Hərbi gücümüz
artıb
Qarabağı işğalçılardan azad etməyə
hazırıq
Yuxularımda gecələr
Qarabağı viran görürəm,
Quruyub İsa
bulağı, su yerinə qan görürəm.
Qartala bənzəyirdi
xəritədə Azərbaycan,
Qartalın bir qanadı
sınıb, yarımcan görürəm.
(Aqşin Fateh)
Bəli, yarımcandı bu gün Azərbaycan, qanadı sınan "qartal"dı. Gücü, potensialı, qüdrəti artsa da, yoxdu eşidən haqq səsini. Talanan yurdu "erməniləşdirilir", qədim məscidləri tövləyə çevrilir. Hələ bu azmış kimi, atəşkəs dövründə şəhid olmuş əsgərinin meyiti də geri verilmir.
70 milyard manatadək ziyan vurublar
ölkəmə. Son hesablamaların statistikasıdı bu.
Dəqiq rəqəm isə torpaqlar işğaldan azad olunandan
sonra yenidən dəqiqləşdiriləcək. Elə
milləti də bu sual düşündürür:
"Görəsən, bu, nə zaman olacaq?"
Azərbaycan böyük
sülh sazişi üzərində işə başlamağa
hazırdır
Amma, deyəsən, olacaq. Çünki son zamanlar rəsmi açıqlamalar
bunu deməyə əsas verir. Hələ
indiyə qədər danışıqlar bu səviyyədə
aparılmır və belə açıq fikir söylənilmirdi.
İndi xarici işlər naziri Elmar Məmmədyarov
aparılan danışıqların detallarını
açıq şəkildə ictimaiyyətə bildirir.
Ermənistan tərəfi referendumun keçirilməsinə
tərəfdardır. Bu məsələdə
Azərbaycanın mövqeyi ondan ibarətdir ki, səsvermədə
ermənilərlə birgə Dağlıq Qarabağın azərbaycanlı
icması da iştirak etməlidir. Tərəflər
arasında müzakirə olunan prinsiplərə görə,
referendumun bülletenlərindəki sualları tərtib etmək
üçün həm Ermənistan və Azərbaycanın,
həm də ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin
nümayəndələrindən ibarət xüsusi komitə
yaradılacaq. Lakin bu, yalnız məcburi
köçkünlərin Dağlıq Qarabağa
qayıtmasından sonra mümkündür. Azərbaycan yenilənmiş "Madrid prinsipləri"
əsasında böyük sülh sazişi üzərində
işə başlamağa hazırdır.
Kəlbəcər
və Laçın 5 ilə qaytarılacaqmı?
Ermənistan tərəfi nə "hə",
nə də "yox" deyir. "Madrid prinsipləri"nə
görə, 5 il ərzində Kəlbəcər
və Laçın boşaldılmalıdır. Ermənistan tərəfi yenə də bu məsələ
ilə bağlı müzakirələri davam etdirmək istəyir.
Kəlbəcər və Laçın tarixdə
heç vaxt Dağlıq Qarabağın tərkibində
olmayıb. Ona görə bu rayonlar da birmənalı
olaraq digər 5 rayon kimi Azərbaycana qaytarılmalıdır.
Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl və
Laçının cənub hissəsi birinci mərhələdə
qaytarılmalıdır. Kəlbəcər və
Laçına gəlincə, Ermənistanda Robert Köçəryan
prezident olanda təklif edib ki, bu rayonlar 10 ilə
qaytarılsın. Azərbaycan isə 1 il
təklif edir. Sonra Serj Sərkisyan 7 il təklif
edib. Azərbaycan isə 3 il müddətin
üzərində dayanıb. Həmsədrlər isə 5 il təklif ediblər. Azərbaycan
tərəfi buna razılıq verib. Hamı
təklif verir. Amma bizdən başqa
razılaşan yoxdur. Təktərəfli
razılıqdı bu. Ümidliyik, bəlkə İrəvan
da təkiddən sonra razılaşa.
"Allahın evi"ni tövləyə çeviriblər...
Danışıqlar getdiyi bir dönəmdə
ermənilər daha bir vəhşiliyə əl atıblar.
İşğal altında olan abidələrimizi
dağıdan üzdəniraqlar indi də qədim məscidlərimizdən
tövlə kimi istifadə edirlər. Məsələ
ATƏT-in Osloda keçirilən XIX sessiyasının komitə
iclaslarında müzakirəyə çıxarılıb.
