Mənsum İbrahimov - sevilməyə haqqı olan Məcnun
Azərbaycanın musiqi aləmində
oktyabr ayı xalq artisti, mahir
muğam ifaçısı
Mənsum İbrahimovun
50 illik yubiley tədbirləri ilə yadda qaldı. Zəngin muğamlarımızı, xalq mahnılarımızı
sevə-sevə ifa edən, onlara yeni ruh, yeni
nəfəs verən xanəndənin yubileyinin belə təntənəli
şəkildə qeyd
olunması yaşanmış
illərin mənasız
və hədər keçmədiyini bir daha sübuta yetirir.
Mənsum İbrahimov o sənətkarlardandır
ki, məqsədinə
çatmaq üçün
keçəcəyi yolların
ağırlığını, çətinliyini duya-duya
fikrindən dönməyib,
muğam sənətinin
inkişafı üçün
bütün yaradıcılıq
imkanlarını bu sahədən əsirgəməyib. Mərhum sənətkarımız Şövkət xanım Ələkbərovanın xeyir-duası
və tövsiyəsi
ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
səhnəsinə qədəm
qoyan Mənsum İbrahimov 1993-cü ildən
bu günə qədər Məcnun
"yükünü" sonsuz
məhəbbət və
sədaqət hissləri
ilə çiyinlərində
daşıyır. O, təkcə
səhnədə Leylisinin
Məcnunu deyil, ailəsində öz xanımının, dostlar
arasında dostlarının,
ən ali
və kövrək hisslərində Qarabağın
Məcnunudur. O, heç
vaxt belə görünməyə çalışmır,
o, sadəcə dünyaya
belə gəlib. Təsadüfi deyil ki, yubileyi ərəfəsində
işıq üzü
görmüş, Mustafa Çəmənlinin
onun haqqında yazdığı kitab məhz "Məcnunun Məcnunu" adlanır.
Mənsum İbrahimov öz
sənətinə təmənnasız
xidmət edən sənətçilərdəndir. O, çəkdiyi zəhmətin bəhrəsini
gözləmədən yeni-yeni
uğurlara imza atır, tükənmir, usanmır. Təvazökarlığına baxmayaraq Mənsum
İbrahimov zaman-zaman öz layiqli qiymətini alır. Ən böyük mükafatı
xalqın ona olan böyük sevgisidir. Elə bəlkə də bunun nəticəsidir ki, konsertlərində ifa etdiyi muğamların,
mahnıların sonluğu
tarda Elçin Həşimovun, kamanda Elnur Əhmədovun müşayiəti ilə
deyil, tamaşaçı
alqışları ilə
tamamlanır. İki dəfə Prezident mükafatına, xalq artisti fəxri adına layiq görülməsi, Azərbaycan
Prezidenti İlham Əliyevin fərmanı ilə muğam sənətinin inkişafındakı
xidmətlərinə görə
"Şöhrət" ordeni
ilə təltif olunması dövlət səviyyəsində Mənsum
İbrahimova verilən
qiymətin təzahürüdür.
Mənsum müəllim on ildən
artıqdır ki, pedaqoji fəaliyyətlə
də məşğul
olur. Vaxtının azlığına baxmayaraq o, bu sahəyə olduqca ciddi yanaşır, xüsusi diqqət yetirir, gənc nəslin muğam sənətinin incəliklərinə
yiyələnməsi üçün
bilik və bacarığını əsirgəmir.
Bu gün onun
müəllim kimi mənəvi haqqı var ki, yetişdirdiyi
və artıq respublikamızda yaxşı
tanınan tələbələri
haqqında qürur hissi ilə danışsın.
Muğamın, milli musiqimizin təbliğ olunması, dünyada tanınması
Mənsum
İbrahimovun yaradıcılıq fəaliyyətində ən önəmli yerlərdən birini tutur. O ABŞ-da, Kanadada, Belçikada, Fransada, İranda, Türkiyədə, İraqda,
Lüksemburqda Azərbaycan
muğamını böyük məharətlə
təbliğ etmiş, muğam
sənətinin sirli-sehrli bir
möcüzə olduğunu dünya xalqlarına sübuta
yetirməyə nail olmuşdur.
Belə konsertlərin biri də bu ilin mart
ayında Ukraynanın paytaxtında baş
tutmuşdur. Kiyevdə yaşayan soydaşımız, Azərbaycan mədəniyyətinin
yorulmaz təbliğatçısı Burzu Əliyevin təşəbbüsü və
dəstəyi ilə Ukrayna Milli Akademik Opera və Balet
Teatrında keçirilən simfonik muğam gecəsində Mənsum İbrahimovun ifası təkcə azərbaycanlıların
deyil, gecədə iştirak
edən ukraynalıların, digər xarici
qonaqların Azərbaycan muğamına böyük
marağına və məhəbbətinə səbəb olmuşdu.
Təbii ki, bütün
əxlaqi dəyərləri özündə
cəmləşdirməyi bacaran, sadəliyi ilə seçilən, "Şöhrət" ordenli xalq artisti Mənsum
İbrahimova yubiley günlərində dostları,
doğmaları,
həmkarları,
pərəstişkarları ən səmimi arzularını
çatdırırlar. Ancaq ömrün əllinci
aşırımında Mənsum müəllimin müsahibələrinin
birində söylədiyi kimi özünün də özünə bir arzusu var:
" Özümə arzu edirəm ki, inşallah,
Cıdır düzündə oxuyum. Allah o günü
mənə və hər birimizə qismət eləsin ki, Qarabağda
bayramımızı qeyd edək. Çünki səbrimiz tükənib,
Qarabağsız yaşamaq mümkün
deyil".
Musiqidən,
muğamdan yoğrulmuş
Mənsum İbrahimov ömrü
davam edir. Yəqin ki, hələ görüləsi işləri,
həyata keçirəcəyi layihələri çoxdur. Yəqin ki, hələ
yeni-yeni uğurları ilə pərəstişkarlarını
daha çox sevindirəcək.
Və qısa bir zaman
kəsiyindən sonra Mənsum müəllim
arzularının gerçəkləşdiyi günün
də şahidi olacaq.
Azərbaycanın musiqi beşiyi
olan Qarabağda, Ağdamda, Şuşada, tac mahalımız Cıdır düzündə
ən möhtəşəm konsertlərini verəcək, şah əsərini - "Qarabağ
şikəstəsi"ni ifa edib Üzeyir bəyin ruhunu şad edəcək.
Bax elə həmin gün
Məcnun Mənsum İbrahimov öz sevgisinə qovuşacaq.
"Şərq" qəzeti vasitəsilə Mənsum İbrahimovun Ukraynada yaşayan pərəstişkarları sevimli xanəndəmizi ən
xoş arzularla təbrik edir,
sevilməyə haqqı
olan Məcnuna daha böyük sevgilər
diləyir. Tanrı səsinizdən Qarabağ ruhunu əskik
etməsin. 50 yaşınız mübarək!
Azər
Qardaşlı
Şərq.- 2010.- 28 oktyabr.- S. 14.