Hacıbaba Hüseynov millətin yaddaşında, musiqi tarixində yaşayır

 

   İlk dəfə təxminən 40   yaşında efirdə görünüb...

 

   Hacıbaba müəllim ilk dəfə televiziya ekranında görünəndə təqribən qırx yaşı varmış. Həmin gün bəstəkar Cahangir Cahangirov onu studiyaya dəvət edib və orada tarzən Əhsən Dadaşovun və kamançaçalan Fərhad Dadaşovun müşayiətilə "Zabul", "Rast" və "Şur" muğamlarını oxuyub.  

   Sənətkarın ən böyük tədqiqatçısı Rafael Hüseynovdu. Haqqında bir neçə dəfə mətbuatda yazılarla çıxış edib, "Ocaq başı" sənədli filminin ssenari müəllifi, yetmiş illik yubiley gecəsinin aparıcısı olub.

   Aradan illər ötdü və yalnız yetmiş yaşının bircə addımlığındaykən Hacıbaba Hüseynov qısa fasiləylə əməkdar və xalq artisti fəxri adlarına layiq görüldü. Üstündən dörd il yarım keçdi. Daha dəqiqi, 1993-cü il oktyabrın 24-ü idi. Hacıbaba müəllim Tanrı əmanəti canını tapşırırdı. Amma gedən tək cismi deyildi, illər boyu çinədanına yığdıqlarını da özüylə aparırdı...

     

   Bu qala bizim qala,  

   Həmişə bizim qala.

   Tikmədim özüm qalam,  

   Tikdim ki, izim qala.

  

   Vaqif Mustafazadənin "Bayatı-Şiraz" kompozisiyasında oxuduğu məlum bayatı, onu yazan Xudu Məmmədov da daxil olmaqla, bu üç insanın ölməzliyi barədə əsl təsəlli sayıla bilər.

  

 

   Böyük sənətkar heç vaxt varlı-hallı olmayıb...

  

   Daim toylara gedib, evinə qazanc gəlib, amma elə qazandığı süfrəsində olub. Lakin o, mənəviyyatca zəngin idi və bu zənginlikdən hədiyyələr verməyi xoşlayarmış. Ən əziz ərməğanı da şeir imiş.

   Sevdiyi, xətrini əziz tutduğu, sənətinə ehtiram bəslədiyi insanlara şeirlər həsr edirdi.  

   Bir bölük ithaf şeirləri var, hamısını sidq-ürəkdən yazıb.

   Hansınısa yazdığı şəxsə bağışlayıb, hansınısa təqdim etməyə macal tapmayıb, elə özündə qalıb.

   Ya bəlkə, özündə saxladığı ithaf şeirlərini heç vəsf etdiyi şəxslərə çatdırmaq istəyi də yoxmuş, sadəcə, ürəyini boşaltmaqçün yazırmış?!

   Tam səmimi Adam idi - hansısa şeir həsr etdiyi şəxsə ürəyində istək azalanda, qəlb bağladığı o kəs könlünü qıranda həmin ithafdan çəkindiyi, şeirin təyinatını dəyişdiyi də olub.

   Lakin onun ən sabit və axıracan dərin hörmət bəslədiyi, yaradıcılığını izlədiyi və şeir həsr etdiyi bir ünvan da olub - Bəxtiyar Vahabzadə.

   Hacıbaba müəllim Nəbi Xəzriyə, Cabir Novruza qarşı bir az soyuq olub. Deyəsən, onlar haçansa qəlbinə dəyiblər. Əldə etdiyimiz məlumata görə, şeirlərinin o dövrdə yeganə əsas ədəbi dərgi olan "Azərbaycan"da dərc edilməsi üçün umduğu dəstəyi onlar sənətkardan əsirgəyiblər. Hacıbaba Hüseynov hətta, onların təxəllüslərini də dəyişərək deyirdi... 

   Cabir Novruz da, Nəbi Xəzri də görkəmli sənətkarlar idilər, ola bilsin, onların Hacıbaba müxəmməs və şeirlərinə, qəzəllərinə münasibəti ədəbi prinsiplərlə, sırf zövqlə bağlı bir yanaşma idi.  

