Son
nəfəsinə qədər döyüşən qəhrəman
Vətən
hər zaman igid oğulları ilə tanınır. Tarixən
torpaqlarımızın, vətənimizin
bütövlüyü naminə canlarından keçməyi
özlərinə şərəf bilən igid
oğullarımız çox olub. Onlar əməlləri ilə
müqəddəs şəhid adını qazanaraq hər
zaman yaddaşlarda qalıblar. Belə şəhidlərimizdən
biri də ermənilərlə son nəfəsinə qədər
döyüşüb qəhrəmancasına həlak olan mayor
Əhməd Abdullayevdir.
Əhməd Hüseynağa oğlu Abdullayev 1976-cı il iyulun 30-da Cəlilabadda ziyalı ailəsində anadan olub. Bu ailədə ancaq oxumaq, Vətənə xidmət etmək kimi meyarlar ən şərəfli iş sayılıb. Hüseynağa müəllimlə Firuzə ananın 4 övladı - 2 qızı və 2 oğlu vardı. Ailənin böyük oğlu Əhməd idi. Ananın dediyinə görə, uşaqlıqdan qeyri-adi hərəkətləri ilə seçilirdi. Həm də nadinc uşaq idi. Əhməd 1983-cü ildə Cəlilabad rayon 8 saylı orta məktəbin birinci sinfinə gedib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə daxil olub və həmin məktəbi uğurla bitirib.
1992-ci ildə təhsilini
davam etdirmək məqsədilə Türkiyəyə gedib,
İstanbul şəhər Hərbi Məktəbinə daxil
olub. 1996-cı ildən Ankara Hərbi Akademiyasında təhsilini
davam etdirib. Dünyanın bir çox ölkələrində
(Almaniya, İsveçrə) keçirilən hərbi təlimlərdə
iştirak edib. 2001-ci ildən 2010-cu ilədək Azərbaycan
Respublikasının Xüsusi Təyinatlı Dəstəsində
qrup komandiri olub.
2010-cu ili martından Tərtər
rayonundakı "N" saylı hərbi hissədə xidmətini
davam etdirib.
Azərbaycan Ordusunun zabiti, mayor Əhməd
Abdullayev 2010-cu il sentyabrın 4-də erməni qəsbkarlarının
hücumunun qarşısını almaq məqsədilə
xüsusi döyüş tapşırığını
yerinə yetirərkən qəhrəmancasına həlak olub.
28 dekabr 2010-cu ildə Azərbaycan
prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan
Respublikasının ərazi bütövlüyünün qorunub-saxlanılmasında
igidlik göstərdiyinə görə ölümündən
sonra mayor Əhməd Hüseynağa oğlu Abdullayev
"İgidliyə görə" medalı ilə təltif
edilib.
Vətən üçün gələcəyin
iki əsgərini - Nihad və Hüseyni yadigar qoyub getdi...
"Atamın
nağılını danış"
Şəhid mayor iki
yadigarı böyüyür. Onlar
ataları ilə fəxr edirlər. Gün
gələcək atalarının igidliyindən onlara
başqaları danışacaq. Qəhrəman
oğlu qəhrəman olar deyərlər və Nihadla
Hüseyn ataları kimi şərəfli ömür keçəcəklər.
Anaları Ulduz xanım onları əsl qəhrəman
kimi böyüdəcək. Necə ki, indi
onlara hər axmaş qəhrəman atalarının
nağılını danışır. İki uşaq
anası Ulduz xanım xatirələrini belə
bölüşür:
"Gecələr
uşaqları yatmağa aparanda "biz atamızı istəyirik",
- deyirlər. Nə vaxt gələcək?
Hər dəfə uşaqlar bu sualı verəndə
çox pis oluram və nə cavab verəcəyimi bilmirəm.
Hələ körpədirlər, heç nəyi
dərk etmirlər. İki gün əvvəl
Hüseyn üçün ayaqqabı alıb
qayıdırdıq. Yolu keçəndə
Hüseynə deyirəm ki, ehtiyatlı ol, maşın vurar.
Cavab verir ki, qoy maşın vursun, mən də
atamın yanına gedim. Atasının
ölümündən sonra Hüseyn şok keçirdi.
