Hacıbaba
Hüseynov millətin yaddaşında, musiqi tarixində
yaşayır
İlk dəfə təxminən 40
yaşında efirdə görünüb...
Hacıbaba müəllim ilk dəfə televiziya
ekranında görünəndə təqribən qırx
yaşı varmış. Həmin gün bəstəkar
Cahangir Cahangirov onu studiyaya dəvət edib və orada tarzən
Əhsən Dadaşovun və kamançaçalan Fərhad
Dadaşovun müşayiətilə "Zabul",
"Rast" və "Şur" muğamlarını
oxuyub.
Sənətkarın ən böyük tədqiqatçısı
Rafael Hüseynovdu. Haqqında bir neçə dəfə mətbuatda
yazılarla çıxış edib, "Ocaq
başı" sənədli filminin ssenari müəllifi,
yetmiş illik yubiley gecəsinin aparıcısı olub.
Aradan illər ötdü və yalnız yetmiş
yaşının bircə addımlığındaykən
Hacıbaba Hüseynov qısa fasiləylə əməkdar və
xalq artisti fəxri adlarına layiq görüldü. Üstündən
dörd il yarım keçdi. Daha dəqiqi, 1993-cü il
oktyabrın 24-ü idi. Hacıbaba müəllim Tanrı əmanəti
canını tapşırırdı. Amma gedən tək cismi
deyildi, illər boyu çinədanına
yığdıqlarını da özüylə
aparırdı...
Bu qala bizim qala,
Həmişə bizim qala.
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala.
Vaqif Mustafazadənin "Bayatı-Şiraz"
kompozisiyasında oxuduğu məlum bayatı, onu yazan Xudu Məmmədov
da daxil olmaqla, bu üç insanın ölməzliyi barədə
əsl təsəlli sayıla bilər.
Böyük sənətkar
heç vaxt varlı-hallı olmayıb...
Daim toylara gedib, evinə qazanc gəlib, amma elə
qazandığı süfrəsində olub. Lakin o, mənəviyyatca
zəngin idi və bu zənginlikdən hədiyyələr
verməyi xoşlayarmış. Ən əziz ərməğanı
da şeir imiş.
Sevdiyi, xətrini əziz tutduğu, sənətinə ehtiram
bəslədiyi insanlara şeirlər həsr edirdi.
Bir bölük ithaf şeirləri var,
hamısını sidq-ürəkdən yazıb.
Hansınısa yazdığı şəxsə
bağışlayıb, hansınısa təqdim etməyə
macal tapmayıb, elə özündə qalıb.
Ya bəlkə, özündə saxladığı ithaf
şeirlərini heç vəsf etdiyi şəxslərə
çatdırmaq istəyi də yoxmuş, sadəcə,
ürəyini boşaltmaqçün yazırmış?!
Tam səmimi Adam idi - hansısa şeir həsr etdiyi
şəxsə ürəyində istək azalanda, qəlb
bağladığı o kəs könlünü qıranda həmin
ithafdan çəkindiyi, şeirin təyinatını dəyişdiyi
də olub.
Lakin onun ən sabit və axıracan dərin hörmət
bəslədiyi, yaradıcılığını izlədiyi
və şeir həsr etdiyi bir ünvan da olub - Bəxtiyar
Vahabzadə.
Hacıbaba müəllim Nəbi Xəzriyə, Cabir
Novruza qarşı bir az soyuq olub. Deyəsən, onlar haçansa
qəlbinə dəyiblər. Əldə etdiyimiz məlumata
görə, şeirlərinin o dövrdə yeganə əsas ədəbi
dərgi olan "Azərbaycan"da dərc edilməsi
üçün umduğu dəstəyi onlar sənətkardan
əsirgəyiblər. Hacıbaba Hüseynov hətta,
onların təxəllüslərini də dəyişərək
deyirdi...
Cabir Novruz da, Nəbi Xəzri də görkəmli sənətkarlar
idilər, ola bilsin, onların Hacıbaba müxəmməs və
şeirlərinə, qəzəllərinə münasibəti
ədəbi prinsiplərlə, sırf zövqlə
bağlı bir yanaşma idi.
