Muğam xalqın sərvətidir
Muğam sənəti Azərbaycanın
professional musiqi mədəniyyətinin şifahi irsinin
mühüm qismini təşkil etməklə, Azərbaycan
xalqının mədəni ənələrində və
tarixində dərin köklərə malikdir. Azərbaycanda bu
mədəni ənənənin köklərinin olması ölkədə
onun daşıyıcılarının sayı, eləcə də,
onun Azərbaycan bəstəkarları, rəssamları, heykəltəraşları
və şairlərinin tükənməz ilham mənbəyi
olan milli mədəniyyətdə mühüm rolu ilə təsdiqlənir.
Bir sıra ümumi, bədii cizgiləri Azərbaycan
muğamını İran dəstgahları, özbək-tacik
şaşmakomları, uyğur mukamları, hind raqaları, ərəb
nubaları, türk təqsimləri ilə
qohumlaşdırır və bütün bunlar Şərq
musiqisinin ümumi-bədii ənənələrini təşkil
edir. Bununla yanaşı, muğam sənəti azərbaycanlılar
tərəfindən milli özünüdərk və
özünü eyniləşdirmənin əsasını təşkil
edən başlıca mədəni dəyərlərdən
biri kimi qavranılır. Bu sənət Azərbaycan ərazisində
yaşayan talışlar, dağlı yəhudilər, ermənilər,
ləzgilər, gürcülər, avarlar kimi etnik qruplar
arasında da populyardır.
Həm milli mədəniyyət
üçün, həm də bütün bəşəriyyətin
mədəniyyəti üçün Azərbaycan
muğamının bədii dəyəri, onun yüksək mənalılığı
2003-cü ildə YUNESKO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən
etiraf olunmuşdur. YUNESKO muğamı "bəşəriyyətin
şifahi və qeyri-maddi irsinin şah əsərlərindən
biri" elan etmişdir.
Qeyd edim ki, Azərbaycan
musiqiçiləri müsəlman Şərqində ilk dəfə
olaraq Avropaya qastrollara çıxmaqla və qrammofon valları
yazdırmaqla muğam üçün qeyri-ənənəvi
dinləyici auditoriyasına müraciət etməyə
başlamışlar. İlk dəfə 1906-cı ildə
"Qrammofon" ingilis Səhmdar Cəmiyyəti məşhur
xanəndə Cabbar Qaryağdıoğlu və digər Azərbaycan
musiqiçilərinin ifasında Azərbaycan musiqisini qrammofon
vallarına yazmışdır. 1906-cı ildən 1914-cü
ilə qədər olan dövrdə Avropanın bir neçə
qrammofon səsyazma firması, o cümlədən, Fransanın
"Pate qardaşları" şirkəti,
"Sport-Rekord" alman səhmdar cəmiyyəti,
"Ekstrafon", "Konsert-Rekord", "Monarx-Rekord",
"Qrammofon-Rekord", "Premyer-Rekord" Rusiya şirkətləri
Azərbaycan muğamları, təsnifləri və rəngləri
yazılmış onlarca val buraxmışdır. Azərbaycanda
sovet rejimi qurulduqdan sonra, xüsusən də, ötən əsrin
30-cu illərdən başlayaraq, musiqi mədəniyyəti
tamamilə dövlətin nəzarəti altına keçir. Sovet
dövlətinin yürütdüyü "dəmir pərdə"
siyasəti uzun müddət Azərbaycan musiqisinin beynəlxalq
məkanına çıxışını
bağlamışdı.
XX yüzilliyin əvvəllərində,
Şərq incəsənəti Qərb auditoriyasında maraq
doğurduğu vaxtlarda Azərbaycan musiqiçiləri məlum
siyasi vəziyyətə görə sərbəst
çıxışa malik olmadıqları kimi, sovet Şərqinin
ənənəvi musiqiçiləri də belə bir
çıxışa malik deyildilər. Müvafiq olaraq Qərbin
bədii məkanında müsəlman Orta Şərqinin
musiqi mədəniyyətlərindən daha çox yeri ərəb,
İran və türk ənənəvi musiqisi tutmuşdu. Xarici
mədəni məkanda Azərbaycan muğamının mövqeyinin
itirilməsi ilə yanaşı, Azərbaycanın
özünün daxilində də keçən yüzilliyin
20-30-cu illərinin məlum şüarlarında ifadə
olunmuş nihilist tendensiya tədricən muğam sənətinin
ictimai statusunu laxlatdı.
XX yüzilliyin 30-cu illərindən
başlayaraq 70-ci illərinədək olan dövrdə Azərbaycan
cəmiyyətində muğamata primitiv sənət kimi
baxış tədricən möhkəmlənməyə
başladısa da, hər halda cəmiyyətdə, onun müəyyən
bir hissəsində muğamatın populyarlığını
azaltmadı. Muğam sənətinə münasibət
yalnız XX yüzilliyin 70-ci illərində, YUNESKO-nun himayəsi
altında ənənəvi musiqinin ilk beynəlxalq
simpoziumları və festivallarının keçirilməsindən,
bu hadisələrin sovet cəmiyyətində geniş əks-səda
doğurmasından sonra dəyişməyə başlayır.
Bu tədbirlər ənənəvi musiqi sənətinə
marağın oyanmasına və ona yüksək dərəcəli
professional sənət olaraq baxışların
formalaşmasına rəvac verdi.
