərmayə qoyur. Bizi hətta
neftin barrelinin 50 dollar olması da qane etmir. Ötən əsrin
80-ci illərində baş verən hadisələrin təkrarlanmasını
istəmirik. O zaman biz yüksək peşəkar
işçiləri ixtisar edirdik və yeni sərmayələr
qoymurduq.
"Biz artan tələbata
hazır olmalıyıq" deyən OPEK-in baş katibi bildirdi
ki, məqsəd neftin qiymətini 60-80 dollar səviyyəsində
saxlamaqdır. Neftin qiymətinin aşağı düşməsinə
baxmayaraq, hasilatı genişləndirmək üçün əlavə
infrastruktura sərmayə qoymaq vacibdir, çünki tələbat
artdığı halda, istehsalçı ölkələr
buna hazır olmalıdır.
OPEK-in baş katibi onu da
bildirdi ki, hazırda təşkilatın neft ehtiyatları
mövcud nəql marşrutlarının ixrac edəcəyi həcmdən
qat-qat çoxdur.
Neft hasilatının
indiki səviyyədə qalıb-qalmaması ilə
bağlı suala isə BP şirkətinin prezidenti Toni Heyvord
cavab verdi. O dedi ki, bunu proqnozlaşdırmaq çox çətindir,
çünki gələcəkdə baş verə biləcək
hadisələr qlobal iqtisadiyyatdan asılıdır. Hazırda
dünya ölkələrində iqtisadi artım, demək olar
ki, dayanmışdır. Bu səbəbdən də "qara
qızıla" tələbat o qədər də böyük
deyil və bu, nəticə etibarilə neftin qiymətinin
aşağı düşməsinə səbəb
olmuşdur. Hesab edirəm ki, münasib qiymət 60-80 dollar
arasında olmalıdır. Bu qiymət OPEK-ə üzv ölkələrə
büdcələrini tarazlaşdırmağa, zəruri sosial
proqramları maliyyələşdirməyə, habelə gələcək
enerji ehtiyatlarının təminatçısına
çevriləcək yeni yataqlara sərmayələr
yatırmağa şərait yaradacaqdır.
bp prezidenti iqtisadi
dirçəliş bərpa olunduqdan sonra "qara
qızıla" tələbatın yenidən
artacağını da dedi.
Hindistanın
"Reliance İndustries" şirkətinin sədri Mukeş
Ambani "Neftin qiymətinin aşağı düşməsi
sizi hasilata sərmayə qoymaqdan çəkindirməyəcəkmi?"
sualına cavabında bildirdi ki, onun ölkəsi neftin təxminən
80 faizini idxal edir. Buna baxmayaraq, bu il Hindistanda iqtisadi artım
sürətinin ikirəqəmli olması
proqnozlaşdırılır. Ölkənin şərq hissəsində
yataqlar var və hazırda bu yataqların işlənilməsi
prosesi gedir. Növbəti aylarda biz neft hasilatını nəzərdə
tuturuq və əlverişli qiymətə satacağıq.
Mukeş Ambani dedi ki,
dünyanın bundan sonrakı 100 il üçün neft
ehtiyatı var. Bu baxımdan bütün ölkələr
ekoloji cəhətdən təmiz dünyaya körpü
salmalıdırlar. İnkişaf etmiş ölkələr isə
bu körpünün yaradılması ilə bağlı
dünyaya təqdim oluna biləcək platformalar hazırlaya
bilər. Sonra Fransanın EDF enerji şirkətinin prezidenti
Pyer Qadeniya "Avropanın nüvə enerjisi ilə
bağlı növbəti 10 il ərzində hədəfi nə
olmalıdır?" sualına cavab verdi. O, "iqtisadi
dirçəliş bərpa olunduqdan sonra "qara
qızıla" olan tələbat yenidən artacaq" fikri
ilə razı olduğunu bildirdi.
Pyer Qadeniya dedi ki, indi
neft və qaza alternativ olan sahələrə, o cümlədən
rəhbərlik etdiyi şirkətinin də cəlb olunduğu
nüvə enerjisi sahəsinə sərmayə qoymağın
vaxtıdır. Enerji sektorunun uzunmüddətli perspektivinin
hazırda yaşadığımız iqtisadi böhranla
heç bir əlaqəsi yoxdur. Bildiyiniz kimi, dünya
iqtisadiyyatı yenidən öz inkişaf xəttinə
qayıdacaqdır. Bunun neçə aylar, yoxsa illər sonra
baş verəcəyini heç kim deyə bilməz. Lakin biz
bilirik ki, bu, baş verəcəkdir.
