Jurnalistikanın
zirvəsindən müəllimliyin zirvəsinə aparan yolun yolçusu
"Əgər
məndən soruşsaydılar ki, ən
şərəfli sənət hansıdır?
Mən o zaman iftixarla belə deyərdim:
müəllimlik"
H.B.Zərdabi
1960-cı il may ayının
başa çatmasına bir neçə gün qalmış
Bakıya yollandım. Sənədlərimi Azərbaycan
Dövlət Universiteti filologiya fakültəsinin jurnalistika
şöbəsinə təqdim etdim. Beş imtahan verməli
idim: Azərbaycan dili və ədəbiyyatı (yazılı
və şifahi), tarix (şifahi), rus dili (yazılı) və
xarici dil (şifahi). Birinci imtahan ədəbiyyatdan
yazılı idi. Üç mövzudan birini seçdim:
"Səməd Vurğunun "Vaqif" əsərinin təhlili".
Şair və yazıçılarımızın
hamısının yaradıcılığını sevirdim
və əla bilirdim. Lakin Nizami Gəncəvi və Səməd
Vurğun qədər sevdiyim heç bir ədib yox idi.
Onların əsərlərinin bir çoxunu
başdan-ayağa qədər əzbərdən bilir və
yeri gələndə tanınmış artistlərimiz kimi
oxuyurdum.
Belə olduğu halda mən, əlbəttə,
Səməd Vurğunla bağlı mövzunu seçməyə
bilməzdim. Bir də ki, on birinci sinifdə dövlət
imtahanı verərkən də elə bu mövzunu
yazmışdım.
İki gündən sonra "kəsilənlərin"
siyahısını divardan asdılar. Adları siyahıda
olmayanlar növbəti imtahanlara buraxılırdılar. Yəni
mən Azərbaycan dili və ədəbiyyatından şifahi
imtahan verməliydim. İmtahan başlandı. Yalan olmasın,
on nəfər abituriyent dalbadal çıxıb, "kəsdilər"
demişdi. Bir-birini itələyə-itələyə imtahana
girməyə çalışan oğlanlar və qızlar
sakitləşmişdilər, artıq içəri girməyə
cəsarət etmirdilər. Deyəsən, mənim
üçün əlverişli şərait yaranmışdı.
Qapı açıldı.
İçəridən səs eşidildi: bir nəfər gəlsin.
Otağa girdim. Burada biletlər
düzülmüş masanın arxasında iki nurani kişi
oturmuşdu, qarayanız cavan bir qadınsa ayaq üstə
dayanmışdı. Qadını tanıdım, əvvəlki
imtahanda iştirak edənlərdən biri idi. Yaman zəhmli
xanıma oxşayırdı. Oturan müəllimlər isə
tanınmış yazıçımız Mir Cəlal və
dilçi-alim Səlim Cəfərov idilər.
Adımı, atamın
adını, soyadımı soruşub, siyahıda qeyd edəndən
sonra:
- Bilet çək! - dedilər.
Biletlərdən birini götürüb:
- Nömrə 15, - dedim.
Səlim Cəfərov mənə
bir cümlə yazılmış kağız parçası
uzadıb yer göstərdi:
- Keç, orada otur, hazırlaş.
Suallarıma
baxdım. Necə də asan idi: 1. "Nizami Gəncəvinin
"Sirlər xəzinəsi" poeması" 2. "Seyid Əzim
Şirvaninin "Köpəyə ehsan" satirasının təhlili".
3. "Mehdi Hüseynin "Abşeron" romanında gənc
fəhlə surətləri". 4. Verilən
cümlənin təhlili.
Yenicə əyləşmişdim
ki, arxa partadakı qızın səsini eşitdim:
- Nəcəf bəy Vəzirovun komediyaları hansılardır?
- "Daldan atılan daş topuğa dəyər".
Qızın səsində inciklik hiss etdim:
- Sataşmağa vaxt tapdın? Səndən
Vəzirovun komediyalarını
soruşuram.
- Ay qız, sən
soruşursan, mən də cavab verirəm:
"Sonrakı peşmançılıq
fayda verməz".
- Məni dolama.
- Dolamıram. Dinlə
məni: "Yağışdan
çıxdıq, yağmura
düşdük".
Qız qəti surətdə
inandı ki, onu dolayıram və daha heç nə
soruşmadı. Komediyaların adlarına
reaksiyası məndə elə təsəvvür yaratdı
ki, Vəzirovun yaradıcılığından xəbərsizdir.
Nə isə.
Sualların üzərində
düşünməyə başladım. Əslində
fikirləşmədən də cavab verərdim. Lakin gözləməli
oldum. Bir daha inandım
ki, gözləyəndə
vaxt gec ötür.
Üç nəfər də kəsilib çıxandan
sonra məni çağırdılar.
