Milyonların qibtə etdiyi – Alim
Səsi ilə dünyaya
səs salan Alim Qasımovun ifaçılığı
özlüyündə geniş araşdırma mövzusudur.
Çünki uzun zamandır Qasımov
ifaçılığı Azərbaycan dinləyiciləri başda olmaqla bütün dünyaya səslənməkdədir.
Dinləyicilər Alimin səsini
dinlərkən içlərində bir diksiniş, bir oyanış hiss etməkdədirlər.
Dahi Üzeyir Hacıbəylinin musiqimizdə
başlatdığı modernləşmə dalğaları
Qasımov ifaçılığında zirvəyə
çatıb. Çünki Qasımov nəfəsində
dünya səslərinin, dünya
musiqisinin etkilərini, yansımalarını
duymaq mümkündür.
Səs gerçək anlamda öz
ideal azadlığına qovuşmuş olur. Dinləyici də
bu səs dolayısı ilə xəyalı və inanılmaz
iç azadlığına qovuşduğu üçün
Alimi dinləməkdən yorulmur. Alim Qasımov sənətində
ən önəmli gözə çarpan üstünlük
budur. Bu özəllik başqa ifaçılarda çox zəif
ikən, Alim ifaçılığında ən yüksək
yerdədir.
Alim Qasımov
ifaçılığında mühafizəkarlıq və
sonsuz özgürlük duyğularının
qarşılaşması dinləyicini haldan hala yüksəltməkdədir.
Dinləyicidə varlıq, insan və həyat haqqında
geniş ölçülü təsəvvürlər
yaranır. Qasımov dinləyicini tanış
olmadığı, ancaq sırf bu səs vasitəsiilə
tanış olduğu "ora"lara aparır.
Alimin
muğam aləmi
Daş ürəklərdə
yanıb daşları sındırdı muğam,
Haqqa düşmən olanı haqqa
tapındırdı muğam.
Bəxtiyar Vahabzadə
Muğam ilahi hisslərin mövcudluğunun
təsdiqidir. Onu dinləyəndə
insanın mənəvi dünyası saflaşır, zənginləşir.
Bu mənada muğam ifaçılarının üzərində
böyük məsuliyyət
var. Müxtəlif dövrlərdə
yaşamış xanəndə bu məsuliyyəti layiqincə
dərk edib, muğam sənətini dərindən duyub-mənimsəyib
və onu məharətlə
ifa etdiklərinə görə bu müqəddəs sənət xalqın ruhuna
hoparaq, həm mənəvi
dünyamızın əsl ifadəsinə çevrilib. Bununla da Azərbaycan muğam sənətinin böyük
ifaçılıq məktəbi formalaşıb. Bu məktəbin layiqli nümayəndələrinin adı həm
xalqın yaddaşına, həm də Azərbaycan
ifaçılıq sənəti tarixinə qızıl hərflərlə
yazılıb. Bu sırada
görkəmli sənətkarımız Alim Qasımovun adı hörmət və ehtiramla
çəkilir.
Gəlin bir anlıq xəyalımızda
canlandıraq o oxuyanda nələri
düşünürük. Sanki bütün ürəyimizdən
keçən hiss və həyəcanlar, istək və arzular
o səslə qanadlanıb, pərvəriş tapır. Sənətkar
üçün ən böyük xoşbəxtlik də elə
budur. Amma bu xoşbəxtliyə nail olmaq o qədər çətin
və kəşməkəşli yollar keçib ki... Bunun
ağrı-acısını və şirin-şərbətini
dadanlar bilir. O kəslər ki, onların ürəyi sənət
eşqı ilə döyünüb, amalı bu yolda
özünü ram etməkdir. Ölməz Seyid Əzimin təbirincə
desək - "Bir şəmi ki, həqdən yana, heç bad
ilə sönməz".
Alim Qasımov də qəlbi sənət
eşqi ilə vuran, ruhu sənətdən pərvazlanan və
sənətin zirvəsinə doğru gedən yolda hər
çətinliyə sinə gərib, o zirvəni fəth edən
sənətkardır. Bu yerdə onun haqqında deyilən bir
neçə ustad fikrini nəzərinizə çatdırmaq
istəyirəm.
Süleyman Ələsgərov:
"Alim muğamları, xalq
mahnılarını və təsnifləri böyük
ustalıqla oxuyur. O, klassik muğam ənənələrinə
yaxşı bələddir. Oxuyarkən əruzun
vurğularını düzgün qeyd edir, nəfəsləri
düz vurur. Alim həm istedadlıdır, həm də
savadlı. Dinləyicilər Alimin oxumalarını hərarətlə
qarşılayır, onu dönə-dönə səhnəyə
qaytarırlar. Onun istedadına hamılıqla
inanırıq".
