"Mən Amerikada xoşbəxtəm"

 

     Dilşad Əliyarlı: "Amma hər dəfə təyyarə Bakıya yaxınlaşanda pəncərədən şəhərə baxıb özümü son dərəcə xoşbəxt hiss edirəm"

 "Amerikanın səsi" radiosunun tanınmış azərbaycanlı aparıcısı Dilşad Əliyarlı yaradıcılığı və fəaliyyəti ilə bağlı maraqlı müsahibə verib. D.Əliyarlı "Amerikanın səsi" radiosunu izləmiş Azərbaycan dinləyicilərinə özü barədə ətraflı məlumat verib.

  

  

      - Azərbaycan dinləyicisi və tamaşaçısı məni "Amerikanın səsi" radiosu və televiziyasından tanıyır. Mən "Amerikanın səsi"nin Azərbaycan dilində efirə çıxan ilk televiziya proqramının ilk aparıcısı olmuşam. Çox böyük qürur hissi ilə deyə bilərəm ki, indi çox zaman amerikalılar məni "Amerikanın səsi" və Amerikanın siması kimi təqdim edirlər.

   İndi "Amerikanın səsi"ndə Azərbaycan diasporu, xüsusilə də Amerikada yaşayan azərbaycanlılardan bəhs edən bloq yaradılıb. Uzun müddətdir belə bir xüsusi səhifənin olmasını istəyirdim və nəhayət bu layihəni də gerçəkləşdirə bildim.

   - Professional jurnalistikaya necə gəlmisiniz, "Amerikanın səsi"ndən öncə haradasa çalışmısınız?

   - "Amerikanın səsi"ndən öncə mən BBC radiosunun Azərbaycan xidməti ilə əməkdaşlıq etmişəm. Æurnalistikaya gəlişim BBC-nin sayəsində olub. Azərbaycan xidməti bir il idi ki, açılmışdı. Mən o zaman keçmiş Yuqoslaviyada, paytaxt Belqradda idim. BBC Azərbaycan xidməti mənə oradan reportajlar hazırlamağı təklif etdi. Böyük məmnuniyyətlə razılaşdım.

   Qeyd etmək istəyirəm ki, BBC Azərbaycan xidmətinin verilişləri professionallıq baxımından olduqca yüksək səviyyədə hazırlanırdı. Belə professional jurnalistlərlə işləməkdən çox böyük zövq alırdım.

   - Bəs necə oldu ki, "Amerikanın səsi" radiosunda fəaliyyətə başladınız..?

   - "Amerikanın səsi"nə BBC-də müxbir kimi işlədikdən sonra gəldim. 1998-ci ildə mən artıq Amerikada idim. O zaman "Amerikanın səsi"nin Azərbaycan şöbəsinə işçi tələb olunurdu və Amerikadakı dostlar məni tövsiyə etmişdilər. Məni "Amerikanın səsi"nə dəvət etdilər. Əvvəlcə Azərbaycan xidmətində testdən keçdim, sonra isə imtahan verdim. Şöbənin əməkdaşları tərcüməni, səsimi və yazımı bəyəndilər və beləliklə də məni işə götürdülər.

   - Bildiyim qədər 12 ildən artıqdır bu radiostansiyanın əməkdaşısınız. Bu radioda çalışmağın çətinlikləri və üstünlükləri nədən ibarətdir

   - "Amerikanın səsi" özü-özlüyündə unikal bir media təşkilatıdır. Bu, Amerikada dünyanın 45 dilində proqramlar yayımlayan yeganə media qurumudur. "Amerikanın səsi" İkinci Dünya müharibəsi dövründə yaradılıb. O zaman efirə çıxan jurnalistlər dinləyicilərə belə müraciət ediblər: "Yaxşı, ya da pis xəbər yoxdur. Biz sizə həqiqəti çatdıracağıq".

   Bu, həqiqətən də "Amerikanın səsi"nin kredosu, devizidir. Burada yüksək professionallığı ilə seçilən jurnalistlər çalışır. Æurnalistlər işə yüksək tələbkarlıqla yanaşırlar. "Amerikanın səsi"nin muzeyində dünya liderləri, məşhur adamların radiostansiya haqda dedikləri sözlərlə tanış olmaq olar. Bunları oxuyanda, həqiqətən də gördüyün işin nə qədər məsuliyyətli olduğunu başa düşürsən. Çox fəxr edirəm ki, bu muzeydə mənim də şəklim yerləşdirilib.

   - Fəaliyyətiniz dövründə məşhur insanlardan, o cümlədən yüksək çinli dövlət rəsmilərindən müsahibələr almısınız. Ən maraqlı müsahibiniz kim olub?