Dünən toplantıda Azərbaycan nümayəndə
heyətinin hər bir üzvü Qarabağla bağlı məsələ
qaldırıb. Nümayəndə heyətinin
üzvü Eldar İbrahimov deyib ki, təmsil olunduğu
İqtisadiyyat komitəsinin iclasında işğal olunmuş
Azərbaycan ərazilərində ermənilərin tarixi məscidlərdən
tövlə kimi istifadə etdiyini diqqətə
çatdırıb.
"Bu problemin beynəlxalq hüquq səviyyəsində
həllinin vacibliyini vurğuladım. Ermənistan
nümayəndəsi isə dedi ki, bu, Ermənistana
aid məsələ deyil. Guya, Dağlıq
Qarabağda yaşayan ermənilərə aid məsələdir.
Mən bu məsələ ilə bağlı
danışıqların Ermənistanla
aparıldığını yada saldım və bildirdim ki,
belə yanaşma doğru deyil. Çünki
Qarabağın Ermənistan tərəfindən işğal
olunması bütün dünyanın qəbul etdiyi məsələdir".
"Ermənilər bu
torpaqlara qonaq kimi gəliblər və özlərini də elə
aparmalıdırlar"
Azərbaycan prezidenti İlham Əliyevin bu il məcburi köçkünlər
qarşısında çıxışı zamanı
söylədiyi fikirlər isə rəsmi İrəvana
güclü mesaj olub. Bu mesaj Azərbaycanın
artıq mövqeyini dəyişməsi ilə
bağlıdır. Dövlət
başçısı vurğulayıb ki, ermənilər bu
torpaqlara qonaq kimi gəliblər və özlərini də elə
aparmalıdırlar. Bu fikir
işğalçıları himayə edənləri də
düşündürməyə vadar edib. İlham Əliyevin ortaya qoyduğu mövqe isə
bunu deməyə əsas verir ki, bu ölkə öz
torpaqlarını geri qaytarmaq üçün istənilən
vasitəyə əl atacaq. Hələ "Bakı -
İslam mədəniyyətinin paytaxtı-2009" Mədəniyyət
İlinin açılışı mərasimindəki
çıxışı zamanı prezident "Biz
bütün tarixi abidələrimizi torpaqlarımız
işğal altından çıxandan sonra bərpa edəcəyik.
Bütün şəhərləri yenidən bərpa
edəcəyik, binaları tikəcəyik. Ancaq bunu etmək üçün Dağlıq
Qarabağ münaqişəsinə son qoyulmalıdır.
Azərbaycanın ərazi
bütövlüyü bərpa olunmalıdır və bizim vətəndaşlarımız
öz doğma torpaqlarına qayıtmalıdırlar"
söyləmişdi.
Ordu quruculuğu ən
prioritet məsələdir
"Azərbaycan Ordusu gündən-günə
güclənir. Azərbaycanda ordu
quruculuğu prosesi çox uğurla gedir və bu, bizə
imkan verir ki, hərbi gücümüzü artıraq. Ordu quruculuğu hər bir ölkə
üçün çox önəmli məsələdir.
Xüsusilə müharibə şəraitində
yaşayan ölkə üçün bu, prioritet
olmalıdır. Bu, belədir və Azərbaycanda
ordu quruculuğu ən prioritet məsələdir".
Bunu prezident İlham Əliyev Silahlı Qüvvələrin
yaradılmasının 92-ci ildönümü münasibətilə
Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin
və Daxili İşlər Nazirliyinin Daxili
Qoşunlarının birləşmə və hissələrinin
irimiqyaslı birgə əməliyyat-taktiki təlimini izlədikdən
sonra hərbçilər qarşısındakı
çıxışında deyib. Onun sözlərinə
görə, Azərbaycan uzun illərdir işğaldan əziyyət
çəkir və biz doğma torpaqlarımızı
işğalçılardan azad etməyə hər an hazır olmalıyıq. Dövlət
başçısının fikrincə, bunu etmək
üçün siyasi və diplomatik səylərlə bərabər,
Azərbaycan güclü orduya malik olmalıdır və bu proses
uğurla gedir.
