"Qətərin paytaxtında ən qədim tikilinin cəmi 30-35 yaşı var"

 

Aqil Abbas: "Amma buna baxmayaraq olduqca böyük, sürətli inkişafın şahidi olduq"

 

Ötən həftə Qətər İslam Respublikasında Azərbaycanın Mədəniyyət günləri keçirildi. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə mədəniyyət nümayəndələri ilə yanaşı, ictimaiyyətin tanınmış şəxsləri, deputatlar da iştirak ediblər. Şübhəsiz, xalqların bir-biri ilə yaxınlaşmasında bu kimi tədbirlərin böyük önəmi var. 

Amma ən əsası bu addımlar son nəticədə dövlətlərarası əlaqələrin daha da sürətlənməsinə öz töhfəsini vermiş olur. Tədbirdən geri dönənlərin təəssüratlarından da bunu sezməmək mümkün deyil. Millət vəkili Aqil Abbasın isə Mədəniyyət Günləri çərçivəsində keçirilən hər bir görüşə, hər bir tədbirə, hətta ölkənin özünə belə özünəməxsus yanaşması var.

- Aqil müəllim, Qətər səfəri nə ilə bağlı idi?

- Hazırda Qətər İslam Mədəniyyət Mərkəzi elan olunub. Keçən il isə bu missiyanı Azərbaycan icra edirdi. Bu səfərin mahiyyətində də Qətərdə Azərbaycanın mədəniyyətini nümayiş etdirmək dururdu. Səfərə rəhbərliyi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev edirdi. 

- Təbii ki, keçirilən bu mədəni tədbirlərin siyasi çalarları da var...

- Ötən il Qətərin mədəniyyət naziri Azərbaycanda keçirilən "Qətər Mədəniyyət Günləri"ndə iştirak edib. Bu səfərlə onda Azərbaycan haqqında yüksək təəssürat yaranıb. Xüsusilə də Azərbaycan prezidenti İlham Əliyev haqqında olduqca yüksək təəssüratla danışdı. Eyni zamanda da Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva barəsində çox səmimi fikirlər söylədi. Onu da deyim ki, Qətərin dövlət başçısının xanımı da Mehriban xanım kimi bu sahəyə xüsusi diqqət yetirir. Bu iki xanımın gördüyü işlər sayəsində dövlətlərarası mədəni əlaqələrin inkişaf etməsi xüsusilə vurğulanırdı. Təbii ki, bunun siyasi anlamda davamını hər iki dövlətin rəhbərləri öz fəaliyyətləri ilə nümayiş etdirirlər. Şübhəsiz, siyasi münasibətlər yaranmasa, digər əlaqələr də mövcud olmaz. Qətərli nazir üçün Bakının başqa bir aləmi var. 10 il Amerikada, 5 il Fransada işləmiş, dünya mədəniyyətindən xəbərdar olan, hərtərəfli biliyə malik bir insan bu fikirləri səsləndirirdi. Bütün dünyada dövlətlərin yaxınlaşmasının kökündə xalqların da yaxınlaşması durur. Xalqların yaxınlaşmasının mayasında isə mədəniyyətlərin əlaqələnməsi dayanır.  

- Ərəblərlə azərbaycanlıları bir çox sahələrdə bir-birinə bağlayan əlaqələrin tarixi kökləri bu məsələdə öz təsirini göstərirmi?  

- Hər şeydən öncə bu əlaqələrin başında din birliyi dayanır. Digər bir tərəfdən də biz hər ikimiz İslam mədəniyyətinin təmsilçiləriyik. Əlaqələrimizin kökündə də məhz bu iki amil dayanır. Bir var yaxınlaşma, bir də var eyni mədəniyyətin daşıyıcıları olmaq. Qətər yeni yaranan dövlət olmasına rəğmən xalqlarımızın kökündə bu bağlılıq var. Bu gün Qətər yeni yaranmasına baxmayaraq sürətlə inkişaf edən bir ölkədir. Paytaxt Dohanın ən qədim tikilisinin cəmi 30-35 yaşı var. Amma buna baxmayaraq olduqca böyük, sürətli inkişafın şahidi olduq. Qətərli nazir isə inkişaf səviyyəsi baxımından Azərbaycanda geri qaldıqlarını deyir. Ən əsası onların pulu çoxdur, Qarabağ dərdi yoxdur, qaçqın-köçkün problemi yaşamırlar. Onları sevməyən qonşu dövlətləri də yoxdur, qardaş ərəb dövlətləri əhatəsindədirlər. 

