Azərbaycanın Bülbülü
(Əvvəli ötən sayımızda)
Bülbül 1932-ci ildə
müəllimlik etdiyi Azərbaycan
Dövlət Konservatoriyasındakı ilk məruzəsini "Diafraqma vasitəsilə səsçıxarma üsulunun türk mahnısının ifasında tətbiqi"
adlandırmışdır. Məruzədə
Azərbaycan xalqının musiqisevərliyindən, xalq sənətkarları
- xanəndə və aşıqların qonşu
xalqlar arasında
qazandıqları sənət uğurlarından, musiqimizin milli zəmin üzərində inkişaf
problemlərindən danışan
Bülbül çıxışını
bu sözlərlə
yekunlaşdırır: "Mən bir
daha təsdiq edirəm
ki, bizə türk mədəni vokal kadrları lazımdır".
Bülbülün bu məruzəsini
dönüş nöqtəsi adlandıran Üzeyir Hacıbəyov
öz fikirlərini belə bölüşmüşdü:
"Bülbülün məruzəsi ona görə qiymətlidir
ki, məsələn, şəxsən mən konservatoriyada
bizim tələbələrimizi, ümumiyyətlə, necə
tərbiyə etməyimiz barədə müəyyən təsəvvür
aldım".
Azərbaycan vokal sənətini
iki məktəbin sintezi ilə daha da zənginləşdirməyə
çalışan Bülbül konkret fikirlərini bildirirdi:
"Xalq melodiyalarından, muğamlarından yeni operalarda
istifadə etmək olar, bir şərtlə ki, onlar klassik
Avropa operaları ruhunda yazılsınlar. Özü də, sadəcə,
iqtibas etmək yox, folklor materialı əsasında öz
orijinal motivlərini bəstələmək gərəkdir. Şərq
və Avropa oxucuları arasında fərq məsələsi
çox ciddi məsələdir. Əsas məqsəd odur ki,
müğənni təhsil alandan, yüksək klassik
ustalığa yiyələnəndən sonra xalq üslubunda
oxumaq qabiliyyətini qoruyub saxlaya bilsin".
Bülbülün İtaliyadan
qayıtdıqdan sonra "Traviata", "Cakonda",
"Karmen", "Afrikalı qız", "Toska" və
başqa operalarda italyan dilində böyük ustalıqla ifa
etdiyi ariyaları onun fikirlərinin nümunəsi idi.
Həyata
keçirdiyi növbəti
arzusu...
1932-ci ildə Bülbül
növbəti arzusunu həyata keçirdi. O, İncəsənət
İşləri İdarəsi nəzdində Zaqafqaziyada ilk
"Elmi-Tədqiqat Musiqi Kabineti" yaratdı. Bülbül
Qarabağa ilk elmi ekspedisiyaya - Musiqi Kabinetinə işləməyə
dəvət etdiyi ilk Azərbaycan romanslarının müəllifi,
bəstəkar Asəf Zeynallı ilə bərabər getdi. Onların
topladığı çox zəngin material musiqi kabinetinin fəaliyyətinin
əsasını qoydu. Bülbül Musiqi Kabineti ilə əməkdaşlığa
bəstəkar Ü.Hacıbəyovu, S.Rüstəmovu,
Q.Qarayevi, T.Quliyevi, F.Əmirovu, Niyazini və s. bəstəkarları
dəvət etmişdi.
Musiqi Kabinetinin
tapşırığı ilə bəstəkar Üzeyir
Hacıbəyov "Azərbaycan xalq musiqisinin əsasları"
əsərini yazmağa başladı. Ü.Hacıbəyov
Musiqi Kabinetinin topladığı çox böyük
materialı tədqiq etdi. Bülbülə
bağışladığı kitabının titul səhifəsində
Ü.Hacıbəyov belə avtoqraf yazdı: "Bu əsərin
yaranmasının təşəbbüskarı və misilsiz
Koroğlu, SSRİ xalq artisti Bülbülə".
Uğurları...
1933-cü ildə Bülbül
pianoçuların, skripkaçıların,
violonçelçalanların və vokalçıların
Birinci Ümumittifaq Moskva müsabiqəsində iştirak edir
və bu müsabiqənin laureatı olur və mükafat
alır. Müsabiqənin bütün laureatları kimi,
Bülbül də bir neçə axşamı paytaxtın ən
yaxşı konsert salonlarında çıxış edir. Konservatoriyanın
böyük zalında Qliyerin əsərlərindən ibarət
konsert çox gözəl keçir. Qəribin
ariyasını Bülbülə təkrar oxudurlar.
1935-ci ildə Azərbaycan musiqi mədəniyyətinin
inkişafında xidmətlərinə görə
Bülbülə Azərbaycan SSR əməkdar artisti fəxri
adı verildi.
Bülbülün Kremldəki
konserti də böyük uğur qazandı. Bütün salon
ayaq üstdə onu alqışlayır, dönə-dönə
səhnəyə çağırırdı, sürəkli
alqışlar qurtarmaq bilmirdi.
Azərbaycan SSR opera sənətinin
inkişafı sahəsində görkəmli fəaliyyətinə
görə 1938-ci ildə Bülbül SSRİ xalq artisti kimi
yüksək ada layiq görüldü. Həmin il
Bülbül yenə paytaxta gedir və onu Moskva Ümumittifaq
Vokalçılar müsabiqəsində münsiflər heyətinə
üzv seçirlər. Bundan sonra qəzet və jurnallar onun
barəsində çox məqalələr dərc edirlər.
