Tanınmışlar Zəlimxan Yaqubdan danışırlar

 

Xalq şairinə həsr olunmuş 2 cildlik kitab işıq üzü görüb

 

"Zəlimxanın nəfəsində bizim milli qəhrəmanımız Mete, Aytəkin dilə gəlir, bizim Türküstan dünyası dilə gəlir. Biz bilməliyik ki, Azərbaycanın guşə daşı türklükdür. Latın əlifbasıdır. Bizim Türkiyəyə və bütün Türküstan dünyasına güvənməyimizdir. 

Böyük salonlarda bu eşqi tərənnüm eləyir Zəlimxan. Ona görə də biz Zəlimxanı təkcə bir ər kimi yox, ictimai ürək kimi tanımalı, ondan ibrət götürməliyik. Mən bir az xəstətəhər, bəzən dirilən, bəzən ölən, bəzən Səməndər quşu kimi külün içində alovlanan bir qüdrətəm. Amma Zəlimxan əbədi Prometey, əbədi Səməndər quşudur..."  

Bu sözləri mərhum Xəlil Rza Ulutürk 1993-cü ilin bir yaz günündə deyib. 2009-cu ildə isə xalq şairinin həmin sözləri "Zəlimxan Yaqub ədəbi düşüncələrdə" kitabına "düşüb".  

Yenicə nəşrdən çıxmış 2 cildlik kitabda xalq şairi Zəlimxan Yaqubla bağlı görkəmli dövlət xadimlərinin fikirləri, şair və publisistlərin onun yaradıcılığına həsr etdikləri məqalələr toplanıb. Kimlərin fikirləri, düşüncələri, arzuları yoxdu bu kitabda... Bu kitabda təkcə Azərbaycanın deyil, bütün türk dünyasının müasir fikir nəhənglərinin düşüncələri var. Kitabın birinci cildi Z.Yaqubun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında prezident Heydər Əliyevin fərmanı və xalq şairinin 50 illik yubileyinin təbriki ilə açılır. Təbrikdə belə bir cümlə yer alıb: "Siz Azərbaycan poeziyasının inciləri səviyyəsinə qalxa bilən nəzm əsərləri yaratmısınız". Bu, ümummilli liderin xalq şairinə verdiyi yüksək qiymətin göstəricisidir. 

Kitabda çox maraqlı sıralanma var. Xalq yazıçısı Süleyman Rəhimovun gənc şair Zəlimxan Yaquba verdiyi zəmanət məktubunun mətni, Osman Sarıvəlli, Mirvarid Dilbazi, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Muğanna, Xudu Məmmədov, Xəlil Rza Ulutürk kimi nəhənglərin Zəlimxan Yaqub yaradıcılığı haqqında müxtəlif illərdə yazdığı məqalələr, qələmə aldıqları düşüncələr, arzular sırasını Qulu Xəlilov, xalq yazıçısı Mövlud Süleymanlı, professor Nizami Cəfərov, Səlahəddin Xəlilov, Yaşar Qarayev, Məmməd Aslan, Fikrət Sadıq, Vaqif Səmədoğlu, xalq yazıçısı Elçin... daha kimlər, kimlər davam etdirir.

 

   Aran da, yaylaq da doğmadır mənə,  

   Qəlbimi dağlara verməsəm, ölləm.  

   Yazda çiyələyi, yayda yarpızı,

   Payızda moruğu dərməsəm, ölləm.

  

   Barmağı pərdədə, mizrabı teldə, 

   Turacı meşədə, sonanı göldə,

   Kəkliyi qayada, ceyranı çöldə,

   Qartalı zirvədə görməsəm, ölləm...

 

Türk dünyasının fikir nəhənglərinə Zəlimxan Yaqubu sevdirən və ona layiq olduğu dəyəri verən məhz bu şeirlərdir.

 

 

Şərq.- 2010.- 7 yanvar.- S. 5.