Hacıbaba Hüseynov millətin
yaddaşında, musiqi tarixində
yaşayır
İlk dəfə təxminən 40
yaşında efirdə görünüb...
Hacıbaba müəllim ilk dəfə televiziya
ekranında görünəndə təqribən qırx
yaşı varmış. Həmin gün bəstəkar
Cahangir Cahangirov onu studiyaya dəvət edib və orada tarzən
Əhsən Dadaşovun və kamançaçalan Fərhad
Dadaşovun müşayiətilə "Zabul",
"Rast" və "Şur" muğamlarını
oxuyub.
Sənətkarın ən böyük tədqiqatçısı
Rafael Hüseynovdu. Haqqında bir neçə dəfə mətbuatda
yazılarla çıxış edib, "Ocaq
başı" sənədli filminin ssenari müəllifi,
yetmiş illik yubiley gecəsinin aparıcısı olub.
Aradan illər ötdü və yalnız yetmiş
yaşının bircə addımlığındaykən
Hacıbaba Hüseynov qısa fasiləylə əməkdar və
xalq artisti fəxri adlarına layiq görüldü. Üstündən
dörd il yarım keçdi. Daha dəqiqi, 1993-cü il
oktyabrın 24-ü idi. Hacıbaba müəllim Tanrı əmanəti
canını tapşırırdı. Amma gedən tək cismi
deyildi, illər boyu çinədanına
yığdıqlarını da özüylə
aparırdı...
Bu qala bizim qala,
Həmişə bizim qala.
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala.
Vaqif Mustafazadənin "Bayatı-Şiraz"
kompozisiyasında oxuduğu məlum bayatı, onu yazan Xudu Məmmədov
da daxil olmaqla, bu üç insanın ölməzliyi barədə
əsl təsəlli sayıla bilər.
Böyük sənətkar
heç vaxt varlı-hallı olmayıb...
Daim toylara gedib, evinə qazanc gəlib, amma elə
qazandığı süfrəsində olub. Lakin o, mənəviyyatca
zəngin idi və bu zənginlikdən hədiyyələr
verməyi xoşlayarmış. Ən əziz ərməğanı
da şeir imiş.
Sevdiyi, xətrini əziz tutduğu, sənətinə ehtiram
bəslədiyi insanlara şeirlər həsr edirdi.
Bir bölük ithaf şeirləri var,
hamısını sidq-ürəkdən yazıb.
Hansınısa yazdığı şəxsə
bağışlayıb, hansınısa təqdim etməyə
macal tapmayıb, elə özündə qalıb.
Ya bəlkə, özündə saxladığı ithaf
şeirlərini heç vəsf etdiyi şəxslərə
çatdırmaq istəyi də yoxmuş, sadəcə,
ürəyini boşaltmaqçün yazırmış?!
Tam səmimi Adam idi - hansısa şeir həsr etdiyi
şəxsə ürəyində istək azalanda, qəlb
bağladığı o kəs könlünü qıranda həmin
ithafdan çəkindiyi, şeirin təyinatını dəyişdiyi
də olub.
Lakin onun ən sabit və axıracan dərin hörmət
bəslədiyi, yaradıcılığını izlədiyi
və şeir həsr etdiyi bir ünvan da olub - Bəxtiyar
Vahabzadə.
Hacıbaba müəllim Nəbi Xəzriyə, Cabir
Novruza qarşı bir az soyuq olub. Deyəsən, onlar haçansa
qəlbinə dəyiblər. Əldə etdiyimiz məlumata
görə, şeirlərinin o dövrdə yeganə əsas ədəbi
dərgi olan "Azərbaycan"da dərc edilməsi
üçün umduğu dəstəyi onlar sənətkardan
əsirgəyiblər. Hacıbaba Hüseynov hətta,
onların təxəllüslərini də dəyişərək
deyirdi...
Cabir Novruz da, Nəbi Xəzri də görkəmli sənətkarlar
idilər, ola bilsin, onların Hacıbaba müxəmməs və
şeirlərinə, qəzəllərinə münasibəti
ədəbi prinsiplərlə, sırf zövqlə
bağlı bir yanaşma idi.
