"İçimdə
ağlayan Krım"
Zəlimxan
Yaqubun harayında, çağırışında güclü inam var
Qayıdar
Krıma o ulu türklər,
Yeriyər, Allahın altıyla gələr.
Kəssə
qarşısını dağlar, dərələr,
Göylərin yeddinci
qatıyla gələr.
Olsa da
çiynində
dağ boyda yüklər,
Daşın içində də eşqi çiçəklər.
Qayıdar Krıma o
ulu türklər,
Qol-qola doğuyla, batıyla gələr...
Bu, Zəlimxan Yaqub yanğısıdı. Zəlimxan Yaqub həsrətidi. Zəlimxan Yaqub harayıdı... Və Zəlimxan Yaqub çağırışıdı! Bu harayda, çağırışda
o qədər güclü
inam var ki, misraları oxuyanda elə
bilərsən Krım yenidən artıq bizimdi.
Bizim - Türkün! Əslində,
təbii ki, bizimdi. Amma ora qayıtmaq da lazımdı. Qayıtmaq lazımdı ki, Krımın göz
yaşı qurusun. Daha
bir də heç vaxt, lap qiyamətədək
heç vaxt
ağlamasın. Bunu deyir,
Zəlimxan Yaqub özünün
"İçimdə ağlayan
Krım" poeması ilə.
Bu poema bu ilin may-avqust aylarında xalq şairi Krımda
- Yaltada müalicə
aldığı
zaman ərsəyə
gəlib. Poema Qazaxıstan azərbaycanlılarının
"Vətən" qəzetində dərc olunub.
Qəzetin baş redaktoru
Ramiz Məşədihəsənli və
qəzetin redaktoru Hökümə Xəlilova
poemanı kitab halında çap
etdirmək təklifini irəli sürüblər. Zəlimxan Yaqub yaradıcılığının vurğunu, Qazaxıstan Daxili
İşlər Nazirliyi sistemində
çalışan polis polkovnik-leytenantı
İsa İsayev təklifi
dəstəkləyib və əslən Azərbaycanın Ağdam rayonundan olan, hazırda Qazaxıstanda yaşayan
kiçik sahibkar Hilal Əliyev də ideyanın gerçəkləşməsi
işinə qoşulub. "İçimdə
ağlayan Krım" poeması, necə
deyərlər, mürəkkəbi qurumamış beləcə
kitab şəklində işıq üzü görüb.
Xalq şairi poemanı Krım türklərinin böyük dərdçəkəni, 60 ildir ki, Vətən həsrəti
ilə qürbətdə sızlayan və hazırda Londonda yaşayan 91
yaşlı məşhur yazıçı Çingiz
Dağçının adına
bağışladığını yazıb.
Kitabda Çingiz Dağçının Zəlimxan Yaquba məktubu da verilib. Məktubda Çingiz
Dağçı yazır:
- Eşitdim
Krıma gəlmisən. Həmişə bizim olan, indi
bizim olmayan Krıma! Özü də Azərbaycandan gəlmisən... Sümüyümə
dammışdı, ruhuma
əyan olmuşdu ki, gələn var. Sənin gəlişin mənim saralan arzularımın, solan diləklərimin, puç
olan ümidlərimin külünü üfürdü,
qorunu oyatdı, közünü tərpətdi,
qaranlığımı aydınlığa,
qürbətimi Vətənə
çevirdi...
Sonra Çingiz Dağçı Krım tatarlarının acı taleyini dilə gətirir və şairdən qələmini
işə salmağı
xahiş edir:
"Qələmini işə sal, fikrini cilovla,
ilhamını çağır,
ruhunu səfərbər
elə, mənim dərdlərimi, bizim dərdimizi ozan dilində, oğuz, qopuz dilində dilə - qələmə
gətir. Gör, mən nə çəkmişəm, Gör,
biz nə çəkmişik
və bu gün də nələr çəkirik,
mənim oğlum!..
91 yaşlı ağsaqqaldan xeyir-dua alan Zəilmxan Yaqub da ürəyinin odunu-alovunu dilinə, oradan da qələm
vasitəsilə kağıza
köçürməyə başlayıb. Və
"İçimdə ağlayan
Krım" doğulub
Xalq şairinin Çingiz Dağçıya
cavab məktubu da çox dəyərlidir:
- Sənə yazdığım
məktubu qoynunda göz açdığın,
ayaq açıb yeridiyin, havasını, suyunu dərdinə dərman elədiyin, hər dəfə adı çəkiləndə
səni göyüm-göyüm
göynədən Krım
torpağından yazıram.