İndi də hərdən mənə deyir ki, atam həmişə
bizimlədir, bilirəm, qaranlıqda gəlib bizi öpüb
gedir... Hüseynlə Nihad hər gecə mənə
"Atamın nağılını danış", - deyirlər.
Bunu eşitmədən yatmırlar...".
"Həmişə deyirdi ki, düşmənə
qalib gəlmək üçün onun dilini bilmək
lazımdır"
Bu vətən üçün
dünyaya Əhməd kimi oğul gətirən ana Firuzə
Abdullayevanın da ağrılarını bütün analar
hiss edir. Oğlu ilə keçən ömrünü ana belə
xatırlayır:
"Əhməd
düzgünlüyü sevən, təmiz uşaq idi. Yalan danışmazdı. 9-cu
sinifdə oxuyanda hərbiyə getmək qərarına gəlir.
Baxmayaraq ki, orta məktəbdə əla qiymətlərlə
oxuyurdu. Riyaziyyatı çox yaxşı
bilirdi. Həm də bir neçə dil - ingilis, ərəb,
fars, erməni dillərini bilirdi, ispan dilini
isə öyrənirdi. Həmişə deyirdi
ki, düşmənə qalib gəlmək üçün
onun dilini bilmək lazımdır.
Telefonunda ingilis dilində
o qədər elektron kitablar var idi ki. Onların
hamısını oxumuşdu. Mütaliəyə
marağı böyük idi. Bir kitabı
oxumağa başlayanda onu bitirməyə
çalışırdı. 15
yaşından sonra özü-özünü
dolandırırdı. 1991-ci ildə Naxçıvanski adına Hərbi Məktəbə qəbul
oldu. Eşitdiyimə görə, orada da hörmət
qazanmışdı, əlaçı idi. 92-ci ildə yay tətili vaxtı oradan bizə zəng
edib dedilər ki, "Türkiyəyə tələbə
göndərirlər, Əhməd savadlı, əlaçı
tələbədir, istəyirik ki, o da getsin". O vaxt vəziyyət
gərgin idi. Biz də qorxurduq ki, gedər, sərhədlər
bağlanar, ona görə də razı olmurduq. Ana
ürəyidir də... Özü getmək istəyirdi.
Atası Əhmədi imtahan verməyə
apardı. Mən də
ağlayırdım ki, tək qadınam,
bacım-qardaşım da yoxdu, sən də getsən, necə
olacağam? Əhməd dedi ki, narahat olma, ana, bilmək
olmaz, bəlkə kəsiləcəyəm". Bir neçə
dəfə imtahan verdi, hamısından da
uğurla keçdi. Beləliklə, Əhməd1992-ci
ildə İstanbul Hərbi Liseyinə qəbul oldu. 4 il orada təhsil aldı, 1996-cı ildə
imtahan verərək Ankaradakı Hərbi Akademiyaya qəbul
oldu. Əhməd orada Ramil Səfərovla birlikdə
oxumuşdu. 2000-ci ildə "Karahal Okulu"
adlanan Ali Hərbi Akademiyanı fərqlənmə diplomu ilə
istehkamçı kimi bitirdi. Daha sonra
İzmir şəhərində kursa getdi. 2001-ci
ildə Azərbaycana qayıtdı. Gəncədə
"N" saylı hərbi hissədə işə
başladı və burada ona baş leytenant rütbəsi
verdilər. 2001-ci ilin sonunda Xüsusi Təyinatlı
Qüvvələrə məxsus "N" saylı hərbi
hissədə qulluğa başladı və 10 il
burada fəaliyyətini davam etdirdi.
Əhməd
2003-2004-cü illərdə NATO-nun hərbi təlim-məşqlərində
iştirak etmək üçün Azərbaycan Ordusunu təmsil
edərək İsveçrəyə və Kiprə göndərilir.
Mən verilişlərin birində də
demişdim, çoxlarının xoşuna gəlmədi.
Oğlum şəhid olandan sonra
düşünürəm ki, balam elə həmişə qəhrəman
olub. Əhməd həmişə əsgərlərinə
qayğı göstərərdi. Hətta əsgərlərdən
birinin atası rəhmətə gedəndə öz cibindəki
son pulunu da ona verib evinə yola salmışdı. Həyatı boyu nümunə olub, biz onu hiss etməmişik.
