Kimya elminin
korifeyi
Alim
haqqında mütəxəssis sözü
Azərbaycan
Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar
elm xadimi, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin
deputatı, YAP idarə heyətinin üzvü, akademik Abel Məmmədəli
oğlu Məhərrəmov haqqında söz açmaq
çox məsuliyyətli işdir. Belə bir alimlə bir
yerdə tələbəlik illəri keçirmiş,
aspiranturada birgə təhsil almış bir adam kimi mənim məsuliyyətim
həm də ona görə birə beş artır ki, barəsində
söz açılan şəxsin özü olduqca məsuliyyətli
insandır.
1966-cı ilin avqust ayında Azərbaycanda
ali məktəblərə qəbul zamanı böyük
müsabiqə vardı. Elə fakültələr var idi ki,
burada bir yerə 20-25 iddiaçı sənəd vermişdi. Həmin
ildə həm onuncular, həm də onbirincilər orta məktəbi
bitirdiyinə görə abituriyentlər çox idi. Onu da qeyd
edək ki, 1966-1970-ci illəri əhatə edən səkkizinci
beşillikdə Kosıginin həyata keçirdiyi islahatlar həyatın
bütün sahələrində böyük canlanma
yaratmışdı. Bakı bütün Zaqafqaziyanın elm-təhsil
mərkəzinə çevrilmişdi. Həmin ildə Qərbi
Azərbaycanın Amasiya rayonundakı Güllübulaq kənd
orta məktəbini qızıl medalla bitirən Abel Məhərrəmov
Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) kimya
fakültəsinə daxil olmaq arzusu ilə Bakıya gəldi.
O, dəfələrlə İrəvanda keçirilən kimya
üzrə respublika olimpiadalarının qalibi olmuşdu,
Nekrasovun ali məktəblər üçün
yazdığı "Ümumi kimya" dərsliyini əzbər
bilirdi. Lakin daxilində bir narahatlıq var idi. Axı o,
Bakıda görkəmli akademiklər və professorlar
qarşısında imtahan verəcəkdi. 1966-cı il avqustun
1-də 50 nəfərdən çox medalçı xüsusi
komissiya qarşısında imtahan verdi. Bu, mübaliğə
deyil, həmin vaxtda bütün Bakı bu imtahandan
danışırdı. Abelin suallara dəqiq və dolğun
cavabları, məntiqli düşüncə tərzi, məsələnin
optimal həlli yollarını asanlıqla tapması, xüsusən
də gözəl kalliqrafik xətti komissiya üzvlərini
çox razı saldı. Ünlü alimlər ona 5 (əla)
yazdıqdan sonra onlardan biri yarıciddi-yarızarafat dedi: - Səni
gərək II kursa qəbul edək, sən I kursun
proqramını - Nekrasovun "Ümumi kimya"sını
mükəmməl bilirsən.
Beləliklə, dərin biliyi, mükəmməl
savadı, qeyri-adi istedadı ilə universitetin tələbələri
sırasına daxil olan 16 yaşlı yeniyetmənin elmin olimpinə
doğru zəfər yürüşü başladı. Bəlkə
də kimə isə inandırıcı görünməyəcək,
ancaq Abeli yaxından tanıyanlar bilir ki, bu, belədir: o,
Bakıya ali təhsil almaq üçün yox, alim olmaq,
özü də adaşı, görkəmli
riyaziyyatçı, norveçli düha Abel kimi lap
böyük alim olmaq üçün gəlmişdi. Bu
arzusuna, niyyətinə çatmaq üçün o, zəkasına,
təfəkkürünə, intellektinə, gündə 18
saat elmlə məşğul olmaq qabiliyyətinə
arxalanırdı. Oxuduğu 5 il ərzində Abel bir dəfə
də dərsə gecikməmiş, hazırlıqsız gəlməmiş,
bir dəfə də olsun müəllimlərindən danlaq
eşitməmişdir. Mühazirələr, seminarlar
qurtardıqdan sonra onu universitet kitabxanasının, M.F.Axundov
adına və Elmi-texniki kitabxanaların qiraət zallarında
tapmaq olardı. Bunlarla yetərlənməyən Abel axşam