- Bu kimi tədbirlərdə yeniliklərin ortaya çıxması mümkündür. Bu mənada hansı məqam diqqətinizi daha çox çəkdi?

- Əlbəttə ki, belə görüşlərdə hansısa məsələlərin həlli düşünülür. Bu dəfə də belə oldu. Nəzərə alındı ki, Azərbaycanın görkəmli şairlərinin əsərləri böyük tirajlarla Qətərdə ərəb dilinə tərcümə olunsun və nəşrləri reallaşdırılsın. Həmin kitabların bütün ərəb dünyasında yayılması planlaşdırıldı. İlk olaraq Nizami, Füzuli və Xaqaninin əsərlərinin tərcümə olunub yayılması barədə razılaşma əldə olundu.

- Dövlət nümayəndələri ilə görüşləriniz oldumu?  

- Bu, Mədəniyyət Günləri ilə bağlı tədbir olduğu üçün dövlət nümayəndələri ilə də görüşlər keçirildi. Qətər və Azərbaycanın mədəniyyət nazirlərinin birgə görüşündə mədəniyyət nümayəndələri ilə yanaşı, həm də millət vəkilləri, ictimaiyyətin tanınmış şəxsləri də iştirak edirdilər. Görüşümüz olduqca səmimi və mehriban keçdi.  

- Adından da göründüyü kimi, bu, bir mədəniyyət tədbiridir. Mədəniyyətimizin nümayişi necə keçdi, lazımi səviyyədə təmsil oluna bildikmi?  

- Bunu sözlə ifadə etmək olduqca çətindir. Çünki Azərbaycan nümayəndələrinin orada göstərdiyi tamaşalar, mədəniyyətimizin müxtəlif sahələr üzrə nümayişi ərəbləri sözün həqiqi mənasında dəli etmişdi. Xüsusən Dövlət Mahnı və Rəqs Ansamblının bir saat davam edən çıxışını ərəblər oturmadan ayaqüstə alqışlarla izləyirdilər. Rəqs ansamblının rəqqasları öz çıxışlarını o dərəcədə gözəl nümayiş etdirdilər ki, bu, qeyri-adi, heyrətamiz bir görüntü yaratdı. Tamaşaçıların bu mənzərəyə reaksiyası elə bir təəssürat yaradırdı ki, sanki onlar indiyə kimi belə bir şey görməmişdilər. Görüşün ilk günü Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operası göstərildi. Bu operanı da olduqca heyranlıqla qarşıladılar. Hətta mənimlə birlikdə oturan Qətərin mədəniyyət nazirinin müavini və iraqlı (İraqın kərküklər yaşayan bölgəsindən olduğu üçün türkcə yaxşı danışa bilirdi) vətəndaş "Leyli və Məcnun"u zümzümə edirdilər. Mən onlara deyəndə ki, bu operanı yazanda bəstəkar 23 yaşında olub, onlar heyrətə gəldilər. 23 yaşında olan bir şəxsin belə bir gözəl əsər yazmasına təəccüblərini gizlədə bilmirdilər. 

- Təsadüfən bu tədbir Azərbaycanın Müstəqillik günü ilə eyni vaxta düşmüşdü. Yəqin ki, bayram gününün tədbirə başqa bir rəng qatması danılmazdır...  

