Azərbaycan
oğluyam!
Çağırır indi
bütün milləti imdada Vətən,
Dəyişilməz, ey oğul, cənnətə dünyada Vətən.
Bizə meydan oxuyan bilməlidir birdəfəlik,
Nə satılmaz, nə
verilməz binədən yada Vətən.
Sinə altında gərək qəlb
kimi hər an döyünə,
Yana ulduz kimi hər
sözdə, hər imzada Vətən.
Azərbaycan
poeziyasının düşünən və
düşündürən söz nəhənglərinin cərgəsində
durmaq və bu sırada özünəməxsus yer tutmaq
heç də hər qələm sahibinə nəsib olan
xoşbəxtlik deyil. Bu bəxtiyarlığa
yetişməyin kökündə, mayasında böyük
istedadla yanaşı, həm də tükənməz, inadkar
bir zəhmət durur. Elə bu səbəbdən
də haqqında söhbət açacağımız
qüdrətli söz ustası Bəxtiyar Vahabzadə
"Şam əgər yanmırsa, yaşamır demək, Onun
yaşaması yanmağındadır" misralarındakı
fikirlərini özünün ömür kredosuna
çevirmişdi. Bu mənəvi
yanğıda Bəxtiyar Vahabzadənin mənsub olduğu millətin
bütün ağrıları, acıları, həlli
müşkülə çevrilmiş
sızıltıları boy verirdi. Az
bir vaxtdan sonra bu ağrılardan doğan neçə-neçə
şeirlər, poemalar, pyeslər Azərbaycan xalqının ən
dəyərli ədəbi nümunələrindən biri kimi
vətəndaşlıq hüququ qazanacaqdı və
qazandı da.
Sözün böyük mənasında,
tam səmimiyyətlə etiraf etmək olar ki, avqustun 16-da
anadan olmasının 86-cı ildönümünü artıq
üçüncü ildir ki, onsuz qeyd edəcəyimiz Bəxtiyar
Vahabzadənin titanik düşüncəsinin məhsulu olan
şeirlər sağlığında olduğu kimi, bu gün
də sevilə-sevilə oxunur.
Azərbaycan ədəbiyyatının,
bütövlükdə XX əsr poetik fikrinin görkəmli
nümayəndəsi, Xalq Şairi Bəxtiyar Vahabzadənin
adı təkçə respublikamızda deyil, onun sərhədlərindən
çox-çox uzaqlarda da mütəfəkkir şair, lirik
dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli
ictimai xadim, sadə və səmimi insan kimi çəkilməkdədir.
Bəxtiyar Vahabzadə
öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində
mühüm rol oynayıb. Azərbaycan
poeziyasında vətəndaşlıq ruhunun qüvvətlənməsində
və sənətkarlıq imkanlarının genişlənməsində
Bəxtiyar Vahabzadənin müstəsna xidmətləri
vardır. Dilimizin poetik imkanlarından məharətlə
bəhrələnən şair fəlsəfi məzmunlu
lirikanın gözəl nümunələrini yaratmağa
müvəffəq olub.
O, təkcə Vətəni Azərbaycanda
yox, bütün türk dünyasının şəxsiyyətinə
hörmətlə yanaşdığı bir sənətkar
idi. Əsərləri dünya durduqca yaşayacaq,
sevilə-sevilə öyrəniləcək ölməz sənətkar
Bəxtiyar Vahabzadənin dünən 86-cı
ildönümünü qeyd etdik. Qəlblərdə
yaşayan ustadın həyat və
yaradıcılığına həsr olunan müxtəlif tədbirlər
düzənləndi. Biz isə
yaradıcığılının böyük hissəsini vətənə,
millətə həsr edən Bəxtiyar Vahabzadənin
keçdiyi ömür yoluna, gənc nəsilə
aşıladığı vətənpərvərlik
mövzusunu araşdırdıq.
Bioqrafiyasından
sətirlər
Bəxtiyar Mahmud oğlu Vahabzadə
1925-ci il avqust ayının 16-da Şəki
şəhərində anadan olub.
Yeddi yaşı
olmamış məktəbə gedən Vahabzadənin ailəsi
1934-cü ildə Bakıya köçüb. Bəxtiyar Vahabzadə təhsilini paytaxt məktəbində
alıb, 1942-ci ildə Azərbaycan Dövlət Universitetinin
filologiya fakültəsinə daxil olub. Buradakı
təhsil illərində o, yazıçı-alim Mir Cəlal
Paşayevin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin
fəal üzvü olub.
"Ağac altı,
yaşıl çəmən, bir də ki tünd
çay" şeiri ədəbi ictimaiyyətin diqqətini cəlb
etmiş, Yazıçılar İttifaqının sədri Səməd
Vurğunun zəmanəti ilə o, 1945-ci ildə hələ tələbə
ikən ittifaqa üzv olub.
