Böyük rejissor...

 

Rasim Ocaqov Azərbaycan kino sənətinin tanınmış simasıdır

 

(əvvəli var)

 

Rasim Ocaqovun yaradıcılığında xüsusi poetiklik var ki, bu da həyatın gərgin detallarının insan mənəviyyatındakı rolunu dəqiq xarakterizə edərək tamaşaçıya çatdırmasında özünü göstərir. Bu baxımdan rejissorun unudulmaz bəstəkar Emin Sabitoğlu ilə birgə işləri ("Ad günü", "Ölsəm, bağışla", "Təhminə" və s.) xüsusilə diqqətəlayiqdir. Bəstəkar musiqiləri bu ekran əsərlərinə xüsusi emosionallıq gətirir.

Rasim Ocaqov üçün xarakterik sima vacib şərtlərdən idi. Bu mənada o, psixoloji dramları ("Ölsəm, bağışla", "Təhminə" və s.) ekranlaşdırmağa daha çox üstünlük verirdi. Rejissorun filmlərində aktyorların yaradıcılığı daha qabarıq göstərilir, fərdi istedadları sayəsində onlar milli kinomuzun simasına (məsələn, Fəxrəddin Manafov) çevrilirdilər.  

"Tütək səsi"ndə Qılınc Qurban (Yusif Vəliyev), İsfəndiyar kişi (Məmmədrza Şeyxzamanov), "Ad günü", "Həm ziyarət, həm ticarət"də Mustafa (Hacı İsmayılov) obrazları da bu qəbildəndir. O, monoloqları bol olan psixoloji dramları belə ("Otel otağı") maraqlı nüanslarla işləyir, qəhrəmanın daxili aləmini tamaşaçıya daha yaxın edirdi. 

Rasim Ocaqovun filmləri mövzu aktuallığı və texniki qüsursuzluğu ilə seçilir, dəyərli ekran əsərləri kimi tamaşaçılar tərəfindən sevilərək baxılır. 2006-cı il iyulun 12-də dünyasını dəyişən sənətkar bütün yaradıcılığı boyu Azərbaycan kino estetikasının yüksək nümunələrini yaradıb. Bu mənada istedadlı kino xadiminin adı, filmləri kimi daim hörmətlə anılacaq.

 

"Bu gün milli kinomuzda Rasim Ocaqov fenomeni yoxdur"

 

Onun haqqında bir çox aktyorlar müsbət fikirlər söyləyiblər. Xalq artisti Fəxrəddin Manafov isə onunla təkcə aktyor kimi çalışmayıb. Onlar yaxın dost olublar. Fəxrəddin Manafovun kino aktyoru olaraq tanınmasında Rasim Ocaqovun xüsusi əməyi olub. Elə Fəxrəddin Manafov da dostu və ustadı barədə xatirələrində bunları dilə gətirir: "Rasim Ocaqov, Azərbaycanın kino tarixi durduqca, əbədi olaraq qalacaq. Rasim Ocaqov haqqında film çəkmək, onun portretini lent vasitəsilə gələcək nəsillərə çatdırmaq istəyirəm. Rasim Ocaqovun dəsti-xətti elə idi ki, mən onun hər filminin uğuruna inanırdım. Ona görə də bütün dediklərinə əməl edirdim. Rasim Ocaqovdan aldığım və ondan öyrəndiklərim indiyə kimi də filmlərdə uğur qazanmağıma səbəb olur. Bu gün də məhz onun öyrətdiklərindən istifadə edirəm. Uğurlu nəticə əldə etməyəcəyimlə bağlı içimdə qorxu hissi olur. Ancaq Rasim Ocaqov məktəbi mənə bu günə kimi uğur gətirir. Görkəmli rejissor Rüstəm İbrahimbəyov Kino Akademiyası yaradıb. Həmin akademiyada respublikanın bir neçə istedadlı insanı müəllimlik edir. Məncə, Rasim Ocaqov bu gün yaşasaydı, o akademiyada tələbələrin sayı daha çox olardı. Mənim gənclərə məsləhətim odur ki, onun səsinə qulaq asıb, onun dediklərindən öyrənsinlər.

Əgər onlar bu sənətdə uğur əldə edib ucalmaq istəyirlərsə, Rasim Ocaqovun filmlərinə dəfələrlə baxmalı, onun yolunu götürməlidirlər. Onlar bilməlidirlər ki, Rasim müəllim iri planları o dərəcədə dəqiq qururdu ki, həmin planla istədiyi fikri çatdıra bilirdi. Çox təəssüf ki, Rasim Ocaqov bu gün aramızda yoxdur və akademiyada dərs demir".

Xalq artisti Rasim Balayev Rasim Ocaqovla birgə işlədiyi günləri xatırlayır, onun söhbətini fortepianoda səslənən melodiyalar müşayiət edirdi. "Mən onunla ötən əsrin 70-ci illərinin əvvəlindən işləyirdim. O vaxt operator olan Rasim Ocaqov "Sənin ilk saatın" adlı film çəkirdi", - deyən aktyorun sözlərinə görə, operator və rejissor Rasim Ocaqovun öz mövzuları vardı və əgər ssenari xoşuna gəlməsə, ondan imtina edirdi. Rüstəm İbrahimbəyovun və Anarın dramaturgiyasına müraciət etməsi onun yaradıcılıq yolunun məntiqi davamı olmuşdur.

