Şəhidimiz
qayıtdı
Hamı
MÜBARİZ dərsindən "beş"
aldı
Torpaq yalnız şəhidini belə ehtirasla qucaqlaya
bilər
Vətən
torpağı şəhidini qoynuna aldı... 4 ay sonra! Əvvəlcə
o, qanını halal etdi Vətənə. İndi isə Vətən
torpağını ona halal edir. Yəni başqa bir kimsənin
torpağı bu qədər haqq etməsi mümkün deyil.
Alim ola bilər, dövlət xadimi, lider ola bilər, Vətən
üçün, xalq üçün ömrü boyu
çalışan birisi ola bilər. Amma Vətən
torpağını bunca haqq edən, torpağa bu qədər
yaraşan birisi ola bilməz. Şəhiddən savayı!
Şəhid, Vətəndir. Şəhid, Torpaqdır. Şəhid,
bu millətin Özüdür! Onu millət uğrunda can verdiyi torpağa
tapşırır. Srağagün Mübarizi, Fəridi
tapşırdığı kimi. Sonuncu dəfə bu boyda izdihamı nə vaxt görmüşdü Bakı?!. 20 Yanvar şəhidlərini dəfn edərkən!..
Yenə də şəhid... Hansı yöndən baxsaq, şəhiddən savayı bunca elliklə, bunca
kükrərti ilə kiminsə dəfn edildiyini
görmək mümkün deyil.
Torpaq yalnız şəhidini belə ehtirasla qucaqlaya bilər.
Onların bir-birinə sevgisi
inkarolunmazdır. Və əbədidir!..
Nəhayət, Mübariz
4, Fərid isə 2 aydan sonra
Vətənə qayıtdı. Qayıtdı sözünü
dırnaqarasına almaq da
lazım deyil. Hansı mənada istəyirsiniz,
başa düşün.
Həqiqətən, şəhidimiz qayıdıb. Başlar üzərində gətirilib. Milyonlarla çiyin, əl,
göz və ürək
qarşılayıb şəhidlərimizi. Bu,
əsl qayıdışdır. Millətin ürəyində olan birisinin, təkrar onun ürəyinə - Vətən
torpağına qayıdışıdır. Hazırda
haqqında ən çox
danışılan məhz bu
qayıdışdır. Ən çox
baxılan məhz bu
qayıdışı əks etdirən kadrlardır. Budur, Azərbaycan insanını haldan-hala salan, ürəyini
dağa döndərən, qəlbini riqqətə
gətirən. Və həmin dəfn mərasimində Ali Baş Komandanın
iştirakı və çıxışı:
"Bu ilin iyun və sentyabr aylarında ölkəmizin ərazi bütövlüyü uğrunda
gedən döyüşlərdə hərbçilərimiz Mübariz İbrahimov və
Fərid Əhmədov qəhrəmancasına həlak olublar. Bu aylar
ərzində biz çalışdıq ki, tezliklə onları Vətənə qaytaraq. Baxmayaraq ki, bu, çox
çətin idi.
Ermənistan tərəfi heç bir sivil qaydalara əməl
etmədən qəhrəman övladlarımızın meyitlərini
qaytarmaqdan imtina edirdi. Bu, misli
görünməmiş vəhşilikdir. Heç
bir mənəviyyata, heç
bir dini normalara sığmayan bir
hərəkətdir... Mübarizlə Fərid Vətən uğrunda öz
torpağında həlak olublar. Onlar əsl qəhrəmanlıq, rəşadət
göstəriblər. Mübariz İbrahimov qeyri-bərabər
döyüşdə 5 düşməni məhv edərək,
3-nü yaralayaraq şəhid olub. Mübariz
yaxşı bilirdi ki,
o döyüşdən sağ-salamat
çıxa bilməyəcək. Ancaq Vətən,
torpaq sevgisi, onda olan vətənpərvərlik
ruhu onu şəhidlik
zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün
örnəkdir, nümunədir. Fərid Əhmədov da döyüş vəzifəsini
icra edərkən həlak olub.
Hər ikisi ölümündən sonra Azərbaycan dövləti tərəfindən
yüksək mükafatlarla təltif olunublar. Mən şəhidlərimizin valideynlərinə,
onların qohumlarına, yaxınlarına
başsağlığı verirəm. Allah
onlara rəhmət eləsin!
Şəhidlərimizin valideynlərinə
minnətdarlığımı bildirmək istəyirəm ki, onlar Vətən üçün belə qəhrəmanlar
böyüdüblər. Onların verdiyi
tərbiyə - vətənpərvərlik tərbiyəsi Mübarizi və Fəridi mənəviyyat zirvəsinə
ucaldıb. Təmas xəttində hər bir
itki bizi
sarsıdır, hər bir itki
bizim üçün
ağırdır. Ancaq biz
müharibə şəraitində yaşayırıq və
Mübarizlə Fərid öz həyatı
ilə, öz qəhrəmanlığı
ilə düşmənə sübut etdilər
ki, Azərbaycan xalqı, Azərbaycan gəncləri
Vətən uğrunda canlarından
keçməyə də hazırdırlar. Bu,
böyük qəhrəmanlıq, hünər,
vətənpərvərlik nümunəsidir... Mən bilirəm,
bütün bu aylar ərzində vətəndaşlarımız,
müxtəlif bölgələrdə yaşayan
vətəndaşlar şəhid övladlarımızın
ailələrinə baş çəkib
başsağlığı vermiş, öz həmrəyliyini göstərmişlər.