Azərbaycan Dövlət
Universitetinin aspiranturasını bitirən Vahabzadə "Səməd
Vurğunun lirikası" mövzusunda namizədlik
dissertasiyası müdafiə edib.
1964-cü ildə
"Səməd Vurğunun yaradıcılıq yolu"
mövzusunda dissertasiyasına görə filologiya elmləri
doktoru elmi dərəcəsi alıb.
O, 40 il Azərbaycan
Dövlət Universitetində elmi, elmi-pedaqoji fəaliyyət
göstərib.
Vətəninin
əsl vətəndaşı olan şair
Vətənpərvərlik
mövzusu Xalq Şairi Bəxtiyar Vahabzadə
yaradıcılığının ana xəttidir. Bir ömürcə vətənin istiqlalı, dil,
söz, torpaq uğrunda apardığı söz mücadiləsindən
alnıaçıq, üzüağ çıxan şair vətənin
azadlığı uğrunda əsl vətənpərvər
insan, vətəndaş kimi iz qoymuşdu. Hər
qarışı ecazkar, füsunkar gözəlliklər
yatağı olan Vətənimiz şair üçün
müqəddəs bir məkandır. B.Vahabzadənin
vətənpərvərlik mövzusunda qələmə
aldığı əsərlərində dərdli, niskilli
şairin əhvalı duyulur. Bəxtiyar Vahabzadə
yaradıcılığına canlı pafos verən, onu
şöhrətləndirən və sevdirən başlıca
səbəb vətən sevgisi, yurdun hər
qarışından aldığı ilham və
özünün əsl "vətən daşı"
olduğunu dərk etdiyindən aldığı
zövqdür. Vətəninin əsl vətəndaşı
olan şair qırılmaz tellərlə, canlı rişələrlə
xalqına, elinə-obasına bağlıdır. Bəxtiyarın şeiri məhz xalqdan, torpaqdan
güc aldığı üçün böyükdür, əzəmətlidir,
müqayisə olunmazdır. Vətəninə,
yurduna-yuvasına bağlılıq, vətəndaşlıq
pafosu B.Vahabzadə yaradıcılığının əsas
ideyasını şərtləndirən başlıca
xüsusiyyətdir. Onun vətənpərvərlik
şeirlərindən danışarkən "Azərbaycan
oğluyam" şeiri xüsusi vurğulanmalıdır.
Şeirdə vətənpərvərlik
ideyası qabardılaraq ön plana çəkilir. Burada eyni zamanda qədim türklərin
dünyagörüşlərinin, inanclarının öz bədii
əksini tapması da diqqətəşayan bir haldır.
Şeir bu misralarla başlayır:
Azərbaycan oğluyam,
Odu Allah
sanmışam.
Anam torpaq, atam od
Mən oddan
yaranmışam.
Bu misralar bir növ
dünyanın dörd qütbünə səpələnmiş
türk xalqlarının kimliyidir. Əski türk
inanclarına görə, insanın yaranmasında Ata
başlanğıc Günəş, od,
istilik və Ana başlanğıc Torpaq başlıca rol
oynayır. Yaradıcı qüvvə olan
Günəşin Torpağa istilik verməsiylə insan
yaranmışdır. Böyük ehtimalla
söyləyə bilərik ki, şair bu misraları qələmə
alarkən məhz həmin türk inanclarına istinad
etmişdir.
Azərbaycan oğluyam,
At belində doğuldum;
Zamanın qazanında
Neçə dəfə
dağ oldum - deyərkən şair yenə də
xalqımızın şanlı, keşməkeşli tarixinə
işarə edir. Ta qədimlərdən bu yana analarımız oğlu vətən
üçün, onun təəssübünü çəkmək,
namusunu qorumaq üçün böyüdüblər. Övlad vətən yolunda şəhid olarkən bu
dözülməz dərdi qəlblərinə gömərək
vətənin varlığı ilə təskinlik tapıblar.
Analar oğulları cəngi sədaları
altında qundaqlayarkən onun ruhuna vətən eşqinin toxumunu
səpiblər. Bax beləcə ruhumuzda bir
vətəndaşlıq hissi yer alıb. Sağalmaz
yaramız olan vətəndə vətənsizlik dərdimiz bu
şeirdə də şairin köksündə qövr edərək
bu misralara çevrilmişdir:
Neyləyək ki...
zamanın
Uğursuz yollarında
İkiyə bölünmüşəm,
İki başlı, bir qəlbli
Bir bədənə
dönmüşəm.
Amma şair
üçün bu bölünmə sadəcə tikanlı məftillərdə,
bir də kağız üzərindədir.
Onunçün Bakı, Təbriz elə birdir və hər
ikisi Məkkə, Mədinə qədər müqəddəsdir.
Həm Təbriz, həm
Bakıdır
Məkkəm, Mədinəm
mənim - deyən şairin bütöv bir xalqın
işıqlı sabahına bəslədiyi böyük
ümidləri diqqətdən yayınmır.