   - Bəli, bu illər ərzində çox müxtəlif və maraqlı insanlarla görüşmüşəm, müsahibələr aparmışam. Azərbaycan və ABŞ prezidentləri və xarici işlər nazirləri səviyyəsində görüşlərdə iştirak etmişəm. Bununla yanaşı, incəsənət xadimləri, tanınmış insanlarla da görüşlərim və müsahibələrim olub. Müsahibə aldığım ən maraqlı adamlar arasında yazıçı Orhan Pamuku göstərmək istəyirəm. Mən onunla söhbət edəndə, o, hələ ədəbiyyat üzrə Nobel mükafatı almamışdı. "Mənim adım Qırmızı" kitabından sonra ona İrlandiyada yazıçılara verilən ən yüksək mükafat təqdim edilmişdi.

   Mən əvvəlcədən müsahibələrə hazırlaşıram. Lakin maraqlı müsahibə zamanı elə an olur ki, "yol xəritəsi"ndəki əsas marşrutdan çıxıb yeni və daha maraqlı bir cığır tapırsan. Sanki qarşınızdakı məsələnin adi yolla həllini bilirsiniz, amma buna baxmayaraq, onu yeni bir üsulla həll etmək istəyirsiniz. Söhbət elə istiqamət götürdü ki, kitabın bütün intriqasını bizə yenidən yaşatdı. Sonda Orhan Pamuk yeni roman yazdığını dedi, amma təbii ki, sirri açmadı. Bu, onun avtobioqrafik "İstanbul" romanı idi. Mənim ən çox sevdiyim kitablardan biridir.

   Daha bir maraqlı müsahibim isə doktor Lütfi Zadə idi. Onunla yay mövsümü, universitetdə tətil olan zaman fakültədə görüşdük. O, tətilə baxmayaraq, həftədə bir neçə gün işləmək üçün universitetə gəlirdi. Mənim "həyatda sizin üçün ən önəmli nədir" sualımın cavabında o təsadüfən "işim" deməmişdi. Bir saatdan artıq sürən müsahibə maraqlı olmaqla yanaşı, sanki birnəfəsə keçdi. Lütfi Zadənin əla yumor hissi xüsusi bir atmosfer yaratmışdı. Belə insanlarla söhbət edəndən sonra müsbət enerji alırsan.

   - Bir çox jurnalistlərdə bu xüsusiyyət var: həyatlarının ən önəmli dönəmlərini özlərinin fəaliyyətləri zamanı baş verən hadisələrlə xatırlayırlar. Sizdə də belə hadisələr olubmu?

   - Bəli, olub. Özü də həyatımın yəqin ki, ən önəmli hadisələrindən biri birbaşa jurnalistika fəaliyyətimlə bağlıdır. Mən BBC radiosu ilə yeni əməkdaşlıq etməyə başlamışdım. Artıq bəzi materialların mövzusunu müzakirə etmişdik. Mən o zaman Sarayevo şəhərində idim və danışmışdıq ki, bir neçə materialı yaxın vaxtlarda göndərim. O vaxt ilk övladımın dünyaya gəlişini gözləyirdim. Elə oldu ki, reportajı vaxtında ötürə bilmədim və Almaniyaya getdim. Böyük oğlum Münhendə anadan oldu və bunun səhəri mən hələ xəstəxanada olarkən BBC-dən zəng gəldi. Təbii ki, məndən reportajı istəyirdilər. Xəstəxanada olduğumu dedim, amma material gecikirdi və onu verməli idim. Xoşbəxtlikdən yazı özümlə götürdüyüm bloknotda idi. Beləliklə, reportajı xəstəxana çarpayısından oxudum. Bundan sonra dəfələrlə materialları oğlum qucağımda ola-ola oxumalı olmuşam. Buna görə mənə bəzən hətta "müasir Madonna" deyirdilər.

   - Deyəsən Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirəndən sonra təhsilnizi Tunisdə davam etdirmisiniz. Son vaxtlar ərəb dünyasında baş verən hadisələr Sizə nə deyir?

   - Şərqşünaslıq fakültəsinin üçüncü kursunda oxuduğum zaman tələbə mübadiləsi proqramı əsasında mən təxminən bir il müddətinə Tunisə göndərilmişdim. Orada paytaxt Tunisdə o zaman prezident Burqiba adına Dillər İnstitutunda oxuyurdum. Çox maraqlı institut idi. Dünyanın hər yerindən oraya ərəb dilini öyrənmək üçün tələbələr gəlirdi. Bizim ərəb gəncləri ilə dostlaşmaq, təmas qurmaq imkanımız var idi. Mən onlarda dünya hadisələrinə dərin marağın olduğunu müşahidə etmişdim. Tələbələr çox fəal şəkildə ölkədə siyasi-iqtisadi prosesləri müzakirə edirdilər.

