14 ilin qoca "Şərq"i

 

1996-cı il noyabr ayının 1-dən etibarən nəşrə başlamış "Şərq" qəzeti dünən 14 yaşını qeyd edir. Qəzetin ad gününü kollektiv kiçik süfrə arxasında keçirsə də, dünən redaksiyanın telefonları susmaq bilməyib. Ölkənin ziyalıları, elm adamları, millət vəkilləri, jurnalist həmkarlarımızın hər biri "Şərq"i təbrik edib, uğurlar arzulayıblar. Tanınmışların isə "Şərq"lə bağlı dedikləri bunlardır:

 

Xalq şairi Zəlimxan Yaqub:

 

Əlbəttə ki, "Şərq" adı mənə müqəddəsdir, əzizdir. Qəzetin başda Akif Aşırlı olmaqla bütün əməkdaşlarını çox istəyirəm, onlar mənim üçün əziz insanlardırlar. "Şərq" qəzeti də onun kimi. 14 ildir ki, "Şərq" qəzeti fəaliyyət göstərir, oxucularının görüşünə gəlir. Mən "Şərq" qəzetini yarandığı gündən buradır ki izləyirəm. Bir dəfə də olsun, onun səhifələrində könül bulandıran, kimisə təhqir edən, lazımsız məqalələr görməmişəm. Əksinə, "Şərq" qəzeti millətçiliyi, dövlətçiliyi, milli musiqimizi, adət-ənənələrimizi, sazımızı, poeziyamızı, ədəbiyyatımızı, mənəviyyatımızı təbliğ edib, insanları bu yöndə maarifləndirib. "Şərq" Şərq adına uyğun olaraq oxucularının görüşünə gəlib. Ümid edirəm ki, "Şərq" qəzeti Şərqin özü qədər genişlənəcək, inkişaf edəcək. Bilirsiz, "Şərq" qəzeti adı ilə vəhdət təşkil edir. Yəni burada adla mətbuat orqanı sanki birləşib. Birinin adı Traktordur, danışanda elə gözəl danışır ki, heyran olursan, deyirsən, ay Allah, görəsən bunun adı niyə Traktordur, Nəsimi deyil, Füzuli deyil, Nizami deyil. Birinin də adı Nəsimidir. Danışanda deyirsən ki, ay Allah, bu Nəsimi adını görəsən buna niyə veriblər? Amma bu gün Azərbaycan mətbuatında "Şərq" qəzeti öz adı kimi özünü doğruldur. Qəzetinizin 1400 illiyinin qeyd olunmasını arzu edirəm. Bütün kollektivə gələcək nailiyyətlər naminə uğurlar arzulayıram.

 

Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, millət vəkili Mübariz Qurbanlı:

 

Mən "Şərq" qəzetinin daimi oxucularından biriyəm. Nəşri 14 illiyi münasibətilə təbrik edirəm. Bu qəzet Azərbaycan dövlətçiliyinə sadiqliyi ilə seçilən mətbu orqanlardan biridir. Eyni zamanda "Şərq" qərbyönümlü informasiya qəzetidir. Yəni Azərbaycan mətbuatında Qərb standartları ilə nəşr olunan qəzetdir. Qəzetin kollektivini, yaradıcı, texniki heyətini təbrik edirəm. Arzu edirəm ki, "Şərq" qəzeti hər zaman oxucularının görüşünə gözəl və peşəkar yazıları ilə gəlsin.

 

Millət vəkili Qənirə Paşayeva:

 

İlk öncə "Şərq"i yaranmasının 14 ili münasibəti ilə təbrik edirəm. Bu qəzet hər zaman Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasında, milli mədəniyyətimizin təbliğində önəmli rol oynayıb. Yəni "Şərq" hər zaman milli məsələlərə önəm verib, onu diqqətdə saxlayıb. Eləcə də Azərbaycanın ağrılı məsələsi olan Qarabağ problemini hər zaman diqqətdə saxlayıb. Azərbaycanın müstəqilliyi 20 ildir, "Şərq"in yaranması isə 14 ildir. Yəni bu qəzetin yaşı elə müstəqil Azərbaycanın yaşı qədərdir. Hər zaman informasiya səlisliyi ilə seçilən "Şərq"in başda Akif Aşırlı olmaqla bütün əməkdaşlarını təbrik edirəm, işlərində uğurlar arzulayıram. Qoy həmişə "Şərq" öz dəst-xətti ilə öncül mətbuat orqanlarından, sayılıb-seçilən qəzetlərdən olduğu kimi qalsın.

