O heç vaxt ədalətsizliklə barışmır

 

Əhəd Abıyev həmkarları arasında mübarizliyi, inadkarlığı, prinsipiallığı ilə tanınır

 

Böyük çin filosofu Konfutsinin zamanında söylədiyi bu fikir bu gün üçün də aktualdır: hər bir insanın həyat yolunu onun xarakteri müəyyənləşdirir. İnsanın mahiyyəti, mənəvi keyfiyyətləri həqiqətən də onun əməllərində real təcəssümünü tapır. Yəqin elə buna görədir ki, daim xeyirxah və alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək xoşbəxtliyi hamıya nəsib olmur. Yalnız daxilən saf, mənəviyyatca zəngin insanlar qarşıya qoyduqları saf niyyətlərlə həyatın mənasını başqalarına yaxşılıq etməkdə görür, bundan mənəvi zövq alırlar. Dərk edilmiş məsuliyyətdən irəli gələn bu fəaliyyət həm də onların cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirir.

   Millət vəkili statusunda tükənməz enerji ilə çalışaraq hər addımda insanlara yaxşılıq etmək niyyətini büruzə verən, iqtisadçı-hüquqşünas kimi parlamentdə seçilən, qanun yaradıcılığı prosesində fəal iştirak edən, dövlətçiliyin, xalqın qədrini bilən, seçicilərinin etimadını yüksək səviyyədə doğruldan, siyasi mənsubiyyətinə daim sadiq olan, ölkənin ictimai-siyasi hadisələrinə fəal münasibət göstərən, cəmiyyətdə mübariz, xeyirxah və mərd insan kimi tanınan deputat Əhəd Abıyevin xüsusi təqdimata ehtiyacı yoxdur. Əhəd müəllim ictimai-siyasi proseslərdə daim fəal olub, dövlətçiliyə, ulu öndər Heydər Əliyevin ideyalarına daim sadiqlik nümayiş etdirib, mübarizliyi ilə cəmiyyətdə rəğbət qazanıb. Onu yaxından tanıyan bir şəxs kimi deyə bilərəm ki, Əhəd Abıyev əsl azərbaycanlı kişisinə xas müsbət keyfiyyətləri öz şəxsiyyətində cəmləşdirib. 15 ilə yaxın müddətdə Milli Məclisdəki fəaliyyəti ilə ümumxalq mənafeyini önə çəkməsi, ölkə iqtidarının siyasi kursunu mübariz ruhlu çıxışlarında birmənalı dəstəkləməsi onun həm də yüksək əqidə sahibi, etibarlı insan olduğunu göstərir. Dövlətə, cəmiyyətə layiqli vətəndaş kimi ömrünün kamillik çağına yetişən Əhəd Abıyevin ictimai-siyasi fəaliyyətinin hər bir səhifəsi insanlara təmənnasız xidmət nümunələri ilə zəngin olan onun yüksək insanpərvərliyinə dəlalət edir.

   Həyat haqqında təsəvvürlərinin, dünyagörüşünün formalaşmasında onun Masallıda doğulub boya-başa çatdığı mühitin, cəmiyyətin təsiri vacib rol oynayıb. Bu mənada, uşaqlıq və yeniyetməlik illəri Əhəd Abıyevin milli ruhda tərbiyə alaraq kamil şəxsiyyət kimi formalaşmasında mühüm mərhələ olub. Müdriklərimiz əbəs yerə "Ot kökü üstə bitər" - deməyiblər - Əhəd Abıyevin halal zəhməti başı üstə görən atası Mikayıl Abıyev rayonda sayılıb-seçilən ləyaqətli, ziyalı insanlardan olub. Rayonda ilk kolxoz qurucusu, əmək və müharibə veteranı olan mərhum Mikayıl kişi zəhmətkeş və halal insan kimi övladlarına yaxşı tərbiyə verib, onları düzgün yola istiqamətləndirib. Atasının yolunu hər zaman şərəflə davam etdirən, ona rəhmət oxutduran Əhəd Abıyev həyatının ən çətin, kəşməkəşli anlarında belə haqqa, düzgünlüyə, ədalətə tapınıb, milli-mənəvi dəyərlərə, dədə-baba adət-ənənələrinə qəlbən bağlı olub. Eynilə atası kimi cəsarəti, mərdliyi, mübarizliyi ilə tanınan Əhəd Abıyev həm də elinə, obasına, torpağına bağlı olan vətənpərvər insandır.

