Hamının sevdiyi, amma tanımadığı Fikrət Sadıq

 

   Məhəmmədhüseyn Şəhriyarın "Azərbaycan" şeirini sevməyəcək bir azərbaycanlını düşünmək zordur.

  

   Könlüm quşu qanad açmaz, sənsiz bir an Azərbaycan!..

   Səndən ayrı düşsəm də mən, eşqin ilə

   yaşayıram,

   Yaralanmış qəlbim kimi, qəlbi viran

   Azərbaycan!..

  

   Bu şeir insanı öz cazibəsinə elə alır ki, hətta onu kimin yazdığı da önəm daşımır. Sanki bu elə Azərbaycanın özü tərəfindən yazılıb. Fəqət, nə heyrətli bir hal... Şəhriyar şeiri fars dilində yazıb!.. Bizim bildiyimiz "Azərbaycan" şeiri sadəcə bir tərcümədir. Amma, sadəcə bir tərcüməmi?!. Yox. Bu sadə bir tərcümə ola bilməz. Onu farscadan ana dilimizə çevirən əslində Şəhriyarla müəllifliyi bölüşmüş kimidir. Fikrət Sadıq çevirib onu doğma türkcəmizə. Elə çevirib ki, onun farsca yazıldığına inanmaq çox çətindir. Və doğrusu, buna heç kim indiyədək də inanmır. Yəni bu şeir elə qəlbən yazılıb və elə qəlbən tərcümə olunub ki, ana dilimizin şirinliyi, doğmalığı, güneyli-quzeyli Vətənimiz Azərbaycanın vüqarı və qüdrətini özündə cəmləşdirib. Bu mənada Fikrət Sadıq nələr yazmasından, daha nələr tərcümə etməsindən, ümumiyyətlə kimliyindən, şəxsiyyətindən asılı olmayaraq Azərbaycanın söz-sənət xəritəsində əbədi yerini qazanmış şairlərdəndir. Fikrət Sadıq əsl vətənpərvər, milli və sözün bütün mənalarında layiqli vətəndaş olan şairdir. Və onun bütün yaradıcılığı da bugünki gənclərin vətənpərvər və milli ruhda tərbiyələnməsi, gənclərimizin öz milli kökləri üzərində formalaşması üçün ən gözəl vasitədir.

   Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olub. Burada ibtidai, Kürdəmirdə orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirib. Gəncə neft kəşfiyyatının Naftalan qəsəbəsində Tərtərdə neft kəşfiyyatı sahəsində elektrik montyoru işləyib. Sovet Ordusunda xidməti borcunu yerinə yetirəndən sonra Bakıda bir müddət kinomexanik kimi çalışıb. 1955-ci ildə Kürdəmirdə elektrik montyoru işlədiyi vaxt axşam məktəbini bitirib. Sonra ADU-nun filologiya fakültəsində təhsil alıb (1956-1961). Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı "Gənclik nəğmələri" almanaxında dərc etdirdiyi "Artist" və "Ana əli" şeirləri ilə başlayıb. Şamaxıda kənd müəllimi, rayon qəzeti redaksiyasında ədəbi işçi, ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş laborant, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında elmi redaktor, şöbə müdiri, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında elmi-kütləvi və sənədli filmlər birliyi idarəsində baş redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktoru olub (1961-1975). 1975-ci ildən Azərbaycan Yazıçılar İttifaqında poeziya üzrə məsləhətçi işləyir. Azərbaycan yazıçılarının VII-VIII qurultaylarında Azərbaycan Yazıçılar İttifaqı təftiş komissiyasının sədri, IX qurultayında idarə heyətinin üzvü, qəbul komissiyasının və Şirvan filialının sədri seçilib. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, "Əməkdə igidliyə görə" medalı ilə (1986) təltif olunub. Prezidentin fəxri təqaüdçüsüdür.

   Publisist Mahirə Abudulla "Qədimliyin müasirliyi" məqaləsində Fikrət Sadıq haqqında yazır: Mən Fikrət Sadığı tanıyırammı? Kimdir o - hər saatı, hər günü tapıntı olan, amma dəyişilməyən, "bəxtinin güneyində novruzgülü açan", insan olmaqdan bezib ağac olmaq istəyən, uşaq xəyallarına aldanan, Dədə Qorqud kimi müdrik, dili bayatılı, nağıllı?...

  

   Sonra da cavab verir:

  

   - Xalq yaradıcılığının sərrafıdır, qəzəl, rübai, qoşma, gəraylı... nəyə ürək qızdırır, ürəyinin oduyla qalaylanıb, cilalanıb yenilənir, işıq saçır. Sınayıcı gözləri daim gəncləri axtarır ki, çinar yarpağı kimi enli ovuclarıyla yollarına sığal çəksin. Filosof şair cəmiyyətlə fərd arasındakı münasibətləri palaz-palaz məqalələr, qalaq-qalaq namizədlik, doktorluq işləri ilə deyil, ikicə misra ilə ifadə edir:

   "Xalqımın şair oğluyam, quru dilmancı deyiləm". Yuxarıdan baxanda dünya, reallıqlar çox kiçik, cılız göründüyündən taleyin acığına adiliklərə istehza edir.