Lakin şeirə münasibətdə Hacıbaba
Hüseynovun da öz dəyərləndirmələri, güzəştsiz
meyarları olub.
Hecaya da biganə deyildi - qoşmaları, təmsilləri,
digər şeirləri də var hecada. Lakin əruzu daha
üstün tutub.
Hacıbaba müəllimin ən çox minnətdar
olduğu varlıqlardan biri söz idi və sözün
borcundan çıxmaqçün onun gördüyü iş
yalnız oxumaqdan ibarət deyildi.
Hansısa unudulmuş, heç adı bilinməyən
bir şairin şeirindən 3-4 misra, ya bir neçə beyt əlinə
yetirdi.
Hacıbaba müəllim sözünün yerini bilən,
hansı sözü hansı məqamda dilə gətirməyi,
hansı şəraitdə susmağın daha məsləhət
olduğunu yaxşı hiss edən bir insan idi.
Təsadüf elə gətirir ki, bir gün tez-tez dəvət
edildiyi Nardaran toylarından birində bir nəfər cibindən
qəzəl çıxarıb verir Hacıbaba müəllimə,
vərəqin üstünə xələtini də qoyur və
"bunu oxu" deyir.
Hacıbaba ustad xatirələrində bu barədə belə
deyib: "Sifariş verilmişdi, yerinə yetirməliydim. Bu,
toydur, bu meydandasansa, bu meydanın oyun qaydalarına da əməl
etməyə hazır olmalısan. Amma şeiri verən məni
istəyən adam deyildi və o şeiri də mənə məqsədlə
vermişdi. Nardaran kimi dindar bir yerdə o şeiri oxusam, yəqin,
narazılıq edənlər də olacaqdı. Baxmayaraq ki,
şeir Şəhriyarınkı idi."
Getmə, tərsa balası, mən də sənə sayə
gəlim,
Damənindən yapışıb mən də kəlisayə
gəlim.
Ya sən islamı qəbul eylə, mənim dinimə gəl,
Ya ki, təlim elə, mən məzhəb- İsayə gəlim.
Hacıbaba müəllim həmin toyda mikrofondan məclisə
müraciət də edib: "Mənə verilən bu şeir
ustad Şəhriyarındır. O şeirin 3-4 beytini oxuyub
ardını öz beytlərimlə davam etdirəcəm. Bu
beytlərdə Şeyx Sənan rəvayətinə işarə
var. Bu beytlər Əsli-Kərəm əhvalatına bənzəyir.
Mənsə onun əksini deyəcəm. Qoy bu da usta Şəhriyara
bir cavabımız olsun".
Və başlayıb oxumağa.
Əlavə edəcəyi beytləri Hacıbaba ustad irəlicədən
yazmamışdı.
O beytlər elə həmin an, həmin məclisdə,
oxu əsnasında yaranacaqdı.
Başlayıb oxumağa və Şəhriyar şeirindəki
məntiqi çevirir tərsinə, əlavə edəcəyi
beytlər, ilahi sehrlə uçub gəlir ona sarı:
Yox, sənəm, anlamadım, səhvimi iqrar edirəm,
Buraxıb dinimi mən din-i Məsihayə
gəlim?
Sən mənim
dinimə gəl! İczilə xatircəm elə,
Mən də
öz əhdim ilə aləm-i sevdayə gəlim.
Sən
gedib Hacı kimi eşq büsatında otur,
Pir-i meyxanə
ilə mən də o məvayə gəlim.
Xalq artisti adına layiq görülməsinin tarixçəsi...
1989-cu ildə
Hacıbaba Hüseynovun 70 illiyi ərəfəsində onun
işlədiyi Asəf Zeynallı adına musiqi məktəbi
adından hazırlanmalı olan təqdimatın mətnini
Rafael Hüseynov yazıb və ustada birbaşa "xalq artisti"
adı verilməsi orada əksini tapıb.
Yuxarıdan bildiriblər ki, Hacıbaba Hüseynovun xalq
artisti adına layiqliyinə biz də şübhə etmirik,
ancaq doğrudan da, belə istisnaya getməyək, əvvəlcə
"əməkdar" verək, qısa müddətə
"xalq"ı da alar.