Ərizə ilə müraciət etmişdi,
müharibə zonasına getmək istəyirdi. Amma ona icazə vermədilər. Mən
də fikirləşdim ki, yəqin, daha alınmadı.
2010-cu ilin martında evə gəldi və dedi ki, mən Tərtərə
gedirəm. Əhməd Tərtərdə hər
gün kəşfiyyata gedirmiş. O qədər şən,
deyib-gülən idi ki, heç vaxt hiss eləməzdin bu
adamın nə isə bir çətinliyi, problemi var. Martda
özü getdi, Ulduz burda qaldı. Mən
işləyirdim, gələ bilmirdim. Ona
görə də atasını gətirib Ulduzun yanına qoydu
ki, uşaqlarla tək qalmasın. Elə
oldu ki, atası da yıxıldı, qolu sındı, bir aya qədər
xəstəxanada müalicə olundu. Əhməddən
xəbər yox idi. Demə, yüksək
qızdırma ilə hospitalda yatırmış. Bizimlə
də hər gün telefonla danışır və
"narahat olmayın, tezliklə gələcəyəm",
- deyirdi. Mən də hər dəfə ona
deyirdim ki, ailəni də yanına apar. Həmin il iyul ayında gəldi ki, "orada ev
tutmuşam, Ulduz, gedirsən, ancaq bir şərtlə ki, necə
yaşamağından asılı olmayaraq heç vaxt "Niyə
məni bura gətirdin?!" - deməyəcəksən".
Tərtərdə doqquz kirayə ev dəyişib.
Çox çətinliklər görüblər.
Öz evində rahat yaşaya da bilmədi balam...
"Mübarizin ölümündən sonra hər gecə
kəşfiyyata gedirmiş, səhər
qayıdırmış"
Mübarizin ölümündən
sonra bir dəfə Əhmədə dedim ki, bala, düşmən
onun meyitini vermir, bəs bu iş necə olacaq? Dedi, gətirəcəyik.
Sən demə, elə ona
çalışırlarmış. Sonra
eşitdim ki, hər gecə kəşfiyyata gedir, səhər
qayıdırmış. Amma bizə bir
söz də deməzdi.
Sentyabrın 4-də
bu hadisə baş verəndə birinci əmisi oğluna xəbər
verirlər. Axı o da hərbçidir.
O da Elnura, Əhmədin qardaşına deyir. Bizə
isə heç nə deməmişdilər. Yalnız dedilər ki, yaralanıb, gətirirlər.
Fikirləşdim ki, əgər yaralanıbsa, evə
niyə gətirirlər? Sonradan bildim ki, oğlum şəhid
olub... Hərbçilər də gəlmişdilər.
Onların dediyinə görə, ermənilər
Fəridi vurandan sonra Əhməd əsgərlərini
qaytarıb gətirir ki, onlara heç nə olmasın. Düşmənlə son nəfəsinə qədər
vuruşur, qolundan yaralanır. Biz onun hərbi
hissədə Fəridlə bir yerdə olduğunu bilmirdik.
Fəridin anası ilə mən əvvəllər
bir yerdə işləyirdik. Mən
bağçada tibb bacısı, o isə tərbiyəçi
idi. Həmişə Əhməd Türkiyədən
məktub göndərəndə işdə oxuyub
ağlayırdım. Çünki
poçt bağçaya yaxın idi. O isə mənə
həmişə deyərdi ki, sizdə ürək var,
uşağı Türkiyəyə hərbi təhsil
almağa göndərirsiniz. Amma yazıq Nərgiz
o vaxt bilməzdi ki, Fərid də hərbçi olacaq. Sonralar hər ikisi rayona gələndə də deməzdilər
ki, biz bir yerdə işləyirik.
Əhməd qolundan
yaralı halda Fəridin ardınca gedir. Ancaq
böyründən yaralanır. Nə
yaxşı ki, əsgərləri sağ-salamat geri qaytara
bilir. Əsgərlər deyirdilər ki,
sürünə-sürünə necə gəlmişdisə,
bütün toz-torpaq içində idi.