Bəzən kimsə
öz vətəninə, xalqına xəyanət edir. Bunun səbəbi odur ki, həmin şəxs ana
südü ilə yox, süni qidalarla qidalanıb. Onun qanında doğulduğu torpağın heç
bir elementi olmadığı üçün o xəyanətkar
bir iblisə çevrilir.
Özgə anasından süd əmənləri
Özgə
qulluğunda duran görmüşəm.
Və yaxud da:
Bütün diləklərimin
ən saf diləyi şeirim.
Vətən eşqindən
ucalsın bütün istəklərimiz,
Yaşasın arzuda,
məqsəddə, təmənnada Vətən.
Ulular uymadı var-dövlətə,
yalnız dedilər:
-Ən böyük bəxşişimiz
bizdən hər övlada: Vətən!
Vətən eşqindən alar Bəxtiyar
öz qüdrətini
Döyünər qəlbi
kimi hər yeni misrada Vətən.
"Millətçi" damğası ilə Universitetdən
çıxarılan şair
Bəxtiyar Vahabzadə
60-cı illərdən başlayan milli azadlıq hərəkatının
öncüllərindən biri idi. O, 1959-cu ildə
yazdığı "Gülüstan" poeması ilə iki
yerə parçalanmış Azərbaycanın tarixi faciəsini
dilə gətirmiş, rus və fars
imperiyasının pəncəsi altında inləyən Azərbaycan
xalqının azadlıq və istiqlal uğrundakı ədalətli
mübarizəsinə qoşulmuşdur.
Bu poemaya görə
1962-ci ildə şair "millətçi" damğası
ilə Azərbaycan Dövlət Universitetindən
çıxarılmış, yalnız 2 ildən sonra öz vəzifəsinə
bərpa edilmişdir.
Bəxtiyar Vahabzadə
sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə
məruz qalan millətin dərdlərini rəmzlər və
müxtəlif ədəbi üsullarla ifadə edib, irihəcmli
poemaları və pyeslərində hadisələri ya tarixə,
ya da başqa ölkələrə keçirərək
öz millətinin dərdlərini dilə gətirib. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini
isə şair Sovet İttifaqı dağılandan sonra
"Sandıqdan səslər" başlığı
altında nəşr etdirib.
Bəxtiyar Vahabzadə
70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11
elmi publisistik kitabın və yüzlərlə məqalənin,
eləcə də tarixi və müasir mövzuda 20-dən
artıq irihəcmli poemanın müəllifidir.
Şairin əsərləri - şeir kitabları, dramları və
publisistik yazıları dünyanın bir çox dillərinə,
o cümlədən ingilis, fransız, alman, fars, türk,
polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi
xalqlarının dillərinə tərcümə edilib.
Müstəqil Azərbaycanın
"İstiqlal" ordenini ilk alan sənətkarlardan
biri B.Vahabzadə olub. O, dəfələrlə deputat
seçilib, millət vəkili kimi fəaliyyət göstərib.
Vətəni
sevmək azdır
Bəxtiyar Vahabzadənin
bədii əsərlərinin qəhrəmanlarının bir
qismi ədəbi-tarixi şəxsiyyətlərdir.
Bunların sırasında özünü "qəm
karvanının saribanı" adlandıran Məhəmməd
Füzuli, lazım gələrsə, sümüyünü də
xalqı yolunda əritməyə hazır olan, böyük cəsarət
və bədii qüdrət sahibi Mirzə Ələkbər Sabir,
eləcə də müdrik Nizami Gəncəvi, Üzeyir bəy
Hacıbəyov, Cəlil Məmmədquluzadə, Cəfər
Cabbarlı və başqalarının yaddaqalan obrazları
xüsusi yer tutur. Bu baxımdan bir maraqlı məsələni
qeyd etmək lazımdır. Onun əsərlərində
Ancelo, Rafael kimi dünya şöhrətli sənətkar
obrazlarına rast gəlinir.
Vahabzadə də qələmdaşları
kimi Vətən, Azərbaycan mövzusunda əsərlər
yazıb. Təbii ki, şairin Vətən haqqında
düşüncələri, anlamı tamam başqa məzmundadır:
Vətəni sevmək azdır, onun yolunda həyatından
keçməyə hazır olmalısan:
Vətəni sevirəm deyən
çox olar,
Deməyə nə
var ki, dil yorulmasa.
Vətən də bizim tək
ölər, yox olar,
Vətənin yolunda
ölən olmasa.
Xalq şairi, akademik
Bəxtiyar Vahabzadə nadir yaradıcı simalardan idi. O,
sənətin ən müxtəlif janrlarında qələmi
sınamaqla yaddaqalan əsərlər yaradıb. Bəxtiyar Vahabzadə poeziyasındakı
bütün müsbət keyfiyyətlərin mayası
doğma ana dilidir, milli leksikonumuzdur. Şair
dilimizin incəliklərindən, sözdən böyük məharət
və incə zövqlə istifadə edib.
Şərq.- 2011.- 17 avqust.- S. 5.