Birinci sualın
cavabını verməyə başladım. "Sirlər
xəzinəsi"nin məzmunundan, ayrı-ayrı hekayətlərin
əhəmiyyətindən danışdım, "Kərpickəsən
kişinin dastanı"na xüsusi diqqət yetirdim; ikinci
suala cavab verərkən "Köpəyə ehsan" əsərinin
ideyasından, dini xurafata qarşı çevrildiyindən
söhbət açdım. Müəllimlərin
üçü də diqqətlə qulaq asırdı. Mir Cəlal müəllim dilləndi:
- Şeiri
əzbər bilirsənmi?
- Əlbəttə,
müəllim! Deyimmi?
- Dinləyirik.
Şeiri
başdan-ayağadək radio diktorları kimi söylədim.
Xoşlarına gəldiyini
hiss etdim.
Mir Cəlalın
xoş səsini eşitdim:
- Üçüncü
sualına keç, bala.
Neftçilərin həyatından
bəhs edən "Abşeron" romanının yaranma
tarixindən danışdım, yaşlı, orta və gənc
nəsillərin qarşılıqlı fəaliyyətindən
söhbət açaraq, gənc neftçilərin, xüsusilə
Tahirin və Cəmilin həyatı ilə bağlı
maraqlı məqamları göstərdim.
Üçüncü sualın cavabı daha yaxşı
qarşılandı. Bundan sonra
mənə:
- Cümləni
təhlil elə, - dedilər.
Cümlə Mirzə
İbrahimovun "Gələcək gün" romanından
götürülmüşdü. Dedim:
- Bu, sadə geniş cümlədir.
Çünki burada baş üzvlərdən
başqa, ikinci dərəcəli üzvlər də var.
Sintaktik təhlil edəriksə, "yorulmurdu"
xəbərdir, "oğlanların
və qızların əlləri" mübtədadır.
Səlim Cəfərov:
- Bu böyüklükdə də
mübtəda olar? - deyə
soruşdu.
- Üçüncü növ təyini söz birləşməsi ilə
ifadə olunmuş mübtədadır.
- Doğrudur. Bəs
"oğlanların" sözündən əvvəlki
"mərd" və "qızların"
sözündən əvvəlki
"gözəl" hansı
cümlə üzvüdür?
- Təyin.
Mir Cəlal:
- İmtahana bax belə
hazırlaşarlar - dedi. - Bu gün bir "əla" yazacağıq, yoxsa yox?
Səlim müəllim dilləndi:
- Bilənə
niyə yazmayaq ki?
Zinyət müəllimə:
- Bu göy köynək oğlana
yazıda diqqət yetirirdim - dedi. - Heç
nədən istifadə
etmədən beynindən
yazırdı.
Mir Cəlal haralı
olmağımla, saçlarıma dən düşməsinin səbəbləri
ilə maraqlandı. Gürcüstanın
Borçalı bölgəsindən
olduğumu biləndə
soruşdu:
- Əhəd
Hüseynovu tanıyırsanmı?
- Şəxsən tanış
deyiləm. Tənqidçidir. "Azərbaycan" jurnalında
yeni əsərlər
barəsində məqalələrini
oxumuşam.
Mir Cəlal imtahan vərəqəsini
mənə uzadaraq:
- Təbrik! - dedi.
Sevinə-sevinə qapını
açmışdım ki, vərəqəni uşaqlar əlimdən
qapdılar. Qulağıma səslər gəldi: "Bəxtəvərə
bax. İkisindən də "beş" alıb".
Yalnız onda bildim ki, yazıdan da "əla"
almışam. Qulağıma yenə səslər gəldi: "Yəqin dayısı var".
Növbəti
imtahanlar da ürəyimcə keçdi. Universitetin jurnalistika
şöbəsinə qəbul
olunanların siyahısında
adım birincilər sırasında idi.
Bizi iyulun 1-dən
ilk sessiyaya çağırdılar. Bir neçə
gündən sonra, daha doğrusu, iyulun 7-də "Bakı"
axşam qəzetində Mir Cəlalın "Qəbul
imtahanı" adlı hekayəsi çap olundu. Hekayənin
davamı isə 8 iyul tarixli nömrədə işıq
üzü gördü. Əsəri oxuyan kimi süjetin
tanış gəldiyini hiss etdim. Ədib imtahanda
cavablarımdan sonra mənimlə söhbətini müəyyən
qədər əks etdirmiş, saçlarına oxumaqdan
vaxtsız dən düşmüş abituriyentin müsbət
və adi suallara belə cavab verə bilməyən qəssab
qızı Elişin mənfi surətini yaratmışdı. Çox ehtimal ki, həmin qız Nəcəf bəy
Vəzirovun komediyalarını sadalayarkən
ona sataşdığımı
zənn edən o qırmızıyanaq qız
idi.