 

Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı:

 

Mən "Şərq" qəzetinin ilk çıxdığı zamanları xatırlayıram. Elə "Şərq" yaranan vaxtlardan etibarən ölkəmizin mediası nisbətən zəifləməyə başladı. Yəni reklam və bazar tələbləri baxımından. Bu müddət ərzində yaradılan qəzetlərin indi heç adı da ortada yoxdur. Amma "Şərq" qəzeti öz dövriliyini, dəsti-xəttini bazar şəraitində belə qoruyub saxlaya bildi və hazırda da Azərbaycan media cameəsinin ən populyar qəzetlərindən biridir. Bu gün qəzetin 14 yaşı tamam olur. Arzu edirəm ki, nə qədər ki oxucu kütləsi var, nə qədər ki, dövlətimiz var "Şərq" də o müddət oxucularının görüşünə gəlsin. Bu yolda qəzetin rəhbərliyindən tutmuş, əməkdaşlarına, texniki işçilərinə uğurlar arzulayıram. Bir daha təbrik edirəm.

  

   "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid:

  

   "Şərq" qəzetini 14 illiyi münasibətilə təbrik edirəm. Bu qəzet hər zaman öz prinsipiallığı ilə seçilən mətbu nəşrlərdən biri olub. Hər zaman dövlətçiliyin tərəfində duran bir qəzet olaraq "Şərq" bu gün artıq ömrünün 14-cü ilini tamamlayıb 15-inə keçir. Mən bütün qəzetin kollektivini başda Akif Aşırlı olmaqla hər birinizi təbrik edirəm, gələcək işlərinizdə uğurlar arzulayıram. Hər zaman öz oxucu auditoriyanız qarşısına indiki kimi alnıaçıq, üzüağ çıxasınız.

  

   Millət vəkili Aynur Camalqızı:

  

   "Şərq" qəzeti deyəndə ilk ağlıma gələn heç bir siyasi yönü olmayan, tərəfsiz, dəqiq informasiya ilə cəmiyyəti məlumatlandıran, milli məsələləri hər zaman öndə tutan bir mətbu nəşr fikridir. Müstəqil mətbuat necə olur, biz onu "Şərq" qəzetində və onun səhifələrində görmüşük, görürük də. Mənim bu qəzetdə çox istədiyim insanlar, həmkarlarım çalışırlar. Və həmin fədakar həmkarlarımın, qəzet kollektivinin əməyinin nəticəsidir ki, çətin bir şəraitdə "Şərq" öz nüfuzunu, populyarlığını qoruyub saxlayır. Mən qəzetin kollektivini ad günü münasibətilə ürəkdən təbrik edirəm, qarşıdakı yaradıcılıqlarında uğurlar arzulayıram. Arzu edirəm ki, bizdən sonra gələn nəsillər "Şərq"in 50, 100 illiyini qeyd etsinlər. Və hər zaman "Şərq" qəzeti Azərbaycan mətbuatının öncüllərindən olduğu kimi elə də qalsın.

  

   Millət vəkili Anar Məmmədxanov:

  

   "Şərq" qəzeti 14 ildir ki çıxır, mən də 14 ildir ki hər gün "Şərq" qəzetini oxuyuram. Yəni "Şərq" qəzeti mənim üçün çox doğma qəzetlərdən biridir. Qərb dili ilə desək, "Şərq" konservativ bir qəzetdir. Milli-mənəvi maraqlarımızın qorunmasında böyük rolu var. Mən qəzet rəhbərliyini, kollektivi ad günü münasibəti ilə təbrik edirəm. Ümid edirəm ki, "Şərq" özünəməxsusluğunu hər zaman qoruyub-saxlayacaq.

  

   Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli:

  

   "Şərq" qəzeti çağdaş Azərbaycanın mətbuat tarixində öz dəsti-xətti ilə seçilən, mətbuat aləmində özünəməxsusluğunu hər zaman qoruyub saxlayan, oturuşmuş bir qəzetdir. Bu gün ölkənin nüfuzlu və oxucu kütləsinə malik 5 ən böyük qəzetindən biri "Şərq"dir. Təbii ki, "Şərq"in bu günə kimi nüfuzunu, dəsti-xəttini qoruyub saxlamasında kollektivin rolu böyükdür. Ona görə də mən qəzetinizin baş redaktoru Akif Aşırlı başda olmaqla bütün kollektivi təbrik edirəm. Bu yolda bütün kollektivə uğurlar arzulayıram. Qoy "Şərq" neçə belə ad günlərini qeyd etsin.

  

   Millət vəkili Cəmil Həsənli:

  

   Mən ilk əvvəl "Şərq" qəzetinin kollektivini ad günü münasibətilə ürəkdən təbrik edirəm. "Şərq" qəzeti Azərbaycan mətbuatında oturuşmuş, özünəməxsusluğu ilə seçilən bir qəzetdir. Bu qəzet Azərbaycan dövlətinin maraqlarını hər zaman hər şeydən üstün tutub. Dövlətçilik ideya xəttini hər şeydən ümdə tutan "Şərq" qəzeti Azərbaycan oxucularının maariflənməsində böyük rol oynayıb və hazırda da bu rolu oynamaqdadır. Eyni zamanda "Şərq" qəzeti ölkənin informasiya məkanında özünəməxsusluğu ilə seçilir. Bu yaradıcılıq yolunda qəzetin kollektivinə uğurlar arzulayıram. Oxuculara da hər zaman indi olduğu kimi "Şərq"i köşklərdən axtarmağı arzulayıram. Ümid edirəm ki, "Şərq" hər zaman olduğu kimi bundan sonra da öz prinsiplərinə sadiqliyi ilə nəşr olunacaq.

