"20 yaşlı "Ədalət" Aqil Abbasla qoşa qanaddır"

 

-Bir gün işə gəlməyəndə hamı narahat olur...

 

İradə Tuncay: "Qəzetimizin qadın səliqəsinə ehtiyacı var idi"

 

 Milli Mətbuatımızın 135 illik yubileyi ərəfəsində ad günlərini qeyd edən media kapitanları, kütləvi informasiya vasitələri də az deyil. Sanki həmkarlarımız mərcə girib. Ard-arda ad günü, yubiley tədbirləri keçirirlər. Yubileyini qeyd edənlərdən biri də "Ədalət" qəzetidir.

Doğrusu, "Ədalət" qəzetinin 20 yaşının tamam olmasına adamın heç inanmağı gəlmir. Bilmirik, öz sanbalına görədirmi, ya rəhbərliyində təmsil olunanların çəkisinə görədirmi, "Ədalət" 20 yaşdan daha böyük görünür. Elə bil bu qəzet 20 yox, 30-40 ildi nəşr olunur. Amma ortada reallıq və dəqiq fakt var. "Ədalət" ömrün ən gözəl, ən coşqulu çağında - 20 yaşındadı. 20 yaşlı bu "gənc"in ad gününü necə keçirəcək valideynləri?

"Ədalət" qəzetinin baş redaktoru, tanınmış publisist İradə xanım Tuncayla həmsöhbət olduq.

- 20 yaşda özünüzü necə hiss edirsiniz?

- Bu yaşda adam özünü gözəl hiss edər. Həm fiziki, həm də psixoloji olaraq özünü 20 yaşında hiss etmək çox yaxşı şeydir. Deyirlər ki, insanların yaşı psixoloji yaşından çox fərqlidir. Bunun üçün test keçirirlər. Mən bir dəfə özümü yoxladım. Gördüm ki, öz yaşımdan xeyli cavanam. Xoşuma da gəldi. Qəzetin yaşı da görünür onun keçdiyi yolla - çətinlikləri ilə, asanlıqları ilə, hamarlıqları ilə bağlıdır. Bu da təbiidir. O yerdə ki insan çalışır, o yerdə ki ürək çırpıntısı var, o işə ki insan əməyi sərf olunur, deməli həmin müəssisəyə canlı orqanizm kimi baxmaq olar. Yəni onun da xəstələnə bilən, depressiyaya düşdüyü, kədərli və sevincli vaxtları olur. Yəqin qəzet də elədir. Qəzet başqa iş yerlərinə baxanda, bəlkə daha çox elədir. Çünki qəzetdə təkcə orda çalışan adamların deyil, həm də orada yazılan problemlər, insanların taleyi də olduğundan, görünür, burda bir aura yaranır. Heç şübhəsiz, bu da fəaliyyətə təsir edir. Nədən çox yazırsansansa, orda insanların taleyi, dərdi istər-istəməz öz əksini tapır. Hər hansı bir yazıda mütləq özündən nəsə qoyursan. Sənin dərdinmi, sevincinmi, mütləq orda əks olunur.

- Söz düşmüşkən, siz məqalələri oxuyanda hiss edirsinizmi ki, jurnalist yazını hansı hisslərlə yazıb? Yəni yazını oxuyanda onu qələmə alanın probleminin az və ya çox olduğunu müəyyən edə bilirsiniz?

- Heç şübhəsiz. Əgər o, həqiqətən də yazıdırsa və orda ürəyin çırpıntıları qoyulubsa, bu, istər-istəməz özünü bildirəcək. Əgər sən hər hansı bir insanın yazı tərzinə bələdsənsə, onda onun yazısını oxuyanda jurnalistin ovqatını mütləq görürsən. Amma əgər yazılan məqalə sadəcə quş qoymaq üçün yazılıbsa, onda təbii ki, orda heç nə hiss etməyəcəksən. Mən belə yazıları, ümumiyyətlə, oxumuram. Azərbaycan mətbuatında olan imzaları azdan-çoxdan tanıyıram. Çalışıram ki, tanıdığım imzaların yazılarını oxuyam. Bəzən olur ki, yeni bir imza, yeni bir nəfəs gəlir. Bunları də həvəslə oxuyuram. Ümumiyyətlə, mən gənclərin problemlərlə dolu mətbuatın içinə gəlməsini hər zaman alqışlayıram. Amma həm də çox gözləyirəm ki, mətbuatımıza ləkə olan adamlar yoxa çıxsın.