Doğrudan
da, o günlərəcən birbaşa "xalq artisti"
adı bir Cabbar Qaryağdıoğluna verilibmiş, bir də
Seyid Şuşinskiyə.
İkisinə
də qoca yaşlarında.
Yetmiş
illiyində əməkdar alandan az sonra, 1990-cı il
oktyabrın 29-da Azərbaycanın xalq artisti adına layiq görülüb.
Çoxdan
halal payı olan, xalqın, əslində, ona çoxdan
vermiş olduğu ad dövlət tərəfindən də rəsmi
təsdiqini tapıb.
O, İmam Hüseyn, Məhəmməd
Füzuli əsiri idi...
70-i
adlayandan sonra gedib hər ikisinin məzarını ziyarət
etdi.
Seyid Əzim
aşiqi idi. Gedib onun da məzarının daşından
öpmək qisməti olub böyük xanəndənin.Ömrün
son iki-üç ilində səhhəti tədricən sənətkarı
narahat etməyə başlayıb. Onda təngnəfəslik əmələ
gəlməyə başlayıb və ona yaxın olan insanlara
da bu barədə belə deyib: "Xəstəlik əziyyət
verir, nəfəsim də daralır. Amma bir cəhətdən
Allahımdan razıyam ki, sözə, oxumağa ürəyimdə
cavan yaşımda olan həvəs, eşq elə əvvəlki
kimidir. Azalmayıb ki, artıb".
Gec tanınmasında Sovet diktaturasının
rolu olub..
Sovet dövründə bütün
sahələrdə mərkəzləşmə, nəzarət
olduğu kimi, ifaçıların Moskvanın
"Melodiya" firması xətti ilə səslərinin,
çalğılarının vallara yazılması da
hökumətin (yaxud onun məmurlarının) seçimi ilə
baş verirdi.
Sovet onillərində
vallarının buraxılması ilə şeir
kitablarının çıxması Hacıbaba Hüseynovdan
ötrü əlçatmaz arzu idi.
Hacıbaba
Hüseynova "yaşıl işığ"ın
yanması sovet dövlətinin dağılan vaxtlarına,
texniki tərəqqidə də yeni səhifələrin
açıldığı çağlara təsadüf etdi.
Daha val ötülmüş mərhələ idi.
Hacıbabanın ilk diskləri çıxdı. Azərbaycanda
yox, xaricdə. Özünün olmadığı
çağlarda səsi yazılmış disklər ölkəmizdə
də, vətəndən kənarlarda da dönə-dönə
buraxıldı, yəqin, bundan sonra da olacaq.
Amma
köhnə xanəndələrimizi düşünərkən,
nədənsə bu gün də, ilk növbədə vallar,
qarammofonlar, patefonlar yada düşür.
Ömrünün sonlarında Hacıbabaya təzədən
vurulmuş şair Qabilsə göyləri ustadın avazı
yazılmış əsrarəngiz vala
oxşatmışdı:
Oxu!
Səsin
göylərə
yazılır, Hacı!
Asiman bir valdır ki,
Hərlənir,
hərlənir,
hərlənir...
Nə
silinir, nə pozulur, Hacı!
Onun ölümündən 18 il
keçir...
Bəlkə
də, şairin bu bənzətməsi - səsin val kimi
göylərə yazılması kiməsə fantastik,
sürrealist gələr.
Bəs Hacıbaba
ustadın səsinin bir sınmaz, pozulmaz val kimi millətin
yaddaşına əbədilik yazılmasına nə
sözünüz?!
Amma
şairin sözünü də qəribçiliyə
salmayın...
Bu gün
böyük sənətkar yanımızda yoxdur. Onun
ölümündən 18 il keçir. Ancaq buna baxmayaraq millətin
yaddaşında, musiqi tarixində yaşayır. Bu onun qazana
bildiyi ən böyük var-dövlətdi - Ölümündən
sonra yaşamaq!
Şərq.-
2011.- 22 aprel.- S. 11.