   Yalnız mübariz və prinsipial insanlar həyatda qarşıya qoyduqları məqsədlər uğrunda amansız mücadiləyə hazır olur, bu yolda hər cür maneələri çətinliklə dəf edirlər. Əhəd Abıyevin sadə olduğu qədər də zəngin ömür yolu, hələ erkən yaşlarından məqsədə çatmaq uğrunda göstərdiyi prinsipiallıq, çətinliklərə mərdliklə sinə gərmək bacarığı onu yaxından tanıyanlarda xoş hisslər doğurur. Yeniyetməlik yaşlarından həyat yolunu düzgün müəyyənləşdirən Əhəd müəllim əzmlə məqsədlərinə doğru irəliləyib. 52 illik ömür yoluna nəzər salarkən bir daha əmin olursan ki, Əhəd Abıyev həyatda hər bir uğura özünün daxili gücü, qətiyyəti, məqsədə doğru inamla irəliləmək qabiliyyəti ilə çatıb, insanların rəğbətini qazanıb.

   Azərbaycanda iqtisadiyyat və hüquq təhsili alan Əhəd Abıyev uzun illər Bakı Şəhər Soveti İcraiyyə Komitəsində iqtisadiyyat sahəsi üzrə yüksək vəzifələrdə çalışıb, ona göstərilən etimadı daim doğruldub. Bakı Şəhər Əhalinin Sosial Müdafiəsi və Məşğulluğu şöbəsinin rəisi vəzifəsini yerinə yetirib.

   Belə bir deyim var - hər hansı vəzifə insanın həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Rəhbər kadr kimi alicənab, humanist xarakterə malik olan, sadəliyi, dürüstlüyü, sözünə bütövlüyü, ünsiyyət mədəniyyəti ilə seçilən Əhəd müəllim hələ Bakı Şəhər Soveti İcraiyyə Komitəsində yüksək postlar tutan zaman vəzifə kürsüsünə insanlara layiqli xidmət vasitəsi kimi yanaşdığını sübuta yetirib. Uzun illər keçməsinə baxmayaraq, həmin insanlar Əhəd Abıyevin xidmətlərini unutmur, xeyirxah insan kimi ona rəğbətlərini ifadə edirlər.

   Əhəd Abıyevin dövlət qulluğundakı fəaliyyəti - hər bir işə xüsusi tələbkarlıqla yanaşması, məsuliyyəti, müasir yeniliklərə can atması, kollektivin potensialını düzgün realizə etmək bacarığı, bir sözlə, idarəçilik keyfiyyətləri daim yüksək qiymətləndirilib. 1995, 2000 və 2005-ci illərdə müstəqil Azərbaycanın birinci, ikinci və üçüncü çağırış Milli Məclisinə doğulub boya-başa çatdığı Masallıdan - 70 saylı şəhər seçki dairəsindən deputat seçilən Əhəd Abıyev ölkəmizin, eləcə də parlamentdə təmsilçisi olduğu rayonun sosial-iqtisadi, mədəni həyatında əlindən gələni əsirgəmir. Regional məsələlər daimi komissiyasının üzvü olmaqla yanaşı, Milli Məclisin beynəlxalq əlaqələrində yaxından iştirak edən Əhəd Abıyev Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, habelə Əlcəzair və Hindistan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüdür. Yorulmaz fəaliyyəti ilə siyasətdə və dövlətin daha da möhkəmləndirilməsi prosesində öz sözünü deyən Əhəd Abıyev Milli Məclisdə ölkəmizin inkişafına xidmət edən qanunların hazırlanması və qəbulu naminə var qüvvəsi ilə çalışır.