   Lakin şeirə münasibətdə Hacıbaba Hüseynovun da öz dəyərləndirmələri, güzəştsiz meyarları olub.

   Hecaya da biganə deyildi - qoşmaları, təmsilləri, digər şeirləri də var hecada. Lakin əruzu daha üstün tutub. 

   Hacıbaba müəllimin ən çox minnətdar olduğu varlıqlardan biri söz idi və sözün borcundan çıxmaqçün onun gördüyü iş yalnız oxumaqdan ibarət deyildi.  

   Hansısa unudulmuş, heç adı bilinməyən bir şairin şeirindən 3-4 misra, ya bir neçə beyt əlinə yetirdi. 

   Hacıbaba müəllim sözünün yerini bilən, hansı sözü hansı məqamda dilə gətirməyi, hansı şəraitdə susmağın daha məsləhət olduğunu yaxşı hiss edən bir insan idi.  

   Təsadüf elə gətirir ki, bir gün tez-tez dəvət edildiyi Nardaran toylarından birində bir nəfər cibindən qəzəl çıxarıb verir Hacıbaba müəllimə, vərəqin üstünə xələtini də qoyur və "bunu oxu" deyir.

   Hacıbaba ustad xatirələrində bu barədə belə deyib: "Sifariş verilmişdi, yerinə yetirməliydim. Bu, toydur, bu meydandasansa, bu meydanın oyun qaydalarına da əməl etməyə hazır olmalısan. Amma şeiri verən məni istəyən adam deyildi və o şeiri də mənə məqsədlə vermişdi. Nardaran kimi dindar bir yerdə o şeiri oxusam, yəqin, narazılıq edənlər də olacaqdı. Baxmayaraq ki, şeir Şəhriyarınkı idi."

   

   Getmə, tərsa balası, mən də sənə sayə gəlim,  

   Damənindən yapışıb mən də kəlisayə gəlim.  

   Ya sən islamı qəbul eylə, mənim dinimə gəl,  

   Ya ki, təlim elə, mən məzhəb- İsayə gəlim.

 

   Hacıbaba müəllim həmin toyda mikrofondan məclisə müraciət də edib: "Mənə verilən bu şeir ustad Şəhriyarındır. O şeirin 3-4 beytini oxuyub ardını öz beytlərimlə davam etdirəcəm. Bu beytlərdə Şeyx Sənan rəvayətinə işarə var. Bu beytlər Əsli-Kərəm əhvalatına bənzəyir. Mənsə onun əksini deyəcəm. Qoy bu da usta Şəhriyara bir cavabımız olsun".

   Və başlayıb oxumağa.

   Əlavə edəcəyi beytləri Hacıbaba ustad irəlicədən yazmamışdı. 

   O beytlər elə həmin an, həmin məclisdə, oxu əsnasında yaranacaqdı.

   Başlayıb oxumağa və Şəhriyar şeirindəki məntiqi çevirir tərsinə, əlavə edəcəyi beytlər, ilahi sehrlə uçub gəlir ona sarı:

  

   Yox, sənəm, anlamadım, səhvimi iqrar edirəm,  

   Buraxıb dinimi mən din-i Məsihayə gəlim? 

   Sən mənim dinimə gəl! İczilə xatircəm elə, 

   Mən də öz əhdim ilə aləm-i sevdayə gəlim.

   Sən gedib Hacı kimi eşq büsatında otur, 

   Pir-i meyxanə ilə mən də o məvayə gəlim.

  

 

   Xalq artisti adına layiq   görülməsinin tarixçəsi...

 

   1989-cu ildə Hacıbaba Hüseynovun 70 illiyi ərəfəsində onun işlədiyi Asəf Zeynallı adına musiqi məktəbi adından hazırlanmalı olan təqdimatın mətnini Rafael Hüseynov yazıb və ustada birbaşa "xalq artisti" adı verilməsi orada əksini tapıb. 