Mübarizin və Fəridin qısa və
şərəfli həyatı Azərbaycan xalqını daha da birləşdirdi. Bu gün, eyni
zamanda, çox şərəfli
bir gündür. Çünki biz öz övladlarımızı burada böyük ehtiramla son mənzilə yola salırıq. Əminəm ki, onların əziz xatirəsi Azərbaycan
xalqının qəlbindən heç vaxt silinməyəcək. Bizim
ordumuzda minlərlə, onminlərlə Mübariz, Fərid kimi qəhrəmanlar
var. Onlar Ali Baş Komandanın əmrini
gözləyirlər. Onlar öz
doğma torpaqlarını azad
etmək üçün hər an hazırdırlar. Azərbaycan Ordusu Cənubi Qafqazda ən
qüdrətli, ən peşəkar, ən mübariz
ordudur və şəhidlərimizin qəhrəmanlığı
bunu bir daha sübut edir. Bizdə nəinki böyük
sayda silah-sursat, hərbi
texnika, döyüş
imkanları vardır, eyni zamanda,
ordumuzda böyük ruh yüksəkliyi var. Çünki bizim işimiz haqq işidir. Biz heç bir ölkənin
torpağını zəbt etməmişik. Bizim
torpaqlarımız uzun illərdir ki, işğal
altındadır. Bizim heç
bir başqa dövlətin
torpağına iddiamız yoxdur. Amma öz
torpağımızdan heç kimə bir qarış verməyəcəyik. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Mübarizlə Fərid başqa ölkənin
ərazisində həlak olmayıblar, öz
doğma torpağında şəhid olublar.
Prezident bildirib ki, Azərbaycan gec-tez öz
torpaqlarını işğaldan azad edəcək. "Biz
istəyirik ki, bunu
danışıqlar yolu ilə həll edək.
Biz istəmirik ki, gənclərimiz
şəhid olsun. Biz
istəyirik ki, gənclərimiz
yaşasınlar, oxusunlar, Vətən üçün, dövlət üçün
çalışsınlar. Hər bir döyüş bölgəsində verilmiş itki bizim üçün
ağırdır. Ona görə biz çalışırıq ki, bu məsələ öz həllini sülh yolu, danışıqlar yolu
ilə tapsın. Danışıqlar prosesində Azərbaycanın
mövqeləri getdikcə güclənir. Nəinki siyasi və hüquqi həqiqət
bizim mövqeyimizi dəstəkləyir,
bu gün istənilən
parametr üzrə Azərbaycan Ermənistandan
bir neçə dəfə üstündür. Bu üstünlüyü biz
yaratmışıq, Azərbaycan xalqı yaradıb. Həm siyasi, həm iqtisadi, həm
hərbi cəhətdən üstünlüyümüz
artıq hər kəs üçün
açıq-aydın görünür. Ancaq bununla bərabər, bu gün bu
şərəfli gündə bir daha bəyan etmək istəyirəm ki, biz
danışıqları sadəcə olaraq
danışıqlar naminə aparmayacağıq.
Danışıqların
imitasiyası ilə məşğul olmaq
üçün Ermənistana imkan verməyəcəyik. Biz
o vaxta qədər
danışıqlar aparacağıq ki, ərazi
bütövlüyümüzü bu yolla bərpa edə biləcəyimizə
ümidimiz qalacaqdır. Əgər
görsək ki, bu mümkün deyil, onda Azərbaycan dövləti hərbi yoldan istifadə edərək, öz
ərazi bütövlüyünü bərpa
edəcək. Mən şübhə etmirəm ki, bunun üçün
bizdə bütün imkanlar
- döyüş hazırlığı,
maddi-texniki təchizat, kifayət qədər
silah-sursat, peşəkar ordu,
ruh yüksəkliyi və Azərbaycan
xalqının iradəsi var. Biz ərazi bütövlüyümüzü
istənilən anda hərbi yolla bərpa edə bilərik. Düşmən
də bunu bilməlidir və bilir".
Ölkə başçısı
Azərbaycanın ərazi bütövlüyünün
danışıqlar mövzusu
olmadığını və olmayacağını da bildirib: "Azərbaycan
ərazi bütövlüyünü bərpa
edəcək, Dağlıq Qarabağ bizim doğma, əzəli
torpağımızdır. Əsrlər boyu
Azərbaycan xalqı Dağlıq Qarabağda
və ətraf bölgələrdə yaşayıb,
yaradıb. Bugünkü Ermənistan
dövləti tarixi Azərbaycan
torpaqları üzərində qurulub.
İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi
torpaqlarımızdır. Biz heç vaxt imkan verə bilmərik ki,
doğma torpağımız olan Dağlıq Qarabağda
ikinci erməni dövləti
yaradılsın. Heç vaxt
Azərbaycan xalqı bu vəziyyətlə
barışmayacaqdır. Bu gün məsələni həll etmək üçün bütün
imkanlarımız var. Sadəcə olaraq çalışırıq ki, danışıqlar prosesindən maksimum dərəcədə istifadə edək.
Biz istəmirik ki,
müharibə olsun. Kim
istəyər ki, müharibə olsun. Ancaq biz
bu vəziyyətlə də heç vaxt
barışmayacağıq. Biz bu gün bütün
səylərimizi səfərbər etmişik
ki, qarşıda duran
vəzifəni icra edək. Bu gün şəhid
övladlarımızın şücaəti, qəhrəmanlığı
bir daha onu göstərir ki, biz buna qadirik".
Şəhidlərimizin nəşinin
qaytarılması və izdihamlı dəfn mərasimi Qarabağ döyüşçülərinin
də ürəyincə olub. Qarabağ Qaziləri İctimai
Birliyinin sədri Etimad
Əsədov "Şərq"ə
açıqlamasında şəhidlərimizin dəfn mərasiminin
ictimaiyyətdə yüksək ruh
yüksəkliyinə səbəb olduğunu
dedi:
- Şəhidlər hər zaman diridir. Bunu Rəbbimiz müqəddəs
kitabımız "Qurani Kərim"də
buyurur. Bu baxımdan Mübarizin ruhu da daim diridir.
Ermənilər meyiti 4 ay
qaytarmamaqla öz iyrəncliklərini
təsdiqləyirdilər. Mübarizin ruhu 4 ay bundan
əvvəl Vətən torpağına qovuşmuşdu.
Dünən isə onun nəşi torpağa tapşırıldı. Və çox sevindiricidir ki, Azərbaycanın əsl milli
qəhrəmanları, xalqın sevimlisinə çevrilmiş
şəhidlərimizin dəfni dövlət səviyyəsində
bu cür yüksək
şəkildə təşkil olundu. Bu, ilk növbədə
dövlət, Vətən qarşısında xidməti olan insanlara layiq olduqları qiymətin verilməsidir. Mən
bu mərasimdə Prezident
İlham Əliyevin iştirakını xüsusi vurğulamaq istəyirəm.
Prezident bu mərasimdə
əsl Ali Baş Komandan kimi
çıxış etdi. Dəfn mərasimlərinin
bu şəkildə təşkili və
xalqın da kütləvi şəkildə
axın etməsi cəmiyyətdə milli-vətənpərvərlik
ruhunun yüksəlməsinə xidmət edir. Biz bu
cür dəfn mərasimlərini adətən
Türkiyə televiziyalarında izləyirdik. Ancaq
dünənki (srağagünkü - red) mərasim sübut etdi ki, Azərbaycan
xalqı da öz
şəhidinin qiymətini, dəyərini bilir.
Uzun illərdir belə izdihamlı,
möhtəşəm mərasim olmamışdı. Bunu bizə şəhidlərimiz
yaşatdı. Bu mərasim həm də bunu bir daha
sübut etdi ki, torpaqlarımızın işğaldan
azad edilməsi üçün
hərb variantına üstünlük
veriləcəyi təqdirdə Mübarizin,
Fəridin yolunu davam
etdirəcək oğullar var.
Və onlar torpaqlarımızı azad etməyə qadir olacaqlar.
Vətəndaş Həmrəyliyi
Partiyasının sədri, millət vəkili Sabir
Rüstəmxanlı isə "Şərq"ə
açıqlamasında Mübariz və Fəridin
məzarının hər bir azərbaycanlının
ürəyində olduğunu dedi:
- Biz Mübarizgilin ailəsini böyük
bir dəstə ilə ziyarət etmişdik və İbrahimovların mənzilində
divarda bu sözləri
yazmışdıq: "Sənin məzarın bizim ürəyimizdir". Əslində, bu dəfn mərasimi simvolik
bir hadisə idi. Çünki həqiqətən də, Mübariz, Fərid hər bir
azərbaycanlının ürəyində yer
qazanıb. Mən eyni sözləri
Macarıstanda Ramil Səfərovla
görüşərkən də demişdim.
Orda gördüm ki, Ramil kitabın
arasında Mübarizin şəklini
saxlayır. Bilirsiniz, millətimiz qələbə
həsrətindədir. Beynəlxalq güclər, Rusiya, həmişə Azərbaycanı Ermənistanın
ayağına verməyə çalışırlar. Mən
Azərbaycan Prezidenti İlham
Əliyevin Azərbaycan Ordusunun şəhid
hərbçiləri Mübariz İbrahimovla Fərid Əhmədovla vida mərasimindəki
çıxışına da toxunmaq istəyirəm. Azərbaycan Prezidenti özünü əsl
Ali Baş Komandan kimi apardı. Azərbaycan
xalqına Mübariz kimi
oğullar gərəkdir. Və bu cür mərasimlər xalqda ruh yüksəkliyinin
artmasına səbəb olur.
Məlahət
Rzayeva
Şərq.- 2010.- 9 noyabr.- S. 8.