"XX əsrin faciəsi - Xocalı soyqırımı"

 

Prezident Kitabxanasının tammətnli elektron nəşri yenilənib

 

Xocalı soyqırımının ildönümü ərəfəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə təsdiqlənmiş tədbirlər planına uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında 2007-ci ildə Azərbaycan, ingilis və rus dillərində hazırlanmış "XX əsrin faciəsi - Xocalı soyqırımı" adlı tammətnli elektron nəşr yeni materiallar hesabına əsaslı surətdə yenilənib.  

Lent.az-ın verdiyi məlumata görə, elektron nəşrə daxil olan materiallar 6 bölmədə qruplaşdırılıb.  

"Xocalı soyqırımı" adlanan bölmədə Dağlıq Qarabağ münaqişəsinin qısa tarixçəsi, Xocalı soyqırımının miqyası haqqında istintaq materialları, zərərçəkənlərin ifadələri, tibbi ekspertiza rəyləri, Xocalı şəhidlərinin ümumi siyahısı və s. materiallar toplanıb. "Rəsmi materiallar" adlanan bölmədə Xocalı soyqırımının tanıdılması istiqamətində dövlət səviyyəsində atılan addımlar, qəbul edilən qərarlar, beynəlxalq təşkilatlara edilən müraciətlər, Xocalı faciəsinin beynəlxalq hüquq normaları baxımından soyqırım kimi tövsif edilməsi haqqında rəsmi sənədlər yerləşdirilib.

"Xocalı soyqırımının əks-sədası" adlanan bölmədə isə bu günədək Xocalı soyqırımı ilə bağlı yerli və xarici mətbuatda dərc olunan, elektron kütləvi informasiya vasitələrində əksini tapan seçmə materiallar toplanıb. Bu bölmədə həmçinin Heydər Əliyev Fondunun Azərbaycan tarixinin qanlı səhifəsi olan Xocalı soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü işlər, müxtəlif dillərdə çap etdirdiyi nəşrlər haqqında məlumatlar əksini tapıb. İslam Konfransı Gənclər Forumunun (İKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin may ayından etibarən "Xocalıya ədalət" devizi altında beynəlxalq kampaniya çərçivəsində həyata keçirilən tədbirlər haqqında materiallar xronoloji ardıcıllıqla toplanaraq ayrıca bölmə şəklində istifadəçilərin diqqətinə çatdırılır.

"Elektron kitablar" bölməsində isə xalqımızın qan yaddaşına çevrilmiş bu faciədən bəhs edən seçilmiş kitabların elektron versiyaları toplanıb. Burada Həvva Məmmədovanın "Xocalı - şəhidlər və şahidlər" (üç dildə), Səriyyə Müslümqızının "Ölümdən o yandakı Xocalı", "Ümid olmasa ölərəm" (ingilis dilində), Əsli Xəlilqızının "Güllələnmiş uşaqlıq" (üç dildə), Yuri Pompeyevin "Qarabağ qan içində" (Azərbaycan və rus dillərində), Feliks Sersvadzenin "Unudulmuş soyqırım" (rus dilində), Akif Aşırlının "Türkün Xocalı soyqırımı", Allahyar Xocalının "Vətən ağrısı, torpaq yanğısı", Elmira Axundovanın tərtib etdiyi "Xocalı - soyqırımın xronikası" (rus dilində) kitablarının elektron versiyaları hazırlanaraq oxuculara təqdim edilir.  

"Xocalı soyqırımı saytlarda" bölməsində istifadəçilər mövzu ilə bağlı faydalı saytlara yönləndirilir.

 

 

Şərq.- 2010.- 24 fevral.- S. 2.