universitetin yataqxanasındakı oxu zalında da 4-5 saat
çalışardı. Ümumiyyətlə, gündə
18-20 saat elmlə məşğul olmaq tezliklə öz bəhrəsini
verdi, Abel əlaçı tələbə kimi təkcə
kimya fakültəsində deyil, bütün universitetdə
tanındı. 1971-ci ildə universiteti əla qiymətlərlə
bitirən Abel təyinatla Ümumittifaq Elmi-Tədqiqat Olefinlər
İnstitutunda mühəndis kimyaçı kimi işə
başladı. Görkəmli akademik Mark Dalinin rəhbərlik
etdiyi bu institutda xalq təsərrüfatı üçün
əhəmiyyəti olan elmi-tədqiqat işləri
aparılırdı, nəticələr ümumiləşdirilib
müzakirə olunurdu. Bu müzakirələrdə Abelin
söylədiyi fikirlər, elmi işçiyə xas olan tədqiqatçı
ehtirası onun yaxın gələcəkdə nüfuzlu bir
alim olacağından xəbər verirdi. Akademiklər Mark
Dalinin və Soltan Mehdiyevin Abelin aspiranturaya daxil olması
üçün MDU-ya yazdıqları xasiyyətnamədə
belə sətirlər vardı: "Yoldaş Abel Məhərrəmov
öz biliyinin artırılması istiqamətində sistematik
olaraq məşğul olur, tapşırılan işlərin
yerinə yetirilməsində yaradıcı təşəbbüskarlıq
göstərir. O, institutda yerinə yetirilən təsərrüfat
hesablı "Butilenin katalizator iştirakı ilə polimerləşmə
işini" və "Benzinin oktan ədədinin yüksəldilməsi
məqsədi ilə izomerləşməsi" mövzusunda
elmi-tədqiqat işinin yerinə yetirilməsində fəal
iştirak etmişdir".
Abelin məsuliyyətli insan olduğunu
yuxarıda qeyd etmişdik, onun yaxşı xüsusiyyətlərindən
biri də elmdə ən uca məqsədlərə
çatmaq üçün yorulmadan-usanmadan
çalışmasıdır. Dünya
kimyaçılarının zirvələrindən sayılan
Moskva Dövlət Universitetinin aspiranturasına sənəd
verəndə bəlkə də bəziləri Abelin cəsarətinə
heyrətləndilər. Axı, MDU-da əyalət universitetini
bitirən şəxslərə, yumşaq desək, bir az
yuxarıdan baxırdılar. Abel də öz gücünə
arxayın idi, o, üzvi kimyaya dair rus, alman, ingilis, amerikan alimlərinin
kitablarını oxumuşdu, elmi jurnallarda məqalələri
çap olunmuşdu. Həmin vaxtda MDU-nun kimya fakültəsində
üzvi kimya kafedrasının müdiri, dünya şöhrətli
akademik Nikolay Serafimoviç Zefirov bir neçə dəfə
Abelin nəzəri biliyini, laborator vərdişlərini
yoxladıqdan sonra demişdi:
-Cavan oğlan, Sizin təkcə
adınız qeyri-adi deyil, Siz olduqca unikal düşüncə
tərzinə, paradoksal qərarlar qəbul etmək qabiliyyətinə
malik adamsınız. İnanıram ki, yaxın onilliklərdə
kimyada ulduz kimi parlayacaqsınız. Görkəmli alimi
tanıyanlar yaxşı bilir ki, o, hər adamı tərifləməyi
xoşlamır. N.S.Zefirovun təriflədiyi adam qeyri-adi istedad
sahibi olmalıydı. Görünür, o da Allahın əmri,
alın yazısı idi ki, bu qeyri-adi adlı şəxs
kimyada uca zirvələr fəth etməli idi, xalqımıza
şöhrət gətirən görkəmli alimə
çevrilməli idi.
Hələ 70-ci illərin əvvəlləri
idi, gənc aspirant ona bəslənilən ümidləri
doğrultmaq üçün həm nəzəri məşğələlərdə,
həm də laboratoriya işlərində xeyli diqqətli
olmalı idi. Laboratoriyada
ikiqat-üçqat diqqətli olmaq lazım idi. Alınan maddənin,
reaksiyanın başa çatma müddəti düzgün
müəyyənləşdirilmədikdə aylarla çəkilən
əziyyət hədər gedərdi. MDU-nun kimya fakültəsi
ayrıca möhtəşəm bir korpusda yerləşir.
