Düşüncədə
inqilab edən qadın
"Xilasını başqa birində görmək,
yıxılmağın ən kəsə yoludur"
(Simona de Bovuar)
Düz
102 il əvvəl iyunun 9-da dünyaya bir qızcığaz gəldi.
Hələ kiçik
yaşlarında
ona "uşaq"
deyənlərə
hirslənirdi. Fəlsəfi
nəzəriyyəsinin
əsasını
elə o vaxtdan
ətrafındakılara
göstərirdi:
"Mən mənəm!"
Onu
sevənlərlə yanaşı lənətləyənlər
də oldu, anlamayanlar da, anlamaq istəməyənlər də...
Hətta bəzi
kişilər
iddia etdilər
ki, əgər
bəşəriyyət
Simona de Bovuarın
dediklərini qəbul
edərsə, elə
bu, bəşəriyyətin
sonu deməkdir.
Bir çoxları isə
bunun tam tərsini
daha ciddi arqumentlərlə
sübut etdilər
və edirlər...
Ona
qarşı səsləndirilən bütün iddialar, əleyhinə
söylənilənlər Onun düşüncəsi, fəlsəfi
baxışı, əsərləri ilə sözün əsl
mənasında inqilab etdiyi həqiqətini dəyişə bilmədi.
İllər
keçdikcə onu
anlayanların sayı
ilə yanaşı davamçılarının
da siyahısı
artdı. İllər
adını tarixə
yazmış bu qadının
düşüncələri
ilə bağlı
müzakirə və
mübahisələri
unutdura bilmədi. Bu
qadın əsərlərini
böyük
maraqla oxuduğum
Simona de Bovuardır. Feminizmin anası!
"Sartrla
qarşılaşanda hər şeyi qazandığıma inanmışdım.
Onun yanında
özümü təsdiq
etməyə çalışarkən, uğursuzluğa
düçar olmaq
ehtimalım yox
idi. İndi isə
öz-özümə
belə deyirəm: Xilasını
başqa birində
görmək, yıxılmağın
ən
kəsə yoludur."
Simona de Bovuar
... Onlar iki
bacı idilər, atası
isə həmişə
oğlunun olmasını
istəyirdi. Allah
yəqin ki
ona yaxşı bir
dərs verdi.
Qız övladı
özü ilə yanaşı
atasının
da adını
tarixə yazdı. Dünya
Simona ilə yanaşı
onun atasını
da tanıdı.
Simonanı
tanımaq üçün onun həyatından bir neçə
epizoda diqqət yetirmək kifayət edir.
O,
sevgilisi Sartrla birlikdə xüsusilə 1940-50-ci illərdə
həm həyat, həm də düşüncə tərzində
sərbəstlik cərəyanının lideri oldu.
O,
"Seks, iş, sərbəstlik" kimi qavramların yetişkinlərin
"cansıxıcı ehtiyacları" olduqlarını deyib,
bu üç mövzuda tabuları yıxmağa çalışaraq
"feminizmin anası" statusunu qazana bildi.
Onun
1949-cu ildə yazdığı "İkinci cins" (Le Deuxieme
Sexe) kitabı beynəlxalq miqyasda bestsellerə çevrildi.
O,
1970-ci illərdəki qadın hərəkatının təşviqatçılarından
idi.
O,
50 illik məhəbbəti və ən yaxın dostu Sartrı itirəndə
belə demişdi: "Onun ölümü bizi bir-birimizdən
ayırdı. Mən öləndən
sonra yenidən
birləşəcəyimizə
də inanmıram.
Amma onsuz da
əsas
məsələ
bu həyatı
mükəmməl
bir ahəng
daxilində yaşamağımız
idi."
"Mandarinlər"
kimi metafizik mövzulu romanlarıyla şöhrət qazanmağa
başlayan bu xanım "Mandarinlər" adlı əsəri
ilə Fransanın ədəbiyyat sahəsində ən böyük
mükafatı olan Prix Goncourt ödülünə layiq görüldü.
Onun
1949-cu ildə qələmə aldığı "İkinci
cins" adlı tədqiqat əsəri, qadınların məruz
qaldığı zülmün və təzyiqin təfərrüatlı
analizindən ibarət idi. Bu əsər
çağdaş feminizm cərəyanında
önəmli bir
addım oldu.
