Köçkün həyatı...
Nə qədər şərait
yaradılsa da, hər kəs öz isti yuvasını
arzulayır
Son iki yüz il ərzində regionda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. İran və Rusiya arasında Gülüstan (1813), Türkmənçay (1828), Rusiya və Türkiyə arasında Andrianopol müqaviləsi imzalandıqdan sonra İran və Türkiyədən ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Torpaqları zəbt olunmuş azərbaycanlılar isə süni şəkildə qaçqın və məcburi köçkün vəziyyətinə salındılar.
Ermənipərəst qüvvələrin
və millətçilərin
yürütdükləri məkrli
siyasət nəticəsində
Azərbaycan torpaqlarında
paytaxtı İrəvan
şəhəri olan erməni dövləti yaradıldı. Nəticədə
XX əsrin müxtəlif
dövrlərində iki
milyona yaxın soydaşımız öz
tarixi torpaqlarından qovuldu, etnik təmizləmə siyasətinin
qurbanına çevrilərək
didərgin salındılar.
1905-1907-ci
və 1918-1920-ci illərdə
baş vermiş hadisələr zamanı silahlı qüvvələrdən
və zorakı üsullardan istifadə olunmaqla minlərlə azərbaycanlı kütləvi
surətdə qətlə
yetirildi, onların yaşadıqları kəndlər
talan edildi, dinc əhali qaçqın və didərgin vəziyyətinə
salındı.
1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da ermənilər
öz çirkin niyyətlərindən əl
çəkmir, Azərbaycana
qarşı torpaq iddialarını davam etdirirdilər.
Həmin
dövrdə sərhədlərin
dəqiqləşdirilməsi adı ilə Azərbaycan kəndləri
tədricən Ermənistanın
tərkibinə qatılırdı.
Kəndlərin yerli azərbaycanlı əhalisi
isə müxtəlif
üsullarla öz dədə-baba yurdlarını
tərk etməyə məcbur edilirdi.
Keçmiş SSRİ Nazirlər Sovetinin
1947-ci il 23 dekabr tarixli "Ermənistan
SSR-dən kolxozçuların
və başqa əhalinin Azərbaycan
SSR-in Kür-Araz ovalığına
köçürülməsi haqqında" qərarı
əsasında 150 minə
yaxın azərbaycanlı
öz əzəli torpaqlarını tərk etməli oldular.
1988-1992-ci
illərdə Ermənistan
ərazisindən azərbaycanlılara
qarşı son etnik təmizləmə siyasəti
misilsiz bir qəddarlıq və vəhşiliklə həyata
keçirildi, 250 min soydaşımız
öz ata-baba yurdlarından qovularaq qaçqına çevrilib.
Ermənistan silahlı qüvvələrinin
1988-1993-cü illərdə ölkəmizə hərbi
təcavüzü nəticəsində
Azərbaycan torpaqlarının
20 faizi - Dağlıq
Qarabağın, eləcə
də ona bitişik olan 7 rayonun ərazisi işğal olunmuş, Dağlıq Qarabağdan,
ətraf rayonlardan, həmçinin Ermənistanla
və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən
700 min nəfərədək soydaşımız öz
daimi yaşayış
yerlərindən məhrum
olaraq məcburən köçkün düşmüş
və respublikanın
62 şəhər və
rayonunda, 1600 - dən çox sıx məskunlaşma obyektində
müvəqqəti məskunlaşıblar.
Beləliklə, hazırda Azərbaycanda
bir milyonadək qaçqın və məcburi köçkün
var.
Qaçqın və məcburi
köçkünlərin əsas
problemləri
Qaçqın və məcburi köçkünlər Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar. Kimiləri paytaxt Bakıda tələbə yataqxanalarında, kimiləri rayonlarda fin şəhərciklərində, kimiləri vaqonlarda, kimiləri isə çadırlarda daldalanmaq məcburiyyətində qalıblar. Doğma yurd-yuvalarından, isti ocaqlarından qovulan soydaşlarımız yerləşdikləri məkanlarda uzun müddət məhrumiyyətlərlə yaşamağa məhkum olublar.
Qaçqın və məcburi
köçkünlərin hamısının
ən başlıca istəkləri təbii ki, doğma obalarına qayıtmaqdır.
Lakin bununla belə onların məskunlaşdıqları ərazilərin
şəraitinə uyğun
olaraq özlərinəməxsus
problemləri də mövcuddur.
