Görünən dağın ucalıq zirvəsi

 

Bakı Dövlət Universiteti Boloniya təhsil prosesinə qoşulandan bəri çox ciddi layihələrin və ideyaların gerçəkləşdiyi bir tədris, elm müəssisəsinə çevrilib. Burada bütün fənlər üzrə dərs deyən müəllimlərin mühazirə mətnləri universitet kompüter sisteminə yerləşdirilmişdir. Tələbələr müəllimin proqram ətrafında mühazirəsini dinləyir və bundan sonra fakültədə xüsusi ştatla fəaliyyət göstərən tütor vasitəsi ilə həmin mövzuda mühazirənin daha bir mətninin elektron variantını əldə edir. Tütor demişkən, qeyd edək ki, ölkənin bir çox ali məktəbinin artıq xeyli vaxtdan bəri qəbul etdiyi Boloniya sisteminin köməkçi atributlarından olan belə bir vəzifə bizim təhsil prosesi üçün tamamilə yenidir və onların ixtisaslaşması ideyası da Bakı Dövlət Universitetində gerçəkləşir.

BDU-da gerçəkləşməsi qış imtahan sessiyasında tamamilə başa çatdırılacaq test üsulu da yeni ideyalar sırasındadır. Bu ideya 2010-cu tədris ilinin əvvəlində universitet Elmi Şurasında müzakirə edilmiş, Şuranın qərarı ilə onun reallaşma prosesi başlamışdır. Bu tədris ilinin yay sessiyasında dövlət imtahanlarının hamısı və semestr imtahanlarının bir qismi test üsulu ilə keçirilmiş, eksperimentin səmərəsinə görə bütövlükdə imtahanların məhz bu üsulla keçirilməsi qərara alınmışdır. İmtahanlarda tələbənin müstəqilliyini, tam obyektivliyi təmin edən test üsulu tələbələrin ürəyindən olmuşdur.  

Əlbəttə, mühazirələrin mükəmməlliyi, imtahanların obyektiv keçirilməsi tələbənin biliklərə tam yiyələnməsinə kömək edən mühüm amillərdir. Lakin kompüter mərkəzinə yerləşdirilmiş mükəmməl mühazirə də, digər tədbirlər də müəllimin tədris metodikasının bir hissəsidir. Bütün bu ideyaların bir çoxunun təşəbbüskarı, qızğın müdafiəçisi, rektor Abel Məhərrəmovun fikrincə, hər şey universiteti bitirən tələbənin "qalıq biliyinə" bağlıdır. Yəni, məzun bu universiteti bitirərkən özü ilə nə qədər bilik aparır? Hər şey bu sualın müsbət həllinə xidmət etməlidir. Akademik Abel Məhərrəmovun fikrincə, bu "qalıq biliyin" miqdarı müəllimin mühazirə qabiliyyətindən, bildiyini tələbəyə verə bilmək bacarığından çox asılıdır. Ona görə də müəllimin mühazirə metodikası, onun auditoriyada tələbələrlə elmi-tədris bacarığı metodşuralar üçün də şəffaf olmalıdır. Bunu təmin etmək üçün ortaya qoyulan yeni ideya universitet auditoriyalarının bir mərkəzdən idarə edilən videokameralarla təmin olunmasıdır. İndi bu ideya tamamilə reallaşıb: Universitetdə nəinki tədris prosesini, bütövlükdə əməkdaşların prosesini izləmək imkanı verən ayrıca Tədris-elektron Mərkəzi fəaliyyət göstərir. Ən yeni informasiya texnologiyası ilə təmin edilmiş bu mərkəz artıq öz səmərəsini verməkdədir. Xüsusilə universitetdə fəaliyyət göstərən metodiki şuralar indi kiminsə dərsində oturub vaxt sərf etməkdən yaxa qurtarıb. İndi metodşura üzvləri mühazirəsini dinləmək istədikləri müəllimin mərkəz tərəfindən diskə yazılmış dərsini istədikləri vaxt müzakirə edə bilirlər. Bu proses bir tərəfdən müəllimin, tələbənin dərsə münasibətini daha da ciddiləşdirir, digər tərəfdən professor-müəllim heyətinin fəaliyyətini obyektiv qiymətləndirməyə imkan verir.  

Bakı Dövlət Universitetində yeni ideyaların irəli sürülməsi onların gerçəkləşdirilməsi prosesi müntəzəm xarakter daşıyır. Bu möhtəşəm ideyalardan biri universitet kollektivi üçün kooperativ mənzil tikintisidir. Cəmi beş il bundan əvvəl rektorun şəxsi təşəbbüsü ilə bünövrəsi qoyulan on yeddi mərtəbəli 4 bina indi universitet müəllimlərinin istifadəsindədir. Akademik, rektor Abel Məhərrəmov Milli Məclisə ötən seçkilərdə deputat seçildiyi Yasamal rayonu 16 saylı dairəsində belə təşəbbüslərin, səmərəli ideyaların müəllifi kimi tanınır. Milli Məclisə bu ilki seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Abel Məhərrəmov universitet, Yasamal, Bakı nəhayət, Azərbaycan ideyalarını birləşdirən vətəndaş kimi seçicilərinin hörmətini qazanmışdır. "Görünən dağa bələdçi lazım" kimi müdrik xalq prinsipindən çıxış etsək deyə bilərik ki, Abel Məhərrəmovun "görünən dağı" bir silsilə təşkil edir. Bu görünən dağ silsiləsinin əvvəli Bakı Dövlət Universitetinin ucalığından başlayır, sonu Azərbaycan deyilən zirvədə tamamlanır.

 

 

Gülnarə Sadıqova,

BDU, Jurnalistikanın nəzəriyyəsi

təcrübəsi kafedrasının baş müəllimi

 

Şərq.- 2010.- 27 oktyabr.- S. 6.