Şəki Xan sarayı
Binanın memarlığı, əzəməti
Nazim Hikməti də riqqətə gətirib
Dünyada
öz orijinallığı ilə seçilən, Azərbaycan
memarlığında möhtəşəm yeri olan Şəki
Xan sarayı hər bir qonağını təəccübləndirə
bilir. Bu saray həqiqətən orijinal tikili olaraq digərlərindən
çox fərqlənir. Elə bu fərqlilik və əzəmət
sarayın adının dünya abidələri
sırasında çəkilməsinə şərait
yaradıb. Sarayın xüsusi tikinti üslubu var. Təkcə
onu göstərmək kifayətdir ki, hər kvadratmetr şəbəkə
beş min bir-birinə geydirilən hissələrdən ibarətdir.
Sarayda xalq təsviri incəsənətinin bir çox
növləri, xüsusən XVIII-XIX əsrlərin maraqlı
divar rəssamlığı nümunələri ümumiləşib.
Tarixi
Qala divarları ilə əhatə olunan Xan sarayı ikimərtəbəli
olmaqla altı otaqdan, dörd dəhlizdən, iki
güzgülü eyvandan ibarətdir.
Bu bina daha əvvəllər "Divanxana"
adlanıb. Şəki xanlığı Rusiya tərəfindən
işğal edildikdən sonra isə "Qorodskoy sud", yəni
şəhər məhkəməsi oldu. Binanın tikintisinə
1789-1790-cı ildə başlanılıb. Çox vaxt onun
tikilmə tarixini səhvən "Şəkixanovların
evi"nin ("Müştaq imarəti"
-"Qurğuşunlu Otaq"ın) tikilmə tarixi ilə
qarışdırırlar. İndi bizim "Şəki xan
sarayı" adı ilə tanıdığımız bu
bina, "Məhəmmədhəsən xan Divanxanası",
1789-1790-cı ildə Məhəmmədhəsən xan tərəfindən
tikdirilib. Binanın inşasına 32 min çervon, yaxud 32 min
İran tüməni məbləğində pul xərclənib.
1 rus çervonu, yaxud İran tüməni o vaxtlar 3,4 qram
çəkidə qızıl idi və Şəki
xanlığında, 1 il ərzində yığılan
töycü (vergi) heç 7 min çervona
çatmırdı. Amma hələlik müəyyənləşdirmək
mümkün deyil ki, 32 min çervon yalnız bu binanın
inşasına sərf olunub, yaxud bütün qalanın
tikintisinə. O ki qaldı qalanın inşasına, o, biyar
yolu ilə tikilib. Yəni xanlıq əhalisi xan
qarşısında öhdəlik daşıyırdılar
ki, lazım olduqda (həftədə, yaxud ayda) 1 gün xan
üçün pulsuz işləməlidirlər. Qaladakı
indiki kilsə, 1828-ci ilə qədər Xanın ev məscidi
idi və göstərilən ildə ruslar tərəfindən
indiki formaya, yəni xaç formasına salınmış və
kilsə edilib. Ruslar xanın hərəmxanasının yerində
isə türmə binası tikiblər. Qalanın dörd
küncündəki 4 böyük bürc də ruslar tərəfindən
inşa edilib. Yuxarıda göstərdiyimiz kimi, Şəki
Xan sarayının tikilmə tarixi tam dəqiqliyi ilə məlumdur.
Hicri 1204-cü, yəni miladi 1789-1790-cu illər. Memar isə
şirazlı Zeynal Abdulladır. Buna baxmayaraq Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyi Şəki Xan
sarayının qarşısında bir lövhə asıb ki,
"Bu bina 18-19-cu əsrlərdə tikilib". Həmçinin,
süni surətdə binanın tarixini 25 il əvvələ
atırlar, memarı haqqında isə heç nə demirlər.
Sarayın planı
Sarayın
hər iki mərtəbəsi eyni quruluşdadır. Mərkəzdə
böyük salon və salonun hər iki tərəfindəki dəhlizlərə
bitişən yan otaqlar var. Binanın plan quruluşu, yəni hər
mərtəbədə 3 otağın olması cənub hissədə
aydın əks olunur. Mərtəbələr daxildən pilləkənlərlə
əlaqələndirilib. Salonların şimal hissəsində
iki kiçik otaq arasında xanişin adlanan yerləşkələr
var. Tavanı güzgülənmiş alt xanişində fəvvarəli
mərmər hovuz tikilib.