Lakin şeirə münasibətdə Hacıbaba
Hüseynovun da öz dəyərləndirmələri, güzəştsiz
meyarları olub.
Hecaya da biganə deyildi - qoşmaları, təmsilləri,
digər şeirləri də var hecada. Lakin əruzu daha
üstün tutub.
Hacıbaba müəllimin ən çox minnətdar
olduğu varlıqlardan biri söz idi və sözün
borcundan çıxmaqçün onun gördüyü iş
yalnız oxumaqdan ibarət deyildi.
Hansısa unudulmuş, heç adı bilinməyən
bir şairin şeirindən 3-4 misra, ya bir neçə beyt əlinə
yetirdi.
Hacıbaba müəllim sözünün yerini bilən,
hansı sözü hansı məqamda dilə gətirməyi,
hansı şəraitdə susmağın daha məsləhət
olduğunu yaxşı hiss edən bir insan idi.
Təsadüf elə gətirir ki, bir gün tez-tez dəvət
edildiyi Nardaran toylarından birində bir nəfər cibindən
qəzəl çıxarıb verir Hacıbaba müəllimə,
vərəqin üstünə xələtini də qoyur və
"bunu oxu" deyir.
Hacıbaba ustad xatirələrində bu barədə belə
deyib: "Sifariş verilmişdi, yerinə yetirməliydim. Bu,
toydur, bu meydandasansa, bu meydanın oyun qaydalarına da əməl
etməyə hazır olmalısan. Amma şeiri verən məni
istəyən adam deyildi və o şeiri də mənə məqsədlə
vermişdi. Nardaran kimi dindar bir yerdə o şeiri oxusam, yəqin,
narazılıq edənlər də olacaqdı. Baxmayaraq ki,
şeir Şəhriyarınkı idi."
Getmə, tərsa balası, mən də sənə sayə
gəlim,
Damənindən yapışıb mən də kəlisayə
gəlim.
Ya sən islamı qəbul eylə, mənim dinimə gəl,
Ya ki, təlim elə, mən məzhəb- İsayə gəlim.
Hacıbaba müəllim həmin toyda mikrofondan məclisə
müraciət də edib: "Mənə verilən bu şeir
ustad Şəhriyarındır. O şeirin 3-4 beytini oxuyub
ardını öz beytlərimlə davam etdirəcəm. Bu
beytlərdə Şeyx Sənan rəvayətinə işarə
var. Bu beytlər Əsli-Kərəm əhvalatına bənzəyir.
Mənsə onun əksini deyəcəm. Qoy bu da usta Şəhriyara
bir cavabımız olsun".
Və başlayıb oxumağa.
Əlavə edəcəyi beytləri Hacıbaba ustad irəlicədən
yazmamışdı.
O beytlər elə həmin an, həmin məclisdə,
oxu əsnasında yaranacaqdı.
Başlayıb oxumağa və Şəhriyar şeirindəki
məntiqi çevirir tərsinə, əlavə edəcəyi
beytlər, ilahi sehrlə uçub gəlir ona sarı:
Yox, sənəm, anlamadım, səhvimi iqrar edirəm,
Buraxıb dinimi mən
din-i Məsihayə gəlim?
Sən mənim dinimə gəl! İczilə xatircəm elə,
Mən də öz əhdim ilə aləm-i sevdayə gəlim.
Sən gedib Hacı kimi eşq büsatında otur,
Pir-i meyxanə ilə mən də o məvayə gəlim.
Xalq artisti adına layiq görülməsinin
tarixçəsi...
1989-cu ildə Hacıbaba Hüseynovun 70 illiyi ərəfəsində onun
işlədiyi Asəf
Zeynallı adına musiqi məktəbi adından hazırlanmalı
olan təqdimatın mətnini Rafael Hüseynov
yazıb və ustada birbaşa "xalq artisti" adı verilməsi orada əksini tapıb.
Yuxarıdan bildiriblər ki, Hacıbaba Hüseynovun xalq artisti adına
layiqliyinə biz də
şübhə etmirik,
ancaq doğrudan da, belə istisnaya
getməyək, əvvəlcə
"əməkdar" verək,
qısa müddətə
"xalq"ı da alar.
