2 Fevral Gənclər Günüdür

 

Bəxtiyar Əsgərov: "Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır"

 

2 Fevral Gənclər Günüdür. Bu günü bizə ulu öndərmiz Heydər Əliyev bəxş edib. Ulu öndərmiz Heydər Əliyev 2 Fevral Gənclər Gününün qeyd edilməsi ilə bağlı sərəncam vermişdir, eyni zamanda, ulu öndərimiz gənclərin intellektli, savadlı, vətənpərvərlik ruhunda böyümələri üçün onlara daim diqqət və qayğı göstərmişdir. Ulu öndərmiz gənclərin yuxarı dövlət vəzifələrinə irəli çəkilmələri üçün onlara hər zaman etimad göstərmişdir. Bu gün də ulu öndərmizin layiqli davamçısı ölkə Prezdenti cənab İlham Əliyev Onun siyasətini davam etdirir. Bunun bariz numunəsi kimi, ölkə prezdentinin gənclər siyasəti haqqında Dövlət Proqramı qəbul edilməsi, 2007-ci ili gənclər ili kimi qeyd olunmasını və digər verdiyi qərarları qeyd etmək olar. Elə bəzi gənclərlə də söhbətimiz bu və digər mövzularla bağlı oldu.

 

YAP GB-nin sədr müavini Bəxtiyar Əsgərov:

- Artıq 13 ildir ki, fevralın 2- si ölkədə Gənclər Günü kimi qeyd olunur. Bu bayram gənclərə milli liderimiz Heydər Əliyevin hədiyyəsi idi. O gəncliyi hər mənada güclü görmək istəyirdi və bunun üçün əlindən gələni edirdi. Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bunun möhkəm olması isə yetişən nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyəti və inadkarlığından asılıdır. Səbəbsiz deyil ki, bütün dövrlərdə millətinin adını tarixə yazan da elə sağlam gənc qüvvələr olub. Bunu bilən milli liderimiz Heydər Əliyev də belə qüvvə yaratmaq arzusunda idi. Elə ona görə də, 1994-cü ilin iyulunda Gənclər və İdman Nazirliyi yaratdı və xalqının gənclərini bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətin gənclər formu keçirildi və elə həmin gün Azərbaycanın tarixinə gənclər günü kimi yazdı. Sonralar mütəmadi keçirilən forumlarda milli liderimiz gənclərin fikrini öyrənir, azad, sağlam düşüncəli kadrlar yetişdirməyə və onlarla hesablaşmağa çalışırdı.

Bəli, Heydər Əliyev bu tərbiyə üsulu ilə gəncləri sovet düşüncəsi təsirindən qurtarır, söz sahibi olan azad düşüncəli insalara çevirirdi. Milli liderimiz müstəqilliyini yenicə qazanmış dövlətimizdə gənclər üçün, hələlik, münbit şərait olmadığını da görürdü. Bunu yaratmaq üçün zamana ehtiyac var idi. Həmin vaxta qədər isə gəncləri tüfeyli həyatdan qurtarmaq, onları sağlamlığını təmin etmək lazım idi. Heydər Əliyev bu dəfə də yanılmamışdı. Ulu öndər Milli Olimpiya Komitəsi yaratdı və bir - birinin ardınca bölgələrdə idman kompleksləri tikdirdi. Göstərilən diqqət və qayğı bəhrəsini verirdi. Azərbaycan gənclərinin səsi dünya miqyaslı turnirlərdən gəlir, bayrağımız ən möhtəşəm yarışlarda dalğalanırdı. Bu uğurları milli liderin şəxsən qiymətləndirməsi isə idmançıları sabahkı zəfərə ruhlandırırdı.

Heydər Əliyev müasir düşüncəli, savadlı, dünyagörüşlü gənclik yaratmağa çalışırdı və bütün bunlara nail olmaq üçün onları müxtəlif ölkələrə təhsil almağa göndərirdi. Bu gün həmin siyasi kursu ölkə başçısı İlham Əliyev həyata keçirir. Gənclərə göstərilən diqqət və qayğı sağlam gənc nəslin yetişməsinə xidmət edir. Ancaq, eyni zamanda, ölkə başçısı gənclərə vətəninə, adət-ənənələrinə, kökünə sadiq olmağı və dövlətinə xidmət etməyi öyrədir. Azərbaycanın inkişafı üçün bu gün önəmli postlarda çalışan gənclər bu siyasətin nəticəsidir. Bəli, artıq bu gün Heydər Əliyevin arzuladığı gənclik yetişib. İndi onların məqsədli şəkildə irəlilədiyi bir yol var.

Çingiz Bayramov,

Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri:

-Bildiyiniz kimi, 2 Fevral Gənclər Günü ulu öndərmiz Heydər Əliyev tərəfindən əsası qoyulmuşdur. Ölkə gəncləri hər zaman dövlətimizin qayğısını hiss etməlidir. Qardaş Türkiyədə təhsil alan tələbələr gəlib bizim təşkilata üzv olurlar. Belə bir dönəmdə bu gənclər günü bizim üçün də əlamətdar bir gündür. Hər il gənclər günü qeyd edilir və son dönəmdə deyə bilərəm ki, 2007-ci ili Azərbaycan Respublikasının Prezdenti Cənab İlham Əliyev Azərbaycanda gənclər ili elan etməsi hər bir gəncimizi çox sevindirdi. Həmin vaxtda bir çox gənclərimiz yüksək vəzifələrə sahib oldu və dövlətimizdə gəncləşmə siyasəti yerinə yetirildi. Yəni, dünyanın heç bir ölkəsində gənclərə belə dəyər, qiymət verən ikinci bir ölkə çətin ki, tapılar.

Mən hesab edirəm ki, bu gün hər bir Azərbaycan gəncinin bayramıdır. Ölkəmizdə ictimai-siyasi arenada gənclərin sayı daha çoxdur və misal olaraq, demək istəyirəm ki, bu gün ölkəmizdə qeyri-hökumət sektorunda çalışanların 80 faizdən çoxunu gənclər təşkil edir və bu da digər ölkələrə nəzərən çox fərqlidir. Avropa ölkələrinin 20 faizi gənc nəsilin nümayəndələridirsə, Azərbaycanda bu, 80 faiz təşkil edir. Eyni zamanda, bizim 4-cü hakimiyyətimiz sayılan media sektorunda çalışanların böyük əksəriyyətini də gənclər təşkil edir. Böyük faktla demək istəyirəm ki, dövlət qulluğuna daxil olmaq üçün imtahanda yaş həddi 30-35-dir ki, bununla da gənclərin dövlət qulluğuna cəlb olunmasına daha çox nail olunur. Azərbaycan gəncləri olimpya-idman oyunlarında ölkəmizi fəxrlə təmsil edirlər. Bunların hamısı 2 Fevral Gənclər Gününün təsis olunması üçün daha əlverişli şərait yaratdı.

 

 

GÜLYANƏ,

 

SEVİNC

 

Səs.- 2009.- 31 yanvar.- S.7.