Habil Əliyev:
"Muğam dünyasında Xan əminin
də, Seyidin də, Cabbarın da, Mütəllimin də,
Zülfünün də, Yaqubun da öz yeri var. Mən cəsarətlə
deyə bilərəm ki, Alimin də bu ustadlar sırasında
öz yeri, öz dəsti-xətti var".
Əlbəttə, həm xalqın
sevimlisi olmaq, həm də ustadların yüksək qiymətini
qazanmaq böyük zəhmətlər hesabına başa gəlib.
Bu barədə Alim müəllimlə dəfələrlə
söhbətlərimiz olub. Onun sənətlə bağlı
düşüncələrindən bəzi məqamlar:
"Əsl sənət yolu
istedaddan başlayır. Amma istedadla bərabər gərək
zəhmət çəkəsən, daim axtarışda
olasan. Bir maneəyə rast gələndə ruhdan düşməyəsən.
Məsələn, mən Sumqayıt şəhərində
Musiqi Texnikumuna sənəd verdim, amma qəbul olmadım. Səsdən
"2" yazdılar. Bu məni qətiyyən məyus etmədi.
Növbəti dəfə A.Zeynallı adına Musiqi Texnikumuna
sənəd verdim. Qəbul imtahanında ustad sənətkarlarımız
tarzən Bəhram Mənsurov, xanəndə Əlibaba Məmmədov,
bəstəkar Vasif Adıgözəlov və başqaları
vardı. "Mirzə Hüseyn segahı" oxudum.
Gördüm, balam, yaman diqqətlə qulaq asırlar. Odur ki,
bir az da ürəkləndim. İmtahandan mənə
"5" verdilər. Üstəlik bir az da tərifləyib,
təbrik etdilər. Bax, beləcə sənət dərsi
öyrənməyə başladım. Muğam ustadları Nəriman
Əliyev, Hacıbaba Hüseynov, Ağaxan Abdullayev mənə
bu yolda çox şey öyrədiblər. Ümumiyyətlə,
mən bütün ustadlarımıza minnətdaram.
Çünki onları dinləyə-dinləyə
böyük sənət yoluna qədəm qoyub
özümü tapmışam".
Alim Qasımov keçdiyi sənət
yolunda hər cür çətinliklərə sinə gərərək
zirvəyə doğru irəliləyirdi.
Bu yolun bəzi
mərhələlərinə diqqət yetirək.
1983-cü ildə Səmərqənddə
keçirilən "Yaxın və Orta Şərq
xalqları peşəkar musiqisinin ənənələri və
müasirlik" mövzusunda İkinci Beynəlxalq simpoziumda
"Səmayi-şəms" zərb muğamı ifa edərək
uğur qazandı. 1986-cı ildə Azərbaycan muğam və
xalq mahnılarının Birinci Respublika müsabiqəsində
iştirak edərək müsabiqənin birinci
mükafatına layiq görüldü. 1987-ci ilin
oktyabrında növbəti dəfə Səmərqənddə
Beynəlxalq muğam simpoziumunda xalq artistləri Şəfiqə
Eyvazova və Ramiz Quliyevlə birlikdə çox müvəffəqiyyətlə
çıxış etdi, bunun sayəsində Amerikada
keçirilən Dünya folklor musiqi festivalına dəvət
aldı.
Alim Qasımovun səhnə fəaliyyətində
ən dəyərli uğurlardan biri onun 1989-cu ildə Opera və
Balet Teatrının səhnəsindəki
çıxışı ilə bağlıdır. Həmin
il o, dahi Üzeyir Hacıbəylinin "Leyli və Məcnun"
operasında Məcnun rolunu məharətlə ifa edir.
Artıq səhnə qanunlarına dərindən bələd
olan Alim Qasımov rejissorların da diqqətini cəlb edir.
1990-cı ildə böyük qəzəlxan Əliağa
Vahid haqqında çəkilən filmdə xanəndə rolu
Alim Qasımova həvalə olunur.
Bu uğurlar içərisində
sənətkarın dünyanın müxtəlif
salonlarından gələn səsi o qədər uca və əzəmətlidir
ki, onun sədalarında Azərbaycan ruhu ölkələri,
qitələri gəzib dolaşır. Bu sıradan onun Amerika,
Almaniya, Fransa, İsveçrə, İran, Türkiyə və
s. bu kimi ölkələrdəki uğurlu
çıxışlarını qeyd edə bilərik ki,
bunun da sayəsində milli musiqi sənətimiz yüksək
səviyyədə təbliğ olunub. Bu da Alim Qasımovun
simasında vətənimizə böyük uğur gətirib.
Sənətkarın
xarici ölkələrdə qazandığı
çoxsaylı uğurların bir neçəsini yada salaq.
1989-cu ildə Parisdəki dünya
xalqları mədəniyyət evi Alim Qasımovun (60 dəqiqəlik)
valını yüksək tirajla nəşr edib. 1989-1991-ci illərdə
Fransanın "Du monde Arabiya" teatr salonunda Azərbaycan
musiqisi ilk dəfə məhz onun ifasında səslənir.