Binanın
baş fasadı dünyada analoqu olmayan ən xırda, həndəsi
fiqurlara bölünmüş, ağac parçaların
aralarına müxtəlif rəngli şüşələr
geyindirilmiş şəbəkə pəncərə və
qapılardan ibarətdir. Şəbəkələrin hər
bir kvadratmetri orta hesabla 5000, mürəkkəb yerləri 14000
ağac və şüşə şəbəkədən
ibarətdir. Binada mismar və yapışqandan istifadə edilməmiş,
ağac və şüşə parçaları bir-birinə
geyindirilib. Saray divarın ornamentliyi, piştağların
genişliyi, naxışlı şəbəkələr,
müxtəlif naxışlar, gəc üzərində oymalar
məharətlə işlənib. Binanın daxilində həndəsi
naxışlara, nəbatat rəsmlərinə, süjetli və
quş rəsmlərinə, döyüş və ov səhnələrinə
daha geniş yer verilib. Zövqlə işlənmiş
taxçalar, güzgülü buxarılar əsl sənət
nümunəsidir. Saraydakı naxışların zənginliyi,
rəng çalarları, stalaktit oyma olduqca gözəldir.
Otaqların divarları ilə yanaşı, tavanı da
yaraşıqlı naxışlarla bəzədilib.
Dünya
şöhrətli türk şairi Nazim Hikmət saraya
baxdıqdan sonra belə yazıb: "Əgər Azərbaycanın
başqa qədim tikililəri olmasaydı, bircə Şəki
Xan sarayını dünyaya göstərmək bəs edərdi".
Şəki
Xan sarayının çox böyük şöhrət
qazanmış divar rəsmləri XVlll əsrdə
yaranmışsa da, sonralar dəfələrlə təmir
edilib. Sarayın divar təsvirlərini işləyən bir
neçə nəqqaş və ustanın adı binanın
içində müxtəlif yerlərdə yazılıb. Həmin
sənətkarların XlX əsrin sonunda binada işləməsi
kitabələrdən məlumdur. XVlll əsrdə ilk təsvirləri
işləyən nəqqaşın adı bunların
içində qeyd edilməyib. Binada ikinci mərtəbənin
tavanındakı təsvirdə ustad Abbasqulunun adı
yazılıb. Ancaq Abbasqulunun bu təsvirləri nə vaxt
işləməsi haqqında əlimizdə heç bir məlumat
yoxdur. İkinci mərtəbənin salonundakı təsvirləri
XlX əsrin axırlarında təmir edən və bəzilərini
yenidən işləyən boyaqçının
qarabağlı usta Qəmbər olduğu salonun divarlarında
qeyd olunub. XlX əsrin axırlarında Xan sarayının
birinci mərtəbəsindəki salonun təsvirlərini təmir
edən şamaxılı ustad Mirzə Cəfərin adı həmin
salonun giriş qapısının yuxarısında
yazılıb. 1955-1956-cı illərdə memar H.Q Rzayevin layihəsi
və başçılığı ilə burada geniş bərpa
işləri aparılmış və abidə ilkin halına
qaytarılıb.
Qeyd etmək
lazımdır ki, saray qala içərisində olmasına
baxmayaraq, köhnə Şərq şəhərləri
üçün xarakterik olan əlavə divarlarla əhatə
olunub.
1853-cü
ildə tərtib olunmuş plana əsasən, iqamətgahda
xanın ailəsi və nökərləri üçün
müxtəlif təyinatlı çoxlu miqdarda tikintilər
yerləşirdi. Ancaq bu plana görə ayrı-ayrı
binaların təyinatını müəyyən etmək
mümkün deyil, çünki onların bu planda hərbi vəziyyətə
uyğun təyinatları göstərilib.
Kompleksə
daxil olan tikililərin əksəriyyəti xan nəslinin
ayrı-ayrı üzvlərinin yaşayış evləri
idi; bu tikililər güman ki, müxtəlif vaxtlarda tikilib. Təsvirdə
qeyd edilən tikililər təbiidir ki, planda göstərilən
bağların dövrəsində olan, bizə gəlib
çatmış bir qrup evlərin eynidir. Şəki qalasının
bu hissəsi, sözsüz ki, təntənəli hissə olub.
Şəki
xanları sarayının ön fasadı cənuba baxan ikimərtəbəli
binadan ibarətdir. Mərtəbələrin planı eynidir.