O Krım torpağından
ki, onun dərdləri sənə
"Yansılar", "Annəmə
məktublar", "Yurdunu
itirən adam",
"Onlar da insandı", "O torpaqlar
bizimdi", "Badam budağından açılan
körpələr" adı
ilə ağrılı-acılı
əsərlər təpədən-dırnağa,
başdan-ayağa böyük
əzablardan yoğrulmuş
kitablar yazdırıb.
Biz ruh və qan qohumu olmaqla
yanaşı, həm də dərd qohumuyuq. ... Bu gün mənim çəkdiyim dərdləri dünən
sən yetərincə
çəkmisən, Çingiz
Ağa!...
Krım türklərinin ağzının dadı,
Dilinin ləzzəti Krımla getdi.
Pay oldu hərəsi bir cəhənnəmə,
Əbədi cənnəti
Krımla getdi.
Daşları yandırdı
qəlbin harayı,
Dərd şair elədi Qazi Gərayı.
Soldu çiçək kimi Bağçasarayı,
Taxtı, səltənəti
Krımla getdi...
Poema çox maraqlı bir üslubda yazılıb. Zəlimxan Yaqub Krımı addım-addım
gəzdikcə, tarix də onunla yanaşı addımlayıb
və tarixin hər bir dönəmi
şairin qələmindən
kağıza süzülüb.
Krımın əsrarəngiz
gözəlliklərini, nə
qədər qəribə
səslənsə də,
məhz Rus ədəbiyyatından bizə
tanış məşhur
məkanlarını, adı
dillər əzbəri
olan Bağçasarayı,
Qızıldaşı, yalçın
qayaları, mavi dalğalarını şair
şirin və yanğılı dili ilə vəsf edir. Xansız, hökmdarsız, bağbansız
qalan müqəddəs
yurd yerlərinin hələ də sahiblərini gözlədiyini
vurğulayan şair Krımın yiyələri
olan tatar türklərinə pantürkist,
islamçı damğaları
vurularaq Stalin irticası
qurbanları kimi Vətəndən pərən-pərən
düşmələrini yazır
və özünün
alovlu misraları ilə Krım türklərinin yurd həsrətinə son qoyulacağına
inamı ifadə edir.
Batmış bir sədanı, ünü qaldırar,
İmanı oyadar, dini qaldırar.
Göytürkü, Sakanı,
Hunu qaldırar,
Oğuzun, Qıpçağın
zatıyla gələr.
Buludu kişnəyər, yağışı yağar,
Həqiqət nahaqqı xırralar, boğar.
Tarix Ərtonqanı təzədən doğar,
Atilla qılıncı, atıyla gələr...
Poemada böyük türklər - İsmayıl
bəy Qaspıralı,
Bəkir Çobanzadəyə
də layiqli yer verib xalq
şairi. İsmayıl
bəy Qaspıralının
ölüm ayağında
dilindən çıxan
sözlər, böyük
alim Bəkir Çobanzadəyə kommunizmin
yaşatdığı dəhşət
şairin qələmindən
misralara süzülüb.
"İçimdə ağlayan
Krım" poeması
Zəlimxan Yaqub yaradıcılığının daha bir zirvəsidir.
Və bu zirvəyə "baş vurmaq" mütləq lazımdı. Çünki;
Krım bir dastandı,
bir qəmli dastan,
Sevgili, sevdalı, ələmli dastan.
Səsi var, qəlbi var, ruhu, canı var,
Bu ulu dastanın Yedigey kimi,
Şöhrəti Krımdan
Altaya çatan,
Tarixə ün salan qəhrəmanı
var.
Millətin ruhunu diri saxlayan,
Həlim Aydamak var, Çora Batır var.
Bu qədim torpağın hər qarışında,
Türkün əlləriylə
haşiyələnmiş,
Sonsuz xəzinə var, zəngin yatır var...
Məlahət
Şərq.-
2010.- 13 noyabr.- S. 7.