- Bizim görüşlərimiz elə 28 May İstiqlal gününün qeyd olunması ilə başladı. Qətərin dövlət nümayəndələri ilə yanaşı, bu ölkədə akkreditə olunmuş digər ölkələrin də səfirləri, elçiliklərin təmsilçiləri tədbirdə iştirak edirdilər. Qətər dövlət nümayəndələri və xarici ölkələrin təmsilçiləri də öz çıxışlarında Azərbaycanın bayramı və Mədəniyyət Günlərinin qeyd olunması barədə fikirlərini ifadə edirdilər. Eyni zamanda da Qətərdə Türkiyə, Azərbaycan iş adamlarından tutmuş, digər dövlətlərin sahibkarları da bu tədbirdə iştirak edirdilər. Hətta qonaqların hədsiz çoxluğu sıxlıq yaratmışdı və bu qədər müsafirin gələcəyini də gözləmirdilər. Tədbirin getdiyi bir məqamda həm də böyük bir ekranda Azərbaycanın həqiqətlərini dünyaya çatdıran kinolent yayımlanırdı. Xocalı, Qarabağla yanaşı, bütün faciəli günlərimiz, tariximiz bu kadrlarda öz əksini tapırdı. Azərbaycanın böyük bəstəkarlarının simfonik əsərlərinin sədaları fonunda nümayiş etdirilən bu kinolentlər nümayişçiləri hədsiz dərəcədə təsirləndirirdi.

- Görünür, bütün bunlar tədbirin təşkilati işlərinin yüksək səviyyədə qurulmasının göstəricisi idi...

- Heç şübhəsiz, bu, yüksək hazırlığın nümayişi idi...

Bu tədbir o qədər yüksək səviyyədə qurulmuşdu ki, onunla bağlı təəssüratlarım hədsiz yüksəkdir. Ötən il Azərbaycanda Qətərin Mədəniyyət Günləri keçirilib. Bu tədbirdə hər iki tərəfin dövlət və hökumət nümayəndələri iştirak edib. Hətta onlar bizə deyirdilər ki, sizin bizə göstərdiyiniz qonaqpərvərliyi biz göstərə bilmirik. Bizim qonaqpərvərliyimiz, süfrə mədəniyyətimiz onlara ciddi təsir göstərib. Bu, bir mədəniyyət tədbiri idi. Onun belə bir səviyyədə hazırlanmasını isə sadəcə alqışlamaq lazımdır. Birinci dəfə Moskvada Füzulinin yubiley tədbirinin keçirilməsində iştirak etmişdim. O da yüksək səviyyədə keçmişdi. Bu isə ikinci dəfə iştirak etdiyim mədəniyyət tədbiri oldu. Müşahidələrimə əsasən deyə bilərəm ki, hər keçirilən tədbir belə yüksək səviyyədə hazırlanır. Onların pullarının çox olmasına baxmayaraq, mədəniyyət binalarının səhnə quruluşları bir qədər bizimkindən zəifdir. Səhnənin kiçik olması səbəbindən rəqs edənlərin yıxılmasından ehtiyatlanırdım. Bu mənada rəqqaslarımız daha çox əziyyət çəkməli oldular.

- Azərbaycanı bu ölkədə təmsil edən nümayəndəliyin fəaliyyəti bu tədbirdə özünü nə dərəcədə göstərdi?