- Qəzetin yaranmasından bu günə qədər keçən 20 ilin hamısına bələdsizmi? Bu illər necə keçib?

- Çox gözəl bələdəm. Hələ burada işləmədiyim vaxtlara da bələdəm. Çünki bu qəzet mənim evimin içində yaranıb. Bu problemlərin hamısını özüm yaşamışam. Maddi problemləri də, mənəvi problemləri də, hətta fiziki problemləri də. Tutaq ki, qəzetin kağızı çatışmır, bu, artıq mənim evimin problemidir, gərginlik yaradır, qanqaraçılıq olur. Və yaxud da qəzet uğur qazanırsa, cəmiyyətdə tanınırsa, istər-istəməz ailəmizə təsir edir. Uzun illər Aqil Abbas adı ilə "Ədalət" qəzeti bir brend kimi birlikdə qəbul olunub. Aqil Abbas və "Ədalət" qoşa qanaddır, vəhdətdir və onları bir-birlərindən ayırmaq olmur. Amma qəzetin qalxma və enmə anları da mənim gözümün qabağında olub. Mən bunun obyektiv və subyektiv səbəblərini də bilirəm. Çalışmışam ki, kömək edim. Görünür, israr etməmişəm. Amma gərək edəydim. Düşünürəm ki, israr etsəydim, enmələr, qəbul etmədiyim şeylər olmazdı. Yəni hər insanın həyatında səhvlər olduğu kimi görünür, şəxslərin həyatındakı dəyişmələr də istər-istəməz qəzetlərə yansıyır. Bax, bu problemləri görmək istəməzdim. Amma bunlar olub. Məsələn, mən qəzetimizin bir zamanları var ki, onu heç cürə qəbul edə bilmirəm. Təsadüfi insanların burada işləməyini, onların qəzetin adından istifadə etməsi ilə barışa bilmirəm. Ona görə də fikirləşirəm ki, mən o vaxt qəzetə gəlməli idim. Qəzetimizin qadın səliqəsinə ehtiyacı var idi. Mən gec gəlmişəm.

- İradə xanım, geridə qalan 20 ilə baxanda, ondan yaranan təəssüratla qarşıdakı illərinizi necə görürsüz?

- "Ədalət" qəzeti 20 ildir nəşr olunur və mənim həyatımda 20 ildə çox təbəddülatlar baş verib. Bu, qəzetlə bağlı olub. Onlar mənim ailəmə də yansıyıb. Yansıyıbsa, deməli, yaxşı və ya pis şəkildə mənə təsir edib. Bəli, mənim bu gün təəssüf etdiyim çox şeylər var. Amma onu qaytarmaq mümkün deyil. Lakin gələcəyə ümidlə baxaq. Təbii ki, itirdiyim bir çox şeylər var ki, onları heç vaxt düzəldə bilməyəcəksən, dəyişməyəcək. Və bunlar istər-istəməz gələcəyimizə də yansıyacaq. Mütləq təsir edəcək. O sınmış, qırılmış şeyləri düzəltsən də, yamaq kimi görünəcək.

- 10-15 il əvvələ baxanda indi qəzet çıxarmaq asanlaşıbmı, rahatlaşıbmı?

- Qəzet çıxarmaq heç vaxt rahat ola bilməz. Bir yerdə ki qəzetdən, mətbuatdan, sözdən, problemdən danışırıq, o, necə asan ola bilər?

- Yəni asanlaşan heç nə yoxdur?

- Asanlaşan sadəcə, qayda-qanundur. Yəni mənim xarakterimdən irəli gələn nizam-intizam yerinə düşə bilər. Mən hiss edirəm ki, bir gün işə gəlməyəndə hamı narahat olur. Birdən İradə Tuncay qayıtmaz, yenə aləm bir-birinə qarışar.

