Cənnətlə
Müjdələnən QADIN!
"Cənnət qadınlarının ən
üstünləri Xədicə bint Hüveylid, Fatimə bint
Məhəmməd, Məryəm bint İmran, Fironun zövcəsi
Asiyə bint Məzahimdir."
Hədisi-şərif
Dini və
milli mənsubiyyətindən asılı olmayaraq hər kəs
bu müqəddəs qadın haqqında böyük hörmətlə
danışır!
İnsanların
neçə əsrlərdir hörmətlə yad etdiyi Hz.
Asiyə kim idi və nə
üçün o bu gün də hörmət və məhəbbətlə
yad edilir?
Asiyə,
Allahın lənətlədiyi Fironun sarayında Hz. Musanı
yetişdirən, onu göz bəbəyi kimi qoruyaraq,
zalımların şahı olan ərinin (Fironun) bəlalarından
mühafizə edən bir sevimli Allah bəndəsi idi. Hz.
Musaya peyğəmbərlik verilən kimi, ona iman edən ilk
insan da o oldu, Peyğəmbərə gizlincə iman etdi və
Fironu qəlbində lənətlədi, iman etdiyi aşkar
olanda isə canından keçdi, ancaq imanından dönmədi!.. O, İslam Peyğəmbərinin -
Allahın sonuncu elçisinin Cənnətlə müjdələdiyi,
"Quran"da da təriflənən, ismət və səbr
timsalı olan çox dəyərli qadındır! O adı,
cəsarəti, iman eşqi min illərin o üzündən
günümüzə gələn, Sabaha gedən Hz. Asiyədir!..
O, bir
Peyğəmbəri qorudu, bir Peyğəmbər tərəfindən
isə müjdələndi
Asiyə, öz qövmünün seçilmiş və
ən ləyaqətli qadınlarından biriydi. Yusif əleyhissalamın vaxtında Misir Sultanı
olan və Hz. Yusifə iman edən Reyyan ibni-Vəlidin nəslindən
idi.
Yaşadığı dövrdə Misirin ən məşhur
qadını olan Hz. Asiyə bu tarixi ölkənin zalım və
qan içən imperatoru, zülm və ədalətsizlikləri
bü günə qədər də lənətlənən
Fironun həyat yoldaşı idi. Firon da
Babil hökmdarı Nəmrud kimi Tanrılıq iddiasında
idi. Fironun mənfur, xeyirsiz və yaramaz adam
olmasının əksinə Hz. Asiyə təmizlik,
dürüstlük, iffət və əsilət timsalı idi.
Dinlər tarixi baxımından böyük önəm
daşıyan Hz. Asiyənin həyatının ilk dövrləri
haqqında kifayət qədər yazılı qaynaq yoxdur.
Buna baxmayaraq, müqəddəs mətnləri tədqiq
edərkən, bu dəyərli qadının həyatı
haqqında bəzi məlumatlar əldə etmək
mümkün olmuşdur.
"Quran"da "Fironun zövcəsi" kimi yad
edilən Hz. Asiyənin adı hədislərdə
açıqca bildirilmişdir. Tarix və
təfsir qaynaqlarında isə onun adı "Asiyə bint Məzahim
ibni-Übeyd ibni-Reyyan ibni-Vəlid" kimi çəkilir.
Asiyənin ulu babalarından olan Vəlid Hz.
Yusifin dövründə Misir sultanı idi.
Misir zalım Fironun zülmü altında əzilərkən,
Asiyənin qismətinə Fironun zövcəsi olmaq kimi bir bəxtsizlik
düşmüşdü. Firon,
özündən əvvəlki zalımlar kimi, tanrı
olduğunu iddia edir və bütpərəstliyi himayə
edirdi. "Quran"da bu həqiqətə belə
işarə edilir: "Dedi ki: Həqiqətən, mən sizin
ən uca Rəbbinizəm!" ("Naziat"
surəsi, 24). Bunun müqabilində Asiyə,
əsaləti və mərhəməti ilə diqqəti cəlb
edirdi. Əri insanlara zülm edərkən,
Asiyə ürəklərə su səpirdi. O, heç
zaman ərinin etdiyi zülm və haqsızlıqları
müdafiə etmir, onun tərəfində dayanmırdı. Xalq tərəfindən "Nil Kraliçası"
adlandırılan Asiyə, ərinin pisliklərinə
baxmayaraq, iman etmiş bir qadın idi.