   Bir maraqlı cəhət də ondan ibarət idi ki, orada həm də digər ərəb ölkələrindən olan ərəb gənclər var idi. Onlar cəmiyyətin müxtəlif təbəqələrini təmsil edirdi. Gənclər fikirlərini açıq şəkildə bildirirdi, o zaman Sovet İttifaqı hələ mövcud idi, bizə çoxlu suallar verirdilər. Onlar müxtəlif xarici dillərdə danışırdılar. Mütaliələri çox geniş idi. Ərəb klassik ədəbiyyatı, rus və Qərbi Avropa ədəbiyyatı, müasir ədəbiyyatla yaxından tanış idilər.

   Onu demək istəyirəm ki, ərəb dünyasında gənclər fəal, dinamik bir qüvvə kimi görünürdü. Təhrir meydanında gənclərin toplaşması da bu mənada təsadüfi deyildi.

   - Maraqlıdır, Azərbaycanda fəaliyyət göstərən hansı mətbuat orqanlarını izləyirsiniz?

   - Azərbaycan mətbuatını internetdə izləyirəm. Hər gün xəbərləri oxuyuram. Demək olar ki, bütün aparıcı mətbuat orqanlarını izləyirəm. Müxtəlif mövqelərlə tanış olmaq cəmiyyətdə gedən prosesləri daha yaxından başa düşməyə imkan verir.

   - Dünya mediası ilə Azərbaycan mətbuatı arasında fərqləri nədə görürsünüz?

   - Media bütün ölkələrdə bir-birindən fərqlənir. Qərb mətbuatı ümumiləşdirilmiş ifadədir. Əslində isə Britaniya və Fransa mətbuatı Amerika mətbuatından fərqlidir. Lakin onları birləşdirən ümumi cəhətlər var.

   Azərbaycan mətbuatı da təbii ki, başqa ölkələrin mətbuatından fərqlənir. Amerika mətbuatının ünvanına tənqidləri eşidəndə mən həmişə onu qeyd edirəm ki, İraqda Əbü Qreyb həbsxanasında baş verənləri bütün dünyaya Amerika mətbuatı açıqladı. Çünki jurnalist üçün ən ümdə məsələ professional borcu yerinə yetirməkdir.

   - Bir azərbaycanlı xanım olaraq uzun illərdir xaricdə yaşayırsınız. Amerikalı, avropalı qadınlarla azərbaycanlı qadınları necə müqayisə edərdiniz?

   - Amerikanın keçmiş birinci xanımı Æaklin Kennedinin məşhur bir ifadəsi var: "Mən ən əvvəl qadınam". Mən bununla tamamilə razıyam. Æaklin Kennedi jurnalist və yazar idi. O, Amerika tarixində ən məşhur prezidentlərdən biri olan Con Kennedinin həyat yoldaşı və ölkənin birinci xanımı olmuşdu, ana idi, iki övladı var idi. Amma o, eyni zamanda, cəmiyyətdə fəal mövqeyi olan bir qadın idi və bütün bunlarla yanaşı tarixdə ən eleqant qadınlardan biri kimi də yadda qalıb.

   Bu, fikrimcə, müasir qadın deməkdir. Müasir qadınları yəqin ki, ümumi cəhətlər birləşdirir. Bu gün dünyanın hər yerində ana və həyat yoldaşı, evin xanımı kimi ənənəvi funksiyaları yerinə yetirməklə yanaşı, həm də biznes, siyasət kimi qeyri-ənənəvi sahələrdə çalışan qadınlar var. Bu qadınlar öz cəmiyyətlərində fəal mövqe tutur. Məncə, Qərb qadınları daha geniş seçim imkanlarına malikdir. Bu, sevdiyi insanla ailə həyatı qurmaqdan tutmuş, karyeraya qədər bütün sahələrə aiddir.

   - Amerikadakı Azərbaycan diasporunun erməni diasporu kimi güclü olmasına hələ çoxmu var?

   - Amerikada ermənilər artıq 100 ildən çoxdur yaşayır. Onlar cəmiyyətə inteqrasiya edib, amerikalılarla ailə həyatı qurub, onlarla dostlaşıblar. Azərbaycanlılar Amerikada yaşayan yeni etnik diaspor qrupu kimi çıxış etməyə başlayır. Amerikada azərbaycanlıların sayı o qədər çox deyil, onlar kompakt bir ştatda yaşamırdı. Lakin vəziyyət tədricən dəyişir. Məsələn, 10 il bundan əvvəllə müqayisə etsək, dəyişikliklərin baş verdiyini görərik. Əvvəllər Azərbaycanın adını, ölkənin harada yerləşdiyini bilən insanları barmaqla saymaq olardı.

