"Turan" qrupunun səsi Avstraliyada eşidilib
5
nəfərdən ibarət musiqiçilərimizin
çıxışı əcnəbiləri heyran edib
Azərbaycanlı
musiqiçilərin səsi Avstraliyada keçirilən “Womad
Delaibe” festivalından eşidilib. Hazırda səfərlərini
davam etdirən 5 nəfərdən ibarət “Turan" adlı
milli musiqi qrupunun üzvləri və YUNESKO-nun eksperti,
musiqişünas Sənubər Bağırova ötən
gün Yeni Zellandiyaya səfər etdiklərini bildirdilər.
Qrupun solisti, xanəndə, ötən il Səmərqənddə
keçirilən "Şərq təranələri” müsahibəsinin qalibi Qoçaq Əsgərov
telefon açaraq çıxışlar barədə məlumat
verib. O bildirib ki, festival martın 5-dən 8-nə kimi
Avstraliyanın Adəlayb şəhərində
keçirilib və dünyanın müxtəlif ölkələrindən
bura 500-dən çox tanınmış musiqiçilər
qatılıblar. Q.Əsgərovun
məlumatına görə, festival iki günlük konsert, bir
seminar və qala-konsertlə başa çatıb.
Musiqiçilərimiz konsertlərdə geniş proqramla
çıxış ediblər. Bura
"Bayatı-şiraz" muğamı, "Zabul"
segahı dəsgah şəklində,
"Şüştar" muğamından şöbələr,
Cahangir Cahangirovun bəstələri, Arif Məlikovun
"Çıx yaşıl düzə" bəstəsi
"İrəvanda xal qalmadı", "Sarı gəlin"
xalq mahnısı və bəstəkar Kamalın və
şair Baba Vəziroğlunun birgə yaradıcılıq məhsulu
olan "Nigaranam" mahnısı səsləndirilib: "Ali
star" qala-konsertində məhz bizə iki dəfə
çıxış etmək imkanı verildi və proqrama
bizim ifamızla yekun vuruldu. Bu, möhtəşəm bir
festival idi. Bunu unudulmaz edən səbəblərdən biri
dünya şöhrətli hindistanlı musiqiçi Ravi
Şankar və avstriyalı kamança ifaçısı
Ross Deli ilə bir səhnəni bölüşməyimiz oldu.
Eyni zamanda Madonnanı müşayiət edən məşhur
musiqiçilər də həmin festivalda idi və bizim qrupla
onların musiqiçilərinin yaxın dostluq münasibəti
yarandı. Onu da xatırladım ki, Ross Delini bizim kaman
ifaçımız Habil Əliyevlə dostluq munasibəti
bağlayır. Habil müəllimin müsahibələrində
dəfələrlə vurguladığı Avstraliyada
bağışlanan həmin kamançanı ona Ross Deli təqdim
edib. O, dünyada 35 diski ilə məşhur olan musiqiçilərdəndir".
Qoçaq Əsgərovun
əlavəsinə görə, haqqında
danışdığı avstriyalı kamança
ifaçısı “Turan" qrupunun səsləndirdiyi
"Şüştər" rəngini öyrənərək,
repertuarına daxil edib. Bu, onun İngiltərədə
buraxılan diskinə də daxil ediləcək. Eyni zamanda o,
qala-konsertdə "Şüştar" rəngini səsləndərib.
Festival çərçivəsində kecirilən seminarda Azərbaycandan
Sənubər Bağırovanın çıxış
etdiyini bildirən Q.Əsgərov tədbir
iştirakçılarının Azərbaycanın tarixi,
musiqisi barədə geniş informasiya əldə etdiklərini
bildirdi.
"Sənubər
xanım bizim "Vağzalı" havamız barədə
ayrıca çıxış edərək bunun toy mərasimlərində
geniş yayıldığını bildirdi. Həmin musiqini
istedadlı balaban ifaçısı Şirzad Fətəliyev
əyani səkildə seminar iştirakçılarına dinlətdi"-
deyə xanəndə bildirdi.
Hazırda Yeni
Zellandiyada səfərdə olan musiqiçilərimiz sabah
Taranaki şəhərində keçiriləcək "Womad
New Zealand" festivalına qatılacaqlar. Söhbəti davam etdirən YUNESKO-nun eksperti Sənubər
Bağırova bildirdi ki, onlar üçün xüsusi
qarşılanma mərasimi keçirilib. New-Plymouth şəhərinə
yol alan azərbaycanlı qonaqlar oranın qədim yerləri və
adət-ənənələri ilə də tanış olublar.
Festivaldan kənara çıxan qrup nümayəndələrinin
xahişi ilə Qoçaq Əsgərovun canlı
çıxışı dinlənilib. Sabah isə Taranakidə
festivala start veriləcək. Həmyerlilərimizin musiqili
çıxışı ilə yanaşı, onların
seminarda da iştirakı nəzərdə tutulub.
Xatırladaq ki,
“Turan" qrupunda Qoçaq Əsgərovla
yanaşı, əməkdar artist, tarzən Malik Mansurov,
kamança ifaçısı Elnur Mikayılov, nağara
ifaçısı Şükür Quliyev
və balaban ifaçısı Şirzad Fətəliyev
çıxış edirlər,
"Womad"
festivalına gəlincə, xatırladaq ki, bu, 27 il əvvəl
İngiltərədə yaradılıb və hər il ənənəvi
olaraq müxtəlif ölkələrdə lisenziya əldə
etməklə keçirilir. Adı çəkilən
musiqiçilərimiz həmin festivalda ötən ildən bəri
təmsil olunurlar.
Şərq.-
2010.- 12 mart.- S. 14.