Bir cərgədə yerləşən üç ev bir-birindən
dəhlizlə ayrılır, bununla da saray planı öz sadəliyi
və aydınlığı ilə fərqlənir.
Sarayın baş otaqları birinci və ikinci mərtəbədə
yerləşən zallar olub ki, burada da iki ensiz taxça arxa
divarda və bir enli taxça ön divarda yerləşirdi.
Enli taxça və birinci mərtəbənin zalı
güman ki, rəsmi qəbul yeri olub.
Mərtəbələr
arasında daxili əlaqə olmayıb. İkinci mərtəbəyə
yan fasadlara kirişləri olan, yan otaqların arxasında yerləşən
pillələrlə qalxırdılar. İlk nəzərdə
belə yöndəmsiz görünən pilləkənlər
tikintinin yay sarayı olması ilə
aydınlaşdırılır. Kompleks tikintiyə daxil olan
qış sarayı yay sarayına sarayın şimal fasadı
ilə əlaqədar olan tikinti ilə birləşirdi. Onu da
qeyd etmək vacibdir ki, birinci və ikinci mərtəbələr
arasında daxili yolun olmaması sarayın iki hissəyə-rəsmi
qonaq və şəxsi xüsusi hissəyə ayrılması
ilə aydınlaşdırılır. Saxlanılan sənədlərə
görə, aşağı mərtəbənin zalı
divanxana adlanırmış.
Sarayda
binaların yerləşməsindən asılı olaraq cənub
fasad beş hissədən ibarət olub, orada orta salonlar, yan
otaqlar və dəhlizlər yerləşir ki, onlar da salonları
otaqlardan ayırır.
Baş
fasadın kompozisiyasının xüsusiyyəti salon və
otaqların xarici divarlarının həllindən çox
asılıdır: burada divarlar bütövlüklə şəbəkə
tipli pəncərələrlə əvəz olunub. Pəncərə
şəbəkələrinin həndəsi ornamentli
fiqurları, onlara vurulan müxtəlif rəngli
şüşələr fasadı ayıran hissələrin
ornamentli səthləri ilə çox gözəl
uyğunlaşır. Belə şəbəkəli fonda
piştağın dərin taxçaları çox aydın
bir surətdə gözə çarpır və eyni zamanda
sarayın birinci mərtəbəsinə girişləri və
onların üzərindəki ikinci mərtəbənin
balkonlarını çərçivəyə alır. Beləliklə,
sarayın baş fasadının kompozisiyası üç
elementin uzlaşması ilə xarakterizə edilir: divarın
ornamentliliyi, naxışlı şəbəkə və
piştağların genişliyi. Ümumiyyətlə,
fasadın memarlığı sarayın daxili planlaşdırılmasında
və onun konstruktiv həllində yüksək rəssamlıq
sənətini nümayiş etdirir.
Sarayda
saxlanılan naxışlar müxtəlif vaxtlarda işlənmiş
və onların qiyməti də müxtəlifdir. Rəssamlıq
nöqteyi-nəzərindən daha qiymətli
naxışların müəyyən qədəri, ola bilsin
ki, XVIII əsrə aid olanı birinci mərtəbənin və
ikinci mərtəbənin salonunda qalıb.
Saray
naxışları əsasən dörd qrupa
bölünür: həndəsi və bitki naxışlar,
süjetli və quşların təsviri həkk olunmuş
naxışlar. Bu dörd tipli naxışlar, onların vurulduğu
səthdən asılı olaraq, müxtəlif kompozisiyalarda
göstərilib. Şəki xanları sarayının əsas
kompozisiyası taxça və aralıqları dolduran pannodur.
Bu, əsas etibarı ilə bitki motivlərindən ibarət
olan, hərdən quş şəkilləri əlavə
olunmuş kompozisiyadır. Aralıqlarda aşağı uzanan
kompozisiyanın tipi pannonun enli taxçada və ya ensiz
aralıqlarda yerləşdirilməsindən asılı olur.
Birinci mərtəbədə
salonun naxışlarının xeyli hissəsi 1895-1896-cı
illərdə şamaxılı rəssam-nəqqaş Mirzə
Cəfər tərəfindən işlənib.
İkinci mərtəbədəki
zalın zəmanəmizə qədər gəlib çatan
naxışlarının çoxunu şuşalı rəssam,
usta Qəmbər vurub. Onun adı ilə bağlı olan
1902-ci il tarixli naxış ikinci mərtəbədəki
zalın taxçasının yuxarı hissəsində
qalıb.