EDF şirkətinin
prezidenti lazım olan enerjinin nüvə sahəsində də
mövcud olduğunu, bu sahəyə sərmayə
yatırmağın zəruriliyini diqqətə
çatdırdı. O, təmsil etdiyi şirkətin Fransa,
Böyük Britaniya, Çin və Amerikada nüvə enerjisi
sahəsinin yeniləşdirilməsində əsas rol
oynamağa hazır olduğunu dedi.
Pyer Qadeniya onu da etiraf
etdi ki, nüvə enerjisi istehsalçılarının
üzləşdiyi ən böyük maneə ictimaiyyətin
bu sahənin təhlükəsiz və ekoloji cəhətdən
əlverişli olmasına dair şübhələridir.
Müzakirələrə
Birləşmiş Ştatların "Bunge Limited"
şirkətinin sədri Alberto Vayzer də qoşuldu. O,
bioyanacağın da neft və qaza alternativ olduğunu bildirdi və
onun faydası ilə bağlı fikirlərini
bölüşdü. Onun sözlərinə görə,
bioyanacağın istehsalı üçün tələb
olunan ərazi ondan alınan faydanı üstələyə
bilər. Alberto Vayzer bioyanacaq üçün zəruri olan kənd
təsərrüfatı məhsullarını daha çox
müxtəlifləşdirməyə çağırdı.
Hazırda dünyada kənd təsərrüfatı və
ümumiyyətlə ərzaq və qida məhsullarına artan
tələbata baxmayaraq, "Bunge Limited" şirkətinin sədri
bu növ yanacağın müəyyən töhfə verəcəyinə
ümidvar olduğunu dedi.
ENERJİ BAZARININ BÜTÜN
İŞTİRAKÇILARININ MARAQLARI NƏZƏRƏ
ALINMALIDIR
Növbəti sual yenə
Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandı. Aparıcı
dövlətimizin başçısına müraciətlə
bildirdi ki, son iki ildə hasilatçı və tranzit ölkələr
arasında yaranan müəyyən mübahisələrdən
ən çox istehlakçılar əziyyət çəkir.
Əgər son iki ildə siyasi səbəblərdən
ehtiyatlar bağlı saxlanılırsa, o zaman beynəlxalq əməkdaşlıq
necə olmalıdır?
Prezident İlham Əliyev
suala cavabında dedi:
- Bu münasibətlər
davranış, enerji siyasəti və belə demək olarsa,
enerji fəlsəfəsi məsələsidir. Azərbaycana gəldikdə
isə, biz artıq sübut etmişik ki, ölkəmiz
etibarlı tərəfdaşdır. Biz öz
istehlakçılarımız qarşısında
bütün öhdəliklərimizi yerinə yetirmişik və
regionumuzda hasilatçı, tranzit və istehlakçı
ölkələr arasında çox səmərəli əməkdaşlıq
var.
Şübhəsiz ki,
biz öz enerji ehtiyatlarımıza ilk növbədə milli
maraqlar və davamlı inkişaf nöqteyi-nəzərindən
baxırıq. Eyni zamanda, biz bu ehtiyatlardan əməkdaşlığı
daha da gücləndirmək və bu sahədə bizdən
asılı olan dostlarımıza və ölkələrə
dəstək məqsədi ilə istifadə etməyə
çalışırıq. Bu halda o ölkələr nəzərdə
tutulur ki, hazırda onlar qazın bazar qiymətləri ilə
ayaqlaşa bilmir. Biz realist olmalıyıq. Bu səbəbdən
də ədalətli qiymət və uzunmüddətli maraqlar
arasında tarazlığı tapmaq çox vacibdir. Düşünürəm
ki, bu yaxınlarda baş verənlərin müxtəlif səbəbləri
ola bilər. Lakin əsas fərq yanaşmadadır. Əgər
siz öz enerji ehtiyatlarınız vasitəsilə daha
çox şey əldə etməyə və ya ərazinizdən
istifadə edərək, daha ucuz qiymət əldə etməyə
çalışırsınızsa, onda bu cür böhranlar
qaçılmazdır. Əgər enerji bazarının
bütün iştirakçılarının
maraqlarını nəzərə alırsınızsa, onda
uğur əldə etmək olar. Zənnimcə, bu mənada
bizim təcrübəmiz nümunə ola bilər. Biz bu təcrübəni
bölüşə və sübut edə bilərik ki, enerji
ehtiyatları münaqişə və ya ayrı-seçkilik
aləti kimi deyil, dostluq aləti kimi istifadə oluna bilər.
Sonra "Enerji təhlükəsizliyi
və təchizatı, o cümlədən münasib qiymətlə
bağlı beynəlxalq əməkdaşlıq necə
olmalıdır" mövzusunda müzakirələr
başlandı.