Firon xüsusən İsrail oğullarına çox
əziyyət verirdi. Allah, onları bu
zülmdən xilas etmək üçün Hz. Musanı
göndərəcəkdi - Firon bunu yuxuda
görmüşdü. Yuxuda
görmüşdü ki, Qüds istiqamətindən gələn
alovlar Misirə çatır və Fironun sarayını
yandırıb külə döndərir. Fəqət
bu alovlar ancaq Fironun soyundan olan qibtilərə zərər
verirdi, İsrail oğulları isə xilas olurdular. Qan-tər içində yuxudan oyanan Firon, münəccimləri
çağırıb əmr edir ki, onun yuxusunu yozsunlar.
Yuxunun yozumu Firon üçün çox qorxunc idi:
"Yaxın zamanda İsrail oğullarından bir uşaq
doğulacaq. O uşaq misirlilərin həlak olmasına, sənin
taxt-tacının da yerlə yeksan olmasına səbəb
olacaq."
Bunu eşidən Fironun gözünə yuxu getmir.
O, qorxu və hiddət içində ağlasığmaz bir qərara
gəlir: əmr edir ki, İsrail oğullarının soyundan
doğulan bütün oğlan uşaqları
öldürülsün. Bu hadisə "Quran"da belə
ifadə olunur: "Həqiqətən, Firon yer üzündə
baş qaldırıb onun əhalisini zümrələrə
bölmüşdü. Onların arasından
olan bir tayfanı gücsüz görüb onların oğlan
uşaqlarını öldürür, qadınlarını isə
sağ buraxırdı. O, həqiqətən, fitnə-fəsad
törədənlərdən idi!" ("əl-Qəsəs"
surəsi, 4).
Ancaq Hz. Asiyə həyat yoldaşının bu vəhşiliklərinə
biganə qalmır və onu dəstəkləmirdi. Musa bax belə bir şəraitdə
doğulmuşdu. Oğlunun, Fironun
qurbanı olacağından qorxan ana nə edəcəyini
bilmirdi. Fəqət Allah, onun qəlbinə rahatlıq verdi, vəhy vasitəsilə, onu qorxudan
uzaqlaşdırdı. Bu hadisə "Quran"da belə nəql
edilir: "Biz Musanın anasına ‘Onu əmizdir; elə ki
ondan ötrü qorxdun, onu dəryaya (Nil çayına) at. Qorxma və kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də
peyğəmbərlərdən edəcəyik!’ - deyə bildirdik." ("əl-Qəsəs"
surəsi, 7).
Qadın deyiləni elədi. Ərinin
zalımlığına daxilən lənətlər
yağdıran Asiyə tam o aralarda sarayda öz otağında
oturub Nili seyr edirdi. Nil çayının
ortasında batıb-çıxaraq özbaşına üzən
sandığa oxşar bir əşya onun diqqətini cəlb
edir. Asiyə keşikçilərinə və
qulluqçularına əmr edir ki, sandığı tutub onun
yanına gətirsinlər. Sandıqdan
çox şirin bir oğlan uşağı
çıxır. Bu uşaq, gələcəkdə
peyğəmbərliklə şərəflənəcək və
Fironun zülm imperiyasını yerlə-yeksan edəcək
Musa idi...
Uşağı Asiyənin yanına gətirirlər.
Asiyə, bunun, övladını Fironun cəlladlarından
xilas etməyə çalışan bir ananın işi
olduğunu başa düşür. O, uşağı
himayə etmək qərarına gəlir və bunun
üçün bütün çətinliklərlə
üzləşməyi göz önündə tutur. Firon hiddətdən dəli olmaq həddinə gəlib,
uşağı öldürməyi əmr etsə də, Hz.
Asiyə var gücü ilə ona qarşı
çıxıb, onu fikrindən daşındırmağa
nail olur.
"Bu uşaq həm mənim, həm də sənin
üçün gözaydınlığıdır. Onu öldürməyin. Ola bilsin
ki, bizə bir fayda verər, yaxud da onu oğulluğa
götürərik!" ("əl-Qəsəs"
surəsi, 9) deyən Hz.Asiyə, ərini razı salır.
Beləliklə, Asiyə səhrada bir
qızılgül yetişdirməyə başladı. Digər tərəfdən, Musanın böyük
bacısı Məryəm, sahil boyunca sandığı izləmiş
və hər şeyə şahid olmuşdu. O,
gördüklərini anasına danışdı. Uşağın həyatı xilas olmuşdu, ancaq
indi də ona bir süd anası tapmaq lazım idi. Çünki uşaq heç kimin südünü əmmirdi.
