Heydər Camal kimdir?
Böyük
siyasi xadim, alpinist, milliyyətçi, yoxsa məşhur
filosof?
Rusiyada yaşayan azərbaycanlılar
arasında elələri də var ki, onlar nəinki rus elminə
və mədəniyyətinə, eləcə də dünya
elminə böyük töhfələr verir. Onlardan biri də
Rusiya İslam Komitəsinin sədri Heydər Camaldır.
H.Camal tanınmış filosof olmaqla yanaşı, həm də
şimal qonşumuzda böyük nüfuza malik ictimai-siyasi
xadimdir. Bir çox hallarda siyasi düşüncələri və
açıqlamaları ilə gündəmə gələn
H.Camalın hər bir fikri maraqla qarşılanır, bəyanatları
dünya KİV-ində özünə yer alır.
H.Camal
və onun həyatı
Əslən
şuşalı olan H.Camal Qarabağın məşhur
Sarıcalılar nəslindəndir. O, 1947-ci ildə Moskvada
anadan olub. Hələ uşaq ikən Şuşaya - ata yurduna
köçən ailəsi burda da çox qalmır. Yenidən
geri dönür.
H.Camalın yaxın
dostu, yazıçı-publisist Həmid Herisçi bizimlə
söhbətində onun barəsində bunları dedi:
- Mən onu 1988-ci ildən
tanıyıram. Deyə bilərəm ki, Heydər Camal uzun
müddət andeqraunt mədəniyyətinin çox üzdə
olan nümayəndəsi idi. Yəni ki, o, yeraltı fəlsəfənin
ustadı sayılır. Sovet dövrü dağılarkən
Heydər Camal artıq böyük bir filosof idi. O dövrdə
artıq onu böyük müəlliflər
tanıyırdılar, amma belə çap olunmurdu. O, SSRİ
dövründə İslam Dirçəliş
Partiyasının İdarə Heyətinin üzvü idi.
Tacikistandakı hadisələrdə çox fəal
iştirak etmişdi. Ancaq Heydər Camal haqqında 90-cı illərin
əvvəllərinə qədər belə geniş məlumat
yox idi. Mən Heydəri hətta alpinist kimi tanıyıram.
Çünki o, uzun müddət alpinist olub. Tacikistanda Tamir
dağlarına dırmaşıb. O dövrdə işləməmək
qanunla yasaq idi. Ancaq alpinist olduqda isə həm müəyyən
qədər maaş alırdın, həm də dağlara
çıxırdın. Heydər Camal Tamir dağlarına
çıxarkən orda həm fars dilini öyrəndi, həm
də orda olan sufi təriqətləri ilə çox ciddi əlaqəyə
girdi. Yəni Heydər Camalın Tacikistanda təkcə
alpinistliyi yox idi, o, eyni zamanda orda islamı öyrənirdi. Bu
səbəbdən də o, uzun müddət Tacikistanda
yaşayıb.
Məşhur
rəssam Cövdət Camal
Heydər Camalın
atası Cövdət Camal haqqında danışan
H.Herisçi onun çox məşhur rəssam olduğunu
bildirdi:
- Cövdət Camal
şuşalıdır. Mən şəxsən onu
tanıyıram. Bəlkə də indi onun 90-a yaxın
yaşı var. Çox sağlam bir insandır. 1941-ci ildə
Moskvada rəssamlıqla bağlı təhsil alıb. Bu zaman
onu rəssam kimi orduya aparıblar. Sovet marşalı Georgi Jukovun
20 belə rəssamı olub. Onlardan biri də Cövdət
Camal idi. C.Camal təxminən 5 il orduda olub, şəkillərini
çəkib, o cümlədən məşhur Jukovun da
portretini yaradıb. Cövdət Camal, səhv etmirəmsə,
1946-cı ildə Heydər Camalın anası ilə ailə həyatı
qurub. Bir ildən sonra Heydər dünyaya gələndən
sonra Şuşaya köçürlər. Cövdət
Camalın özü də Qarabağın məşhur
Sarıcalılar nəslindəndir. Sarıcalılar
Şuşada da, Ağdamda da var, həm də Sarıcalı kəndi
var.
Heydər
Camalın ilk davası
H.Herisçinin sözlərinə
görə, Heydər Camal 60-cı illərin sonlarında
SSRİ-nin Xarici Dillər İnstitutunun Fransız dili
şöbəsinə daxil olur:
- Burda iki il oxuyur. Amma bu
institutda kimsə Azərbaycanı təhqir etmişdi. Heydər
də ona qarşı fiziki güc tətbiq edir. Buna görə
də Heydəri ikinci kursdan institutdan uzaqlaşdırırlar.