OPEK-in baş katibi
Abdullah Səlim Əl-Bədri bildirdi ki, 2008-ci ildə neftin 1
barelinin qiyməti 147-150 dollar olanda məlum idi ki, bu, tələbatdan
yox, möhtəkirlik yolu ilə yaranmışdır. O, tələbata
zərbə vuran bu cür bazar möhtəkirliyinin gələcəkdə
qarşısını almaq üçün beynəlxalq
qaydaların hazırlanmasına çağırdı. Əl-Bədri
dedi ki, biz sui-istifadə hallarının
qarşısını tam ala bilmərik, bu, daim olacaqdır. Lakin
hesab edirəm ki, bu prosesə qarşı müəyyən
qaydalar tətbiq olunmalıdır. Bu mənada
istehlakçı və təchizatçı tərəflərin
əməkdaşlığı və dialoqu vacibdir.
Daha sonra iclas
iştirakçılarının diqqətinə 2000-ci ildən
bəri neftin qiymətində müşahidə edilən dəyişikliklər
təqdim olundu. Bildirildi ki, son 9 ildə neftin 1 barrelinin qiyməti orta hesabla 50 dollar 12 sent təşkil
etmişdir.
İclasın aparıcısı
dedi ki, Səudiyyə Ərəbistanında
keçirilən toplantıda
neft nazirləri bildirmişlər ki, növbəti 10-20 ildə
"qara qızılın"
hasilatını planlaşdırmaq
üçün neftin
bir barrelinin qiyməti 75 dollar olmalıdır.
"Qlobal
iqtisadiyyata ziyan vurmadan və sərmayə yatırımlarını
həvəsləndirmək üçün neftin münasib qiyməti nə qədər olmalıdır?" sualına
cavabında bp şirkətinin prezidenti
Toni Heyvord bildirdi ki, növbəti 20 ildə qlobal enerji sənayesinə ildə 25-26 trilyon dollar həcmində sərmayə
qoymalıdır ki, dünyada tələbat təmin olunsun. Neftin qiyməti isə sərmayə qoyulmasına
sövq edəcəkdir.
Bir sözlə, hasilatçı
ölkələrin sosial
yönümlü sahələri
maliyyələşdirməsi və enerji sahəsinə yeni investisiyalar yatırması
üçün neftin
bir barrelinin qiyməti 60-80 dollar arasında
olmalıdır.
Fransanın EDF şirkətinin sədri Pyer Qadeniya isə
bildirdi ki, neftin bir barrelinin
qiymətinin 60-80 dollar civarında
saxlanılması üçün
hökumətlər səylər
göstərməlidir. Amma nüvə
enerjisi bu qiymətdən daha əlverişlidir və bu növ enerjini
istehsal etməyə imkan var, ondan
da istifadə olunmalıdır. Buna nail
olmaq və bu növ enerjinin
təhlükəsiz olduğuna
inandırmaq üçün
ictimai rəy də formalaşmalıdır.
Yenidən müzakirələrə qoşulan
"Reliance Industries" şirkətinin sədri Mukeş Ambani isə neftin 60-80 dollar arasındakı
qiymətinin həm hasilatçılar, həm
də istehlakçılar
üçün münasib
olduğunu bildirdi. Bununla belə,
tərəflər arasında
şəffaflıq amilinin
və neftin qiymətinin tarazlaşdırılması
üçün müəyyən
mexanizmin olmasının
vacibliyini vurğuladı.
Daha sonra "Enerji
Outlook-2009" iclasının iştirakçılarına suallar
verildi.
ÖLKƏMİZ ŞAXƏLƏNDİRMƏ İLƏ
BAĞLI YARANAN ÇƏTİNLİKLƏRDƏN ƏZİYYƏT
ÇƏKMƏYƏCƏK
Londonda yerləşən
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun
baş icraçı
direktoru Con Çip Azərbaycan Prezidenti İlham Əliyevə sualla müraciət etdi:
- Sualım Prezident İlham Əliyevə və bp-nin prezidenti Toni Heyvordadır. Dünən Rusiya
hökumətinin sədri
Vladimir Putin Şərqdən Qərbə gedən boru kəmərlərinin şaxələndirilməsindən danışdı. Zənnimcə,
o, Rusiyadan və ona dost münasibətdə
olan ölkələrin
ərazisindən keçən
boru kəmərlərini
nəzərdə tuturdu.
Lakin Nabukkonu xüsusi olaraq təriflədiyini eşitmədim. Dünən Almaniya
kansleri Angela Merkel də
Avropa İttifaqı ilə Rusiya arasında uzunmüddətli
və etibarlı münasibətlərin əsas
meyarı kimi enerjidaşıyıcıları kəmərlərinin müxtəlif
marşrutlarının olmasının
zərurətini vurğuladı.
Sualım hər iki natiqədir. Rusiya ilə
Avropa İttifaqı arasında bu cür enerji durumu baxımından siz hansı məsləhətləri verərdiniz?
