Azərbaycanın
rəqs sənəti
(Əvvəli
ötən sayımızda)
Fikri-zikri Allahı, ailəsi,
el-obası dairəsində dolanaraq yaşayan azərbaycanlıların
yüzlərlə rəqs növü var. Lakin elə rəqs
növü də var ki, onun özünün 100-ə qədər
çeşidləri var. Bu, olduqca qədim tarixə malik
"Yallı" rəqsidir. Onun təsviri 10-15 min illik tarixi
olan qədim insan məskəni Qobustan qayalarında öz əksini
tapmışdır. Qavaldaş da çalınan
"Yallı" ritmi və qaya rəsmlərinin
görünüşü.
Şərur rayon "Yallı" rəqs qrupu
hazırda yallının 73 növünü ifa edir. Onları
Tulum zurnanın səsi müşayiət edir. Tulum zurna
çəpiş dərisindən hazırlanır. İçərisinə
hava doldurulur. Zurnaçı həmin tulumu qoltuğu
altında saxlayıb çaldıqca
sıxıb-açır və musiqini tənzimləyir. Rəqsin
zəngin olması üçün "Yallı"nın
"Tello", "Qənimo", "Gopu", "Dönə",
"Ürfani", "Qaz-Qazı" və s. növlərindən
istifadə olunur.
Ov və döyüş mərasim
rəqsləri kimi meydana gəlmiş bu rəqs kütləvi
el rəqsləri olub 80-100 nəfərdən ibarət dəstə
ilə ifa edilir. Azərbaycanda rəqs sənəti muğam
musiqisi qədər zəngin və təkrarolunmazdır. Onun mərasim
rəqsləri də müxtəlif çeşidlidir. Bu
növə mərasim rəqsi kimi "Koskosa" və "Səməni"
rəqslərini də daxil etmək olar.
Sənətin
özündən
Rəqs insanlar arasında ən qədim,
həm də ən dramatik ünsiyyət vasitələrindən
biridir. O, insanın hiss və həyəcanlarını,
yaşantılarını, psixoloji dərketmə
funksiyasını, müstəqil düşünmə və
kəşfetmə qabiliyyətini təzahür etdirən hərəkət
növüdür. Hər bir xalqın mədəniyyətində
önəmli yer tutan rəqs sənəti Azərbaycan incəsənətinin
ən qədim və zəngin qoludur. Təbiət
xalqımıza əsrarəngiz rəqs istedadı verib, daha
doğrusu, rəqs xalqımızın mahiyyətinin incə təzahür
vasitələrindən biridir. Bu zəngin xalq sənətinin
kökü çox dərinlərə gedib
çıxır.
Məşhur Qobustan qaya təsvirləri
bəşəriyyət tarixində misli görünməyən
qədim rəqs sənəti nümunəsidir.
Milli Azərbaycan rəqslərində
xalqın özünəməxsusluğu, adət-ənənələri,
inkişaf səviyyəsi əks olunur. Kütləviliyə
seçilən milli rəqslərimiz məzmun yükünə
görə də olduqca qiymətlidir. Belə ki, hər bir hərəkət
özlüyündə böyük bir məna kəsb edir. Ən
sadə fikir və hisslərdən başlayaraq dərin
duyğuları, iztirabları, sevinci, kədəri,
ümumilikdə mənəvi yaşantıları fiziki hərəkətlərlə
"demək" ən səlis və qeyri-adi ünsiyyətdir.
Onu yaşadanlardan
Azərbaycan rəqs sənəti tarixində təkrarsız
ifa qabiliyyətinə malik rəqqasların sənət məktəbi,
ifaçılıq ənənələri bu gün də
yaşadılır, inkişaf etdirilir, sevilir və sevdirilir. Xalqımızın
mənəvi sərvəti olan milli rəqslərimizi nəinki
ölkədə, bütün dünyada tanıdan və sevdirənlərdən
olan respublikanın xalq artisti Təranə Muradovanın adı
xüsusilə qeyd olunmalıdır. İstedadlı rəqqasə,
gözəl pedaqoq, xeyriyyəçi insan kimi tanınan bu
xanımın zəngin sənət tarixçəsi var.