Demək istəyirəm ki, Heydərin ilk dəfə
başağrısı Azərbaycan millətçiliyinə
görə olub. İnstitutdan çıxardıldıqdan
sonra Heydər alpinizmlə məşğul olub. Çünki
alpinizm ona sərbəst həyat verirdi.
Heydər Camal həm də
məşhur heykəltaraş Mikayıl Abdullanın qohumudur.
..."Nıne"...
Tacikistanda fars dilini
öyrənməsi H.Camala islamşünaslığa
yaxınlaşmasına kömək edir. H.Herisçinin
sözlərinə görə, İslam Dirçəliş
Partiyasının yaradılmasında iştirak edən H.Camal
bu partiyanın İdarə Heyətinin üzvü olub:
- Tacikistandakı vətəndaş
müharibəsi dövründə fəal
iştirakçı olub, yəni müxalifətçi dəstənin
məsləhətçisi kimi fəaliyyət göstərib.
Sonra da təxminən 94-95-ci illərdən Rusiya Dövlət
Televiziyasında İslam dini barəsində "Nıne"
("İndi") adlı veriliş aparmağa
başlayıb. 20-yə yaxın çox maraqlı veriliş
olub. Bu verilişlərlə də Heydər Camal çox məşhurlaşdı.
Bu, o dövrlər idi ki, Çeçenistanda müharibə
başlamışdı. İslam mövzusu mətbuata
sıçramışdı. Heydər də islam üzrə
çox böyük mütəfəkkir kimi lazımlı
olurdu. Televiziyalar və ümumilikdə, KİV
üçün bir ekspert kimi lazım idi. Amma eyni zamanda Azərbaycanla
əlaqələrini unutmurdu. Mənim yadıma gəlir ki,
1995-ci ildə film çəkmək üçün
Bakıya gəldi. O, həmin vaxt Heydər Əliyevi də
çəkmişdi. Mən Heydər Əliyevlə Heydər
Camalın görüşünün şahidiyəm. O, bu
filmin həm də müəllifi idi. Azərbaycan İslam
dünyasının bir parçası kimi bir veriliş idi. Mən
gördüm ki, görüşdə onların arasında
çox isti bir söhbət oldu. Heç yadımdan
çıxmaz ki, Heydər Əliyev ilk dəfə olaraq onun
atasını sruşdu, dedi ki, Cövdət Camal necədi. Mən
hiss etdim ki, Heydər Əliyev həm də Cövdət
Camalı tanıyır. Heydər Əliyev bu çəkiliş
zamanı müsahibə vermişdi.
İdeoloji
mübarizə
Heydər Camalın
Rusiya televiziyasında Azərbaycan mövzusunda bir çox
süjetlər və müsahibələr
hazırladığını vurğulayan H.Herisçi onun hər
zaman ermənilərə qarşı olduğunu önə
çəkdi:
- Hətta o, bir dəfə
dedi ki, İranın atom proqramından nə
yapışmısınız, Ermənistanın atom elektrik
stansiyası varsa, bəlkə onların kiçik, mini-atom
bombaları da var. Heydər bunu dəfələrlə deyib. O,
həmişə Ermənistanın çox qorxu törətdiyini,
Rusiyaya gərək olmadığını bildirib. İndi
Heydər Camal Rusiyanın ən böyük filosofu
sayılır. O, ümumiyyətlə, Rusiyanın çox
böyük siyasi xadimidir. Onun orda böyük çəkisi
var və mən bu hörmətin şahidiyəm. Mən
özüm də Moskvada olarkən bir çox elmi
diskussiyalarda iştirak etmişəm. Orda onun nüfuzunu da
görmüşəm.
Mən hesab edirəm ki,
Heydər Camal Azərbaycan üçün çox
böyük bir məktəbdir. O, təkcə azərbaycanlı
kimi yox, həm də bir şuşalı kimi
danışır. Çünki onun babaları 1905, 1918, 20-ci
illərdə erməni qəsbkarları ilə Şuşada
döyüşüblər. Heydər həmişə
babalarının ermənilərlə necə
döyüşmələrindən mənə
danışardı. Mən hesab edirəm ki, Heydər Camal indi
də erməni qəsbkarlarına qarşı ideoloji səhnədə
mübarizə aparır, Azərbaycanla bir yerdə olur.
Özü də heç vaxt vətənini unutmayıb. Heydər
Camalın fərqli düşüncələri ola bilər,
amma onun vətənpərvərliyini biz şübhə
altında qoya bilmərik. Onun Azərbaycana münasibəti
öz vətəninə münasibətidir. Mənə elə
gəlir ki, Azərbaycan xalqı və hökuməti həmişə
Heydər Camalıın böyük əhəmiyyətini dərk
etməlidir. Hesab edirəm ki, bu, bizim çox uzaqvuran
topumuzdur. Və bu topun da qədrini bilmək lazımdır.
