Xaricdə
təhsil alan gənclərimiz...
"Biz
iqtisadi potensialımızı intellekt kapitalına çevirməliyik"
Azərbaycan
Prezidenti İlham Əliyev
Bu
gün yaxın və uzaq xaricdə, nüfuzlu ali
təhsil mərkəzlərində təhsil alan Azərbaycan
gəncliyinin yeni nəsli müxtəlif humanitar və texniki
sahədəki biliklərə yiyələnərək Azərbaycanı
ləyaqətlə təmsil edirlər. İndiki
dövr və reallıqlar onlar üçün Amerikanın,
Avropanın və Asiyanın aparıcı universitetlərində
təhsil almaq imkanı yaradır. Gələcək
mütəxəssislər xaricə hökumətlərarası
sazişlər çərçivəsində Təhsil
Nazirliyinin xətti ilə, o cümlədən də dövlət
və müxtəlif ictimai təşkilatlar xətti ilə
gedirlər.
Müasir dövrdə ölkələrin
inkişaf səviyyəsi iqtisadi meyarlarla yanaşı, həm
də onun təhsil sistemindəki vəziyyət və
mövcud kadr potensialı ilə də
ölçülür. Bu da təsadüfi deyil.
Çünki hər bir ölkədə gedən bütün
mənfi və müsbət proseslər insan amili ilə
sıx əlaqədardır. Hərtərəfli və
davamlı inkişafın etibarlı yolu elm və təhsilə
daha çox diqqət və qayğı göstərilməsindən
və onun müasir dünya standartlarına uyğun təşkilindən
keçir. Məhz buna görə də Qərb
və yer kürəsinin digər qabaqcıl dövlətləri
özlərinin inkişaf səviyyələrini qoruyub saxlamaq
və yeni hədəflərə doğru irəliləmək
üçün bu sahəyə birinci dərəcəli əhəmiyyət
verirlər.
Həmyerlilərimiz pərakəndə
şəkildə tarixin müxtəlif çağlarında
xaricdə təhsil almışlar. Planlı və məqsədyönlü
şəkildə, dövlət səviyyəsində təhsil
isə XX əsrin əvvəllərində, Azərbaycan Xalq
Cümhuriyyəti Parlamentinin qərarı ilə 1919-cu ildə
100 nəfərdən çox azərbaycanlı gəncin xaricə
ali təhsil almağa göndərilməsi ilə
başlanıb.
Bundan sonrakı illərdə də
respublikadan kənarda təhsil almaq təcrübəsi
mövcud olmuş, lakin bu, həm məzmun, həm də miqyas
baxımından əhəmiyyət kəsb etməmişdir. Yalnız ümummilli liderimiz Heydər Əliyev
1969-cu ildə Azərbaycana rəhbərlik etməyə
başlayandan sonra bu sahədə, sözün əsl mənasında,
dirçəliş başladı. Təsadüfi deyil ki,
1970-ci ildə respublikadan kənarda təhsil almağa göndərilən
gənclərin sayı 70 nəfər idisə, 70-ci illərin
sonunda 900 nəfər, 80-ci illərin əvvəllərində
isə ildə 1000-1400 nəfər olmuşdur. Həmin
dövrdə, ümumilikdə, 15 mindən çox gənc
Sovetlər Birliyinin nüfuzlu ali məktəblərində
müxtəlif ixtisaslar üzrə təhsil aldıqdan sonra Vətənə
qayıdaraq, ölkəmizin iqtisadi, mədəni və elmi
potensialının gücləndirilməsinə öz layiqli
töhfələrini verdilər.
Azərbaycan dövlət müstəqilliyini
əldə etdikdən sonra da bu məsələ yenidən
diqqət mərkəzində olmuşdur. Elm və təhsil
sahələrində tədqiqatçı, müəllim və
tələbələrin mübadiləsi geniş vüsət
almışdır. Bu proseslərin bir qismi dövlət
sazişləri çərçivəsində tənzimlənir.
Xarici ölkələrdə kadr
hazırlığı məhz, Azərbaycanın xarici dilləri
mükəmməl bilən, informasiya-kommunikasiya
texnologiyalarından əla istifadə bacarıqlarına yiyələnən
və beynəlxalq təcrübəni yaxşı mənimsəyən
yüksək hazırlıqlı mütəxəssislərə
olan ehtiyacının qarşılanmasına xidmət
edir. Xarici ölkələrdəki gənclərimiz təhsil
almaqla yanaşı, həm də Azərbaycan xalqının təmsilçisi,
onun qədim mədəniyyətinin, adət və ənənələrinin
təbliğatçılarıdırlar.