Axırıncı sözü bu olub: "Heyif ki, Fəridi gətirə
bilmədim...".
Həmişə
övladlarına vətənpərvərlik
aşılayırdı
Əhmədi Cəlilabadda
dəfn etdik. Amma 2 ay, Fəridlə
Mübarizin meyiti gətirilənə qədər onların
valideynlərindən utanırdıq ki, onların balaları
orda qalıb. Əhməd onlardan ayrı
düşdüyünə görə bir qədər adı
hallanmadı. Kömək edən insanlar
sağ olsunlar ki, Əhmədin igidliyi haqqında Prezidentimizə
müraciət etdilər. Əhməd
medalla təltif olundu. Bu, bir ana kimi mənə
böyük təsəllidir. Bu işdə
bizə dəstək olanların hamısına ailəmiz
adından təşəkkür edirəm. Əhməd öz övladlarına həmişə
vətənpərvərlik aşılayırdı. Bayrağımızı harda görsəydi, "Azərbaycandır!"
- deyərdi. Hər ikisinə
Vətənimiz, Prezidentimiz, Bayrağımız, düşmənlərimiz
haqqında öyrədirdi. Balam çox
mehriban, qayğıkeş idi. Bir dəfə
atası xəstələnmişdi, biz onu həkimə apara
bilmədik. Amma Əhməd gələn
kimi onu apardı. Evə gələn kimi də
"qala bilməyəcəyəm", - deyib hərbi hissəyə
qayıdırdı. Bir gün evdə qalanda isə ailəmizdə
toy-bayram əhvalı hiss olunurdu. Oğlum
olduğuna görə demirəm, uşaqlıqdan tərbiyəli,
qayğıkeş, vətəni sevən idi. Hərtərəfli uşaq idi. Uşaqlıqda
tək bir dəfə atası ona əl qaldırıb. Yəni özünə söz dedirdən
deyildi".
"Bir-birimizi nişana bir həftə qalmış
gördük"
Ulduz xanım həyat yoldaşının
həyat təcrübəsindən də maraqlı fikirlər
söyləyir:
İnanırsınız,
bir-birimizi nişana bir həftə qalmış gördük.
Birinci dəfə məni görəndə necə
ki, əsgər komandirinə məlumat verər, o da
özü haqqında elə danışdı. Mənə
dedi: "Bizdə valideynə hörmət var. Əgər mənim
ata-anama hörmət edəcəksənsə, sənin də
valideynlərin hörmət görəcək!" Mən dəhşətə gəldim, necə olur
ki, oğlan ilk dəfə gördüyü qıza belə
deyir. Amma onun qüruru, mətinliyi,
mübarizliyi xoşuma gəldi. Əhməd
səyahət etməyi çox sevirdi. Hər
dəfə deyirdi ki, sizi Türkiyəyə aparacağam.
Orda oxuduğu yoldaşları ilə əlaqə
saxlayırdı. Onlar Əhmədi
Türkiyəyə dəvət edirdilər. O vaxt
yoldaşları öz aralarında bir-birlərinə ləqəb
qoyublarmış. Əhmədin ləqəbi
"Amor" imiş. Bir türk
yoldaşı vardı, o da evli idi, həmişə zəng
vurardı ki, uşaqları da götür, gəl. Əhməd soruşanda ki, sizin niyə
uşağınız yoxdur? O, "biz hələ
planlaşdırırıq" deyəndə Əhməd
"siz planlaşdırana qədər evdə mənim iki əsgər
balam böyüyür", - demişdi.
O, əvəzsiz məhəbbətlə
sevdiyi Vətəni uğrunda şəhid oldu.
Bəli, İnsan var
ki, onların həyatı, fəaliyyəti, eləcə də
ölümü çox şərəflidir, Azərbaycan
ordusunun zabiti mayor Əhməd Abdullayev kimi. O,
ölümü ilə şəhidliyin uca zirvəsinə
qovuşdu.
"Şərq"in
araşdırma qrupu Məqalə Azərbaycan Respublikası
Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə hazırlanıb
Şərq.-
2011.- 5 avqust.- S.9.