   Yuxarıdan bildiriblər ki, Hacıbaba Hüseynovun xalq artisti adına layiqliyinə biz də şübhə etmirik, ancaq doğrudan da, belə istisnaya getməyək, əvvəlcə "əməkdar" verək, qısa müddətə "xalq"ı da alar. 

   Doğrudan da, o günlərəcən birbaşa "xalq artisti" adı bir Cabbar Qaryağdıoğluna verilibmiş, bir də Seyid Şuşinskiyə.

   İkisinə də qoca yaşlarında.

   Yetmiş illiyində əməkdar alandan az sonra, 1990-cı il oktyabrın 29-da Azərbaycanın xalq artisti adına layiq görülüb.  

   Çoxdan halal payı olan, xalqın, əslində, ona çoxdan vermiş olduğu ad dövlət tərəfindən də rəsmi təsdiqini tapıb.

  

            O, İmam Hüseyn, Məhəmməd Füzuli əsiri idi...

  

   70-i adlayandan sonra gedib hər ikisinin məzarını ziyarət etdi.

   Seyid Əzim aşiqi idi. Gedib onun da məzarının daşından öpmək qisməti olub böyük xanəndənin.Ömrün son iki-üç ilində səhhəti tədricən sənətkarı narahat etməyə başlayıb. Onda təngnəfəslik əmələ gəlməyə başlayıb və ona yaxın olan insanlara da bu barədə belə deyib: "Xəstəlik əziyyət verir, nəfəsim də daralır. Amma bir cəhətdən Allahımdan razıyam ki, sözə, oxumağa ürəyimdə cavan yaşımda olan həvəs, eşq elə əvvəlki kimidir. Azalmayıb ki, artıb".

  

   Gec tanınmasında Sovet  diktaturasının rolu olub..

  

   Sovet dövründə bütün sahələrdə mərkəzləşmə, nəzarət olduğu kimi, ifaçıların Moskvanın "Melodiya" firması xətti ilə səslərinin, çalğılarının vallara yazılması da hökumətin (yaxud onun məmurlarının) seçimi ilə baş verirdi.

   Sovet onillərində vallarının buraxılması ilə şeir kitablarının çıxması Hacıbaba Hüseynovdan ötrü əlçatmaz arzu idi.  

   Hacıbaba Hüseynova "yaşıl işığ"ın yanması sovet dövlətinin dağılan vaxtlarına, texniki tərəqqidə də yeni səhifələrin açıldığı çağlara təsadüf etdi. Daha val ötülmüş mərhələ idi. Hacıbabanın ilk diskləri çıxdı. Azərbaycanda yox, xaricdə. Özünün olmadığı çağlarda səsi yazılmış disklər ölkəmizdə də, vətəndən kənarlarda da dönə-dönə buraxıldı, yəqin, bundan sonra da olacaq.  

   Amma köhnə xanəndələrimizi düşünərkən, nədənsə bu gün də, ilk növbədə vallar, qarammofonlar, patefonlar yada düşür. 

   Ömrünün sonlarında Hacıbabaya təzədən vurulmuş şair Qabilsə göyləri ustadın avazı yazılmış əsrarəngiz vala oxşatmışdı:   

  

   Oxu!  

   Səsin göylərə

   yazılır, Hacı!

   Asiman bir valdır ki, 

   Hərlənir, hərlənir, 

   hərlənir... 

   Nə silinir, nə pozulur, Hacı!

  

   Onun ölümündən 18 il keçir...

  

   Bəlkə də, şairin bu bənzətməsi - səsin val kimi göylərə yazılması kiməsə fantastik, sürrealist gələr.

   Bəs Hacıbaba ustadın səsinin bir sınmaz, pozulmaz val kimi millətin yaddaşına əbədilik yazılmasına nə sözünüz?! 

   Amma şairin sözünü də qəribçiliyə salmayın...  

   Bu gün böyük sənətkar yanımızda yoxdur. Onun ölümündən 18 il keçir. Ancaq buna baxmayaraq millətin yaddaşında, musiqi tarixində yaşayır. Bu onun qazana bildiyi ən böyük var-dövlətdi - Ölümündən sonra yaşamaq!

  

 

   Şərq.- 2011.- 22 aprel.- S. 11.