Heydər
Camalın fəlsəfəsi
H.Herisçinin sözlərinə
görə, Heydər Camal təkcə tanınmış
İslam ideoloqu deyil, həm də şair, Şərq mədəniyyətinin
bilicisi və böyük filosofdur:
- Heydər Camal son
dövr xarabaqalmış postsovet aləminin, xüsusən
Rusiyanın da ən gözədəyər sonuncu
filosof-mütəfəkkiri də sayılmalıdı. Qəribədir,
Rusiya fəlsəfi fikri məhz Heydər Camal sayəsində
öz əhatə dairəsinə islamı qəbul edib, onun ən
ülvi, mübariz cəhətlərini öz kontekstinə
köçürüb, bu dəfə Qərbə deyil, məhz
yaşıl bayraqlı islama üz tutub...
Müsəlman sufiliyini
də Heydər gizli klerikalizm sayır, bu qənaətini
çox dərin fəlsəfi araşdırmalarıyla elmi
şəkildə sübut edir... Heydər Camal isə
klerikalizmi inkar edərkən başqa cür
düşünür, onu "kşatriya", yəni hərbi
kasta nümayəndələri - mücahid, inqilabçı fədailərlə
(özü də intellektual fədailərlə!) əvəzləməyi
lazım bilir, yəni bir əldə kitab, digərində
tüfəng! Yəni maarifçilərin dediyi kimi intelligentlər
yox... Bir də "yox!"...diqqət edin, intellektuallar,
özü də silahlı intellektuallar ictimai şüurumuzun
rəhbəri olmalıdırlar...
Heydər Camal
istedadı, bax burda bizim təslimçi, təftişçi
ziyalılara öz lazımi cavabını verir, islamı
klerikalizmdən azad etmək kimi ağır bir düsturun həllini
axtarıb tapır: "İslamın başlıca hədəfi
məhşər günü, dəqiq desək, axirət
sevdasıdır. Yəni adı böyük hərflə
yazılacaq "Futuroloji gələcək" . Klerikallar isə
onun zaman anlayışını bu gələcəkdə
deyil, uzaq keçmişdə görmək istəyir, köhnə,
nostalji rəvayətlərlə başımızı
qatırlar. Şiə məzhəbi təkcə dekadans ruhlu mərsiyəxanlıq
deyil, onun canlı cövhəri gələcəyi səsləyən
mehdiçilikdir, yəni İmam Mehdi intizarı! Yəni
sözün əsl mənasında "inqilab"...
Heydər Camalda
bütün söhbətlər orta əsrlər
xurafatından, sxolastikasından tam azaddır. Onun əsərlərində
bütün bunlar ən müasir Qərb təfəkkürü
ilə də izah olunur - məsəlçün, İmam Mehdi
misteriyası Camala görə insanın gizli psixoloji
imkanlarının son anda üzə çıxmasıyla əlaqədardır...
Heydər Camal öz fəlsəfi
dayaqlarıyla bilirsiz, kimi xatırladır? - Şah
İsmayıl mehdiçiliyini! Heydərdə Azərbaycan fəlsəfi
məktəbinin bu vacib şərti yenidən bərpa olunur...
Heydər
Camalın siyasi
düşüncələri
Bu yaxınlarda
H.Camalın Strateji Araşdırmalar Mərkəzində
üç məruzə ilə çıxış etdiyini
söyləyən H.Herisçinin sözlərinə görə,
bu məruzələr NABUKKO, Qarabağ və diaspor məsələlərinə
aid olub:
- Mən elə hiss etdim
ki, istər xarici diplomatik korpus, istərsə də bizim yerli
analitiklər tərəfindən onun məruzələrinə
çox böyük maraq var idi. Orda da Heydər Camal Azərbaycanın
dövlət maraqlarından çıxış edirdi. Mən
deyərdim ki, bəzən bizdə olan vəziyyəti
çox kəskin tənqid də edirdi, ancaq onun vətənpərvərliyini
sual altına qoymaq olmaz. Nəzərə alınmalıdır
ki, Heydər dövlət adamı deyil, o azad filosofdur. Amma onun
vətənpərvərliyinin bizim üçün çox
böyük əhəmiyyəti var.
Kremlin özündə
də bir çox məsələlərdə Heydərin
dediyi sözlərə qulaq asırlar. Mən onun da şahidi
olmuşam. Yəni Heydər Camal miqyasında insan artıq
dövlətlərin qulaq asacağı bir insandır.
Seymur
Qasımbəyli
Şərq.-
2010.- 15 yanvar.- S. 5.