  

   Millət vəkili Nazim Məmmədov:

  

   "Şərq" qəzeti mənə doğmadır. O mənada ki, bu qəzetin mənə qarşı hər zaman diqqətini hiss etmişəm. Və bu qəzetin daimi oxucularından biriyəm. Onu deyə bilərəm ki, milli-mənəvi dəyərlərin aşılanmasında, insanların maarifləndirilməsində "Şərq" qəzetinin özünəməxsus yeri var. Bu qəzetin özünəməxsus imici var ki, mən digər qəzetlərdə bunu görmürəm, hiss etmirəm. Hər zaman səhifələrində dövlətçilik maraqlarını öndə tutan "Şərq" qəzeti 14 ildir ki dayanmadan oxucuları ilə görüşür. Bu yolda qəzetə uğurlar arzulayıram. Bütün çətinliklərə baxmayaraq hər zaman öz oxucuları ilə görüşməyi arzulayıram. Başda Akif Aşırlı olmaqla qəzetin kollektivini təbrik edirəm. Arzu edirəm ki, 14 rəqəminin arxasına bir neçə sıfrlar da əlavə olunsun. Və hər zaman "Şərq" yaşasın.

  

   "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu:

  

   İlk öncə "Şərq" qəzetini ad günü münasibətilə təbrik edirəm. "Şərq" Azərbaycanın müstəqil mətbuatının ilk qaranquşlarından biridir. Azərbaycan müstəqilliyi tarixində oxucuların informasiya tələbatını ödəyən azsaylı nəşrlərdən biri kimi "Şərq" qəzeti həmçinin insanların maarifləndirilməsində də böyük rola malikdir. Həmçinin onu qeyd etməliyəm ki "Şərq" çoxsaylı, həm də peşəkar və yüksək istedada malik jurnalistlər yetirmiş bir mətbuat ocağıdır. Azərbaycanda mətbuatın vəziyyəti hər kəsə bəllidir. Belə bir şəraitdə 14 il dayanmadan oxucularla görüşmək, dərc olunmaq və dövriliyi qoruyub-saxlamaq böyük uğurdur. Bu uğurun qazanılmasında təbii ki, kollektivin böyük rolu var. Mən qəzetin kollektivini başda Akif Aşırlı olmaqla təbrik edirəm, bundan sonrakı fəaliyyətdə də uğurlar arzulayıram. Uğurlarınız davamlı olsun!

 

   Millət vəkili Fazil Mustafa:

  

   "Şərq" qəzeti mənim üçün Azərbaycan mətbuatının ən öndə gedən qəzetlərindən biridir. Hər zaman milli maraqların keşiyində dayanan bir qəzet olaraq "Şərq"i təbrik edirəm. Eyni zamanda peşəkar kollektivə malik olan "Şərq"in uğurlarının davamını gözləyirəm. Qəzetin bütün kollektivini təbrik edirəm. Ad gününüz mübarək olsun!

  

   Hüquq müdafiəçisi Novella Cəfəroğlu:

  

   "Şərq" qəzeti hər zaman dövlətçilik mövqeyində dayanıb. Dəqiq informasiyaları biz "Şərq"də tapırıq. Hər zaman bu qəzeti izləyirəm və "Şərq"in abunəçisiyəm. Bu günə qədər "Şərq"də haqlı tənqidlər olub, amma kiminsə təhqir olunduğunu görməmişəm. Çünki orada çalışan jurnalistlərin hər biri professionaldırlar və öz yazılarının məsuliyyətini əvvəlcədən dərk edirlər. Ona görə də "Şərq" mənim sevimli qəzetimdir. Mən qəzetin bütün kollektivini təbrik edirəm. Bundan sonrakı fəaliyyətdə də "Şərq"ə uğurlar arzulayıram.

  

   Tərəfsiz Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı:

  

   "Şərq" qəzetinin başda Akif Aşırlı olmaqla kollektivini 14 illiyi münasibəti ilə təbrik edirəm. "Şərq" hər zaman milli-mənəvi dəyərlərin aşılanmasında, insanların düzgün şəkildə maarifləndirilməsində önəmli rol oynayıb. 14 il heç də az bir dönəm deyil. "Şərq" bu qədər müddətdir ki, öz oxucularının görüşünə gəlir. Davamı olsun deyirəm və qəzetin kollektivini bir daha təbrik edirəm.

    

 

Anar Bayramoğlu

 

Şərq.- 2010.-2 noyabr.- S.3.