Məryəm, Asiyənin hüzuruna çıxaraq belə
dedi: "Sizin üçün o uşağa süd verməyi
təmin edəcək, həm də ona qarşı xeyirxah
olacaq bir ailəni nişan verimmi?" ("əl-Qəsəs"
surəsi, 12). Beləliklə, Məryəm,
qardaşının anasının südünü əmərək,
onun yanında böyüməsinə nail oldu. Bu
da bir möcüzə idi. Hz. Musa, Asiyənin himayəsində,
öz anasının südünü əmərək
böyüdü, gücləndi.
Hz. Asiyə özünü "tanrıların
tanrısı" elan edən Fironun zövcəsi olsa da, bir
olan Allaha iman edirdi. Bir peyğəmbəri
(Hz. Musanı) qoruyub saxlayan Asiyə, başqa bir peyğəmbər
(İslam Peyğəmbəri) tərəfindən təriflənmiş,
sonuncu müqəddəs kitabda ("Quran"da) isə mədh
edilmişdir.
Cəsarət simvolu
Artıq yuxarıda qeyd etdiyimiz kimi Hz. Musaya peyğəmbərlik
veriləndə, ona iman edən ilk şəxs şərəfli
qadın Hz. Asiyə oldu. İman etdi, ancaq
imanını qəlbində saxladı, ərindən gizlətdi.
Fəqət elə bir vaxt gəlib
çatdı ki, onun qəlbində saxladığı
imanı gizlətmək artıq mümkün olmadı. Bir dəfə Firon iman edənlərə necə
işgəncələr verdiyini böyük zövqlə
danışarkən, Asiyənin verdiyi mənfi reaksiyadan hər
şeyi başa düşdü.
O, Fironun
qarşısında durub qətiyyətlə dedi: "Ey Firon!
Nə vaxta qədər qəflət yuxusunda
qalacaq və Allahın həqiqi bəndələrini
yandıracaqsan?" Firon dedi: "Mənim
allahlığıma səndəmi şəkk edirsən?!"
Asiyə
dedi: "Bəyəm mənim sənin allahlığına
etiqadım var idi ki, bu gün də şəkk edəm? Mən Musanı Nil çayından
götürdüyüm gündən onun peyğəmbərliyinə
etiqadlı olmuşam. Buna görə də
bacardığım qədər onu qorudum". Firon Asiyənin
ağır cavabından elə narahat oldu ki, qəzəblə
qışqırdı: "Ey Asiyə! Səni
elə öldürəcəm ki, indiyə kimi heç kəsi
belə öldürməmişəm".
Firon qəzəbdən titrəyirdi. O
özü "tanrılar tanrısı" "ola-ola",
arvadının Allaha iman etməsini qəbul eləyə
bilmirdi! Asiyəni yolundan döndərmək
üçün dil tökdü, müxtəlif hiylələrə
əl atdı, təhdid etdi. Ancaq
bunların heç bir təsiri olmadı. Asiyə
bütün varlığı ilə Allaha inanmışdı!..
Asiyənin varlığında kainatı yaradan,
dağları, ovaları, dənizləri, dərələri,
təpələri, ormanları... bir sözlə, hər
şeyi yoxdan var edən, yerin və göyün sahibi Allaha
iman və Musanın söylədiklərinə tam inamdan
başqa bir şey yox idi. Nə Firondan zərrə qədər
qorxurdu, nə də bir cəllad ruhlu dinsiz qatilin həyat
yoldaşı olduğuna görə, böyük Nilin yeganə
kraliçası olmasına sevinirdi...
Onun
düşüncəsi sadəcə bir şeylə məşğul
idi: Fironun da onun kimi Allah Təalaya inanması və xalqa
zülm, işgəncə verməkdən əl çəkməsi.
Ancaq Firon artıq dönüşü olmayan yolda idi...
İlahilik iddiasında olan və özündən
üstün heç bir varlığı, ünvanı qəbul
etməyən Firon isə təhdidlərini daha da
artırırdı. Buna baxmayaraq Asiyə
Firona güzəştə getmir, əksinə, ərinin təzyiqləri
qarşısında Allaha imanı daha da artır;
oğulluğa götürdüyü Hz. Musanın
arxasınca getmək arzusu daha da qüvvətlənirdi.