Burada bir mərtəbə üzvi kimya kafedrası
üçün ayrılmışdır. Buradakı
laboratoriyalarda tələbələr, aspirantlar, doktorantlar
çalışırdılar. Abel üçün
ayrılan iş stolu özünün səliqə-sahmanı,
qeyd jurnalındakı yazıların səliqəliliyi ilə
hamını heyran qoyurdu. Bəzi reaksiyalar 10-12 saat çəkirdi,
belə günlərdə Abel bir an da olsun qurğunun
qarşısından kənara çəkilmirdi, bir tikə
çörəyi, bir qurtum suyu ayaqüstü
yeyib-içirdi. Abelin liderlik qabiliyyəti hələ BDU-da
oxuyarkən formalaşmışdı. 23-24 yaşına rəğmən
həmin illərdə Moskvada təhsil alan bir çox azərbaycanlı
aspirantlar, doktorantlar onun aspirantlar yataqxanasının 12-ci mərtəbəsində
yerləşən otağına toplaşar, elmdən, incəsənətdən,
mədəniyyətdən söhbət açardılar. Bu
söhbətlərin yönəldicisi, istiqamətləndiricisi,
əlbəttə ki, Abel idi. Abeli daha yaxşı nailiyyətlər
qazanmağa ruhlandıran amillərdən biri ulu öndərimiz
Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi
nümayəndəliyində keçirdiyi görüşlər
olurdu. Bu görüşlərin təsiri altında uzun
müddət yaşayan Abel həmişə deyirdi: - Dövlətimizin
başçısı bizə böyük ümidlər bəsləyir,
gələcəkdə Azərbaycan elmini, təhsilini
ucalaıqra qaldıracağımıza inanır. Gərək
biz elə edək ki, bu etimada layiq olaq.
Elə bu məsuliyyətin, işgüzarlığın və
təşəbbüskarlığın
nəticəsi idi
ki, nəzərdə tutulan 3 il
ərzində namizədlik minimumlarından uğurla keçən, nüfuzlu elmi
jurnallarda dissertasiyasının müəyyən hissələrini çap etdirən Abel
Məhərrəmov 1976-cı ildə akademik N.S.Zefirovun rəhbərliyi ilə
MDU-nun İxtisaslaşmış
Elmi Şurasında namizədlik dissertasiyasını müdafiə etdi.
1976-cı ildə kimya elmləri namizədi kimi
doğma BDU-ya qayıdan Abel Məhərrəmov 1991-ci ildə doktorluq dissertasiyasını
müdafiə etmiş və professor adına layiq
görülmüşdür.
Abel Məhərrəmovun alim kimi tədqiqat
obyekti çox geniş və əhatəlidir. Onun elmi tədqiqatlarının
ən əsas nailiyyətlərindən biri "dopinq birləşmə"
adı ilə "zərif üzvi sintez" sahəsində məşhurlaşmış
elektrofil birləşmə reaksiyalarının yeni sintetik istiqamətinin
müəyyən edilməsi olmuşdur.
Abel Məhərrəmov tərəfindən
ilk dəfə olaraq on iki üzvlü tsikllərin konformasion analizi
öyrənilmişdir. Bu məqsədlə əvvəlcə
o, nəzəri olaraq Kremer-Popla parametrlərinə əsasən
kvant mexaniki hesablamalar aparmış, sonra isə on iki
üzvlü tsikllərin doymuş və doymamış törəmələrini
sintez edərək rentgenstruktur analiz vasitəsi ilə
onların molekulyar və kristallik quruluşlarını
öyrənmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi, Abel Məhərrəmov
elm sahəsində qazandığı nailiyyətlərlə
arxayınlaşan, yetərlənən alimlərdən deyil. Müntəzəm
olaraq elmi işlərini davam etdirən Abel müəllim
1999-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü, 2008-ci ildə isə AMEA-nın həqiqi
üzvü seçilərək akademik adını
qazanmışdır. Onun yüksək səviyyəli alim
olduğunu oxuculara çatdırmaq üçün Rusiya Elmlər
Akademiyasının akademiki N.S. Zefirovun 1998-ci il iyunun 10-da
AMEA-nın Rəyasət Heyətinə göndərdiyi zəmanətin
bir hissəsini sizə təqdim edirik:
"Mənim ən yaxşı tələbələrimdən
biri olan professor Abel Məmmədəli oğlu Məhərrəmov
üzvi kimyanın bir neçə mühüm sahəsində-ikiqat
rabitələrə elektrofil birləşmələrdə,
habelə zərif üzvi sintez sahəsində fundamental
işlər görmüşdür. Onun tərəfindən
üzvi kimyanın yeni sintetik istiqaməti nəzərə
çarpacaq dərəcədə inkişaf etdirilmişdir.
Onun dopinq effektdən istifadə etməklə
apardığı reaksiyalar sintetik metodlar arsenalına daxil
olmuş, bu nəticələr müasir rus və xarici ölkələr
ədəbiyyatında geniş yer almışdır. O, ilk dəfə
olaraq yeni reaksiya mexanizmləri üçün effektiv
stimulyator kimi güclü elektrolitləri tətbiq etmiş, bu
da ona yeni reaksiyaları həyata keçirməyə imkan
vermişdir. Abel Məhərrəmovun sintetik kimyanın
kükürdün üzvi birləşmələrinin,
oksiranın və böyük tsikllərin kimyasının
inkişafında fundamental işləri ona ümumdünya
şöhrəti gətirmişdir".