- Mən xüsusilə də Azərbaycanın Qətərdəki səfirinin bu işdə əməyini qeyd edərdim. Bu, səfirin, səfirliyin işçilərinin fəaliyyətinin təsdiqidir. Adətən bu tipli işlərdə dövləti xaricdə təmsil edən şəxslər önəmli rol oynamalı, öz missiyalarını yüksək səviyyədə icra etməlidirlər. Bizim Qətərdəki səfirimiz isə bu mənada öz işinin öhdəsindən lazımınca gəlməyi bacaran adamdır. Eldar müəllim olduqca savadlı, səviyyəli, bir neçə dildə sərbəst danışa bilən şəxsdir. Deməli, Qətərdə akkreditə olunmş səfirlərin bu tədbirdə iştirakı onun əlaqələri normal qurması sayəsində baş tutub. Hətta növbəti günün tədbirində də onların hamısı iştirak etdilər. İstər onların, istərsə də Qətərin dövlət nümayəndələrinin Azərbaycanla bağlı xoş söhbətləri, münasibətlərin daha da dərinləşməsi üçün tədbirlər planının hazırlanması barədə razılaşmaların əldə olunması müsbət haldır. Bu görüşlərə qədər bəlkə də Azərbaycanı heç tanımırdılar. Amma Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi, Qətərin bütün televiziyalarının tədbiri nümayiş etdirməsi, mətbuatının yazması tanınma prosesində önəmli rol oynadı "Əl-Cəzirə" televiziyası hazırda dünyanın ən hörmətli sayılan televiziya kanallarından biridir. Daha çox xəbərlər televiziyası kimi tanınan bu televiziyada Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müsahibəsinə geniş yer ayrılması dövlətlərarası münasibətlərə verilən önəmin göstəricisi idi. 

- Dohada keçirilən iqtisadi forumda Azərbaycanı təmsil edən nümayəndələrin Mədəniyyət Günləri tədbirinə qatılmasının nə kimi önəmi vardı?  

- Həmin günlər Dohada böyük bir iqtisadi forum keçirilirdi. Bu forumda da Azərbaycanın millət vəkilləri - Qənirə Paşayeva, Pənah Hüseyn, iqtisadi sahədə fəaliyyət göstərən nümayəndələr təmsil olunurdu. Onlar da Mədəniyyət Günləri tədbirində gəlib iştirak etdilər, həm də çıxışları da oldu. Bu iki nümayəndə heyətinin birlikdə Mədəniyyət Günlərində iştirak edib, fikirlərini açıqlamaları həm də hər iki tədbir iştirakçılarının Azərbaycanın mədəniyyəti ilə yaxından tanış olmasına imkan yaratdı.  

- Dağlıq Qarabağ problemindən nəinki Avropa dövlətlərində, hətta müsəlman dünyasında belə çox az adamın xəbərdar olduğu vurğulanır. Bu tədbirlə qismən olsa da, Dağlıq Qarabağ probleminin varlığını anlatmaq mümkün oldumu? 

- Burada bir həqiqət var və o qəbul olunmalıdır. Müsəlman dövlətləri bir qədər geri qalmış, bir az dünyadan təcrid olunmuş sayılır. Sadəcə, bir az pulları var və hesab edirlər ki, pul varsa, kef etmək lazımdır. Amma bununla belə biz istənilən bir ölkədə hansısa tədbir keçiririksə, deməli, öz missiyamızın öhdəsindən gəlməliyik. Heydər Əliyev Fondunun Xocalı faciəsi, Qarabağ savaşı, Azərbaycanın mədəniyyəti, muğamı, rəssamlığı və müxtəlif dövlət əhəmiyyətli sahələrlə bağlı nəşr etdirdiyi kitablar var. Həmin kitabların həm Mədəniyyət Günləri çərçivəsində, həm də Dohada keçirilən iqtisadi forumda yayılması böyük əhəmiyyət daşıyır. Hesab edirəm ki, Qətərdə keçirilən Azərbaycan Mədəniyyət Günləri hər bir qətərli vətəndaşda Azərbaycanla bağlı məlumatın formalaşmasına səbəb oldu. Çünki bu ölkənin istər yazılı, istərsə də elektron KİV-ində tədbirlə bağlı verilən məlumatlar buna imkan yaratdı. Hətta bizim nümayəndə heyəti orta məktəblərdə görüşlər keçirdilər, gənclərlə təmaslarda oldular. Bu, Azərbaycan həqiqətlərinin tanınmasına xidmət edən addımlardır. Əgər bu tipli tədbirlər mütəmadi olaraq davam etdirilərsə, o zaman biz bir-birimizi daha yaxından tanıya biləcəyik. Təkcə Qətərdə deyil, dünyanın əksər ölkələrində belə tədbirlər keçirilir ki, bunun da olduqca böyük önəmi var.  