 

   Bir kimsə yox çata dada,

   Yerdə hamı - yerli adam...

   Mən qəribəm bu dünyada,

   Mən bu zamanca deyiləm.

  

   Bu şeir 1996-cı ildə yazılıb.  

   Azman qaya kimi doğulub, necə var, elə qalıb. Hörülüb, salxımlanıb, dirək vurulub, qalxmayıb. deyirsiniz deyin, iki il, iyirmi il, lap bir ömür bəs etməz Fikrət Sadıq yaradıcılığını incələməyə, çünki həyat fəlsəfəsi həyat var olanacan sirlərlə doludur, sonacan anlaşılmayandır. Onu bilirəm hamı inanır Fikrət Sadıq deyəndə:

  

   Mən belə yaza bilməzdim,

   Mən belə yaşaya bilməzdim,

   Mən belə amansız olmazdım,

   Mən belə fağır olmazdım.

  

   Yəni ədalətsizliyə, xəyanətə belə səbirsizlik göstərməzdim. İlhamın şıltaqlığına belə səbirli olmazdım.

  

   Sabir ruhlu, Hadi kəsərli, ilhamı, qəlbi, insafı payandaz olmayan vüqarlı Fikrət Sadıq.

  

   Gözlərindən heç qaçmayan, yaxşılığa da, pisliyə sərraf qiyməti verən şair. Sözünə, zövqünə arxalandığımız, haqq məhkəməsi, məhək daşımız, ağsaqqalımız Fikrət Sadıq.

  

   Arxalı köpəklərin 

   Basdığı o qurd mənəm.

   Namərd təpikləriylə

   Tapdalanan yurd mənəm.

  

   Yaxşı insanların yaxşılıqları bizim olduğu kimi, günahları da bizim üstümüzə yazılmalıdır, axı bizdən qorunmaq üçün günah etməyə məcbur olurlar. Lakin Fikrət Sadıq günahkar kimi görünməyə çalışar, günah etməz. Haqqa xəyanət etməz.

   Bu qarışıq dünyanın ziddiyyətli şairidir Fikrət Sadıq, çünki sadədir, aydındır, yaddaqalandır.

   Sadə olan - aydın olan. Həqiqəti tez qavranılan, ana öyüdü, körpə təbəssümü, sübh günəşinin ilk şüaları kimi pak. Bütün dünya filosoflarının maraqlandıqları, yozduqca yozduqları, sona, dibə vara bilmədikləri cəlbedici sufi nəzəriyyəsi kimi. Bunun sirri çox sadədir, sufizm həyat elmidir. Qısa ömür anında kim həyatın sonuna sonacan addımlayır?

   Həyatı özündə, əməllərində ədalətlə, müdrikcəsinə ehtiva edən şəxs elə sufidir. Fikrət Sadığın bütün şeirlərində həqiqət işığı var. Şair könül azadlığını özünəməxsus şəkildə ifadə edir.

  

   İnsan təbiətən azaddı, mərddi, 

   Amma azadlığı saxlamaq dərddi.

   Yiyəsi comərdsə, ruh da comərddi, 

   Yiyəsi qorxaqsa, qorxaq olur ruh.

 

 İnsan yaranışın bir damlası olduğunu duymaqla daxili buxovlarını qırır. Bu buxovlar nəfsdir, həsəddir, qəzəbdir, kindir. Xislət elə özünsən, öz içinə yığdığındır, içindən dəlir, qurd kimi içini gəmirir, sarsıdır, məhv edir. Günəşin nuru bir şeh dənəsində dəmləndiyi kimi bu mətləblər şairin 2002-ci ildə yazdığı "Çəkilirəm" şeirində toparlanıb.

   Dahi sufi alimi Əhməd Yasəvi deyir ki, kim çox bilir, onun ürəyində daha çox qorxu var. Fikrət Sadıq bu halı məcazi şəkildə insanın uşaqlıq dövrü ilə eyniləşdirir.

  

   Bir zaman uşaqdım, sığmırdım

   Yerə - Göyə,  

   Ta yerə, göyə, içimə çəkilirəm. 

   Odam, suyam, nəfəsəm, torpağam 

   təbiətə təzədən dönməyə içimə çəkilirəm.

  

   Bu şeirdə bir incə məqam da var ki, bütünlüklə Allahın şairi Nəsiminin "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" hayqırtısı ilə üst-üstə düşür. Qədim fəlsəfədən dünyanın dörd ünsürdən - od, su, hava torpaqdan ibarət olması ideyası ilə tanışıq, Fikrət Sadıq müdrikliyi bundadır ki, hava ünsürünü nəfəslə əvəz etməklə cansız aləmin ruhi aləmlə qovuşduğunun poetik həllini tapmışdır.

