Mübariz İbrahimovun xatirəsinə həsr olunan festivalda istedadlı
gənclər seçildi
4 aydır
ki, davam edən Azərbaycanın Milli Qəhrəmanı
Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Gənclərin
I Ümumrespublika Teatr Festivalı başa çatdı. Gənc
Tamaşaçılar Teatrında keçirilən
festivalın yekunlarına həsr olunmuş
konsertdə eyni zamanda
festivalın qalibləri açıqlanıb və onlar mükafatlandırılıb.
Gənclər və idman, Mədəniyyət
və turizm nazirliklərinin dəstəyi ilə keçirilən
festivala 4 bölgə - İsmayıllı, Ucar, Mingəçevir,
Zaqataladan və 8 paytaxt truppasından ümumilikdə 110 gənc
qatılıb. İlkin
mərhələdə 20-dən çox ssenari təqdim olunub. Təşkilat
Komitəsi onlardan 12-sini seçib.
Həmin ssenarilərin hər biri
ayrı-ayrı rejissorlar tərəfindən
səhnələşdirilib. Festival
çərçivəsində ölkədə ilk dəfə yaradıcı Art
Kamp keçirilib.
Festivalın ideya müəllifi, millət
vəkili Jalə Əliyeva, icraçı direktoru
Ramil Ağasıyev, bədii rəhbəri
Əfsələddin Ağalarovdur. Heydər
Əliyevin "Mən həmişə fəxr etmişəm,
bu gün də fəxr
edirəm ki, mən azərbaycanlıyam",
- fikri festivalın devizi
kimi seçilib.
Tədbir Mahirə Əsədovanın
"Mən azərbaycanlıyam" adlı sənədli
filminin nümayişi ilə davam edib. Bakı Musiqi
Akademiyasının tələbəsi Ramil
Xələfov konsert boyu
vətənpərvərlik mövzusunda olan mahnıları səsləndirib.
Daha sonra festival qaliblərinin adları açıqlanıb. Qaliblər Xalq artisti Amaliya Pənahova, teleaparıcı
Nərgiz Cəlilova, rejissor Vaqif Əsədov, teatrşünas
Aydın Talıbzadə
və aktrisa Yaqut Paşazadədən ibarət münsiflər heyətinin rəyi əsasında 3 gün ərzində göstərilən
12 tamaşa arasından
seçilib. Ucar mədəniyyət evinin təmsilçisi Elçin Aslangil "Mühakimə" tamaşasındakı
roluna görə
"Ən yaxşı
aktyor işi" nominasiyasında qalib olub. Larisa Məmmədovanın
xatirəsinə həsr
olunmuş "El axtarışında"
tamaşasındakı roluna
görə, Yuğ Teatrının nəzdində
fəaliyyət göstərən
Gənc Təşəbbüslər
Mərkəzinin üzvü
Lamiyə Xəlilova
"Ən yaxşı
aktrisa işi" nominasiyasına layiq görülüb. Azər Cəfər
"Ən yaxşı
ssenari müəllifi"
seçilib.
Festivalın həvəsləndirici mükafatlarını azyaşlı
uşaqlar qazanıb -
12 yaşlı Ayla Qasımzadə və Zaqataladan gələn Elnur Aslanov.
Tədbirin həyəcanlı anları üç yerin qalibinin adları açıqlanan
zaman yaşanıb.
Beləliklə, "Q.A.T.A.R" yaradıcılıq
studiyası "Qisasın
rəngi" tamaşası
ilə müsabiqənin
birincisi (1500 AZN) elan olunub. Slavyan Universitetinin "Totem" yaradıcılıq studiyası
ikinci (1000 AZN), Mingəçevir
xalq yaradıcılıq
teatrı isə üçüncü yerə
(750 AZN) layiq görülüb.
Sonda isə festivalın
icraçı direktoru
Ramil Ağasiyev
festival iştirakçılarının Azərbaycan prezidenti cənab İlham Əliyevə olan müraciətini səsləndirib.
Qeyd edək ki,
festival Azərbaycanın istedadlı
gənclərinin aşkar
olunması, onların
əməyinə verilən
qiymət və bir çox parametrlərinə görə
müsbət dəyərləndirilir.
Layihənin vətənpərvərlik mövzusuna aid olması və Milli Qəhrəman
Mübariz İbrahimovun
xatirəsinə həsr
olunması müharibə
vəziyyətində olan
Azərbaycanın mövcud
durumu baxımından
yüksək dəyərləndirilir.
Qeyd edək ki, festivalın
gedişi zamanı gənc ssenaristlər maraqlı və yaddaqalan görüşlər
keçiriblər.
Layihə ilə bağlı
tanınmış sənət
adamları, ictimai-siyasi
xadimlər də fikirlərini bildiriblər.