Əvvəlki illərlə müqayisədə son illərdə dövlət dəstəyi var. Borclar donduruldu, sonra bağışlanıldı. Mətbuat günündə birdəfəlik yardımlar olur və yaxud da layihələrdə iştirak edirsən. Bunların da hamısı köməkdir. Ümumiyyətlə, son illər mətbuata diqqət çox artıb. Amma arzuladığın, sənin potensialının mümkün ola biləcək şeyləri düşünürsən və fikirləşirsən ki, illər gedir. Məndən niyə istifadə etmirsiz? Axı mən bunları gələcək nəslə ötürmək istəyirəm.

- Son vaxtlar mətbuatımızın ağır vəziyyəti haqqında danışılır. Mətbuatımızın özü-özünü maliyyələşdirməsində problemləri var, reklam bazarı yoxdur...

- Bilirsiniz, burda bir az da xalqın günahı var. Xalq da oxumaq istəmir və pul verib qəzet almaq niyyəti yoxdur. Hər şeyə pul verən xalq niyə qəzet almır? Çünki bizim xalqımızın içində, ümumiyyətlə, əvvəldən - elə 135 il bundan əvvəldən oxumağa meyilliyi yoxdur. Bizi həmişə döyə-döyə oxudublar. Mən fikirləşirəm ki, sovet hökumətinin etdiyi məcburi abunə doğru seçim idi. Yəni əgər məktəbli idisə, o mütləq "Pioner" və ya komsomolçudursa, "Komsomolskaya pravda" və ya "Azərbaycan gəncləri"ni alırdı. Bir evə heç olmasa, dörd qəzet gedirdi. Bu, çox gözəl sistem idi. Düşünürəm ki, oxumaq ehtirasımız, eşqimiz su-hava kimi olmalıdır. Onda biz gələcək haqqında düşünə də bilərik. Oxuyandan sonra biləcək ki, özünü necə aparmaq lazımdır, yerə tüpürmək olmaz və sairə. Hələ mən elementar şeyləri deyirəm. Mən uşaqlığımdan yuxudan duran kimi mütləq qəzetlərə baxıram. Çay içə-içə onları gözdən keçirirəm.

- Bəlkə xalq qəzetlərdən ona görə imtina edir ki, orada istədiyini tapa bilmir?

- Xalq nə istəyir? Xalq heç nə istədiyini özü bilir? Xalq yarışmalarda iştirak etmək, şou-proqramlarda çıxış etmək istəyir?!

- İradə xanım, axı elə vaxtlar var idi ki, xalq qəzetləri alırdı və oxuyurdu...

- Bilirsiniz, birinci növbədə xalqla qəzet arasında ayrılmalar əlifbanın dəyişməsindən sonra yarandı. Oxuyan kəsim latın əlifbasını mənimsəməkdə çox çətinlik çəkdilər. Digər səbəb isə görünür, biz varlandıqca, başımızı itiririk. Mən bunu hiss edirəm. Mən düşünmürəm ki, qəzetlərin satışına efir təsir edir. Çünki efirdə verilən xəbər ani olaraq yoxa çıxır. Ancaq qəzet təkcə informasiya üçün deyil. Qəzet həm də düşünmək üçündür. Efir isə insanı düşündürməyəcək. Mən uzun illər efirdə çalışan insanam. Ona görə də bilirəm ki, televiziyanın yükü nədir, qəzetin yükü nə deməkdir. Çünki efirə verilən material bir andaca uçub gedir, amma qəzetdəki material qalır. Bütün dünyada reklam televiziyadakından qəzetdə bahadır. Çünki qəzetdə reklam qalır, amma televiziyada bu, ani xarakter daşıyır.

- Qəzetin 20 yaşını necə qeyd edəcəksiz?

- Mən sizə bir söz deyim. Ümumiyyətlə, bizim evimizdə hər hansı bir ad günü, qonaqlıqla bağlı söhbət düşəndə Aqil Abbas deyir ki, bunun haqqında sabah danışarıq. Axırıncı an gəlib çıxır və mən qonaqlara ayaqüstü nəsə düzəldirəm. Xeyli vaxtdır ki, 20 illiklə bağlı hər gün Aqil Abbasa deyirəm. O isə bu gün danışarıq, sabah danışarıq deyir. Düşünürəm ki, redaksiyada və yaxud da başqa bir yerə yığışıb bu günü qeyd etmək olar.

  

   

Məlahət Rzayeva,

 

Seymur Qasımbəyli 

 

Şərq.- 2010.- 21 iyul.- S. 8.