Xocalı soyqırımından 18 il ötür

 

Bu bəşəriyyətə və insanlığa qarşı yönəlmiş ən dəhşətli cinayətdir

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində yaşanan dəhşətli soyqırım aktından 18 il ötür. Erməni faşizminin mənfur xislətini tamamilə ifşa edən bu kütləvi və amansız soyqırım aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlıq əleyhinə törədilmiş qəddar cinayətdir. Beynəlxalq hüquq norma və prinsiplərinə məhəl qoymayan azğınlaşmış erməni silahlı birləşmələri Xocalıda bu soyqırım əməlini törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq və məhv etmək niyyətini güdüblər.

Erməni terrorizminin qanlı fəsadları təkcə böyük türk dünyasının deyil, bütün bəşəriyyətin başı üstünü qara kabus kimi bürüməklə, insanlığa qarşı yönəlmiş ən amansız, dəhşətli cinayətlərə rəvac vermiş, əsrlər boyu bu vandalizmin qurbanı olmuş Azərbaycan xalqının təhtəlşüurunda dərin izlər buraxmışdır. Tarixi həqiqətlər göstərir ki, "Böyük Ermənistan" xülyası ilə yaşayan ermənilər öz əsassız və qeyri-hüquqi iddialarını reallaşdırmaq naminə terror və soyqırım siyasətini "milli mübarizə" yoluna çevirərək dövlət səviyyəsində dəstəkləyiblər. Bu baxımdan 1992-ci ilin 26 fevralında Xocalıda törədilən qətliam heç də birinci deyildir - mənfur ermənilər hələ 1906 və 1918-ci illərdə bu şəhəri iki dəfə yandırıb külə çevirib, əhalisini məhv ediblər. Fəqət, 1992-ci ildə Xocalıda miqyasına və qəddarlığına görə bəşər tarixində misli görünməmiş bir soyqırım aktı yaşandı. Ermənistan silahlı birləşmələri, Dağlıq Qarabağdakı erməni yaraqlıları, habelə uzun illər beynəlxalq ictimaiyyətə "sülhsevər" ordu kimi təqdim edilmiş keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı Xocalı şəhərini sakinləri ilə birlikdə büsbütün məhv edərək, insanlığa silinməz ləkə olan soyqırım aktını törədiblər. 

Cəmi bir neçə saat ərzində 710 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca, milli mənşəyinə görə qəddarcasına, dözülməz işgəncələr verilməklə öldürülüb, 487 nəfərə ağır xəsarət yetirilib, 1275 sakin - köməksiz qocalar, uşaqlar, qadınlar girov götürülərək zülm, təhqir və həqarətə məruz qoyulublar. Erməni qəsbkarları azərbaycanlıları qətlə yetirmək üçün hətta faşistlərin belə istifadə etmədikləri ən qəddar, tükürpədici üsullardan istifadə ediblər.

Xocalı qətliamı Ermənistanın Azərbaycana təcavüzünün gerçək mahiyyətini, erməni terrorizminin və vəhşiliyinin dəhşətli miqyasını bütün çılpaqlığı ilə üzə çıxarıb. Bu hadisə respublikamızın Qarabağ müharibəsində aldığı ən böyük zərbə, sonrakı məğlubiyyətimizi qismən labüd edən faciə olub. Həmin dövrdə mərkəzi hakimiyyətin antimilli xarakteri və səriştəsizliyi, respublikada xaos və anarxiyanın baş alıb getməsi, vəzifə kürsüsü uğrunda amansız mübarizənin getməsi, ölkədəki mühiti, ordudakı başıpozuqluq, cəbhə xəttində yaşanan faciələrə göstərilən laqeydlik təkcə Xocalı faciəsinin deyil, sonrakı müsibətlərimizin də əsas səbəblərindəndir.  

Tarixi faktlar göstərir ki, Xocalı şəhərinin ermənilər tərəfindən mühasirəsinə hələ 1991-ci ilin oktyabrında başlanıb. Xankəndi ilə Əsgəran arasında strateji nöqtə olan Xocalının ələ keçirilməsi ermənilər üçün müstəsna məqsədlərdən olub. 1991-ci ilin oktyabrın 30-da Xocalı ilə quru əlaqəsi tamamilə kəsildi və ara-sıra görünən vertolyotlar mühasirədə qalan 2500 nəfərlik Xocalını Azərbaycanla bağlayan yeganə nəqliyyat vasitəsi idi. 1992-ci il yanvarın 28-də Ağdam-Şuşa reysi ilə uçan mülki vertolyotun Xankəndindən atılan raketlə vurulmasından sonra Xocalı ilə hava əlaqəsi də tamamilə kəsildi. 1992-ci il yanvarın 2-dən Xocalıya hətta elektrik enerjisi də verilmirdi. Şəhər tamamilə təcrid olunaraq taleyin ümidinə buraxılmışdı. Fevralın ikinci yarısından etibarən Xocalı dörd bir yandan erməni yaşayış məntəqələrindən intensiv artilleriya atəşinə məruz qalırdı. Şəhərin mühasirədən çıxarılması üçün kağız üzərində çeşidli planlar cızılsa da, onların heç biri gerçəkləşdirilmirdi. 

