70 ilin zirvəsi...

 

Yalçın Əlizadə jurnalistika fakültəsini təmizlikvicdan simvolu olaraq tanıdıb

 

Hər səhər dəhlizboyu gəzə-gəzə dərslərin gedişinə nəzarət edir. Kafedralarda işin sahmanı ilə maraqlanır. Tələbələrin problemlərini dinləyir, auditoriyaların təmizliyindən tutmuş, bəzən fakültədə hər gün görməyə alışdığımız xadimənin səhhətinə qədər hər bir xırdalığı diqqətində saxlayır.

Hərdən təkrar-təkrar oxuyub düzgünlüyünə və nöqsansızlığına əmin olduğumuz önəmli sənəddə xırda bir səhvi sərrastlıqla tapanda düzü, təəccüblənən də olur. Nə qədər ciddi və tələbkar olsa da, imtahanqabağı müəllimlərə tapşırığı hər zaman belədir: "Bunlar hamısı bizim balalarımızdı. Dərsi il boyu yaxşı deyin. Onların nə isə öyrənməsinə çalışın. Amma qiymətləndirəndə bir balaca tələbənin xeyrinə düşünün".

Jurnalistika fakültəsinin hər bir müəllimi yaxşı bilir ki, dərsin 5 dəqiqəlik də olsa pozulması Yalçın müəllimi ən çox qəzəbləndirən şeydir. 10 ildir Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində belə qayda var. Elə buna görə də fakültə yaranandan hökm sürən, bu gün də professor Yalçın Əlizadənin rəhbərliyi ilə davam edən şəffaflıq və səmimi mühit Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini təmizlik və vicdan simvolu olaraq tanıdıb. Fakültənin dekanı, professor Yalçın Əlizadə Azərbaycanda bütöv bir jurnalist nəslini yetişdirən Həsən Şahgəldiyev, Nəsir İmanquliyev, Nurəddin Babayev, Tofiq Rüstəmov kimi tanınmış elm xadimlərimizin qoyub getdikləri pedaqoji irsi ləyaqətlə davam etdirir.

Yalçın Mustafa oğlu Əlizadə 1940-cı il yanvarın 17-də Gəncədə anadan olub. 1957-ci ildə Bakıdakı 132 nömrəli məktəbi bitirib.

1962-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika şöbəsini bitirdikdən sonra Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor, redaktor, böyük redaktor, baş redaktor vəzifələrində çalışıb. 1974-cü ildə Moskva Dövlət Universiteti televiziya və radio jurnalistikası kafedrasının müdiri, professor Ənvər Bağırovun elmi rəhbərliyi ilə "Azərbaycanda radiojurnalistikanın təşəkkülü və inkişafı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Elə həmin vaxtdan Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. Azərbaycanda radiojurnalistikanın nəzəri əsaslarını fundamental surətdə araşdıran ilk alimlərimizdəndir. Televiziya və radiojurnalistikanın aktual problemlərinə dair 70-dən çox elmi məqalənin, 2 dərsliyin ("Radiojurnalistikanın əsasları", "Azərbaycan efiri: tarix və müasirlik"), 3 sənədli publisist kitabın müəllifidir.

Azərbaycan Respublikasının əməkdar jurnalisti (1989), "Qızıl Qələm" mükafatı laureatıdır (1966). "Tərəqqi" medalına layiq görülüb (2000). 

1982-ci ildən bu günədək onun rəhbərlik etdiyi televiziya və radio jurnalistikası kafedrası ictimaiyyətin yaxşı tanıdığı peşəkar jurnalist kadrların hazırlanmasında müstəsna rol oynayır.  

Bu gün professor Yalçın Əlizadənin 70 yaşı tamam olur. 70 ilin zirvəsində Sizə həyatınız boyu çəkdiyiniz zəhmətlərin bəhrəsini arzulayırıq! Azərbaycanın hər tərəfində Sizin imzanızla peşəkar jurnalistikaya vəsiqə alan yetirmələrimizin hər bir uğurunda əməyiniz var!

 

 

Xatirə Hüseynova

 

Şərq.-2010.- 16 yanvar.- S. 4.