   Onu da müşahidə etmişəm ki, Əhəd müəllim parlamentdə daim seçicilərinin maraq və mənafeyini uca tutub, onların müraciətlərinə həssaslıqla yanaşıb. Neçə-neçə istedadlı gəncin cəmiyyətdə layiqli qiymətini almasına kömək göstərib. Onunla ünsiyyətdə olanlar yaxşı bilir ki, Əhəd müəllimin telefonları gün ərzində susmur. Seçiciləri, yaxınları, dostları ən müxtəlif məsələlərlə bağlı ona müraciət edir, problemlərinin həllinə kömək istəyirlər. Əhəd Abıyev imkan daxilində onları naümid qoymur, ehtiyacı olanlara maddi-mənəvi yardım göstərir, özünəməxsus qayğıkeşliklə xeyir-şər məclislərində yaxından iştirak edir, xalq arasında olmaqdan çəkinmir. Lakin o, təvazökarlıqla insanlara etdiyi yaxşılıqlar barədə danışmaq istəmir. "Sağ əlin verdiyini sol əl bilməməlidir" kəlamını xatırladaraq susmağa üstünlük verir. Özünəməxsus şəkildə deyir ki, "İnsanlara yaxşılıq etməyə çalışmaq, seçicilərin etimadını qazanmaq, onların qayğısına qalmaq bir deputat kimi mənim vəzifəmdir, borcumdur. Bir halda ki, inanıb etibar edir, etimad göstərirlər, mənim də borcum tanıdıqlarımın, ilk növbədə, seçicilərimin köməyinə çatmaq, onların qolundan tutmaqdır".

   Millət vəkili Əhəd Abıyev həmkarları arasında mübarizliyi, inadkarlığı, prinsipiallığı ilə tanınır. Ədalətsizliklə barışmır, seçicilərinin qanuni hüquq və mənafelərinin bərpası, müdafiəsi naminə müxtəlif dövlət orqanlarına müraciət edir, laqeydlik göstərmir, yeri gələndə mübariz çıxışları ilə haqq səsini ucaldır. Masallı sakinləri məhz buna görə də Əhəd Abıyevi sözü ilə əməli üst-üstə düşən prinsipial insan kimi tanıyır, ona dərin hörmət və ehtiram bəsləyirlər. 

   Əhəd Abıyev bu gün mənsub olduğu Yeni Azərbaycan Partiyasının sədaqətli üzvü kimi xalqın mənafeyi naminə irəli sürülən təklif və ideyaların reallaşdırılmasında, mütərəqqi ruhlu qanunların qəbulunda fəallıq göstərir. Cəmiyyətdə baş verən proseslərə çevik reaksiyası, Milli Məclisdə müzakirə olunan müxtəlif məsələlərə konkret, aydın münasibəti ilə seçilən Əhəd Abıyev yüksək insani keyfiyyətləri ilə deputat həmkarlarının və seçicilərinin dərin hörmətini qazanıb. Hər üç çağırış deputatlıq fəaliyyəti dövründə millətə, xalqa, eyni zamanda Heydər Əliyev siyasi kursuna, ulu öndərin ideyalarına nə dərəcədə bağlı olduğunu sübuta yetirib. Əhəd müəllim hər zaman olduğu kimi, bu gün də Yeni Azərbaycan Partiyasının lideri, möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla aparılan daxili və xarici siyasətə dəstək verir, partiyanın sədaqətli, fəal üzvü kimi onun qərarlarının icrasında fəallıq göstərir.  

   Yanvarın 15-də ad günü olan - ömrünün 52-ci pilləsinə qədəm qoyan Əhəd Abıyevi qarşıda hələ yeni-yeni uğurlar, nailiyyətlər gözləyir. İnanıram ki, o, hələ uzun illər hazırkı statusunda xalqa və dövlətə layiqli xidmət missiyasını ləyaqətlə davam etdirəcəkdir.

  

 

Namiq Süleymanov

 

Şərq.- 2010.- 15 yanvar.- S. 7.