Buna görə də xarici ölkələrin
aparıcı ali məktəblərində təhsil almaq
üçün tələbələrin seçilməsi,
ixtisaslarının müəyyənləşdirilməsi və
onlara təhsil almaq üçün lazımi şəraitin
yaradılması mühüm əhəmiyyətə malik olan
məsələlərdir.
Əgər hələ 1997-ci ildə
Təhsil Nazirliyinin xətti ilə tələbələrimiz,
əsasən, Yaxın Şərq ölkələrinə,
Türkiyəyə, Misirə, İrana göndərilirdisə,
2005-2006-ci illərdə artıq Slovakiya, Rumıniya,
Yunanıstan kimi dövlətlərdə Azərbaycan tələbələri
təhsil almağa başlayıblar. Habelə MDB dövlətlərində
də təhsil alan Azərbaycan tələbələrinin
sayı çoxdur. Müasir Azərbaycan cəmiyyətinin
orta zümrəsinin nümayəndələri artıq öz
övladlarını Harvard, Oksford, Kembric kimi nüfuzlu brendlərə
malik tədris ocaqlarına göndərmək imkanı
qazanır. Bu cür yüksək akademik statusa
malik tədris ocaqlarında təhsil almış Azərbaycan
gəncliyinin nümayəndələri bir çox hallarda
stereotiplərdən və ideoloji doqmalardan uzaq olan yeni Azərbaycan
gəncliyi imicinin formalaşmasında, yüksək şəxsi
keyfiyyətlərin, intellektual-yaradıcı düşüncə
tərzinin və şəxsi məsuliyyətin gənc nəslə
aşılanmasında böyük və müsbət rol
oynayırlar. Təhsilini başa vurduqdan sonra Azərbaycana
geri dönən bu gənclərin qarşısında
geniş perspektivlər yaranır, yeni-yeni üfüqlər
açılır. 1996-cı ilin sonunda Azərbaycanda Soros
Fondu öz işinə başlamış, 1 may 1997-ci il
tarixində isə ABŞ səfirliyinin iştirakı ilə
Bakı Təhsil İnformasiya Mərkəzi
açılıb. İlk dövrdən Mərkəzin əsas
vəzifəsi xaricdə tədris haqqında informasiyanın
verilməsindən ibarət olub. Daha sonralar Azərbaycanda Soros
təqaüdçülüyü Proqramının müxtəlif
səviyyələri mövcud və inkişaf olmağa
başlayıb. Hazırda bu Fondun Azərbaycanda 14 təqaüdçülük
proqramı var. Əgər bu proqramlar, əvvəllər əsasən
şagird və bakalavrlar üçün nəzərdə
tutulmuşdusa, hazırda belə proqramların əksəriyyəti
magistr və peşəkarlar üçün həyata
keçirilir. Hazırda mərkəz xətti ilə
hər il 60-80 nəfər müxtəlif tədris
proqramlarında iştirak məqsədi ilə ABŞ,
İngiltərə, Macarıstan, Bolqarıstan, Avstriya, Almaniya
kimi ölkələrdə əsasən sosial-humanitar elmlər
üzrə müxtəlif kurslarda iştirak edirlər.
Bundan başqa, İngiltərənin Xarici İşlər
Nazirliyi ilə müştərək proqramlar da mövcuddur. Xaricdə təhsil haqqında informasiyadan başqa
Fondun Gəncə, Lənkəran və Mingəçevir
şəhərlərindəki regional mərkəzləri ilə
də iş aparılır. 2003-2005-ci illərdə çox
mühüm 3 illik layihə - BDU-da sosial iş üzrə
magistr proqramının yaradılması işi həyata
keçirilmişdir. Layihə özündə treninq və
seminarları ingilis dilindən tərcümələri ehtiva
edir. "Sosial İşin Əsasları"
adlı Azərbaycan dilində nəşr edilmiş kitab,
müəllimlərin, digər dövlətlərin təcrübəsinin
öyrənilməsi məqsədilə xarici ölkələrə
səfərləri, müxtəlif tədris
proqramlarının işlənib hazırlanması, BDU-da
sosial iş üzrə kitabxananın yaradılması - adıçəkilən
layihənin ən əsas uğurları hesab
olunmalıdır. Qeyd edək ki, layihə üzərində
iş müştərək olaraq Vaşinqton Universiteti və
Kolumbiya Universiteti ilə birgə həyata keçirilib.