O,
dünyadan köçəndə Fransanın bütün televiziyaları
və radiostansiyaları yayımlarını yarımçıq
kəsərək, onun vəfat xəbərini verdilər. Ömrü
boyu qeyri-adi bir məhəbbətlə bağlı olduğu Sartrın
yanında dəfn edildi.
Onu
anlamaq çox da asan deyil. Bunun üçün mütləq
"İkinci cins", "Qonaq qız",
"Başqalarının qanı", "Kim öləcək",
"Hər kişi ölümlüdür", "Bəlirsizlik
əxlaqı üzərinə", "Gün gün
Amerika", "Uzun yürüyüş", "Bir gənc
qızın xatirələri",
"Yaşlılıq", "Səssiz bir
ölüm", "Hesab tamam"... Və vəfatından sonra
işıq üzü görmüş "Sartra məktublar"ı
(1990), bir də "Eşq məktubları (Nelson Algrenə)"
(1998)... əsərlərindən heç olmasa bir neçəsini
oxumaq lazımdır. Onu diqqətlə oxumadan, bir neçə
cümlə və ifadəsinə əsaslanıb, ittiham edənlər
də az olmayıb. Elələri bu gün də var. Əslində
onların ittihamlarının bütün cavabları Simonenin əsərlərində
öz əksini tapır.
2006-cı
ildə memar Ditmar Fayxtinqer tərəfindən məşhur
Sena çayı üzərində dizayn edilən, mürəkkəb
quruluşa malik, qadın bədəninə xas
qıvrımları olan və yeni fransız milli memarlıq
üslubunun əsas örnəklərindən hesab edilən
körpüyə onun adının verilməsi isə
dünyanın onun düşüncə və fəlsəfəsini
daha geniş anladığını və ya anlamağa
çalışdığını göstərir. Bu, onun ən böyük qələbəsidir.
Qoşa çəkilən adlar Simona de Bovuar!
Onu
böyük məhəbbəti, dostu, sirdaşı, məhşur
filosof Jan Pol Sartrdan ayrı fikirləşmək mümkün
deyil. Onlar dünya mədəniyyəti, incəsənəti,
siyasəti tarixində öz ictimai fəaliyyətləri ilə
yanaşı sevgiləri ilə də iz buraxmış
cütlüklərin ən maraqlıları
arasındadırlar. O, Sartrla "vəhdət" təşkil
etmiş və nəticədə yüzilliyə öz
damğasını vuran Varoluşçuluq cərəyanı
meydana çıxmışdı. Dərindən
bağlandığı məhəbbətiylə burjua dəyərlərini
zibilliyə ataraq yeni fəlsəfə yaratmağa girişən
bu qadın, ömrü boyu geniş kütlələrin qəbul
etməkdə çətinlik çəkdiyi
"azadlıq" anlayışını müdafiə etdi.
"Qadın doğulmaz, olunur!" kimi cümlələri,
("She Came to Stay") "Qadın qalmaq üçün gəldi
(Qadın olmağa gəldi)" və ("The Second Sex")
"İkinci cins" kimi fərdiliyi, qadınlığı
ənənəvi dəyərlərdən daha uca tutan və
Vatikan tərəfindən müəllifinin lənətlənməsinə
səbəb olan kitablarıyla feminizm cərəyanının
memarlarından oldu.
...
Lənətləndi, ancaq cazibəsi, sevgisi də əskik
olmadı... Qeyri-adi düşüncələr, qeyri-adi fikirlər,
yanaşmalar, xarakter və tale... Bir nəslin düşüncə
tərzində inqilab eləmək qabiliyyəti!
Simona
de Bovuar fəlsəfi, siyasi və ictimai mövzularda romanlar,
monoqrafiyalar, esselər, bioqrafik və avtobioqrafik əsərlər
yazıb. Lakin o, özünü filosof və
yazıçıdan daha çox Sartr ekzistensializminin
doğulmasının köməkçisi kimi təqdim edirdi.
Beavoir fəlsəfədəki yeri, son zamanlar daha geniş və
dərindən dərk edilməyə, anlaşılmağa
başlanılıb.