Tanınmış rejissor, ssenarist
Aydın Dadaşov hesab edir ki,
festival Azərbaycanın ədəbi-bədii
mühitinə töhfə
verəcək işlərin
ortaya qoyulması üçün əhəmiyyətli
hesab oluna biləcək əlaqələrin
yaranmasına yardımçı
olacaq. "Mədəniyyət və
İncəsənət Universitetinin
tələbələri və
müxtəlif teatrların
nümayəndələri, başqa sahələrdə
çalışan insanlar
bu festival sayəsində
bir yerə toplanacaq, tanış olacaqlar. Mənim hər bir festivala münasibətim müsbətdir. Çünki festival yaradıcılar, fərdlər
arasında ünsiyyət
yaradır, potensialları
ortaya çıxarır".
Rejissor bu qənaətdədir
ki, festival xüsusilə
gənclər üçün
çox gözəl fürsətdir. "Teatr festivalı bir sənət bayramıdır. Hər kəs
öz repertuarıyla,
öz sənətiylə
bir-birinin qarşısına
çıxacaq. Mən inanıram
ki, festival öz missiyasını yerinə
yetirəcək". Respublikamızın
ən böyük probleminin torpaq azadlığı ilə bağlı olduğunu söyləyən A.Dadaşov
hesab edir ki, bu səbəbdən
də torpaq azadlığına həsr
olunmuş pyeslər, tamaşalar, mahnılar və s. həmişə gündəmdədir. "Festivalın da vətənpərvərlik mövzusunda
olması onu diqqət mərkəzinə
çevirəcək. Düşünürəm ki, belə festivallar tez-tez keçirilməlidir. Bütün kollektivə
uğurlar arzulayıram.
Millət vəkili Sevinc Fətəliyeva o düşüncədədir
ki, Azərbaycan teatr tarixində ilk dəfə gənclər arasında keçiriləcək
bu festival Azərbaycan
xalqının fəxri
olan Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə
böyük ehtiram nümayiş etdirməklə
yanaşı, yeniyetmə
və gənclərimizin
vətənpərvərlik ruhunda tərbiyə olunmasına, bu ruhun aşılanmasına
xidmət etmiş olacaq. "Digər
tərəfdən isə
vətənpərvərlik mövzusunda yeni ssenarilərin yaranmasına,
gənclər arasında
bu janr üzrə
gənc istedadların
üzə çıxmasına
imkan verəcək".
Millət vəkili vurğulayıb
ki, ölkəmizin iqtisadi inkişafı, regionda artan nüfuzu bilavasitə gəncliyimizin həyatına
da öz təsirini göstərir.
"Bu gün Azərbaycan gəncləri
ictimai-siyasi proseslərdə
yaxından iştirak edir, ümummilli məsələlərə prinsipial
vətəndaşlıq mövqeyindən
yanaşırlar. Xaricdə
təhsil alan
gənclərimizin sayı
ildən-ilə artır.
Çox
sevindirici haldır ki, onlar təhsillərini
bitirdikdən sonra doğma vətənə qayıdır, əldə
etdikləri bilik və təcrübəni respublikamızın inkişafına
sərf edirlər.
Gənclərin elm, təhsil, idman,
mədəniyyət, incəsənət
sahəsində əldə
olunan çoxsaylı
nailiyyətləri cəmiyyətdə
müstəqil dövlətimizin
gələcəyinə olan
inamını daha da artırır. Təbii ki, qarşıdakı illərdə gənclərin
üzərinə ciddi
vəzifələr düşür.
Gənclərimiz müstəqil dövlətimizin
daha qüdrətli olması üçün
fəaliyyətlərində maksimum bilik, bacarıq, mənəvi saflıq, məsuliyyət,
həmçinin birlik,
mütəşəkkillik və
yeni ideyalar təqdim edərək, onları həyata keçirmək yolunda yorulmadan çalışmalı
olacaqlar. Bu, Azərbaycanımızın davamlı
inkişafının və
parlaq gələcəyinin
təminatıdır".
Gənclik və onun problemlərinin
daim dövlətin diqqət mərkəzində
olduğunu söyləyən
S.Fətəliyeva bildirib
ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan
"Dövlət Gənclər
Siyasəti" bu gün də prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. "Ötən dövrlər ərzində
dövlət gənclər
siyasətinin ən vacib istiqamətlərindən
biri vətənpərvərlik
və vətəndaşlıq
tərbiyəsinin aşılanması,
milli-mənəvi dəyərlərinin
qorunub saxlanılması,
Azərbaycan tarixinin, dövlətçilik ənənələrinin
öyrənilməsi, gənclərlə
iş sahəsində
beynəlxalq əlaqələrin
qurulması, onların
elm, təhsil, mədəniyyət
sahəsində əldə
etdikləri uğurlar
dövlətimizdə gəncliyə
olan qayğının
və diqqətin bariz nümunəsidir".