2006-2007-ci tədris illərində 891 azərbaycanlı
dövlət xətti ilə xarici dövlətlərin
müxtəlif ATM-lərinə daxil olub. Onlardan 421-i bakalavriata, 282-si
magistraturaya, 63-ü klinik ordinaturaya, 18-i aspiranturaya və
102-si doktoranturaya daxil olub. 2006-cı ildə Amerika Beynəlxalq
Tədris Şurasının "FLEX" proqramı çərçivəsində
53 nəfər qalib olmuş və ABŞ-ın müxtəlif
ailələrində və ştatlarında 1 il ərzində
öz təhsillərini davam etdirmək və dərinləşdirmək
imkanı qazanıblar.
O cümlədən, bu günlərdə
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
2007-2015-ci illər üçün "xaricdə təhsil alan Azərbaycan gənclərinin tədrisi
haqqında Dövlət proqramının təsdiqi barədə"
sərəncam verib. Sənədə uyğun
olaraq, bu Proqramın maliyyələşdirilməsi ARDNF-nin, o
cümlədən də qanunvericiliklə qadağan olunmayan
digər mənbələrin hesabına həyata keçirilməlidir.
Təhsil Nazirliyinin verdiyi məlumata görə, İT
ixtisasları üzrə hər il ATM-lərə
500-dən çox tələbə daxil olur.
Hazırda uğurla həyata
keçirilən Dövlət Proqramı və eləcə də
yuxarıda qeyd olunan digər təhsil formaları üzrə,
demək olar ki, Avropa ölkələrinin əksəriyyətində,
ABŞ, Kanada, Rusiya, Türkiyə, Çin, Yaponiya, Cənubi
Koreya və s. ölkələrdə minlərlə Azərbaycan
vətəndaşı təhsil alır. 2009-2010-cu tədris
ilində xarici ölkələrdə dövlət xətti ilə
təhsil alan azərbaycanlı tələbələrin
sayı 789 nəfər olub. Ümumilikdə isə
11 minə yaxın Azərbaycan gənci xaricdə təhsil
alıb.
Tez-tez xaricdə təhsil alan gənclərlə müxtəlif
görüşlər keçirilir. Onların
Azərbaycanla bağlı düşüncələri, təklifləri
dinlənilir. Xaricdən görünən
Azərbaycan haqqında məlumatlar toplanılır. Həmin gənclərlə görüşlər
keçirən gənc millət vəkili Ceyhun Osmanlı
onların ölkəmizlə bağlı düşüncələrinin
yüksək olduğunu bildirir.
"Bu gün xaricdə təhsil alan 11 minə yaxın gəncimiz var.
Böyük bir faiz gənc də xaricdə təhsil alıb vətənə
dönüblər. Dünyada nə qədər
insan varsa, o qədər də fərqli və rəngarəng
fikir var. Ona görə də bir cavabla bütün gənclərimizin
adından danışmaq ədalətsizlik olardı. Ümumi məqsəd mütləq əksəriyyətdə
eynidir - vətənimizin, millətimizin və dövlətimizin
inkişafına maksimum faydalı olmaq. Bunun
yolu isə fərdi inkişafdan və işinin peşəkarı
olmaqdan keçir. Fərdi inkişaf və onun ümumi məqsədlər
üçün realizə olunmasında müxtəlif
baxışlar ola bilər. Fərqli
fikirlərdən qorxmaq lazım deyil, əksinə, hər bir
fikrə fərdi yanaşmaq lazımdır. Bir insanın təşəbbüsü bütün
dünyanı xilas edə bilər fikrinə inanmağı
bacarmalıyıq. Ölkəmizin
inkişafı naminə səslənən fərqli fikirlərə
bizi ayıran cəhət kimi yox, faydalanmalı olduğumuz
intellektual xəzinə kimi yanaşmalıyıq. Bizim yaşımız kimi müstəqilliyimiz də
gəncdir və cəmi 20 yaşındadır. Müstəqilliyimizin yaşı gənc olmasına
baxmayaraq, bizim üçün dəyəri çox yüksəkdir.
Onun daha sağlam dayanması üçün
daha sağlam dayaqlara ehtiyacı vardır. Odur
ki, bizlər həm dayaq, həm də inkişaf
üçün zəruri halqalar olmağı
bacarmalıyıq".
Müstəqilliyi gənc
olan bu ölkənin gəncləri üçün son 20 ildə
dəyişən dünyagörüşü, maraqlar daha da
şaxələndi, genişləndi. Millət
vəkili isə hesab edir ki, müasir gənclik artıq Azərbaycanı
xaricdə layiqincə təmsil edə bilir. "Biz 20 ildir ki, cibimizdə müstəqil bir
ölkənin pasportunu daşıyırıq. Bu, bizim üçün ən dəyərli hadisədir.