Asiyə üçün son qərar anı gəlib
çatmışdı. Firon, bütün
Misir xalqını özünə tapınmağa məcbur
etdiyi halda, arvadının "başqa birinə"
tapınmasına dözə bilmirdi. O Asiyənin
qarşısına belə bir şərt qoydu: "Ya ərinə
tapınaraq öncəki kimi ‘Nil kraliçası’ olacaq, dəbdəbəli
həyat sürəcəksən, ya da Allaha iman etməyin cəzasını
görəcəksən."
Asiyə heç tərəddüd eləmədi.
O, çoxdan öz qərarını müəyyənləşdirmişdi.
Onun gözəl qəlbində ancaq Allaha və
Allahın müqəddəs peyğəmbəri Hz. Musaya yer
var idi.
Allaha təslim olmuş
könül
Düz yoldan çıxmış Firon, Asiyənin
Yer üzünün cəh-cəlalı ilə təmin etsə
də, onun qəlbində özünə yer tapa bilməmişdi.
Asiyəni yolundan döndərməyin
mümkün olmadığını görən Firon, nəhayət
onun öldürülməsini əmr etdi.
Fironun əmri ilə Asiyəni yerə uzadıb əl-ayağını
dörd mıxa bağladılar və sinəsinə
böyük daş parçası qoydular (bəzi qaynaqlara
görə, Firon Asiyənin yerə çaxılan payalara əllərindən
və ayaqlarından bağlanmağını əmr edir).
Firon Asiyənin belə bir dözülməz duruma saldıqdan
sonra ona dedi: "Ey Asiyə, Musanın Allahına de ki, səni
bu işgəncələrdən qurtarsın". Asiyə işgəncə altında çox narahat
idi. Bu xəbər Musaya (ə)
çatdı. Musa (ə) Allaha ərz etdi: "Ya, Rəbbim!
Asiyə üçün can verməyi asanlaşdır".
"Quran"ın ("ət-Təhrim" surəsi, ayə
11) buyurduğuna görə, Asiyə deyirdi: "Ey Rəbbim!
Mənim üçün Cənnətdə bir ev
tik. Məni Firondan və onun zalım qövmündən xilas et".
Allah Asiyənin məqamını ona göstərdi
və ruhunu gücləndirdi. O, behişt nemətlərindən
yeyir və içirdi. Asiyə bunları
gördükdən sonra sevindi və göz yaşı təbəssümə
döndü. Firon təəccüblə dedi: "Həyat
yoldaşım dəli olub. O belə bir vəziyyətdə
gülür və boş yerə özünü ölümə
verib!" Cəsur və imanlı qadın dedi: "And olsun
Allaha! Dəli olmamışam. Əksinə, öz yerimi Cənnətdə
görürəm".
...O, elə
həmin halda Allahının görüşünə tələsdi
və şəhid oldu. Asiyəyə qızmar
günəş altında işgəncə veriləndə, mələklər
sıraya düzülüb günəşin qabağında
duraraq ona kölgə saldılar. O, Cənnətin ən
yaxşı qadınları və tarixin dörd ən
yaxşı nümunəvi xanımından (Asiyə, Məryəm
(ə), Xədicə (ə) və Fatimə (ə)) birinə
çevrildi.
Uzun müddət işgəncələrə məruz
qalan müqəddəs qadın, nəhayət, başı
böyük bir daşla əzilərək şəhid edildi.
O iztirablı anlarda Asiyə, Allahı zikr etməkdən əl
çəkmədi.
Hz. Asiyə dəbdəbəli həyatı və
şirki seçərək canını qurtara bilərdi, fəqət
o, imanı uğrunda ölümdən çəkinmədi.
Firon isə, özündən sonra lənətli
bir ad qoyaraq zəlil olub getdi.
Cənnətlə müjdələnən Hz. Asiyənin
adı dünya durduqca imanlıların (inanclıların!)
dilindən düşməyəcək.
Bəli,
- Hz. Asiyə azadlığın bir simvoludur.
- Hz. Asiyə cəsarətin, qorxusuzluğun örnəyidir.
- Hz. Asiyə zalımların zülmünü
üzlərinə hayqıra bilmənin adıdır.
- Hz. Asiyə bir sevdadır, eşqdir. O bir dəyərdir.
- Bir qulun Yaradanına olan sevdası, Yer üzündəki bəndənin
Rəbbinə olan sonsuz məhəbbətidir.
Bəli,
Hz. Asiyə
yüzillərin keçməsinə baxmayaraq bu gün də
bütün qadınlıq üçün ən gözəl
örnəklərdən biridir!
Qənirə Paşayeva,
Millət vəkili
Şərq.- 2010.-19 noyabr.-S.5.