DAVOSDA AZƏRBAYCAN ÜZRƏ
QARŞILIQLI BİZNES ƏLAQƏLƏRİ QRUPUNUN FORUMU
KEÇİRİLİB
İlham Əliyev: "Azərbaycanın ixrac
potensialı yüksəkdir"
"Konqress" mərkəzində
Azərbaycan üzrə qarşılıqlı biznes əlaqələri
qrupunun forumu keçirilmişdir. Azərbaycan Prezidenti İlham
Əliyev forumda iştirak etmişdir.
Beynəlxalq
işgüzar dairələrin iştirak etdiyi forumu Dünya
İqtisadi Forumunun Avropa və Mərkəzi Asiya ölkələri
üzrə direktoru Stefan Kinnok açaraq, Azərbaycan
Prezidenti İlham Əliyevin bu tədbirdə iştirak etməsindən
məmnunluğunu bildirdi və bu cür görüşlərin
burada iştirak edən işgüzar dairələr
üçün faydalı olacağını dedi.
Dövlətimizin
başçısı tədbirdə çıxış edərək,
ölkəmizin son illərdəki nailiyyətlərini
vurğuladı, iqtisadiyyatın dinamik inkişaf etdiyini,
uğurlu iqtisadi islahatların həyata keçirildiyini, bazar
iqtisadiyyatına üstünlük verən və əlverişli
coğrafi vəziyyəti olan Azərbaycanın enerji sektorunda əhəmiyyətli
işlər gördüyünü, neft və qaz
ehtiyatlarını Avropa bazarlarına nəql etdiyini söylədi.
Prezident İlham Əliyev Azərbaycanda sərmayədarlar
üçün yaxşı şərait
yaradıldığını, sahibkarlığın
inkişaf etdiyini xatırlatdı və bildirdi ki, indi ölkəmiz
xaricdə investisiya layihələrində də iştirak
edir. Azərbaycanın iqtisadi siyasətinin xalqın
rifahının yüksəldilməsinə yönəldiyini
vurğulayan dövlətimizin başçısı ölkəmizin
ixrac potensialının da yüksək olduğunu dedi.
Sonra Prezident İlham Əliyev
iştirakçıların beynəlxalq enerji layihələri,
Mərkəzi Asiya ölkələrinin təbii sərvətlərinin
Xəzər dənizi vasitəsilə dünya bazarlarına
çıxarılması perspektivləri və digər məsələlər
barədə suallarına cavab verərək, regional əməkdaşlığa,
təhlükəsizliyə mane olan səbəblərdən,
xüsusən də Ermənistanın Azərbaycana təcavüzündən,
bu təcavüz nəticəsində ölkəmizin ərazisinin
20 fazinin işğal edilməsindən danışdı,
BMT-nin və digər beynəlxalq təşkilatların qərarlarına
məhəl qoymayan Ermənistanın təcavüzkar siyasətdən
əl çəkmədiyini bildirdi.
Tədbir başa
çatdıqdan sonra işgüzar dairələrin nümayəndələri
Prezident İlham Əliyevə yaxınlaşaraq, Azərbaycanla
əməkdaşlığa, yeni layihələrdə
iştiraka və ölkəmizə sərmayə qoymaqda
maraqlı olduqlarını bildirdilər, informasiya
texnologiyaları və bank sektoru ilə maraqlandılar.
N.NİFTƏLİYEV
Səs.- 2009.- 31 yanvar.- S. 4.