Həmin dövrdə hakimiyyətdə olan rejimin Qarabağı qorumaq bacarığına malik olmadığı qabarıq görünürdü. Üstəlik yeni yaranmaqda olan Azərbaycan ordusu siyasi intriqaların güdazına verilmişdi. 1992-ci il yanvarın sonu - fevralın birinci yarısında Kərkicahan, Quşçular, Malıbəyli və Qarabağlı kəndlərinin işğalına göstərilən faktiki biganəlik Xocalıya münasibətdə də aşkar idi. Kritik vəziyyətdə başını itirən hakimiyyət iflas həddində, müxalifətçilərsə hakimiyyət davasında idilər. Güc nazirliklərinin tez-tez dəyişdirilməsi hərbi uğursuzluqların əsas səbəblərindən birinə çevrilmişdi. Xocalının müdafiəsi üçün mərkəzi hakimiyyət səviyyəsində planlı tədbirlərin həyata keçirilməməsi son nəticədə ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə amansız qətliamına şərait yaratmış oldu.  

BMT-yə yeni üzv qəbul olunmuş Azərbaycanın həmin dövrdə bu mötəbər təşkilatın prinsiplərinə əsaslanmaqla Xocalıda baş verən faciənin soyqırım kimi tanınması istiqamətində zəruri tədbirlər həyata keçirməməsi də olduqca üzücü və təəssüfləndirici faktdır. Halbuki BMT Baş Məclisinin 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın 2-ci bəndində göstərilən şərtlər Xocalı faciəsinin məhz soyqırım adlandırılmasına tamamilə imkan yaradır. Bu beynəlxalq sənəddə göstərilir ki, hər hansı milli, etnik, yaxud dini qrupun tam və ya qismən məhv edilməsilə törədilən bir sıra hərəkətlər genosid (soyqırımı) cinayətinin mahiyyətini təşkil edir. Bu hərəkətlərə həmin qrupun üzvlərinin öldürülməsi, ağır bədən xəsarətinin, yaxud əqli pozğunluğun yetirilməsi, onların fiziki məhvinə səbəb olan həyat şəraitinin yaradılması, uşaqların zorla bir insan qrupundan alınıb başqalarına verilməsi törədilmiş cinayətin soyqırımı kimi tövsif edilməsinə əsas verir. Bu hüquqi kriteriyalardan yanaşdıqda, ermənilərin Xocalıda məhz milli zəmində törətdikləri dəhşətli cinayətlərin genosid olduğuna heç bir şübhə qalmır. Həmin gün mənfur erməni silahlı birləşmələri Xocalı əhalisini məhz milli-etnik, dini səbəblərlə son nəfərinədək qətlə yetirmək, məhv etmək məqsədini qarşıya qoymuşdular. 

Ermənistanın müharibə zamanı davranış normalarını müəyyənləşdirən beynəlxalq hüquq normalarına məhəl qoymaması ilə bağlı faktlar yalnız bununla məhdudlaşmır. Beynəlxalq humanitar hüququn tələblərinə əsasən, müharibə yalnız silahlı münaqişədə olan tərəflərin silahlı qüvvələri arasında aparılmalıdır. Mülki əhali döyüşlərdə iştirak etməməli və onlarla hörmətlə davranılmalıdır. "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən, mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların hər cür öldürülməsi, şikəst edilməsi, onlarla qəddar davranış, onlara əzab və işgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir. Konvensiyanın 33-cü maddəsində qeyd olunur ki, heç bir mülki şəxs törətmədiyi hüquq pozuntusuna görə cəzalandırıla bilməz. Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, onlara qarşı terror hərəkətləri, onların repressiyaya məruz qoyulması birmənalı qadağan edilir. Həmin Konvensiyanın 34-cü maddəsinə görə, mülki əhalinin girov götürülməsi də qadağandır. Lakin təkcə Xocalıda 1000-dən artıq insanı girov götürən ermənilər bu prinsipə də aşkar sayğısızlıq nümayiş etdiriblər. Ermənistan silahlı qüvvələri bu hüquq normalarına məhəl qoymayıb, Xocalıda dinc əhalinin məhvi üçün ən qəddar üsullara əl atıblar. (Ermənistan 1993-cü ildə münaqişə qurbanlarının mühafizəsi məsələlərini nəzərdə tutan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasını 7 iyun 1993-cü ildə ratifikasiya edib).  

1992-1993-cü ildə hakimiyyətdə olmuş qüvvələr də bu və ya digər hüquq normalarına əsaslanmaqla Xocalı faciəsinin real mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görmədilər. 

Hətta 1993-cü il fevralın 23-də imzalanmış "Azərbaycana qarşı edilmiş vəhşiliklərin açıqlanması haqqında" fərman da kağız üzərində qalmışdı.  

Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk praktik təşəbbüs isə ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə qayıdışından sonrakı mərhələyə təsadüf edir. Ulu öndərimiz ilk gündən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə çevrilməsi, orada narkotik maddələrin yetişdirilməsi, mədəni abidələrin məhv edilməsi və digər faktların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Bu məqsədlə atılan mühüm addımlardan biri də erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu.  

Ulu öndərimizin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Son 14 ildə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb, xarici dillərdə kitablar, sənədlər dərc olunub, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilib, bununla bağlı bir çox internet saytları yaradılıb.  

Ümummilli lider Heydər Əliyevin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir. Azərbaycan Respublikası Milli Məclisinin 26 fevral 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin bəyanatı"nda isə vurğulanır ki, Azərbaycan dövləti mövcud imkanların hamısından yararlanaraq ərazi bütövlüyünün bərpasını təmin edəcək, Xocalı faciəsinin əsl beynəlxalq hüquqi-siyasi qiymət almasına, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılmasına nail olacaq.

 

 

Sevinc Budaqova

 

Şərq.- 2010.- 23 fevral.- S. 6.