"Mən uşaq deyiləm, Mən Mənəm!"
Simona
böyük bir bankın müdiri olan babanın ailəsində
sabiq vəkil, həvəskar aktyor olan ata və Verdenli
ananın qızı olaraq Parisdə dünyaya göz
açmışdı. Simona sonralar xatirələrində
yazırdı ki, atası həmişə oğlunun
olmasını istəyirmiş, amma Allah ona iki qız
bağışlamışdı. Simonanın bacısı
Elena de Bovuar rəssam olmuşdu. Həmişə oğul
arzulayan atası Simonaya "Səndə kişi beyni var"
deyirmiş...
Xanım
filosofun həyatı, yaradıcılığı ilə
az-çox maraqlanan hər kəs təsdiq edər ki, ona bəslənən
bu münasibət (bəlkə bəzən normal münasibət
çizgisini keçən fərqli bir şey, məsələn,
münasibətsizlik) ona qadın ola-ola kişi keyfiyyətləri
daşımaq kimi özünəməxsusluq
"qazandırmışdı"... Bu onun həm mənəviyyatına,
həm də fizikasına çökmüşdü...
İnadkar, cəsur
Uşaqlıq
illərindən çox fərqli və seçilən
şagird olan Simona yaxşı məktəblərdə təhsil
almışdı. On beş
yaşına çatanda yazıçı olmağa qərar
verdi. O, bir çox sahədə uğur qazana bilərdi, ancaq
özəlliklə Paris Universitetindəki fəlsəfə məşğələləri
onu özünə cəlb edirdi. Simona bu dövrdə Jan Pol
Sartr kimi cavan ziyalılarla tanış olmuşdu. Riyaziyyat və
fəlsəfə sahələrində imtahanlarda uğur
qazanandan sonra Simona Katolik İnstitutunda riyaziyyat, Santa-Mariya
İnstitutunda dil və ədəbiyyat, Sarbon Universitetində
isə fəlsəfə sahəsində təhsil aldı.
Sarbonda
oxuyanda Simona ömrü boyu istifadə edəcəyi ləqəbini
qazanmışdı: "Kastor" (Castor). Fransızca "qunduz" anlamına gələn bu
adı Simonaya qunduz kimi inadkarcasına işlədiyi və
onunla eyni fikirdə olanlarla uyum içində
çalışdığı üçün vermişdilər.
Digər tərəfdən, Simonanın soyadı ilə ingilis
dilindəki "beaver" (qunduz) sözü arasındakı
oxşarlıq da ona belə bir ləqəbin verilməsinə
səbəb olmuşdu.
1929-cu
ildə Sarbon Universitetində olanda Leybnits haqqında bir təqdimat
edən Simonanın Jan Pol Sartrla yaxın əlaqələri
quruldu. Bu əlaqə, Simonanın daxilindəki "fəlsəfə
qumbarasının fitilini çəkən" hadisəyə
çevrildi.
İyirmi
bir yaşına çatanda Simona fəlsəfə sahəsində
bilgili adam olmuşdu. O, axırıncı imtahanda göstərdiyi
nəticəyə görə ikinci yeri tutmuşdu, 24
yaşındakı Sartr isə birinci yerə
çıxmışdı. Dirdri Beirinin Simone de Beavoirlə
bağlı yazdığı əsərdə göstərilir
ki, jüri üzvləri birinci yerə Sartrın, yoxsa
Simonanın layiq görülməsi barədə xeyli
mübahisə edəndən sonra birinciliyə Sartrı layiq
görüblər. Çünki o kişiydi və bu imtahan
onun ikinci imtahanıydı! Bununla belə jüri Bovuarın həqiqi
bir filosof olduğunu da vurğulamışdı.
"Kişinin
fərdiləşməsi nə qədər güclü
olarsa, kişinin həmin fərdiləşməyə
ehtiyacı da bir o qədər böyük olur və o, bir o qədər
də tez öz qadınının fərdiləşmə və
azadlıq hüququnu etiraf edir". Kişinin əsl müstəqilliyi
o vaxt təmin olunur ki, həmin azadlıq, müstəqillik və
imkanlar qadında da olsun.
Paşayeva Qənirə
Şərq.- 2010.- 11 iyun.- S. 7.