"İlin tərəfsiz qəzeti"

 

Tərəfsiz Jurnalistlər Birliyi "Şərq"i mükafatlandırdı

 

Tərəfsiz Jurnalistlər Birliyi (TJB) "Şərq" qəzetini 2009-cu ildəki fəaliyyətinə görə "İlin tərəfsiz qəzeti" elan edib. Ötən gün bu nominasiyanı jurnalist qrupunun sədri Elşad Eyvazlı, "Şərq" qəzetinin baş yazarı Akif Aşırlıya təqdim edib. Mükafatın təqdim olunması mərasimində birliyin rəhbərliyi, üzvləri ilə yanaşı, qəzetin kollektivi iştirak edib. "Şərq"in baş redaktoru A.Aşırlı rəhbərlik etdiyi mətbu orqanın gördüyü işlərdən TJB-nin fəaliyyətindən danışıb.

O bildirib ki, TJB yarandığı gündən düzgün fəaliyyət istiqaməti götürüb: "Təbii ki, cəmiyyətdə hər bir mətbu nəşrin özünün ideya istiqaməti var. Biz də "Şərq" qəzeti olaraq öz üzərimizə düşən vəzifələri yerinə yetirməyə, cəmiyyəti informasiya ilə təmin etməyə çalışırıq. "Şərq" yarandığı gündən çalışmışıq ki, cəmiyyətdə baş verən hadisələrin informasiyalarını qərəzsiz şəkildə cəmiyyətə çatdıraq. 14 illik fəaliyyəti dövründə qəzetimiz bir məktəb kimi formalaşıb. "Şərq"in əməkdaşları indi hansısa dövlət qurumlarında, ictimai institutlarda, jurnalist təşkilatlarında, müxtəlif media orqanlarında fəaliyyət göstərirlər, öz peşəkarlıqlarını nümayiş etdirirlər". TJB ilə bağlı fikirlərini də qeyd edən A.Aşırlı vurğulayıb ki, cəmiyyətdə bu təşkilata maraq var və bu Jurnalistlər Birliyinin fəaliyyəti müsbət qiymətləndirilir. Yəni TJB ölkə mətbuatının, jurnalistlərin problemlərini zaman-zaman aidiyyəti orqanlar qarşısında qaldırır. Bu baxımdan mən birliyin fəaliyyətini yüksək qiymətləndirirəm. Jurnalist qurumları arasında bu qurum müxtəlif maraqlı layihələr həyata keçirir. Bu layihələrə nəzər saldıqda görünür ki, təşkilat öz tərəfsizliyini qoruyur". "Şərq"in baş redaktoru TJB-nin fəaliyyətindən danışarkən onu da qeyd edib ki, bu qurum jurnalistlərin sosial problemlərini də cəmiyyətdə, ictimaiyyətdə qaldırır ki, bu da təqdirəlayiq haldır: "Məsələn, bu gün Azərbaycan jurnalistikasında, mətbu nəşrlərdə kifayət qədər peşəkar jurnalistlər var. Bu qələm sahiblərinin mətbuatda qalması üçün onların sosial problemləri həllini tapmalıdır. O mənada ki, belə jurnalistləri itirməyək. Ona görə də hesab edirəm ki, TJB-nin jurnalistlərin sosial problemi ilə bağlı qaldırdığı məsələlər təqdirəlayiqdir". A.Aşırlı sözügedən mükafatın məhz TJB tərəfindən verilməsinin xüsusi olduğunu da vurğulayıb: "Bizim qəzet bir çox mükafatlara layiq görülüb. Amma həmkarlarımız tərəfindən belə bir mükafata layiq görülməyimizin məxsusi yeri var. "Şərq"çilər bu mükafatdan məmnundurlar. Biz də çalışırıq ki, cəmiyyətdə öz mövqeyimizi, tərəfsizliyimizi, qərəzsizliyimizi qoruyaq, saxlayaq".  

Elşad Eyvazlı isə bildirib ki, həqiqətən də "Şərq" qəzetində bir tərəfsizlik var: "İstər informasiyaların cəmiyyətə ötürülməsində, istərsə də öz mövqeyində seçilən qəzetlərdən bir və bəlkə də birincisidir. Bizim təşkilat nominasiyanı müəyyənləşdirərkən məhz bu amillər nəzərə alınıb. Mükafatı kimə verəcəyimizi müəyyənləşdirərkən çalışmışıq ki, obyektivliyə riayət edək və öz tərəfsizliyimizi saxlayaq".  

Qeyd edək ki, TJB həmçinin İctimai Televiziyanı, "Xəzər" Televiziyasını və "mediaforum" internet portalını da sözügedən nominasiyaya layiq görüb.

    

 

Anar Bayramoğlu

 

Şərq.- 2010.- 18 fevral.-S. 5.