   Amerikada azərbaycanlıların artıq onlarla diaspor təşkilatı fəaliyyət göstərir. İndi ABŞ-ın demək olar ki, bütün ştatlarında Azərbaycan icmasını təmsil edən bir qrup, ya da təşkilatı göstərmək olar.

   Azərbaycanlılar ABŞ-ın hökumət idarələrində, özəl şirkətlərdə birlikdə çalışır, amerikalı dostların sayı artır. Azərbaycanlıların Amerikada ikinci nəsli böyüyür. Digər tərəfdən, Azərbaycan özü də Amerikaya dost ölkədir, bölgədə böyük əhəmiyyətə malikdir.

   - Şəxsi həyatınız barədə məlumatlar da maraq doğurur. Həyat yoldaşınız amerikalıdır, ailədə mədəniyyət fərqləri böyükdürmü?

   - Müasir qloballaşma dünyasında mədəni fərqlər özünü yəqin ki, əvvəlki kimi büruzə vermir. Amma ailədə hamı bir-birinin adət-ənənəsinə hörmətlə yanaşır. Milad bayramı da, Şükranlıq günü də Novruz bayramı da böyük sevinclə və hətta təmtəraqla qeyd edilir. Amma yəqin ki, bir cəhətinə görə bizim ailəni əsl Azərbaycan ailəsi hesab etmək olar. O da evimizin qonaqlı-qaralı olmasıdır. Qapımız hamının üzünə açıqdır.

   - Övladlarınız barədə məlumat vermənizi rica edirik. Onlar Azərbaycan haqda nə bilirlər?

   - İki oğlum var, Vilyam və Dəniz. İkisi də Ana dilində dil açıb. Mən indiyə qədər onlarla Azərbaycan dilində danışıram. Əlbəttə, fərqli dil mühitində uşaqların Ana dilini mükəmməl bilməsi çətindir. Övladlarımın ikisi də Azərbaycanı çox sevir, Azərbaycan tarixi ilə yaxından maraqlanır, musiqimizdən böyük zövq alırlar. Uşaqlar Bakını, xüsusilə də Qız Qalasına çıxıb şəhərə baxmağı çox sevirlər. Keçən il Şəkidə olduq. Uşaqlar çox böyük təəssüratlarla qayıtmışdılar. Bir də Azərbaycan mətbəxini dünyada ən yaxşı mətbəx kimi tanıyırlar.

   - Mətbəxdə vaxt keçirməyə imkanınız olurmu? Evdə Azərbaycan xörəkləri bişirirsinizmi?

   - Bəli, yəqin ki, bu, Azərbaycan qadınlarını fərqləndirən cəhətlərdən biridir. Amerikada tanıdığım, demək olar ki, bütün azərbaycanlı xanımlar mətbəxdə vaxt keçirməyə normal yanaşır və evdə yemək hazırlayırlar. Mən sağlam qidaya üstünlük verirəm, buna görə də yeməyi özüm hazırlayıram. Azərbaycan xörəklərini daha tez-tez bişirirəm, amma dünya mətbəxində də sevdiyim xörəklər var.

   - Azərbaycanla əlaqəniz hansı şəkildədir, gəlib-gedirsinizmi? Sonuncu dəfə nə vaxt Bakıda olmusunuz?

   - Bakıya hər il heç olmasa bir dəfə gedirəm. Sonuncu dəfə Bakıda bu ilin may ayında olmuşam. Müasir dövrdə əlaqə saxlamaq üçün çox geniş imkanlar var. Sosial şəbəkələr insanın harada olmağından asılı olmayaraq, əlaqə saxlamağa imkan verir.

   - Əcnəbi vətəndaşla ailəli olduğunuza görə, yəqin ki, nə vaxtsa birdəfəlik Azərbaycana köçüb Bakıda yaşamaq planınız da yoxdur. Bəs Amerikada özünüzü xoşbəxt hiss edirsinizmi?

   - Məncə, insanın özünü xoşbəxt hiss etməsi onun olduğu yerdən asılı deyil. Bu daha çox insanın yanaşma tərzindən asılıdır. Xoşbəxtlik insanın seçimidir. İnsan xoşbəxt olmaq istəyəndə olduğu yerdən asılı olmayaraq özünü xoşbəxt hiss edir. Mən Amerikada xoşbəxtəm, amma hər dəfə təyyarə Bakıya yaxınlaşanda pəncərədən şəhərə baxıb özümü son dərəcə xoşbəxt hiss edirəm.

"Şərq"in araşdırma qrupu

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə hazırlanıb

 

 

  Şərq .-2011.-10 avqust.- S.9.