Riyaziyyatla yaşanan ömür

 

60 yaş ömrün müdriklik çağıdır. Müdriklik isə hər kəsə nəsib olmayan nemətdir. Bu, elə bir nemətdir ki, əsil-nəcabətlə ötürülür, lakin insanın fərdi xüsusiyyətləri, elmi, savadı hesabına dərinləşir, kök atır. Həsənəli müəllim ata-baba ocağından miras kimi aldığı müdrikliyi öz elmi, savadı, əhatəli dünyagörüşü hesabına zənginləşdirib ağsaqqallıq səviyyəsinə yüksəldən ziyalılardandır. Məhz buna görədir ki, Həsənəli müəllim el-obanın ağsaqqalı kimi sevilir və qəbul edilir.

Həsənəli Aşırov 1 oktyabr 1950-ci ildə Gürcüstanın Bolnisi rayonunun sayılıb-seçilən, adlı-sanlı və çox hörmətli sakini, Darvaz orta məktəbinin rus dili və ədəbiyyatı müəllimi Ramazan müəllimin ailəsində dünyaya göz açmışdır. 

Bolnisi rayonunun əsrarəngiz gözəlliklərinin çalarları ilə fərqlənən, uca dağları, göz oxşayan yaylaları, dişdonduran bulaqları, sıx meşələri, qartallı qayaları, səfalı yerləri ilə zəngin olan, başını qoca Şindi dağına söykəyən Darvaz kəndi Gürcüstan Respublikasının axarlı-baxarlı yerlərindən biridir.

Həsənəli Aşırov məhz bu səfalı kənddə 1957-ci ildə orta məktəbin 1-ci sinfinə gedib. 1967-ci ildə Darvaz orta məktəbini "qızıl medal"la bitirərək sənədlərini keçmiş S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə verib. İlk iki imtahandan, yəni riyaziyyatdan (yazılı, şifahi) fənnindən "5" qiymət alaraq tələbə siyahısına daxil olub. 1972-ci ildə həmin universiteti qurtarıb ordu sıralarına çağırılıb. 2 il hərbi xidməti başa vurduqdan sonra vətənə qayıdıb. 1975-ci ildə əvvəlcə Kazreti gürcü 1 saylı orta məktəbinin hərbi təlim müəllimi, sonra isə eyni zamanda həmin rayonun Abdallı orta məktəbinin riyaziyyat müəllimi vəzifəsində işə başlayıb. Bir neçə ildən sonra Bolnisi rayon xalq maarif şöbəsində fəaliyyət göstərən riyaziyyat üzrə metodbirləşmənin üzvü, sonra isə sədri vəzifəsində işləyib. Onun riyaziyyat üzrə yetirmələri əski sovet dövründə xalq təsərrüfatının müxtəlif sahələrində çalışıblar. Abdallı kənd sakinləri Həsənəli Aşırov haqqında həmişə və hər yerdə qürur hissi və fəxrlə danışıblar. Həsənəli Aşırov həmişə ürəkdən deyərdi ki, nə yaxşı ki, riyaziyyat müəllimi olmuşam. Bu peşə ilə fəxr edirəm. Çünki bu əsl-nəcabəti olan nəslin adamları savadlı və mərd olublar. O cümlədən Musa kişi, Molla Əlləz, Əhməd kişi, Məhəmməd kişi, Qəhrəman, Bilal, Cəlal, Hilal və əmiləri Niyazalı, Ənvər, Allahyar, Cəmil, Məhər, Yusib, Qara, dayıları Mahal, CahangirSergey. Onların əksəriyyəti müəllim olublar. Həsənəli Aşırov onların müəllimlik irsini axıra kimi davam etdirən yeganə nümayəndədir.

1990-cı ildə tale onu Bakı şəhərinə gətirir. Həmin ildə Respublika fizika-riyaziyyatinformatika təmayüllü liseydə müəllim kimi işə başlayır. Bundan sonra yenə ömrünü riyaziyyata bağlayır, xalq və dövlət üçün hərtərəfli savadlı mütəxəssislər yetişdirir. 2008-ci ilin may ayının 17-də Təhsil Nazirliyi yanında fənlər üzrə müəllimlərin test yoxlaması aparılıb. Bu sınaqda Həsənəli müəllim riyaziyyat üzrə ən yüksək yeri tutub. Həsənəli müəllim gözəl ailə başçısıdır. Həsənəli müəllim 3 övlad və 3 nəvə sahibidir. Qızı Jalə hazırda Rusiyanın Krasnoyarsk şəhərində yaşayır. Azərbaycan Tibb Universitetinin məzunudur. Eyni zamanda Krasnoyarsk Tibb Akademiyasının ginekologiya üzrə ordinatorunun müdavimidir. Oğlu Natiq Azərbaycan Tibb Universitetinin məzunudur. Təcili tibbi yardım stansiyasının həkimidir.  

Oğlu Etibar Azərbaycan İqtisad Universitetinin həm bakalavr, həm magistr pilləsini fərqlənmə diplomu ilə qurtarıb. İqtisadi İslahatlar Mərkəzinin aspirantı olub. Hazırda fəlsəfə doktoru müdafiəsi ərəfəsindədir. Nəvələri Aliyə 4 yaşında, Bəsti 2 yaşında, Nihad 1 yaşındadır.  

Həsənəli müəllimə 60 yaşında nə arzu edə bilərik?! Təbii ki, ilk növbədə cansağlığı. Ömrünün müdriklik yaşını bundan sonra da uzun illər əmin-amanlıqla yaşamağı. Ailəsinin, doğmalarının əhatəsində olub, el-obasına ağsaqqallıq etməsini. Müqəddəs peşə olan müəllimlik sənətində bundan sonra da müvəffəqiyyətlər.  

Yubilyarı 60 yaşı tamam olması münasibətilə ailə üzvləri, qohumları, həmçinin "Şərq" qəzeti də ürəkdən təbrik edir.

 

 

Şərq.- 2010.- 1 oktyabr.- S. 12.