Eyni zamanda, Avropa İttifaqı-Rusiya enerji təhlükəsizliyi paketinə
salına biləcək
hansı məsələləri
siz istənilməz hesab edərsiniz? Buyurun, Prezident Əliyev və Toni Heyvord.
Prezident İlham
Əliyev suala cavabında dedi:
- Azərbaycana
gəldikdə, onu deyim ki, planlaşdırdığımız
bütün layihələri
vaxtında və yüksək səmərə
ilə başa çatdırmışıq. Bu
gün bizim şaxələndirmə ilə
bağlı heç bir problemimiz yoxdur. Əksinə, bizim karbohidrogen
ehtiyatlarımızı müxtəlif
istiqamətlərə nəql
edə biləcək
7 neft və qaz kəmərimiz var. Biz təkcə bir marşrutdan və yeganə bir bazardan asılı deyilik.
Ətrafımızda yerləşən ölkələr
bizim ehtiyatlarımıza
ehtiyac duyur. Bu, bir az qəribə
görünə bilər,
lakin hətta bizdən daha çox neft, qaz hasil edən
ölkələr də
bizim neft və qazı almaq üçün təkliflər irəli sürmüşlər. Bu səbəbdən də növbəti illər ərzində biz şaxələndirmə
ilə bağlı yaranan çətinliklərdən
əziyyət çəkməyəcəyik.
Biz hazırda yeni bazarların necə tapılması və istədiyimiz qədər neft çıxara bilmək üçün
mövcud boru kəmərlərini necə
genişləndirmək haqqında
düşünürük. Bunu etmək
üçün bizə
yeni bazarlar lazımdır. Yeni bazarlar
hazırdır. Onlar
Qərbdə, Mərkəzi
Avropada yerləşir
və yeni bazarlar Nabukko kəməri, Türkiyə,
Yunanıstan, İtaliya,
Transadriatik kəməri
və digərləri
ola bilər.
Beləliklə, hazırda bizim ehtiyatlara tələbat mövcud infrastruktur vasitəsilə təchiz oluna biləcək miqdardan qat-qat artıqdır. Beləliklə,
biz növbəti illər
ərzində qonşuluğumuzda
bəzən o qədər
də xoşa
gəlməyən hadisələrin
inkişafını izləyəcəyik.
Şübhəsiz ki, biz regionda
daha sıx əməkdaşlıq görmək
istəyirik, çünki
bu və ya digər halda
bu gərginliklər öz mənfi təsirini göstərir.
Bu da, öz
növbəsində, qlobal
enerji sektorunda əlavə gərginlik yaradır. Biz bunu görmək istəmirik. Biz gözlənilən və
davamlı təchizat marşrutlarını və
bütün iştirakçılar
arasında qarşılıqlı
anlaşmanı görmək
istəyirik.
AZƏRBAYCAN ENERJİ TƏRƏFDAŞI KİMİ
DİGƏR ÖLKƏLƏRƏ NÜMUNƏDİR
Sonra bp şirkətinin prezidenti Toni Heyvord iki məsələni vurğuladı. Bunlardan birincisi açıq,
azad, şəffaf və yaxşı idarə olunan enerji bazarı, ikincisi isə sabit fiskal və
tənzimləyici rejimlər.
"Azərbaycan bu mənada nümunə ölkə kimi göstərilə bilər"
deyən Toni Heyvord bildirdi ki, bütün
bunlar bp və onun tərəfdaşlarını
son on ildə 25 milyard
dollar sərmayə qoymağa
sövq etmişdir. Bu isə Azərbaycan Prezidentinin də dediyi kimi, enerji
infrastrukturunun yaradılmasına
imkan vermişdir.
"Biz Azərbaycanla çox uğurlu tərəfdaşlıqdan
məmnunuq. Çünki Azərbaycan açıq,
azad, şəffaf və yaxşı idarə olunan enerji bazarı qaydalarına riayət etmişdir, sabit fiskal və tənzimləyici rejimlər
isə bizə Azərbaycanda müxtəlif
istiqamətlərə infrastruktur
qurmağa imkan yaratmışdır" deyən
bp şirkətinin rəsmisi onu da əlavə etdi ki, bu
da öz növbəsində çoxsaylı
istehlakçı deməkdir.
Toni Heyvord bunun Azərbaycana
böyük fayda gətirdiyini, xüsusilə
də siyasi müstəqillik, enerji və maliyyə sahəsində müstəqillik
verdiyini diqqətə
çatdırdı. Daha sonra
iclas iştirakçıları
digər suallara cavab verdilər.
NAİB NİFTƏLİYEV
Səs.- 2009.- 31 yanvar.-
S. 2-3.