Deputatın qənaətincə, gənclərin intellektual inkişafına, vətənpərvərlik
tərbiyəsinin artırılmasına,
məşğulluq sahəsində
əmək bazarına
uyğun yeni ixtisasartırma kurslarının
keçirilməsinə yönəlmiş
fəaliyyət gücləndirilməlidir.
"Bu ilin iyul
ayında cənab İlham Əliyevin sərəncamı ilə
"Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq edilib. Dövlət
Proqramının əsas
məqsədi Azərbaycan
Respublikasında gənclər
siyasətini daha da inkişaf etdirmək, gənclərin
menecment sahəsində
fəal iştirakına
şərait yaratmaq, gənc mütəxəssislərin
işlə təminatı
və digər sosial-iqtisadi problemlərinin
həllini təmin etməkdir. Başlıca vəzifə bugünədək
əldə olunmuş
nailiyyətləri qoruyub
saxlamaq və onları artırmaqdır".
S.Fətəliyeva güman edir
ki, festival nəinki iştirakçı gənclərin,
eləcə də ölkə gənclərinin
həyatında önəmli
yer tutacaq. "Qəlbi vətən
sevgisi ilə döyünən gənclik
Mübariz adlı vətənpərvərlik səlnaməsi
yaradacaq. Qəlblərdə əbədi yer almış xalqın mərd oğlunun adı öz yaşıdlarının qələminin
və istedadının
qüdrəti ilə səhifələrə süzüləcək,
səhnələrdə təqdim
olunacaq. Mübariz kimi
qəhrəmanların əziz
xatirəsi heç vaxt unudulmayacaq, illər keçəcək,
analar yeni doğulmuş övladlarına
onun adını qoyacaq, onun vətənsevərliyi
neçə-neçə nəsillərin
örnəyinə çevriləcək".
Festivalda diqqətçəkən məqamlardan biri də Art Kampdır. Qeyd edək ki, bu,
Azərbaycanda ilk dəfə
tətbiq olunur.
Bu səbəbdən də
geniş ictimaiyyətə
onun mahiyyətini izah etmək zərurəti var. Festivalın
icraçı direktoru,
gənc rejissor Ramil Ağasıyev vurğulayıb ki, Art Kamplar əcnəbi ölkələrdə hər
il keçirilir və onlar ödənişli
olur. "Azərbaycanda
ilk dəfə olaraq bunu biz edirik və bu Art Kamp Gənclər və İdman Nazirliyinin dəstəyinə görə
tamamilə ödənişsizdir.
Festivalda
iştirak edən 100-ə
yaxın gəncin hər biri burada
aktiv iştirak edə bilər. Biz onlar üçün
rejissor, aktyor dərsləri, səhnə
hərəkəti, səhnə
danışığı və
bir çox yaradıcı baxımdan lazım olan treninqləri təşkil
etmişik. Bunun üçün
biz düşərgəyə mütəxəssislər, yaradıcı
insanlar dəvət edəcəyik. İstəyimiz
və hədəfimiz
birdir: yaradıcı gəncliyə vətənpərvərliyi
daha aydın və audio - vizual vasitələrdən istifadə
edərək aşılamaq".
Qeyd edək ki, festivalın ideya müəllifi millət vəkili Jalə Əliyeva olub. Deputat müəllifi
olduğu ideya ilə
bağlı bəzi mətləblərə aydınlıq gətirib.
O, festivalın sırf gənclər arasında keçirilməsi
məsələsinə də toxunub. "Mübariz İbrahimovun
özü gənc idi.
İkincisi, bu tərbiyəvi
festival və əxlaqi mövzular
mənəviyyatı, əxlaqı artıq oturuşmuş
olan insanlara nisbətən
yetişməkdə olan nəsil üçün daha əhəmiyyətlidir.
Çünki hələ özünü
təsdiqləməyə çalışan gəncin sağlam düşüncəli və sağlam ruhda olması cəmiyyətimiz
üçün ən önəmli məsələlərdəndir".
Millət vəkili bildirib ki, layihədə məqsədləri festivala gələn gəncləri
tanınmış mədəniyyət və incəsənət
xadimlərimizin ustad dərsləri ilə
tanış etmək və onlarda olan yaradıcılıq meyillərini daha da
stimullaşdırmaqdır. "Buna
görə qərara gəldik ki, belə bir yenilik edək. Bu yolda bizə Gənclər
və İdman Nazirliyi
tərəfindən çox yüksək
səviyyədə dəstək göstərildi".
Firdovsi Fərzəliyev
Şərq.- 2011.- 3 dekabr.- S. 11.