Bundan
başqa, Şəki sarayında ikinci mərtəbənin
qıraq otaqlarının naxışlarında adlarını
qovluqları şamaxılı Əliqulu və Qurbanəli
adlı ustalar işləyiblər.
Şəki
xanları sarayı Azərbaycanda tikinti işinin
aşağı səviyyədə olduğu dövrdə
tikilib, ancaq Şəki xanları sarayı bir daha göstərir
ki, keçmişin ənənələrini qoruyub saxlayan
ustalar hələ bu dövrdə də yüksək sənətkarlıq
nümunəsi yaratmağa qadir idilər.
1952-ci ildə
respublikanın görkəmli memarlarından, memarlıq namizədi
Niyazi Rzayevin rəhbərliyi altında Şəki xanları
sarayının ilk dəfə ölçüləri
götürülərək tədqiq olunub və onun bərpa
layihəsi tərtib edilib.
Bərpa
işləri 1967-ci ildə başa çatdırıldı və
abidə əvvəlki görkəmini aldı.
Şəkixanovlar
evi. Təsvir olunan yaşayış evlərinin inkişaf
etmiş forması Şəkixanovlar evidir bu ev xalq
yaşayış evindən saray tipli evlərə keçid
formasıdır.
İrəli
uzanmış, düzbucaqlı formada olan ikimərtəbəli
bina Şəki xalq yaşayış evlərinin əlamətlərini
saxlayaraq, əsasən interyerdəki zəngin dekorativ elementlər
binanı saray tipli tikintilərə bənzədir. Bundan əvvəlki
halda olduğu kimi, küçəyə çıxan
divarlarda tamamilə boşluq yoxdur, planda və fasadda evin
iş, yaşayış və qonaq hissələrinə
bölündüyü aydın göstərilir. Evin hər
bir mərtəbəsi üç otaqdan və iki böyük
olmayan dəhlizdən ibarət olub, birinci mərtəbədən
ikinci mərtəbəyə qalxan pillələr yerləşən
otaqlarla birləşir. Birinci mərtəbədəki otaqlar
qış yaşayış otaqları olduğu
üçün burada "buxarılar" yerləşdirilib.
Birinci mərtəbəyə oxşar olan ikinci mərtəbə
qonaqlar üçün nəzərdə tutulub.
İkinci mərtəbənin
salonunun interyerində əsas yeri eninə yerləşən
dekorativ buxarı təşkil edir. Buxarı gözəl şəkillərlə
bəzənmiş və
bütün interyer ona nisbətən simmetrik olaraq xalq
yaşayış interyerinə uyğun olaraq işlənib.
Buxarının yanlarından divara dərin olmayan
düzbucaqlı taxçalar yerləşdirilib. Taxçalar
Azərbaycanın dahi şairi Nizaminin "Yeddi gözəl",
"Leyli və Məcnun" poemalarının qəhrəmanlarının
şəkilləri ilə bəzənib və üstü
çox mürəkkəb olmayan bəzəkli stalaktitlə
örtülüb. Kəllə divarlarda da bu cür iki
taxça yerləşir və bunların arasında qonşu
otaqlara və salona çıxan qapılar yerləşir.
Üç divarın taxçaları və boşluqları
üstündən rəf keçir ki, bu rəf də stalaktit
karniz üzərində yerləşib. Güzgü
stalaktitinin mürəkkəb quruluşunu salonun
yuxarısından keçən karniz təşkil edir. Rəflərin
üstündə taxçaların oxu üzərində
kiçik taxçalar yerləşir. Bu taxçalar vazalarda
gül dəstələri, heyvan və quş şəkilləri
ilə bəzənmişdir. Salonun xarici divardan başqa
bütün qalan sahəsi isə rəsmli, ornamentli "şəbəkə"
ilə işlənib.
Plafon xüsusilə zəngin bəzənib, ornamentli
çərçivədə bitki aləmini əks etdirən
şəkillər və bu fonda rəngli qanadları olan
yarımçılpaq qadın fiqurları göstərilir.
Salonun
belə zəngin və müxtəlif dekorasiya ilə bəzənməsi
çox rəngli "şəbəkə" ilə
tamamlanır və zalın fasad divarının bütün səthini
tutur. Rəngli şüşələrdən düşən
işıq divarlarda, döşəmədə və tavanda rənglər
parlaqlığını yaradır.
Şərq.- 2011.- 29 aprel.- S.11