Səhnədə qoyulmuş ekranda çəkilişlərin müəyyən məqamlarını əks etdirən kadrlar görünürdü. Bu kadrlarda rejissor özü də görünür, onun səsi eşidilirdi.  

Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Şəfiqə Məmmədova da onunla bir çox filmlərdə çalışıb. Şəfiqə xanımın da Rasim Ocaqovla bağlı maraqlı xatirələri var: "Mənim ən yaxşı rollarım onun adı ilə, onun filmləri ilə bağlıdır. Bu filmlər sayəsində mən sərbəstlik və özümə inam qazanmışam. Biz dost idik. Mən onu bir rejissor kimi, insan kimi çox yüksək qiymətləndirirdim. Demək olar ki, hər gün onunla söhbət edirdim. Axırıncı dəfə onun ölümündən üç gün əvvəl söhbət etmişdik. Mən indi başa düşürəm ki, o bizimlə vidalaşırmış". 

Xalq yazıçısı, dramaturq Rüstəm İbrahimbəyov öz xatirələrini bölüşərkən qeyd edir ki, həmin illərdə və elə sonralar da R.Ocaqov neorealizmin güclü təsirinə düşmüşdü. Bu, onun filmlərində də özünü göstərir, onlar qızğın mübahisələrə səbəb olurdu. Ocaqovun filmləri barəsində nə qədər tərifli sözlər deyilsə də, əsas məqam bir idi: onun kino lentləri Azərbaycan kinosunda təzə söz, ekranda real həyatı göstərmək cəhdi idi.

Gürcüstanın xalq artisti, "Ad günü" filminin baş qəhrəmanı David Uplisaşvili, Rusiyanın xalq artisti, Teatr Xadimləri İttifaqının sədri, Ocaqovun "İstintaq", "Bağlı qapı arxasında" və "Özgə həyatı" filmlərində çəkilmiş Aleksandr Kalyagin, xalq yazıçısı Anar və başqaları Ocaqovla birgə yaradıcılıqları barədə xatirələrini söyləyiblər.  

Rasim Ocaqovun rejissorluğu ilə kino sənətimizə gətirilən yeni nəfəs, yeni rəng və çalar, gərgin axtarış və istedadın hesabına meydana gəlmişdir. Rasim Ocaqovun yaradıcılıq dünyası müxtəlif dövrləri əhatə edən zəngin sənət nümunələridir. Belə ki, onun Böyük Vətən müharibəsi illərində, sovet dövründə, eləcə də, Azərbaycan müstəqillik qazandıqdan sonra çəkdiyi filmlər Rasim Ocaqovun yola saldığı ömür illərinin ən mənalı zamanını təşkil edir.

Müxtəlif dövrün ab-havasını Azərbaycan kinosuna gətirən və bu filmlərdə insanın milli təfəkkürünü, dünyagörüşünü formalaşdıran, ona emosionallıq, vətənpərvərlik kimi hissləri aşılayan filmlərlə böyük bir auditoriyanın məhəbbətini qazanmışdır. İstər müharibə dövründə, istərsə də, sovet məkanında yaratdığı filmlər onun əldə etdiyi nəzəriyyənin gerçəkləşməsi ilə nəticələnib. Bu filmlərdə böyük rejissor Azərbaycan kino sənətinin tanınmış simaları ilə çalışaraq, onların potensial gücünü ortaya çıxarıb, sənət meyarları baxımından çox yüksəkdə duran ekran əsərlərini yarada bilib. Rasim Ocaqov, həqiqətən də, Azərbaycan kinosunda elə bir zirvədə dayanan sənətkarlar sırasındadır ki, onun filmləri zamanla cəmiyyət arasında bir yaxınlıq yaratmış, insan psixologiyasının dərin qatlarına toxunaraq, onun düşünməsinə, həyatın fəlsəfəsini dərk etməsinə gətirib çıxarmışdı.

 

Onun filmləri həyati  olduğu üçün yaşayır...

 

Rasim Ocaqovla birgə çalışan və onun filmlərində baş rolları ifa edən hər bir aktyor rejissordan böyük məmnunluq hissi ilə söz açırlar. Rasim Ocaqovun müstəqilliyimizin ilk dövrlərində çəkdiyi "Qətldən 7 gün sonra", "Təhminə", "Həm ziyarət, həm ticarət", "Otel otağı" və digər filmləri milli zəmində lentə alınmış sənət nümunələridir. Bu filmlərdə Rasim Ocaqovun fikir dünyası ilə ssenarist arasında olan bir yaxınlıq özünü büruzə verir. Sözsüz ki, Rasim Ocaqov bu filmlərdə müasir prizmadan cəmiyyətin əxlaq normalarına, milli-mənəvi dəyərlərinə yanaşaraq, azərbaycançılıq nöqteyi-nəzərindən onları tərbiyə etməyə çalışıb.  