Abel Məhərrəmov üzvi kimyada yeni
istiqamətin
müəllifi
kimi ABŞ-da, Fransada, Yaponiyada, Türkiyədə, Rusiyada uzunmüddətli elmi ezamiyyətlərdə olmuş, öz
elmi işləri barədə məruzə etmişdir.
Biz bir neçə kəlmə də Abel
müəllimin rəhbər işçi kimi məziyyətlərindən
danışmaq istəyirik. O, universitetdə tədris hissəsinin
müdiri, 1984-1993-cü illərdə kimya fakültəsinin
dekan müavini, 1993-1999-cu illərdə kimya fakültəsinin
dekanı, 1999-cu ilin 11 yanvarından isə ulu öndərimiz
Heydər Əliyevin sərəncamı ilə Bakı Dövlət
Universitetinin rektoru təyin edilmişdir. Rektor təyin edilərkən
ulu öndərimiz Heydər Əliyev onunla bir saata yaxın
söhbət etmişdir. Bu görüşü Abel Məhərrəmov
ömrünün ən böyük akademiyası, ən
böyük elmi məktəbi, bütün ömrü boyu
unudulmayacaq hadisəsi hesab edir.
Akademik Abel Məhərrəmov həm də
mükəmməl elm təşkilatçısı kimi
Bakı Dövlət Universitetində maddi-texniki bazanın
möhkəmləndirilməsinə, burada Avropa və dünya
standartlarına cavab verən problem laboratoriyalarının
yaradılmasına xüsusi diqqət göstərir. Elə onu demək
kifayətdir ki, BDU-da fəaliyyət göstərən,
ümumi dəyəri 400 min manatdan çox olan nüvə
maqnit rezonansı aparatı Zaqafqaziya ali məktəblərinin
heç birində yoxdur. Bu aparat vasitəsilə yeni
alınmış maddələrin 30-dan çox fiziki xassələri
on mində bir dəqiqliklə ölçülüb identikləşdirilir
ki, bu da BDU-da yerinə yetirilən elmi işlərin dəyərini,
sanbalını ölçüyəgəlməz dərəcədə
yüksəldir. BDU-dan göndərilən elmi-tədqiqat
işləri nüfuzlu beynəlxalq kimya jurnalllarında dərc
olunur.
BDU-da unikal elmi mərkəzlərdən
biri də nanotexnologiya laboratoriyasıdır. Gələcəyin-XXI
əsrin sonrakı onilliklərin elmi adlandırılan
nanotexnologiyada on üstü mənfi doqquz tərtibli sistemlərin,
yəni atomların xüsusiyyətləri öyrənilir. Bu
da gələcəkdə nanorobotların yaranmasına imkan verəcəkdir
ki, yeni sahə müdafiə sənayesindən tutmuş, xalq təsərrüfatının
bir çox sahələrini əhatə etməklə bəşəriyyətə
xidmət göstərəcəkdir
Akademik Abel Məhərrəmov onlarca gənc
alimin doktorluq və namizədlik dissertasiyasına rəhbərlik
etmişdir. Abel Məhərrəmov bir çox nüfuzlu kimya
jurnallarının redaksiya heyətinin üzvü kimi səmərəli
və məhsuldar fəaliyyət göstərir.
Məlumdur ki, ən çətin iş idarəetmədir,
idarəetmək məharəti ədalətliliklə
bağlıdır. Hər bir rəhbər işçinin
böyüklüyü, əzəməti, fəzilətinin
gücü onun ədalətliliyində, obyektivliyində,
prinsipiallığında və sadəliyindədir. BDU-nun
rektoru Abel Məhərrəmov bu keyfiyyətlərə malik
olan şəxslərdən biridir. Biz bu yazıda Abel müəllimin
Milli Məclisin deputatı, YAP idarə heyətinin üzvü
kimi geniş və məhsuldar fəaliyyətindən qəsdən
söz açmadıq. Çünki universal fəaliyyət
sahibi olan akademik Abel Məhərrəmovun təkcə
elmi-pedaqoji fəaliyyəti belə onu bir vətəndaş
kimi daha yaxından tanımağa imkan yaradır.
Fəxrəddin Fərzəliyev
Şərq.- 2010.- 21 oktyabr.- S. 7