Müharibə
başlayan gündən silaha
sarılıb
Soyuq
qış səhəri idi... Qardaşı Rövşən səhərə
yaxın yuxuda Nizaminin "Qardaş niyə köməyə gəlmirsən,
görmürsən məni qan aparır?" deməsini
görür. Onu bu dəhşətli yuxudan darvazanın
döyülməsi ayıltdı. Nizamini gətirmişdilər...
Həyat dolu, şən, böyüklərin yolunu saxlayan, uşaqla uşaq olan, üç oğul atasının ölum xəbəri hamını sarsıtdı. Ağır dövrlər idi. Vətənində ikən vətəndən didərgin düşmüşdülər. Bütün bunlara baxmayaraq özlərini çox sakit təmkinli aparmalıydılar yaxınları. Nizamiyə layiq...
Qısa arayış
Məmmədov
Nizami Murad oğlu 12 yanvar 1958-ci ildə Xankəndi şəhərində
dünyaya gəlib. N.Gəncəvi adına 4 saylı şəhər
orta məktəbini bitirdikdən sonra 1975-77-ci illərdə
İrkutsk vilayətində hərbi xidmətdə olub. Xidmətini
başa vurduqdan sonra Xankəndi şəhərinə
qayıdaraq Yaşıllaşdırma İdarəsində əmək
fəaliyyətinə başlayıb. Daha sonra Qarabağ İpək
Kombinatında çalışıb. Milis olmaq arzusu ilə
Bakı Xüsusi Milis Məktəbinə daxil olunmuş və
oranı bitirdikdən sonra Xankəndi şəhər polis
şöbəsində növbətçi köməkçisi
işləyib. Xankəndində milli münasibətlərin
gərginliyi nəzərə alınaraq o, Şuşa
RPŞ-nə göndərilib. 1988-89-cu illərdəki erməni
təcavüzü zamanı N.Məmmədovu Kərkicahan,
Qaybalı kəndlərində yerləşən özünümüdafiə
dəstələrinə vaxtlı-vaxtında silah-sursat
çatdırılmasına kömək edib. Malıbəyli,
Daşaltı, Qaladərəsi əməliyyatlarında rəşadətlə
vuruşaraq, torpaqlarımızın bütövlüyü
uğrunda gedən döyüşlərdə ad-san
qazanıb. N.Məmmədov 1992-ci il martın 29-da Şuşa
şəhər polis şöbəsinin bombalanması nəticəsində
həlak olub. Bərdə rayonunun Dəymədağlı kəndində
dəfn edilib. Evli idi. Üç oğlu yadigar qalıb.
Azərbaycan Respublikası
Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə
Məmmədov Nizami Murad oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
"Övladlarımı
sıxıntı çəkməyə qoymayacağam"
deyərdi
Milli Qəhrəmanın
anası Xanış ana igid oğlunun xatirələrini belə
bölüşüb:
- 3 övladımız var idi. 2 oğlan 1 qız, sadə dolanışığımız var idi. Nizami çox fərqli idi; şux, çevik, istiqanlı, çox təmkinli idi. Atası onun bu xüsusiyyətlərinə görə həkim olmasını istəyirdi. Buna baxmayaraq orta məktəbi Xankəndində bitirib özünün sevdiyi, seçdiyi peşənin arxasınca getdi. Bakı Xüsusi Milis Məktəbinə daxil oldu. Rayona qayıtdı. Elə rayonumuzdan bəyəndiyi Qönçə adlı qızla evləndilər. 3 oğulları oldu: Natiq, Namiq, Naiq. Onların adlarını özü, öz adına uyğunlaşdırıb qoymuşdu. Üçüncü oğlu olanda daha da qürrələndi. "Övladlarımı sıxıntı çəkməyə qoymayacağam" deyərdi. Qismət olmadı.
Günün günorta çağında belə erməni
kəndlərinə gedə bilirdi
Qohumlarımızdan birini, oğlum Rövşənin qayınatasını ermənilər əsir götürmüşdülər. Hamıya dedi ki, gəlinə bildirməyin. Gəlinim xəstəxanada idi, dünyaya daha bir körpə gətirmişdi. Nizami qarşısına məqsəd qoymuşdu, erməni tutub onları dəyişdirməli idi, həm də tez bir vaxtda. Erməni dilini mükəmməl bildiyindən günün günorta çağında belə erməni kəndlərinə gedə bilirdi. Elə də elədi. O murdar ermənini tutub gətirdi. Ertəsi gün girovları dəyişdilər. Gəlinim xəstəxanadan çıxanda atası artıq evdə idi. Hamını düşünərdi, qayğıkeş idi. Hamının könlünü almağı bacarırdı. Hamı da onu çox istəyirdi. Cəld yerişi vardı. Döyüşçü yoldaşları deyərdilər, ana, elə yüyrək yeriyirdi ki, ona çata bilmirdik.
"Əlini onun çiyninə
qoyub "mənim davamçım olacaq" dedi"
Ömür-gün yoldaşı Qönçə
xanım isə Milli Qəhrəmanın başqa xüsusiyyətləri
barədə xatirələrini bölüşüb:
- Nə deyim, gələn gündən
incikliyimiz olmayıb, bircə Natiq Şuşada birinci sinfə
gedəndə bir dəfə dərsinə görə onunla sərt
davranmağım, Nizamiyə xoş gəlmədi. Onun qolundan tutub,
başqa bir otağa aparıb, özü
xüsusi qayğı ilə məşğul oldu. Hə, bir
axşam hamımız oturmuşduq, ikinci oğlumuz Namiqin 3
yaşı olardı, əlini onun çiyninə qoyub "mənim
davamçım olacaq" dedi. Şux idi. Evə gələndə
uzaqdan bilmək olurdu Nizami gəlir. Səsli-küylü gəlirdi.
Pencəyini çıxarar, barmağına keçirib,
çiyninə atar, özünəməxsus səsli-küylü
gələrdi. Kiçik oğlumuz o cəhətdən
atasına oxşayır.
Müharibə başlanan gündən
silaha sarıldı. Ön
sıralarda vuruşurdu. O, dağları,
meşələri çox sevirdi. Onu döyüşdən
heç nə, heç kim
saxlaya bilməzdi.
Oğullarımızın ikisi onun
yolunu davam etdirirdilər.
Dövlətimiz var olsun! Biz öz doğma Şuşamıza, Qarabağımıza qayıtmaq ümidi ilə yaşayırıq. Mən hörmətli prezidentimizin sayəsində torpaqlarımızın işğaldan azad olunacağına inanıram".
Şərq.- 2011.- 19 avqust.- S. 9.