   "İki cahana sığmamaq" ideyası ilk baxışdan "Məndə tək" ideyasına ziddir, söz pərdəsini götürsən, məğz eynidir, cahana sığmamaq üçün bəşər övladına verilən mənəvi dəyərlər, insani olanlar "mənlik" adlanan xəzinəyə toplanıb, sonra "xırıd" olunmalıdır. Mənbə - soy-kökü, milli yaddaşdır, nəsil-nəcabətdir, şəxsiyyətdir, milli ruha, millətə qayıdışdır.

   Bu, fasiləsiz proses olmalıdır idrak, kamillik zirvəsi fəth olunsun. 

   Qədim türklərin məskəni Altaya səfər etmək xoşbəxtliyi şairi təsirləndirir, qan yaddaşımıza köklənən şair deyir: "Elə bil, haçansa bu yerlərdə olmuşam".

  

   Mən Metenin

   Min il əvvəl Günbatana atdığı

   Dəmir uclu qayım oxam

   Qayıtmışam baxım görüm

   Hanı mənim sadağım?

  

   Söz təbiətin ahəngidir. Fikrət Sadıq poeziyası əhvalın rəngidir, dilidir, sarı simə çəkilən mizrabıdır. Bu şeir elə bil Altayın silsilə dağlarının özüdür. Hər şey Vahiddən başlayır, baxın, birinci misra bir-iki sözə ayaq qoyub zirvəyə yönlənir, lakin zirvə yekundur, bu şeirin sonluqları kimi. Oracan özün gəlmisən, indi bitmisən, tükənmisən, əllərini Allahın mərhəmətinə açırsan. Altay isə Yer kürəsində Allahın dərgahına ən yaxın yerdir. Türkün mayası bu müqəddəs məkanda tutulub.

  

   Altıngöldən  

   Min il əvvəl su içmiş

   Bir yağışın damlasıyam.  

   Qayıtmışam, baxım görüm

   Hanı mənim buludum?

  

   Fikrət Sadıq ikiyə bölünmüş Azərbaycanın müstəqillik ağrısı, problemləri ictimai yüklə poeziya yəhərinə qaldıran şairdir:

  

   Sən başqa bir tərəfdəsən, 

   Mən başqa bir tərəfdəyəm.

   Sən Şəhriyar tərəfdəsən,

   Mən Sabir tərəfdəyəm.

  

   Bizim bütöv olmağımız qiyamətə qaldı, qardaş 

   Çün, sən dözüm tərəfdəsən, mən səbr tərəfdəyəm.

  

   Mahir bənna daş üstünə daş qoyub bina tikir. "Taleyin acığına" kitabında "Söz hörgüsü" silsilə şeirləri var. Fikrət Sadıq "Qafiyə" şeirində yazır:

  

   Ekiz söz.  

   Ahəng tərəzisinin pərsəngi.  

   Şeir divarının hamar üzü.

   Köhnə daşı çox olsa

   Kifir göstərəcək hörgünüzü.

   

   Millətin süqutu əxlaqın pozulmasından başlayır, əxlaq deyilən cəmiyyətin yaşayış normaları olmaqdan başqa milli varlığın mahiyyətidir. İndi sürrealizmdən, modernizmdən, bilim, ...izmdən yazırlar. Bu zaman yazarlar hansı hoqqabazlıqlardan çıxmırlar, mətləbləri dolaşdırır, hər şeyi ayaq-baş etməklə, eybəcərləşdirməklə, təhrif etməklə uzunömürlülük, şöhrət qazanmağa çalışırlar, hansıki modernizm psixoloji açımda baş verir, bu zaman istedad xərclənməyə başlayır, həm dəyərli, qiymətli alacaq olmalıdır, həm söz yükün çiyindən düşməməlidir. Bu yük bir dəfə yerə qoyulsa, çətin bir qalxa. İndiyədək Fikrət Sadığın həcmcə çox kiçik "Xırdaca gəlin" hekayəsinin ədəbi aləmdə doğurduğu səs-küy yadımdadır, çünki yazı hərənin ürəyinin bir sarı simini tərpətmişdi.

   Budur, hamının sevdiyi, yenə tanımadığı Fikrət Sadıq, Şamaxı düzləri kimi enli sinəsində zərif ürək döyünən, əlçatmaz, bütövlüyü dərkolunmaz Fikrət Sadıq. O düzlərdə hər il yazda lopa-lopa lalələr açır, sarı, düymə çiçəklər qırmızı xalıya naxış vurur. Hər il nübar alçalar ağappaq ləçəkləri dimdikləyəndə lalələr solur, yaşıl çəmənlərin yanaqları bozarır, lakin gələn yaz yenə çəmənlər süslənir. Fikrət Sadığın yaradıcılığı hər fəsildə yeni rəngləri, mənzərələri ilə cilvələnən çəməndir".

  

Məlahət Rzayeva

 

Şərq.- 2011.- 2 dekabr.- S.12.