Uşaqlıqdan rəqs sənətinə
ürəkdən bağlanan Təranə xanım ilk öncə
Bakı Xoreoqrafiya məktəbini, daha sonra isə Azərbaycan
Mədəniyyət və İncəsənət Universitetini
bitirmiş və elə həmin vaxtdan - 1983-cü ildən Azərbaycan
Dövlət Rəqs Ansamblında fəaliyyətə
başlamışdır. Azərbaycan rəqs sənəti
tarixində yeganə rəqqasədir ki, 33 yaşında ilk təltiflə
xalq artisti fəxri adını almışdır. Rəqs
ansamblının solisti və baletmeysteri kimi, demək olar ki,
dünyanın yarısını gəzən rəqqasə
olduğu hər yerdə xalqımızın bu zəngin sənətini
bacarıqla təmsil etmişdir. O, qanına, canına hoparaq
bütün qüvvəsini hərəkətə gətirən,
hiss və həyəcanlarını büruzə verən
milli rəqslərin ahəngində ifaçılıq məharətini
hər zaman nümayiş etdirmişdir. Onun ifasında
"Uzundərə", "Vağzalı-Mirzeyi",
"Odlar yurdu", "Cəngi", "Naz eləmə"
və s. bu kimi bir-birindən gözəl, rəngarəng rəqslər
özünün dəst-xətti, incə ifasıyla
seçilir. Azərbaycan xanımına məxsus xəfifliyin
fonunda təkrarsız ifa çələngi yaradan Təranə
Muradova ifaçılığı gözəl sözlərə
layiqdir. O, musiqi və hərəkətinin uğurlu
qovuşmasıyla özünün hiss və həyəcanlarını,
düşüncələrini, emosionallığını
tarazlaşdıraraq qəribə bir ahəng yaradır. Və
bu ahəngdarlığın fonunda seyrçiylə
özü arasında olan bütün məneələri dəf
edə bilir. Beləcə bütünləşərək bir
təsəvvür formalaşdırır beyinlərdə: o
oynamır, sadəcə danışır, heç kəsin
bilmədiyi, lakin hamının anladığı bir dildə.
Məncə, bu, sənətçi, xüsusən rəqqasə
üçün ən böyük xoşbəxtlikdir.
Axı, rəqqasə nə müğənni kimi oxuyur, nə
də aktrisa kimi səhnədə müxtəlif rollar
"oynayır" o, sadəcə musiqinin ahənginə
uyğunlaşaraq hərəkətlərini dilə gətirir.
Bu prizmadan yanaşdıqda çox nadir hallarda kontrast
yaranır. Fikrimcə, Təranə xanım bunu daha mükəmməl
bacarır. Onun ifasında istər milli, istərsə də
dünya rəqsləri seçilir, sevilir.
Xeyirxahlıq insanın mənəvi
sifətidir. Bunu etməyi bacaran insan, dəyərindən
asılı olmayaraq nədənsə keçməyi bacaran
şəxs həyatın həqiqi anlamını dərk edir.
Biz insanlar qarşılıqlı anlaşma şəraitində
yaşayırıqsa, onda bütün çətinlikləri
dəf edə bilərik. Miqyasından asılı olmayaraq hərə
bir problemə diqqət ayırarsa, ümumi dərdlərimizə
müəyyən mənada çarə tapmış
olarıq. Bu düşüncədən çıxış
edən Təranə Muradova "Yeni Bakı və Vyana"
Avstriya-Azərbaycan cəmiyyətinin Bakı filialının
prezidenti kimi son illərdə bir sıra işlər
görmüşdür. Cəmiyyətin xəttilə xeyriyyə
tədbirlərinin - konsertlərin, tanıtımların təşkilinə
nail olmaqla əldə olunan vəsaiti "Daun" sindromlu
uşaqların ehtiyaclarına sərf edirlər. Belə ki, xəstə
uşaqların həyatdan, cəmiyyətdən təcrid
olunmamaları üçün Bakıda "Biz hamı
kimiyik!" şüarıyla bu uşaqların "Dəcəllər"
teatrı təşkil olunub.