XX yüzilliyin 90-cı
illərindən başlayaraq Azərbaycan muğam sənəti
dünyanın hər yerində dinləyicilərin, mütəxəssislərin
və menecerlərin diqqətini get-gedə daha geniş şəkildə
özünə cəlb etməyə başlayır. Azərbaycanın
ənənəvi musiqiçiləri beynəlxalq festivallarda
iştirak edir, dünyanın hər yerinə qastrollara
çıxır, onların diskləri Qərbin ən iri səsyazma
studiyalarında buraxılır. Azərbaycan müstəqillik
qazandıqdan sonra muğam sənətinə münasibət
daha da artmağa başladı və son illərdə Heydər
Əliyev Fondunun çoxsaylı layihələrinin
reallaşdırması bu janrın inkişafını
gücləndirmişdir.
Heydər Əliyev
Fondunun məqsədlərindən biri milli-mənəvi dəyərlərimizin
qorunması və Azərbaycan mədəniyyətinin
dünyada geniş təbliği ilə bağlıdır. Bu
istiqamətdə Heydər Əliyev Fondu Azərbaycan Mədəniyyətinin
Dostları Fondu ilə birgə layihələr uğurla həyata
keçirmişdir. Heydər Əliyev Fondunun milli-mənəvi
dəyərlərimizin qorunması və dünyada geniş təbliği
ilə bağlı reallaşdırdığı möhtəşəm
layihələr sırasında xüsusi əhəmiyyəti
olan Muğam mərkəzinin inşası fondun prezidenti,
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə həyata keçirilmişdir. Belə bir mədəniyyət
ocağının tikilməsi, muğamın daha da inkişaf
etdirilməsi və təbliği üçün görkəmli
xanəndələrin, muğam bilicilərinin iştirakı
ilə "dəyirmi masa" keçirilmiş və
Bakıda Beynəlxalq Muğam Mərkəzinin
yaradılması qərara alınmışdı. Prezident
İlham Əliyevin Bakıda Beynəlxalq Muğam Mərkəzinin
yaradılması haqqında sərəncam
imzalamışdı. Beləliklə, xalqımızın qədim
mədəni irsinin ölməz nümunəsi, Azərbaycan
musiqisinin zəngin fəlsəfi təməl üzərində
təşəkkül tapmasında əvəzsiz rol oynayan
muğama, möhtəşəm abidə ucaldılması
istiqamətində ciddi addım atılmışdır. Azərbaycan
muğamının bəşər mədəniyyətinin
nadir inciləri ilə bir sırada YUNESKO-nun Dünya irs
siyahısına daxil edilməsi isə bütövlükdə
onun nə dərəcədə bənzərsiz sənət
növü olduğunu bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin
və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın,
YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın iştirakı
ilə təməli qoyulmuş Beynəlxalq Muğam Mərkəzi
ümumi sahəsi 7,5 min kv m olan üçmərtəbəli
binadan ibarətdir. Ən müasir texnologiyadan istifadə edilməklə
tikilən bina üçün lazımi avadanlıq
İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Azərbaycan-YUNESKO əməkdaşlığının
bəhrəsi olan Beynəlxalq Muğam Mərkəzində 350
yerlik konsert salonu, klub, 80 nəfərlik restoran, dərs
otaqları, səsyazma studiyası yerləşir. Bina
müasir havalandırma və istilik sistemləri ilə təchiz
edilmişdir.
Muğam sənəti
daim diqqət mərkəzindədir. Silsilə layihələr
sırasında Azərbaycan Mədəniyyətinin Dostları
Fondunun layihəsi əsasında və Heydər Əliyev
Fondunun dəstəyi ilə "Muğam televiziya müsabiqəsi"
münsiflər heyətinin üzvlərinin - xalq artistləri Əlibaba
Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Səkinə
İsmayılova, Mənsum İbrahimov, Azərbaycan Bəstəkarlar
İttifaqının katibi, sənətşünaslıq
doktoru, professor Ramiz Zöhrabov kimi sənətkarların nəzarəti
altında əks-səda doğurdu. Bu müsabiqə
xalqımızın milli sərvəti olan muğam sənətinin
yaşadılmasında, inkişafında, beynəlxalq aləmdə
təbliğində, muğam ifaçılarının yeni nəslinin
yetişdirilməsində mühüm rol oynadı. Musiqimizin
şahı sayılan muğama qayğının bu səviyyəyə
çatmasında Mehriban xanım Əliyevanın əvəzsiz
xidmətləri göz önündədir.
Azərbaycan mədəniyyəti
və incəsənətinin böyük hamisi ümummilli
lider Heydər Əliyevin arzu və istəklərinin həyata
keçirilməsi baxımından böyük əhəmiyyət
daşıyan "Muğam irs", "Muğam dəstgah",
"Muğam ensiklopediya", "Muğam antologiyası",
"Muğam aləmi" və "Muğam Mərkəzi"
və s. layihələr milli musiqi tariximizə yeni səhifələr
kimi daxil olub.
Muğam bizim milli sərvətimizdir.
Azərbaycan xalqının sərvətidir. Bundan sonrakı
illərdə də muğam yaşayacaq, inkişaf edəcəkdir.
Səs.- 2009.- 31 yanvar.- S.12.