Bu ölkə hər gün daha da inkişaf edir
və hər bir gəncimizin qürur mənbəyinə
çevrilir. Odur ki, inkişaf edən,
dünyada tanınan müstəqil ölkədə
yaşamaq, o ölkənin gənclərinin özünə
olan güvəninin artmasına səbəb oldu. Daha sonra isə bu 20 ildə cəmiyyətin gənclərə,
gənclərin dövlətə, dövlətin isə gənclərə
etimadı formalaşdı. Həm cəmiyyətimiz, həm
də dövlətimiz şahidi oldu və qəbul etdi ki, bizim
gənc, lakin peşəkar həkimimiz, mühəndisimiz,
sahibkarımız və hökumət nümayəndlərimiz
ola bilər. Lakin gəncliyimiz
hər zaman daha çoxunu istəyir. Bu da
normaldır. Çünki gəncliyimiz
ölkədə təbii çoxluqdur. Lakin
biz bu çoxluğu mütərəqqi fikirlərin
daşıyıcısı olan intellektual çoxluq kimi
görmək istəyirik. Çünki biz
cəmiyyətimizi insan kapitalının sürətlə
inkişafda olduğu, elmə və təşəbbüslərə
əsaslanan cəmiyyət kimi görmək istəyirik. Belə bir cəmiyyəti qurmaq üçün isə
hər bir insan, hər bir fərd çox
çalışmalıdır və özünü
yetişdirməlidir".
Deputat hesab edir ki,
daha yaxşı bir ölkə qurmaq üçün hökumət
və vətəndaşlardan bərabər şəkildə
səy göstərmək tələb olunur. "Bu gün ölkə prezidenti
çalışır ki, daha şəffaf, bərabər
imkanlar və sosial ədalət yolunda inamla irəliləyən
bir Azərbaycan qurulsun. Ölkədə
olan korrupsiya və rüşvətxorluq kimi problemlər
prezident səviyyəsində dilə gətirilir və bununla
mübarizə aparılır. Eyni zamanda
ölkə prezidenti tərəfindən vətəndaşlarımız
belə neqativ hallarla mübarizəyə dəvət olunur.
Həm seçki dövrü, həm də indi
keçirilən sosioloji sorğular göstərir ki, ölkə
prezidentinin nüfuzu çox yüksəkdir və insanlar əksər
problemlərinin həllində prezidentə arxalanır və
ona səs verir. Bu onu göstərir ki, daha
şəffaf və güclü Azərbaycanın
qurulmasında xalqla prezident eyni cəbhədədir. Ölkə rəhbərliyinin və xalqın belə
iradəsindən sonra hələ də rüşvət və
korrupsiya faktlarında adı hallanan insanları və
qurumları mən də hər kəs kimi qınayıram.
Hər hansı bir qanunsuz əmələ rəvac
verən, öz insanlarına əziyyət verənlər
anlamalıdır ki, onlar vətəni, milləti və
dövləti qarşısında xəyanət edirlər və
gec-tez buna görə cavab verəcəklər. Belə insanların əməlləri yalnız
müxalifətin dəyirmanına su tökür və Azərbaycanın
inkişafına, eyni zamanda beynəlxalq imicinə xələl
gətirir. Bu gün ölkə prezidenti tərəfindən
hər bir vətəndaşımızın öz
potensialına uyğun olaraq realizə olunması
üçün şərait yaradılır. Bu gün
pulsuz orta təhsil, şəffaf ali təhsil
imtahanları, dövlət qulluğuna imtahan yolu ilə şəffaf
qəbul, pulsuz xaricdə təhsil imkanları, idman, mədəniyyət
və karyeranın bütün mərhələlərində
inkişaf imkanları, açılan yüz minlərlə
yeni iş yerləri vətəndaşlarımız
üçündür. Qısa müddətdə
ölkənin bütün infrastrukturunun müasir səviyyədə
qurulması, mədəni inkişaf, güclü iqtisadiyyat bizə
və gələcək nəsillərə xidmət edəcək.
Amma bunlarla yanaşı, problemlər də
bizimdir, onları görürük, bilirik və həlli naminə
əzmlə çalışmalıyıq. Düşünürəm ki, bu mübarizədə
xalqla prezidentin olduğu cəbhə bütün problemlərə
səbəbiyyət verən mənfi tendensiyalara qalib gələcək".
Şərq.- 2011.- 9 avqust. S. 3.