"Sənət hər zaman zirvədə olmalıdır"
Bu gün zamanın girdabında
sıxılan hər kəs çıxış yolunu tapmaq
üçün müxtəlif vasitələrə əl
atır. Hərə müəyyən qədər
bacardığı işdən, sənətdən istifadə
edərək öz həyatını qurmağa
çalışır. Bu yöndə sənətin ən adi
formada istifadəsi isə yolverilməzdir. Bununla
barışmayan isə ən çox sənətkarlar və əsl
sənəti anlayan sənətsevərlərdir. Etiraf edək
ki, müasir əyləncə obyektləri, restoran
şouları sənətə, sənətkara münasibəti
dəyişib. Son illər hər kəsin müşahidə
etdiyi bir durum var ki, bu da rəqs sənətinin ucuz "istifadəsidir".
Şərq, ərəb, hind, Avropa rəqslərilə
yanaşı milli rəqslərimiz də bu çək-çevirin
güdazına gedir. O sayaq yerlərdə ərb, fars rəqslərinə
nisbətən milli rəqslərə maraq az olur. Bunu çox
yaxşı hiss edən yazıq ifaçı da canfəşanlıq
edərək təəssürat formalaşdırmaq istəyir.
"Turacı" yaşayaraq rəqs
edən sənətkar...
Azərbaycan rəqs məktəbinin professional səhnədə
əsasını qoyan Əminə Dilbazi də bənzərsiz,
təkrarsız bir rəqqasə kimi incəsənət
tariximizdə imzasını möhürləyə bildi.
Əminə Dilbazi 26 dekabr 1919-cu ildə Qazaxda anadan olub. 1935-ci
ildə ilk dəfə
səhnəyə çıxaraq
Üzeyir Hacıbəyovun
bəstələdiyi "Kolxoz
çölləri" mahnısını
ifa edib. Azərbaycan Dövlət Filarmoniyası
Mahnı və Dövlət Rəqs ansamblının solisti
(1936-1939), sonralar isə
rəqs qrupunun rəhbəri olub. 1959-cu ildə Azərbaycan
Tibb İnstitutunun yaratdığı "Çinar"
tələbə rəqs
kollektivinə rəhbərlik
edib. 1967-ci ildə "Sevinc" qızlar ansamblını yaradıb. 1949-cu ildən Xoreoqrafiya Məktəbində pedaqoji
fəaliyyət göstərib.
1957-ci ildə Moskvada tələbə və gənclərin
6-cı ümumdünya festivalında
qızıl medala layiq görülüb.
Əminə Dilbazi bir çox
filmlərdə rəqslərə
quruluş verib. Onun oynadığı
"İnnabı", "Tərəkəmə", "Vağzalı", "Turacı",
"Naz eləmə"
rəqsləri xüsusilə
məşhurdur. Repertuarına
rus rəqsləri, ukrayna rəqsləri, özbək rəqsləri,
ərəb rəqsləri
də daxil olan Əminə Dilbazi "Leyli və Məcnun" operasında, "Arşın
mal alan" və
"O olmasın, bu olsun" komediyaları və sair əsərlərdə
də rəqslərə
quruluş verib.
O, 2010-cu il aprelin
30-da Bakı şəhərində
vəfat edib.