1994-cü ildə ABŞ-da Alim Qasımovun konserti təşkil
edilir. 1997-ci ildə sənətkar Avropa Türk İslam
Birliyinin mükafatına layiq görülür. 1998-ci ildə
Almaniyada kompakt diski buraxılır və sənətkar bu
ölkədə beynəlxalq folklor festivalında iştirak
edir. Alim Qasımovun dünyanın müxtəlif ölkələrində
qazandığı bu uğurların ən yüksək mərhələsi
ona 1999-cu ildə UNESCO Musiqi Şurasının ali
mükafatının təqdim olunmasıdır.
Sənətkarın xarici ölkələrə
qastrol səfərləri haqqında çox danışmaq
olar. Elə bu yaxınlarda qızı Fərqanə xanımla
daha bir səfərdən qayıdıb. Səfərdən zəngin
təəssüratlarını bizimlə
bölüşür: "Mənim üçün ən
böyük uğur odur ki, milli musiqimizi dünya
tamaşaçısına çatdıra bilirik. Bu, o deməkdir
ki, xarici ölkə vətəndaşlarında Azərbaycan
musiqisi haqqında təəssürat yarada bilirik. Əgər
bu çıxışlarımızla vətənimiz
üçün nə isə edə biliriksə, demək aciz
deyilik. Bu torpağın üzərində gəzməyə
haqqımız var".
Alim müəllim sənət
uğurlarına öz istedadı və zəhməti sayəsində
nail olub. Bunun üçün də xalq onu sevir, dövlətimiz
də sənətini yüksək qiymətləndirir. Onun
muğam dünyasına öz baxışı, öz
münasibəti, öz muğam aləmi var.
"Muğam ilahi bir sənət növüdür"
Görək ustad özü bu barədə
nə deyir: "Muğam ilahi bir sənət
növüdür. Bu aləmə daxil olduqda qeyri-adi hisslər
səni əhatə edir. Sanki başqa bir aləmdəsən.
Məsələn, tutaq ki, biri gözəl bir səslə
oxuyur. Mən, elə bir səs eşidəndə
özümü unuduram. Elə bil hansı bir ilahi qüvvə
isə məni özünə cəlb edir. Bəzən
oxuyanda da belə oluram. Sanki ruhum bədənimdən
çıxıb göylərlə çarpışır.
O anda oxuduğum hər hansı bir muğam
parçasını bəlkə ikinci dəfə təkrar edə
bilmərəm. Belə başa düşürəm ki, əsl
sənət budur. Çünki, o sənə ilahidən bəxş
olunur. Odur ki, mən muğamı ruhun sənəti kimi qəbul
edirəm. Bu da çox müqəddəs bir amildir. O müqəddəsliyi
qoruyub saxlamaq əsl sənətkardan böyük istedad və
məsuliyyət tələb edir. Nə qədər
ömrüm var, bu müqəddəs sənətə bax belə
xidmət edəcəyəm".
Muğam sənətini
böyük məharətlə təbliğ edən Alim
Qasımov həm də gözəl müəllimdir. 1982-ci ildən
pedaqoji fəaliyyətə başlayıb. Onun tələbələri
içərisində qızı Fərqanə xanımı xüsusi
qeyd etməliyik. Mən dəfələrlə onun dərslərində
iştirak etmişəm. Doğrudan da Alim Qasımovun müəllimliyi
də elə onun ifaçılığı kimi özünəməxsusdur.
O, dərs prosesində də səhnədə olduğu kimi
qeyri-adi təbiəti ilə sanki yeni üsullar axtarır. Amma
klassik çərçivədən də kənara
çıxmır. Həmişə onun dərs prosesini izləyərkən
hiss etmişəm ki, tələbələri Alim müəllimin
böyük istedadına qibtə ilə yanaşır və
sanki hər kəsin üzündən belə bir hiss bəlli
olur: "Kaş ona bənzəyə biləydim".
Onu da deyim ki, tələbələrə
qarşı Alim müəllim çox tələbkardır.
Amma dərs bitən kimi o, şən zarafatları, səmimi
münasibəti və mehribanlığı ilə çox
sadə Alim Qasımov olur. Onun ciddiliyi və tələbkarlığı
sənətə olan sevgisinin ifadəsidir. Pedaqoji təcrübədən
söhbət düşəndə isə belə deyir:
"İstəyirəm elə muğam
ifaçılarımız yetişsinlər ki, mən də
onlarla bəhs etməyə çalışım. Bu isə
Azərbaycan muğam sənətinə əsl diqqət və
doğmalıq münasibətləri zəminində
mümkündür və həm də bu, vətəndaşlıq
borcudur".
Şərq.-2011.- 14 aprel.-S.11.