Bakıda tələbə yataqxanalarında sığınacaq tapmış məcburi köçkünlərin əsas şikayətləri mənzillərinin darısqal olması ilə bağlıdır. Binəqədi rayonunun Dərnəgül qəsəbəsi Səttar Bəhlulzadə küçəsində yerləşən bir neçə tələbə yataqxanasına, Yasamal rayonu ərazisində yerləşən Bakı Dövlət Universitetinin tələbə yataqxanasına və Bakı Rabitə Kollecinin tələbə yataqxanasına baş çəkərkən bunun şahidi oldum. Ailənin bir neçə üzvü bir otaqda qalmaq məcburiyyətindədir. Yəni bir otaq həm yataq, həm qonaq, həm iş otağı, ailədə şagird və tələbə varsa, onların dərs otağı kimi istifadə edilir. Bu səbəbdəndir ki, həddibüluğa çatmış gənc oğlanlar ailə qura bilmirlər. Çünki ailənin digər üzvlərinin məskunlaşdığı bir otağa ya gəlin gəlmək istəmir, ya da bəy razı olmur. Bu səbəbdən də yataqxanalarda məskunlaşan məcburi köçkünlər nisbətən normal şəraiti olan başqa yaşayış binalarına köçürülmələrini istəyirlər. Belə yataqxanalarda infeksion xəstəliyin daha tez yayılma ehtimalı da yüksəkdir. Çünki insanlar gün ərzində daha sıx təmasda olmaq məcburiyyətində qalırlar.
Rayonlarda isə ən acıncaqlı vəziyyət "finski evlər"də məskunlaşanlardadır. İstismar müddəti başa çatmış fin şəhərciklərindəki taxta və dəmir evlər yaşayış üçün əlverişli deyil. Rayonlarda məskunlaşan qaçqın və məcburi köçkünlərin ən ümdə problemlərindən biri isə işsizlikdir. Sabirabad rayonundakı Şəhriyar, Saatlı rayonundakı Əlsoltanlı fin şəhərciklərindən, Beyləqanın Bəhruz Kəngərli küçəsi və məscid ətrafı adlanan ərazidən hazırlanan reportajlar bunu deməyə əsas verir. Məsələ burasındadır ki, məcburi köçkünlərin pay torpaqları olmadığından onlar şəxsi təsərrüfatla da məşğul ola bilmirlər və yerli sakinlərin təsərrüfatlarında çox cüzi bir məbləğ müqabilində günəmuzd işləməyə məcbur olurlar. Füzuli rayonunun "Fin şəhərciyi"ndə də analoji problemlər hökm sürür.
Çadır
şəhərciklərindən müasir
qəsəbələrə
Problemlərin olması, əlbəttə,
o anlama gəlmir ki, ermənilərin təcavüzü nəticəsində
yurd-yuvalarından didərgin
düşmüş soydaşlarımız
qayğıdan kənarda
qalıblar. Onların
yaşayış şəraitinin yaxşılaşması
istiqamətində xeyli işlər görülüb.
Qaçqın və məcburi
köçkünlər üçün
yeni qəsəbələrin
salınması Azərbaycan
Respublikası Prezidentinin
2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş
"Qaçqınların və məcburi köçkünlərin yaşayış
şəraitinin yaxşılaşdırılması
və məşğulluğunun
artırılması üzrə
Dövlət Proqramı"na
əsasən aparılır.
Məlumdur ki, ölkəmizdə mövcud olan
çadır düşərgələrinin ləğvi
ideyası ümummilli lider
Heydər Əliyevə məxsus idi. İlk dəfə Biləsuvar rayonu
ərazisindəki 5 çadır düşərgəsi də
məhz onun göstərişi ilə
2003-cü ilin iyun
ayında ləğv edildi və 3781 ailə
17014 nəfər məcburi köçkün
yeni müasir qəsəbələrə
köçürüldü. Saatlı və
Sabirabad rayonlarındakı son 3 çadır düşərgəsinin ləğvi
2007-ci ilin dekabrında təmin edildi və beləliklə, ölkəmizdə
mövcud olan 12
çadır düşərgəsinin ləğvi başa çatdırıldı. Sonrakı
illərdə qalan 7 çadır
düşərgəsi də (Bərdə rayonunda
3, Ağcabədi rayonunda 1, Saatlı və
Sabirabad rayonlarında 3 çadır
düşərgəsi) ləğv edildi,
həmin düşərgələrdə, həmçinin Bərdə
və İmişli rayonları ərazisindəki
dəmir yolu üzərindəki yük vaqonlarında müvəqqəti məskunlaşmış
8039 ailə 35 min nəfər məcburi köçkün üçün
Ağdam, Ağcabədi, Biləsuvar, Sabirabad və Füzuli
rayonlarının ərazisində 408 min kvadratmetr sahəyə malik
26 qəsəbə salındı və məcburi
köçkünlərin həmin qəsəbələrə
köçürülməsi təmin edildi.
Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi
köçkünlər
üçün 500 ailəlik yeni qəsəbənin tikintisi başa
çatıb,
məcburi köçkün ailələri qəsəbədə olan evlərə köçürülüb.
Goranboy rayonu ərazisində Xocalı rayonundan olan məcburi köçkünlər üçün
500 ailəlik 4 yeni qəsəbədən Aşağı
Ağcakənd qəsəbəsində
- 150 ailəlik, Börü
qəsəbəsində - 130 ailəlik, Meşəli qəsəbəsində - 100 ailəlik
qəsəbələrin tikintisi
də yekunlaşıb.
Qeyd edək ki,
çadır şəhərciklərinin ləğvindən sonra fin tipli
qəsəbələrin ləğvinə başlanıb. Kəlbəcər
rayonundan olan 596 məcburi
köçkün ailəsi üçün Goranboy rayonunda 596 evin tikintisi də başa
çatıb.
Qaçqın və Məcburi
Köçkünlərlə İş
üzrə
Dövlət Komitəsindən aldığımız məlumata görə,
Şəki
(423 ailə), Bərdə (195 ailə), Ağdam (651 ailə), Ağcabədi (681 ailə) rayonlarında və
Mingəçevir
şəhərində (502 ailə üçün) qəsəbələrin və ya çoxmərtəbəli yaşayış binalarının tikintisi
üçün də torpaq sahələri ayrılıb, qəsəbələrin və ya çoxmərtəbəli yaşayış binalarının layihələndirmə işlərinə başlanılması
üçün texniki
şərtlərin verilməsi barədə aidiyyəti təşkilatlara müraciətlər edilib.
Qəbələ rayonu ərazisində 152 məcburi köçkün ailəsi üçün beşmərtəbəli evlər tikilir.
Abşeron rayonu ərazisində, Mehdiabad qəsəbəsinin
yaxınlığında yeni salınmış 108 və 40 ailəlik qəsəbələrin həmsərhədində
15 məcburi köçkün ailəsi üçün məhəllənin tikintisi başa çatıb və məcburi
köçkün ailələri evlərə köçürülüb.
Ağdamın Quzanlı
qəsəbəsində məcburi
köçkünlər
üçün tikilən yeni qəsəbə də istifadəyə verilib.
Bundan başqa Yevlax şəhərində məcburi
köçkünlər üçün
inşa olunmuş yaşayış məntəqəsinin
tikintisi də yekunlaşıb. Yaşayış
məntəqəsində 615 ailəlik evlər, məktəb, uşaq bağçası və
s. inşa olunub.
Qaçqın və məcburi
köçkünlərin yaşayış
şəraitinin yaxşılaşdırılması
istiqamətində işlər
sadalananlarla məhdudlaşmır.
Onların sosial durumunun
yaxşılaşdırılması məqsədilə
dövlət büdcəsindən vəsait ayrılır.
Bu baxımdan Azərbaycan prezidenti İlham Əliyevin məcburi köçkünlərin sosial
müdafiəsini gücləndirmək
məqsədi ilə sərəncamını da
xatırlatmaq yerinə
düşər. Belə
ki, məcburi köçkünlərə adambaşına
yemək xərci üçün verilən
aylıq müavinətin
məbləğinin 2010-cu il
sentyabrın 1-dən artırılaraq
15 manat müəyyən
edilməsi qərara alınıb.
Dövlət başçısı dəfələrlə bəyan
edib ki, məcburi köçkünlərin
sosial problemlərinin həlli, mənzil-məişət
şəraitinin yaxşılaşdırılması
istiqamətində işlər
ardıcıl davam etdiriləcək.
Şəraiti yaxşı olan
mənzillərə köçürülmə
o anlama gəlməməlidir
ki, məcburi köçkünlər daha
dədə-baba yurdlarına
qayıtmayacaqlar.
Prezident
İlham Əliyevin də qeyd etdiyi
kimi, bu məskunlaşma yalnız
müvəqqəti xarakter
daşıyır və
biz inanırıq ki, işğal altındakı
torpaqlarımız düşmən
tapdağından azad ediləcək və soydaşlarımız öz
doğma yurd-yuvalarına
qayıdacaqlar. Bax, o zaman erməni vandalları tərəfindən
dağıdılmış kəndlərdə, qəsəbələrdə,
şəhərlərdə quruculuq işlərinə
daha çox ehtiyac olacaq.
Yazı
Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondunun keçirdiyi müsabiqəyə təqdim
etmək üçün
hazırlanıb.
Firdovsi Fərzəliyev
Şərq.- 2010.- 27 noyabr.- S. 7.