Bəstəkar Cövdət Hacıyevin
həyat yoldaşı
olub. Əminə xanım ömrünün
son illərinə qədər
bu sənəti təbliğ etməyə
çalışıb. Onlarla xarici ölkələrdə
qastrollarda olan xalq artisti Azərbaycan
milli rəqslərini təbliğ edib. Onun ifasında olan rəqslərimizi həmişə
heyrət və təəccüblə izləyiblər.
Xüsusilə Əminə xanımın
ifasında təqdim olunan "Turacı" təkrarsız, özəl
idi. Bəlkə də onun kimi bu rəqsi
oynayan ikinci bir rəqqasın adını çəkmək
mümkün deyildi.
Sanki o səhnədə canlı bir quş, Turac idi. Rəqsin son motivlərində isə ifaçıdan xüsusi bacarıq, plastika tələb olunur. Turacın çırpıntısını
rəqslə çatdırmaq
heç də asan deyil. Ancaq Əminə xanım Turacın çırpıntısını
xüsusi sənətkarlıqla
tamaşaçıya çatdıra
bilirdi. Sanki "Turacı" rəqsini elə Əminə xanım özü yaratmışdı. Onun ifası
kimsəyə bənzəmirdi.
Yüzlərlə tələbə yetişdirən pedaqoq rəqs edərkən yaşadığını deyirdi.
Onun son müsahibəsini
də diqqətə çatdırmaq, yəqin
ki, oxucu üçün də maraqlı ola
bilər.
- Dediniz, maddi sıxıntınız yoxdur.
Ehtiyaclarınızı necə ödəyirsiniz?
- Prezident təqaüdü alıram. Bu mənə
bəs edir. Arabir dərmanlar qəbul edirəm. Bu da təbiidir. Yaşlanmışamsa, səhhətimdə problemlərin olması normaldır. Amma yalandan
deyim maddi sıxıntılar keçirirəm,
bunu adıma sığışdırmaram. Cavanlığımda səhnələrə çıxırdım və
pula ehtiyacım çox
olurdu. Qazancım yaxşı idi,
amma tələbatım
bundan da yüksəkdə dururdu.
Amma indi nə səhnə
geyiminə, nə də başqa ehtiyaclarım var.
- Adətən rəqqasə
səhnədə xoşbəxt,
həmişə üzü
gülən xanım kimi qəbul olunur. Həyatda necə insan
olmusunuz?
- Səhnədəki üz cizgiləri, özünü
təqdimat qaydası zamanla insanın xarakterinə də yansıyır. Həyatda səhnədəkindən də xoşbəxt olmuşam. Həm də çox
çalışqan idim.
Bütün uğurlarımı əziyyətlərimin hesabına
qazanmışam. Gecələri cəmi 2-3 saat yatırdım, məşqləri
tamamlayıb səhər
onu tələbələrimlə
bölüşürdüm. Əgər vaxtlı-vaxtında
işimi yerinə yetirməsəydim, kim idi mənə
xalq artisti adını verən. Heç bu zirvəyə çata bilməzdim.
- Milli rəqs sənətinin bugünkü
durumunu necə xarakterizə edərdinz?
- Mən bu barədə
çoxdandır ki, danışmaq istəmirəm.
Çünki azadlıq çoxlarının
əlinə fürsət
verib. Bu gün milli geyimlə səhnəyə çıxan,
sabah göbəyini,
ətəyini açır.
Belə halları sənətə
yaraşdırmıram. Rəqqaslar daha çox Qərbin musiqisinə meyil göstərirlər,
milli rəqsləri isə millilikdən çıxarırlar. Restoran, şadlıq
evləri onları peşəkarlıqdan uzaqlaşdırır.
Əgər peşəkar olsan,
pul özü sənin ayaqlarına töküləcək. Amma gənclər
bunu başa düşmək istəmirlər.
Bilirəm ki, mənim
deməyimlə heç
nə dəyişən
deyil. Ona görə
də SUSURAM...
Şərq.-2011.- 28 aprel.- S. 11.