1940-cı ilin əvvəlində
isə Moskvada vokal təhsili üzrə Ümumittifaq konfrans
çağırılır. Bülbül "Azərbaycan
oxuma məktəbi sovet məktəbinin bir hissəsi kimi"
adlı maraqlı məruzə ilə çıxış
edir. Onun məruzəsi konfransda böyük uğur
qazanır. 1940-cı ildə Bülbül professor adına
layiq görülür.
Vətənpərvər
xanəndə...
Böyük Vətən
müharibəsi illərində 1941-ci ilin iyul-avqust
aylarında müğənni yığma qoşun
döyüşçüləri qarşısında və
çağırış məntəqələrində
çıxış edib. 1941-ci ilin sentyabrında isə Azərbaycan
Opera Teatrı ilə İrana, oradakı Qızıl Ordu hissələrinə
xidmət üçün yola düşür.
1942-ci ilin ağır iyul günlərində,
alman işğalçıları Bakıya can
atdığı vaxt Bülbül Zaqafqaziya cəbhəsində
44-cü orduda idi, bədii-konsert briqadasına rəhbərlik
edib.
Vətənin ağır
günündə Bülbül şəxsi vəsaitindən
200 min manat pulu Müdafiə Fonduna, Tank Dəstəsi Fonduna və
Cəbhəçilərin Uşaqlarına Kömək Fonduna
verdi. Həmin vaxt Ali Baş Komandandan Bülbülün
adına iki hökumət teleqramı gəldi:
1. "Yoldaş Bülbül,
Qızıl Ordunun zirehli tank qüvvələrinə
qayğınıza görə mənim salamımı və
Qızıl Ordunun minnətdarlığını qəbul
edin. İ.Stalin";
2. "Cəbhəçi ailələrinə
göstərdiyiniz qayğı üçün, yoldaş
Bülbül, Sizə və Sizin xanımınıza təşəkkür
edirəm. Mənim salamımı və Qızıl Ordunun minnətdarlığını
qəbul edin. İ.Stalin".
1945-ci ildə bəstəkar
Q.Qarayevlə C.Hacıyevin yeni hərbi-vətənpərvərlik
operası yarandı. Bu, respublikanın musiqi həyatında
ciddi hadisə idi. "Vətən" operası müharibədəki
hadisələrin canlı əks-sədası, onun qəhrəmanlıq
səhifəsi idi. Bülbül bu operada Sovet İttifaqı Qəhrəmanı,
zabit Aslanın rolunu ifa edirdi.
Ömrünün son ilində də
o, aşıqların III qurultayının
çağırılmasının təşəbbüskarı
oldu. 1961-ci ilin aprelində Bakıda Azərbaycan
aşıqlarının III qurultayı
çağırıldı. Burada Bülbül müasir
aşıq yaradıcılığının vəziyyəti
barədə ətraflı məruzə ilə
çıxış etdi.
Xalq Bülbülə böyük
etimad göstərirdi. O, 1937-ci ildən başlayaraq,
ömrünün son gününə qədər
bütün çağırışlarda Azərbaycan SSR Ali
Sovetinin deputatı seçildi.
Ölümündən bir az əvvəl...
Qəribə bir təsadüf. Ölümündən
bir az əvvəl o, Şuşaya, yerlilərinin yanına gedir,
vaxtilə yaşadığı kiçik, köhnə evə
baş çəkir. Yenə öz doğma şəhərində
uşaqlıqda ağaclara dırmaşıb bülbül kimi
zəngulə vurduğu yerlərdə oxuyur.
26 sentyabr, 1961-ci ilə dahi sənətkar
gözlərini əbədi olaraq yumur.
Ölümündən
sonra...
Bülbülün ölümündən sonra onun
haqqında kitablar yazılmağa, filmlər çəkilməyə
başladı. 1968-ci ildə Azərbaycan Elmlər
Akademiyasının nəşri olan "Bülbül -
Seçilmiş məqalə və məruzələri"
adlı kitab işıq üzü gördü. Müəlliflər
kitabı Azərbaycan Elmlər Akademiyasının Memarlıq
və İncəsənət İnstitutunda saxlanılan arxiv
materialları əsasında tərtib etmişlər. Tərtibçilər
qeyd edirlər ki, Bülbül ömrünün 35 ilini
musiqimizin elmi-nəzəri problemlərinə həsr
etmişdir.
"Bülbül"
filmi...
1968-ci ildə Bülbül
haqqında "Bülbül" filmi çəkildi. Film
Bülbül Məmmədovun anadan olmasının 70 illiyinə
həsr edilmişdir.
Film iki hissədən ibarətdir.
1-ci hissədə film bizi müğənninin uşaqlıq
illəri, onun boya-başa çatdığı musiqiçilər
vətəni Şuşa şəhəri ilə tanış
edir. Kadrlar böyük sənətkarın həyat və
yaradıcılığının ayrı-ayrı mərhələlərini
göz önündə canlandırır.
2-ci hissə Bülbülün səhnə
fəaliyyətindən danışır. Burada şair
Süleyman Rüstəm, bəstəkar Qara Qarayev, müğənni
S. Kozlovski Bülbül haqqında xatirələrini söyləyirlər.
Filmin rejissoru Musa Bağırov,
ssenari müəllifi Kərim Kərimov, operator Əlibala Ələkbərovdur.
Şərq.- 2011.- 2 aprel.- S.11.