Əsl vətənpərvərlik
nümunəsi
Altı
bacının yeganə qardaşı İbrahim Məmmədovun
vətənə olan sevgisi tarixə yazıldı
Öz qəhrəmanlıqlarını, vətənə məhəbbətlərini və əsl azəri övladı olduqlarını əməlləri ilə sübut etdi vətən oğulları. Bir qarış torpağını vəhşi düşmənlərin caynağına verməmək üçün canından belə keçməyə razı oldular. Əsl qəhrəmanlıq simvoluna, əsl vətənpərvərlik nümunəsinə çevrildilər şəhidlərimiz. "Vətən üçün ölmək şərəfdir" şüarını əllərində tutaraq canlarını vətənə sipər etdilər. Bu qəhrəmanların tarixdə unudulmaz və əvəzolunmaz yerləri olduğu kimi də, təkrarolunmayan həyatları və döyüş yolları olub.
Haqqında söhbət
açdığımız, həyatını
xalqımız və torpağımızın
bütövlüyü uğrunda fəda edən Azərbaycanın
şəhid Milli Qəhrəmanı Məmmədov İbrahim
İsmayıl oğludur.
Qısa
tanışlıq:
Məmmədov İbrahim İsmayıl oğlu
20 dekabr 1958-ci ildə Bakı şəhərində
ziyalı ailəsində dünyaya gəlib.
1976-cı ildə 3 saylı Naxçıvan şəhər orta məktəbini bitirib.
Bir il Su
Tikinti İdarəsində işlədikdən
sonra 1977-ci ildə hərbi xidmətə
çağırılıb. Ordu
sıralarında xidmət edərkən PDM hərbi
texnikasının birinci dərəcəli
tuşlayıcı - operatoru ixtisasına
yiyələnib. Ordudan tərxis olunan İbrahim 1988-ci ildə
Bakı Dövlət Universitetinin tarix fakültəsinin qiyabi
şöbəsinə daxil olur. Moskvada
yaşamasına baxmayaraq, Qarabağ
müharibəsi başlayanda vətənə
qayıdır. Könüllü Batalyonlardan birinin tərkibində
döyüşlərə qatılır. 1993-cü ildə Milli Orduda xidmətini davam etdirir, Kəlbəcər
uğrunda gedən döyüşlərdə
fəal iştirak edir.
İ.Məmmədovun komandanlığı
altında strateji əhəmiyyətli bir yüksəklik düşməndən azad edilir. 1994-cü il 16 fevralda Kəlbəcər
uğrunda gedən qızğın
döyüşdə düşmənin 3 tankını və
xeyli canlı qüvvəsini sıradan
çıxarır və düşmən mərmisinə
tuş gəlir. Aldığı yaradan qəhrəmancasına həlak olub.
Ailəli idi. İki övladı yadigar qalıb.
Azərbaycan Respublikası
Prezidentinin 20 iyun 1994-cü il tarixli 156 saylı Fərmanı
ilə Məmmədov İbrahim İsmayıl oğluna
ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı"
fəxri adı verilib.
Naxçıvan şəhərinin
Şəhidlər Xiyabanında dəfn edilib.
Qəhrəmanımızın anası Zemfira xanımın oğlu ilə bağlı xatirələri insanı kədərləndirməyə bilməz. Ən azı ona görə ki, Milli Qəhrəman 6 bacının tək qardaşı olub. "İbrahim mənim üçün hər şey idi o mənim bu həyatda tək oğlum, 6 bacının tək qardaşı idi. Mən indi balamı düşünəndə və onun haqqında söhbət açılanda, ürəyim sızıldayır, qəhərdən boğuluram. İbrahim həqiqətən də elə uşaqlıqdan ailəyə, dostlara, insanlara və vətənə sevgisi olan bir oğul idi. O həmişə uşaqlardan fərqlənirdi. Onun qeyri-adi düşüncəsi və uzaqgörənliyi vardı. Mənə və rəhmətlik atasına həmişə qayğı göstərərdi. İbrahim Vətənimizə göz dikən düşmənlərə qarşı qalxdı, o, 2 körpə balasını və cavan ailəsini qoyub Qarabağa getdi, əsl qəhrəman kimi döyüşdü, ailəsinin və millətinin şərəfini qorudu, elə bu yolda canını əsirgəmədi, vətən-xalq deyə döyüşdü və şəhid oldu.
İndi oğlum məndən,
bacılarından, ailəsindən və iki balasından
çox uzaqdadı, amma onun ruhu bizim yanımızda,
özü isə ürəyimizdədi. İbrahim
böyüdü, Vətən, ana, millət sevgisi onu
mübarizəyə sövq etdi.
Artıq onun övladları böyüyüb. Mən İbrahimin qoxusunu nəvələrimdən alıram. İbrahim Bakı Dövlət Univerisitetinin Tarix fakültəsində oxuyurdu. Bu vaxtlar ermənilər Qarabağa hücum etmişdilər, vətənin dar günü idi. İbrahimin bu çətin vaxtda, Vətənin dar günündə ürəyi dözmədi, təhsilini yarımçıq qoyub, 1991-ci ildə könüllü olaraq hərbi xidmətə yollandı. O, Ağdərə, Füzuli, Zəngilan və Kəlbəcər rayonlarında döyüşlərdə oldu. Döyüşlərdə yaxşı iştirak etdiyinə görə onu bölük komandiri təyin etmişdilər.
İbrahim şəhid olandan sonra
onun döyüşçü yoldaşları bura gəlmişdilər,
onlar həmişə İbrahimin qəhrəmanlıqlarından
danışırdılar. İbrahimlə bir səngərdə çiyin-çiyinə
vuruşan zabit Arif Tağıyev deyirdi ki, 11 fevral 1994-cü il döyüşlərin birində gecə
saatlarında mühasirəyə düşdük.
Heç bir kömək
almadan, yalnız öz
əsgərlərimizin cəsarəti sayəsində ermənilərlə
döyüşə-döyüşə mühasirəni
yarıb Meydançay istiqamətində əvvəlki
mövqeyimizə sarı geri çəkildik.
Üç nəfər döyüşçümüz
yaralandı. Düşmən mühasirəsinin
yarılması zamanı İbrahim Məmmədov
8 əsgərlə birgə ermənilərin
yayındırılmasına, taburumuzun itki vermədən mühasirədən sağ-salamat çıxmasına şərait
yaratdı. Üstəlik həmən döyüşdə, 5
erməni quldurunu məhv etdi...
Sonuncu döyüş 1994-cü il fevralın 16-da baş verdi. Ermənilər çoxlu canlı qüvvə və zirehli texnika ilə Kəlbəcər istiqamətində hücuma keçmişdilər. Bu ölüm-dirim müharibəsində İbrahim Məmmədov düşmənin 3 tankını qumbaraatan silahla vuraraq məhv etdi. Sonuncu cəhd onun ölümünə səbəb oldu o tanklardan atılan mərmilərin birinə tuş gəldi...
İndi oğlum yaşamasa da, onun adı yaşayır, çünki o, Azərbaycan Respublikasının Milli Qəhrəmanıdır və mən bir ana kimi bununla fəxr edirəm. Allah bütün şəhidlərə rəhmət eləsin, yaxınlarına səbir və güc versin".
Şərq.-
2011.-10 avqust.- S.5.