"Bu il Azərbaycanın
hərbi xərcləri 2 milyard 150 milyon dollara bərabərdir"
Prezident deyib ki, bu gün Azərbaycan Ordusunun səviyyəsi
çox yüksək zirvədədir: "Orduda peşəkarlıq,
döyüş qabiliyyəti artır, ruh yüksəkliyi
vardır. Eyni zamanda, ordumuzun maddi-texniki
bazası möhkəmlənir və son illərdə bu
işlərdə çox böyük addımlar
atılıb. Ordumuzun bütün tələbatını
ödəmək üçün dövlət tərəfindən
kifayət qədər vəsait ayrılır. Sadəcə,
bir rəqəmi demək kifayətdir ki, son bir neçə il ərzində, daha doğrusu, 7 il ərzində
hərbi xərclərimiz 13 dəfədən çox
artıb. Bu gün 2010-cu ilin bütün hərbi xərcləri
Azərbaycanda 2 milyard 150 milyon dollara bərabərdir ki, bu da
Ermənistanın bütün dövlət büdcəsindən
çoxdur. Yəni bir neçə il
bundan əvvəl qarşıya məqsəd qoyulub ki, Azərbaycanın
hərbi xərcləri Ermənistanın bütün xərclərindən
çox olmalıdır. Artıq bu məqsəd
reallaşıb. Biz bundan sonra da hərbi
gücümüzü artıracağıq, ordumuz
üçün lazım olan bütün silah-sursatı və
texnikanı alacağıq".
Dünya erməniləri
tanımağa başlayıb
Azərbaycan hakimiyyətinin
apardığı məqsədyönlü siyasət ölkə
ictimaiyyətində böyük inam hissi yaradır ki, gec-tez
biz öz tarixi torpaqlarımıza dönəcəyik, tarixi
abidələrimizi bərpa edəcəyik.
Azərbaycan prezidenti İlham Əliyevin,
eləcə də ölkəmizin birinci xanımı,
"YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın keçirdiyi
bütün görüşlərdə bu məsələ
xüsusilə önə çəkilir.
Mehriban Əliyevanın YUNESKO xətti ilə
keçirilən tədbirlər çərçivəsində
Azərbaycanın Ermənistan tərəfindən
işğal olunmuş ərazilərində Azərbaycan
xalqına məxsus tarixi, mədəni və dini abidələrin
dağıdılmasını qeyd etmədiyi bir
çıxışını belə xatırlamaq çətindir.
O, təkcə çıxışlarında deyil, rəhbərlik
etdiyi təşkilatların fəaliyyətində də Azərbaycan
həqiqətlərinin dünyaya çatdırılması
istiqamətində böyük işlər görür.
Dünyanın demək olar ki, bir çox dillərində Azərbaycan
həqiqətləri adlı kitablar nəşr olunub ki, burada
Qarabağın tarixi, Ermənistanın Azərbaycan ərazilərini
işğal etməsi, Xocalıda törətdikləri
soyqırım, erməni terror təşkilatlarının dinc
azərbaycanlılara, türk insanına qarşı vəhşilikləri
barədə geniş məlumatlar öz əksini tapır.
Böyük
qayıdış planımız da var
Münaqişə həllini tapdıqdan sonra məcburi
köçkün və qaçqınların öz doğma
yerlərinə qayıtması üçün plan da
hazırlanıb. Qaçqın və Məcburi
Köçkünlərlə İş üzrə Dövlət
Komitəsinin rəhbəri, baş nazirin müavini Əli Həsənov
bildirib ki, proqramın ilkin variantı beynəlxalq təşkilatlarla
birgə hazırlanaraq bütün nazirlik və səfirliklərə
onların da fikirlərini öyrənmək üçün
paylanılıb. "Müxtəlif rəyləri
və fikirləri aldıqdan sonra biz onu yenidən müzakirə
edəcəyik. Əgər sabah
torpaqlarımız azad edilsə, bizim məcburi
köçkün və qaçqınların öz yerlərinə
qayıtması prosesinə dair hazır planımız
olacaq".
Baş nazirin müavini proqramın
detallarına da qismən aydınlıq gətirərək
bildirib ki, sənəddə münaqişə zamanı Azərbaycana
dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi
kimi çox vacib məsələ də əksini tapıb.
Həm aparılan danışıqlar, həm də Azərbaycan prezidentinin apardığı siyasət bunu deməyə əsas verir ki, əvvəllər Azərbaycanın haqq səsini eşitmək belə istəməyən dünya dövlətləri bu həqiqətləri həzm etməyə başlayıblar. Dövlətimizin başçısının qətiyyətli çıxışları tarixi torpaqlarımızın geri qaytarılması uğrunda aparılan məqsədyönlü siyasətin, mübarizənin hansı formada həyata keçirildiyini bir daha sübut edir.
Rəşad Baxşəliyev,
Yazı Sosial Rifah Partiyasının
elan etdiyi müsabiqəyə
təqdim olunur
Şərq.- 2010.- 15 iyul.- S. 8.