- Sizcə, qarşılıqlı əlaqələrin dərinləşməsində daha çox hansı təbliğati vasitələrin böyük təsiri var? 

- Mənə elə gəlir ki, mədəniyyət tədbirlərinin keçirilməsi daha çox təsirlidir, nəinki hansısa başqa vasitələr. Çünki belə tədbirlərdə daha çox insanlar iştirak etməklə, ölkələrin musiqisi, adət-ənənəsi, incəsənəti və digər vasitələri ilə yaxından tanış olmaq imkanı əldə edir. Tutaq ki, muğam konserti gedir və orada Mənsum, Nəzakət, Təyyar, digərləri oxuyur. Onların oxuması dinləyicilər üçün tamamilə ayrı bir dünyaya düşdüklərinin hiss olunması idi. Xüsusilə təkrar edirəm ki, rəqs ansamblımızın çıxışı ərəbləri dəli etdi. Əvvəla, rəqsin musiqisi tamaşaçılara dərin təsir bağışlayır, sonra isə onu səhnədə ifa edənlərin hərəkətləri. Həmçinin nağaraçalanlar ansamblının 10 dəqiqəlik ifası insanlarda xoş təəssüratlar yaratdı. Nəinki qonaqlar, hətta mən özüm bu səhnədən heyrətə gəlmişdim. Azərbaycanda mən bunlara o qədər də önəm vermirdim. Amma mən onun orada necə qarşılanmasını, ən əsası isə sənətkarlarımızın öz ifalarını necə ürəkdən yerinə yetirmələrini gördükdə təsirlənməyə bilmirdim.

- Qətərin mədəniyyət nazirinin uzun müddət Avropada, Amerikada səfir işləməsinə rəğmən Azərbaycandan daha xoş təəssüratla danışması nədən irəli gəlir?  

- Hər halda bir İslam amili var və insanlar müsəlmançılıq prizmasından məsələlərə yanaşa bilirlər. Hətta mən sevmədiyim bir ərəbi fransızdan çox istəyirəm. Çünki biz eyni dinin, eyni mədəniyyətin daşıyıcılarıyıq. İstər-istəməz bir bağlılıq var və ondan yaxa qurtarmaq asan deyil. Bəlkə də bu ondan irəli gəlir ki, Avropanı, Amerikanı görmüş, dünya mədəniyyətindən xəbəri olan bir nazirin Bakıda olarkən aldığı təəssürat onlardan daha heyrətləndirici olub. Qətərli naziri Azərbaycanın mədəni abidələrin möhtəşəmliyi, inkişafı ilə yanaşı, həm də bizim qonaqpərvər münasibət etkiləyib. Nazir bizə verdiyi ziyafət süfrəsində də Azərbaycanın süfrə mədəniyyətindən danışdı. Süfrəyə düzülmüş təamları bizimkinə çatmasa da, onlardan dadmamızı məsləhət bildi.

- Aqil müəllim, müsəlman dünyasından gözəl hədiyyələrsiz gəlməyiniz inandırıcı görünmür...  

- Bizim dövlət nümayəndələrinə gözəl kitablar bağışladılar. Xüsusən də Quranın əlyazmalarla işlənmiş variantını. Ən çox kitab sevən mənəm, amma mənə bunu hədiyyə etmədilər. Nazirimizə və digərlərinə isə ancaq kitablar bağışladılar. Qətərin mədəniyyət naziri mənə gözəl bir şey bağışladı. Elə bildim ki, o da kitabdır. Sən demə, o kitab deyilmiş. Bağışlanan hədiyyənin içərisinə baxdıqda orada Qətərə məxsus olduqca gözəl şirniyyat növlərinin olduğunu gördüm.

    

 

Gültəkin Qəhrəmanlı

 

Şərq.- 2010.- 8 iyun.- S.6.