Doğrudan da, o günlərəcən
birbaşa "xalq artisti" adı bir Cabbar Qaryağdıoğluna
verilibmiş, bir də Seyid Şuşinskiyə.
İkisinə də qoca yaşlarında.
Yetmiş illiyində əməkdar alandan az sonra,
1990-cı il oktyabrın
29-da Azərbaycanın xalq
artisti adına layiq görülüb.
Çoxdan halal payı olan, xalqın, əslində, ona çoxdan vermiş olduğu ad dövlət tərəfindən də
rəsmi təsdiqini tapıb.
O, İmam Hüseyn, Məhəmməd
Füzuli əsiri idi...
70-i adlayandan sonra
gedib hər ikisinin məzarını ziyarət etdi.
Seyid Əzim aşiqi idi. Gedib onun da məzarının daşından
öpmək qisməti
olub böyük xanəndənin.Ömrün son iki-üç ilində səhhəti tədricən
sənətkarı narahat
etməyə başlayıb.
Onda təngnəfəslik
əmələ gəlməyə
başlayıb və ona yaxın olan insanlara da bu barədə
belə deyib: "Xəstəlik əziyyət
verir, nəfəsim də daralır. Amma bir cəhətdən Allahımdan razıyam ki, sözə, oxumağa ürəyimdə
cavan yaşımda olan həvəs, eşq elə əvvəlki kimidir.
Azalmayıb ki, artıb".
Gec tanınmasında
Sovet diktaturasının rolu olub..
Sovet dövründə bütün sahələrdə
mərkəzləşmə, nəzarət olduğu kimi, ifaçıların
Moskvanın "Melodiya"
firması xətti ilə səslərinin, çalğılarının vallara
yazılması da hökumətin (yaxud onun məmurlarının)
seçimi ilə baş verirdi.
Sovet onillərində vallarının
buraxılması ilə
şeir kitablarının
çıxması Hacıbaba
Hüseynovdan ötrü
əlçatmaz arzu idi.
Hacıbaba Hüseynova
"yaşıl işığ"ın
yanması sovet dövlətinin dağılan
vaxtlarına, texniki tərəqqidə də yeni səhifələrin açıldığı çağlara
təsadüf etdi. Daha val
ötülmüş mərhələ
idi. Hacıbabanın ilk diskləri çıxdı.
Azərbaycanda yox, xaricdə.
Özünün olmadığı çağlarda səsi yazılmış disklər
ölkəmizdə də,
vətəndən kənarlarda
da dönə-dönə
buraxıldı, yəqin,
bundan sonra da olacaq.
Amma köhnə xanəndələrimizi
düşünərkən, nədənsə bu gün də, ilk növbədə vallar, qarammofonlar, patefonlar yada düşür.
Ömrünün sonlarında
Hacıbabaya təzədən
vurulmuş şair Qabilsə göyləri ustadın avazı yazılmış əsrarəngiz
vala oxşatmışdı:
Oxu!
Səsin göylərə
yazılır, Hacı!
Asiman bir valdır ki,
Hərlənir, hərlənir,
hərlənir...
Nə silinir, nə pozulur, Hacı!
Onun ölümündən
18 il keçir...
Bəlkə də, şairin bu bənzətməsi - səsin
val kimi
göylərə yazılması
kiməsə fantastik,
sürrealist gələr.
Bəs Hacıbaba ustadın səsinin bir sınmaz, pozulmaz val
kimi millətin yaddaşına əbədilik
yazılmasına nə
sözünüz?!
Amma şairin sözünü də qəribçiliyə salmayın...
Bu gün böyük
sənətkar yanımızda
yoxdur. Onun ölümündən 18 il keçir. Ancaq buna baxmayaraq millətin yaddaşında,
musiqi tarixində yaşayır. Bu onun
qazana bildiyi ən böyük var-dövlətdi - Ölümündən
sonra yaşamaq!
Şərq.-
2011.- 22 aprel.- S. 11.