Rasim Ocaqov yaradıcılığının bütün dövrlərində sənətə çox ciddi yanaşmış, müxtəlif insan talelərinin böyük bir səpkidə işıqlandırılmasına çalışaraq, fərdin cəmiyyətdəki rolunu, onun rast gəldiyi təsadüfləri, eləcə də, insanların taleyində baş qaldıran acınacaqlı hadisələri rejissor gözü ilə süzgəcindən keçirib, ideal insan obrazlarını çox təbii və inandırıcı bir şəkildə ortaya qoya bilmişdir. Öz axtarışları ilə, məxsusi ölçüləri ilə sənətdə yer qazanan Rasim Ocaqov "Qatır Məmməd", "İstintaq", "Bağlı qapı" və digər filmlərində həm tarixi mövzulara toxunmuş, həm də cəmiyyətin buxovlanmış təbəqələrinin azadlıq hisslərini ön plana çəkərək, dərin mənalı filmləri ilə yaradıcılıq qalereyasının ən nəfis nümunələrini Azərbaycan kino tarixinə həkk edə bilmişdir. Bu və ya digər filmləri vasitəsilə cəmiyyətdəki mənfilikləri, neqativ halları belə öz tamaşaçısına təqdim etmək qabiliyyətinə malik olub.

 

O, dünyasını dəyişsə də, filmləri ilə yaşayır

 

Rasim Ocaqov 2006-cı ildə dünyasını dəyişdi. Tanınmış rejissor dünyasını dəyişsə də, onun çox böyük yaradıcılıq irsi bu gün kinematoqrafiya sahəsində tədqiq edilməyə layiq bir nümunədir. Onun sənəti öyrənilməli, rejissorluq sahəsinə yol açan gənc kadrlar üçün bir məktəb olmalıdır.

Onu xatırlarkən milli kinomuzun çox maraqlı səhifələrini vərəqləməli olursan. Çünki bu böyük sənətkarın yaradıcılığı ötən əsrin 50-ci illərindən başlayaraq müstəqil Azərbaycanımızın 15 illik tarixinə qədər olan böyük bir dövrü əhatə edir. 50-ci illərdən inkişafa doğru meyillənən Azərbaycan kinosunun qiymətli əsərləri sırasında Rasim müəllimin operator kimi işlədiyi xeyli film vardır. "Əsl dost", "Bizim küçə", "Sən niyə susursan?", "Bir cənub şəhərində", "Skripkanın sərgüzəştləri", "Ömrün ilk günü" kimi filmlərdəki çox nadir kadrlar məhz Rasim Ocaqovun operator kamerasından lentlərə köçürülmüşdür. Onunla işləyən rejissorlar etiraf edirdilər ki, Rasim müəllim öz işinə rejissorların müdaxiləsinə imkan verməzdi. Obyekti hansı rakursdan çəkəcəyini özü müəyyənləşdirirdi və rejissorlar da onunla razılaşırdılar. O, kino yaradırdı, sənətin incəliklərini duyurdu, ətrafdakı yaradıcıları da öz duyumuna yönəldirdi. Xalq artisti, dövlət mükafatları laureatı Rasim Ocaqov kinonun professional yaradıcılarından idi və bütün yaradıcı ömrünü də bu sənətə həsr etmişdi.

 

Amma əslində...

 

... Rasim Ocaqovun yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində ayrı bir mərhələ açdı.

... Dünya kinematoqrafiyasının ənənələrindən ustalıqla faydalanmış sənətkar kimi maraqlı kinofilmlərin çəkilişində novator üsul və metodlardan bacarıqla istifadə etdi.

... Ölkəmizdə kinooperator sənətinin zəngin imkanlarının üzə çıxarılması və təkmilləşdirilməsində onun əməyi olduqca böyükdür.

... Azərbaycan kino mədəniyyəti ənənələrinin zənginləşdirilməsində böyük əmək sərf etdi, kino sənətimizə yeni-yeni uğurlar qazandırdı.

... Bir nəticə kimi mədəniyyətimizin incilərindən sayılan bir çox kino və televiziya filmlərinin ustalıqla yaradılmasına nail oldu.

 

Bir sözlə...

 

... Rasim Ocaqov ekran həyatı verdiyi bədii və sənədli filmləri ilə kino sənəti salnaməmizə parlaq səhifələr yazıb.

... Onun çəkdiyi filmlər həqiqi sənət nümunələridir. Bu filmlər Azərbaycan kinematoqrafının qızıl fonduna daxil olub, obrazların incə psixologizmi və hadisələrin həyatiliyi Rasim Ocaqov sənətinin əsas cəhətlərini təşkil edir.

... Azərbaycan kino sənətinin tanınmış nümayəndəsi Rasim Ocaqovun milli kino mədəniyyətinin inkişafı sahəsindəki xidmətləri olduqca yüksəkdir.

... Görkəmli sənətkar və qayğıkeş insan olan Rasim Ocaqovun işıqlı xatirəsi həmişə ürəklərdə yaşayacaq.

 

 

Şərq.- 2011.- 19 aprel.- S.11.