Məmməd Arazın söz qalası əlçatmazdır

 

O, bəlkə də yeganə şairdir ki, kimliyi, əqidəsi, həqiqət olduğu kimi öz şeirlərində görünür

 

Azərbaycanın xalq şairi, görkəmli ziyalı Məmməd Araz yaşasaydı, bu gün anadan olmasının 77-ci ildönümünü qeyd edəcəkdi.  

Məlumat üçün bildirək ki, Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nurs kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb, Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur.

1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdı. Onun adına "Məmməd Araz" mükafatı təsis olunub.  

2004-cü ilin dekabrında Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Onsuz keçən bu illər sübut etdi ki, həqiqətən də, Məmməd Arazın poeziya zirvəsində qurduğu söz qalası əlçatmazdır. Məmməd Araz poeziyası onun bütün pərəstişkarları üçün mənəvi işıq və mənəviyyat dərsidir. Bu şairin ürəyimizdə əbədi həkk olunmuş qəribə portreti var. Hər dəfə onun haqqında fikirləşəndə, istər-istəməz misraları dilimizdə pıçıltıya dönür.  

Sağlığında özünə nüfuzlu yer tapan Məmməd Araz dünya ədəbiyyatı nümayəndələrinin sırasında əzəmətlə dayanan, poeziyasında bütün planetlərin rəngi görünən, təkcə öz millətinin deyil, bəşər övladının söz ustadıdır. O, bu halal haqqı fəlsəfi mənası, dərinliyi, əfsunluğu ilə seçilən poeziyası ilə qazanıb.

Bu, bəlkə də çox az qələm sahibinə nəsib olan qüdrətdir ki, onun sözləri və kəlmələri ilə portretini yaratmaq mümkün olsun. Bu mənada Məmməd Arazın poeziyasından çəkilən ləçəklərdə şairin unudulmaz obrazı, şəxsiyyəti canlanır: "Pisliklərə qaya kimi yamanan", "Bir uçurumdan fırtınaya tor atan", "Şərə kəmənd, arzuya bələdçi", "Dünənini döşdən asan, sabahıma qəbir qazan deyiləm", "Duz tayını dəryalardan keçirən", "Qasırğa hədəfində qumru yuvası quran" və s. Ayrı-ayrı şeirlərdən çəkdiyimiz bu misralarda Məmməd Arazın böyük ürəyi, büllur dünyası var.

Dillər əzbəri olan misralarının ahəngindəki cəngavər gücü, qüdrəti bir orduya istiqamət vermək amacına malikdir.

Məmməd Araz bəlkə də yeganə şairdir ki, kimliyi, əqidəsi, həqiqət olduğu kimi öz şeirlərində görünür. Gözlərimizin önündəcə ayrı-ayrı misralardan boylanan qüdrətli bir şairimizin doğma obrazı canlanır.  

Onsuz keçən bu illər sübut etdi ki, həqiqətən də, Məmməd Arazın poeziya zirvəsində qurduğu söz qalası əlçatmazdır.

Məmməd Araz poeziyası - bütün keçilməzləri bir mərd qadınla keçdi, bütün vəznlərə sığdı, sevgi vəzninə sığmadı, neçə-neçə xatirə dəftərini bəzədi, dağlar başında Təbrizi ağlatdı, Bakıya gələ bilməyən Şəhriyara yas tutdu, el sazında bircə sim olmağa tələsdi, sevdi-sevildi, yaşadı-yaşatdı, "ölə-ölə yazmadı, yaza-yaza öldü". Dünyasını dəyişmədi, dünyanı dəyişdi. Öldü - ölüləri diriltmək üçün. Öldü - ölümüylə əbədilik qazandı. Məmməd Araz oxucuya Tanrı kimi tapındı, anadan-bacıdan gizlətdiyini oxucudan gizlətmədi. Peyğəmbərdən ad, çaydan soyad aldı - Məmməd Araz oldu. Türk dünyasının əbədi nəğməkarına çevrildi Məmməd Araz. "Bax, beləcə daşa dönəm yavaş-yavaş" deyib, dağ döşündə daşa döndü, göy üzündə quşa döndü, aşıqların sinəsində saza döndü, el dilində "Araz" adlı sözə döndü.

 

 

Tahirə

 

Şərq.- 2010.- 14 oktyabr.-S.7.