Sonralar "Qəbul
imtahanı" hekayəsinin sözün həqiqi mənasında
həyatdan götürüldüyünü əks etdirən
bir əsər olduğunu yəqin etdim. Həmin əsərin
ilk dəfə "Bakı" axşam qəzetində
çap olunması da bir çox məqamlardan xəbər
verirdi. Yaxşı bilirdim ki, Mir Cəlal kimi məşhur
yazıçı hekayəsini istənilən mətbuat
orqanında çap etdirmək imkanına malik idi. Amma məhz
"Bakı"nı, dövrünün ən çox
oxunan, ən maraqlı qəzetini seçmişdi. Adətən
gündüz saat iki-üç arasında satışa gətirilən
qəzetin yeni sayını köşklərin qabağında
uzun növbələr gözləyirdi. Bu, bir. İkinci
məqam isə qəzetin redaktoru Nəsir İmanquliyevlə
Mir Cəlal arasında
mövcud olan səmimiyyət, əqidə
birliyi idi.
II kursda qəzetin redaktoru Nəsir
İmanquliyev bizə dərs deməyə, jurnalistikanın nəzəriyyə
və təcrübəsini dərindən öyrətməyə
başladı. Hər birimizlə, jurnalist peşəsini
seçməyimizin səbəbləri ilə
maraqlanırdı. Tbilisidə yaşayıb işlədiyimi
bildikdə oralarla daha dərindən maraqlanmağa
başladı. "Sovet Gürcüstanı" qəzetinin
vəziyyətini, tirajını
soruşdu.
- Mərkəzi Komitənin
orqanıdır. Təzə, yəni iki il
bundan əvvəl bərpa olunsa da, oxucular arasında
nüfuzu getdikcə artır, tirajı durmadan yüksəlir.
- Texniki təchizatınız necədir?
- "Komunisti"
(gürcücə belə deyilir) nəşriyyatında yerləşdiyimizə
görə bütün qəzet və jurnallar
üçün yaradılmış şəraitdən biz də
istifadə edirik.
- Çox gözəl.
Redaksiyamız qəzetinizi alır. Yaxşıdır. Texniki tərtibatına
söz ola bilməz. Görünür, yaxşı rəssamınız
var.
- Rəssamımız Vaxtanq Mdzinarişvili,
şübhəsiz, istedadlıdır. Amma redaktorumuz Murtuz Muradov onun həmişə
köməyinə gəlir.
- Yəni demək istəyirsən
ki, Cəlil Məmmədquluzadə olmasa idi, "Molla Nəsrəddin"in
Şmerlinq və Rotter
kimi məşhur rəssamları da yetişməzdi?
- Doğru buyurursunuz, Nəsir müəllim.
Nəsir müəllim tələbələrə
ən əvvəl müəllim, sonra isə ata kimi
qayğı ilə yanaşırdı. Bizim
aramızdan gələcəyin jurnalistini yetişdirməklə yanaşı,
istedadlı qələm
sahiblərinin də aşkara çıxarılmasına
çalışırdı.
Qrup yoldaşlarımızdan birini
- Gülnaz Kazımovanı məktublar şöbəsinə
işə götürdü. Bizi yazmağa, redaksiya ilə əməkdaşlıq
etməyə həvəsləndirdi.
Jurnalist dedikdə, gözlərimiz
önündə kütləvi informasiya
vasitələrinin yazıb-yaratmaqla məşğul olan
işçiləri dayanır. Onlar isə müxtəlif
vəzifə sahibləri olurlar: müxbir, xüsusi müxbir,
şöbə müdiri, məsul katib, redaktor müavini,
redaktor. Söhbət qəzet redaktorundan gedəndə bu vəzifənin
sahibi jurnalistikanın zirvəsi sayıla bilər. Çünki həmin şəxs böyük
bir kollektivin başçısı, yolgöstərəni,
istiqamətləndiricisi olur.
Nəsir müəllim
jurnalist sənətinin zirvəsində idi. "Bakı" axşam qəzeti kimi bir mətbuat
orqanının rəhbəri olmaq üçün
jurnalistikanın sirlərini
mükəmməl bilmək
tələb olunurdu.
Hazırda KİV-də rəhbər
vəzifədə çalışıb, universitetlərdə
tələbələrə jurnalistikanın sirlərini
öyrədənlərə "ustad", onun dərsinə
isə "ustad dərsi" deyirlər. O vaxtlar da yəqin
ki, belə deyilirdi. Nəsir müəllim belə
ustadlardan biri idi.
Onun dərsində
özümüzü jurnalistika aləmində hiss edirdik. Xəyalən
qəzet hazırlayır, ərsəyə gətirdiyimiz
çap məhsulu ilə oxucuların görüşünə
gedirdik. Bunun üçün o idarə sənin, bu müəssisə
mənim, müxtəlif adamlarla görüşür, faktlar
toplayır, bu faktları xəbərə, korrespondensiyaya, məqaləyə,
oçerkə, reportaja, felyetona, müsahibəyə,
resenziyaya, daha nə bilim, nəyəsə çevirirdik.
Yazılarımız redaksiyada müxtəlif mərhələlərdə
süzgəcdən keçirilib bəyənildikdən sonra
redaktora - Nəsir müəllimə təqdim edilirdi. Müəllimə
o materiallar verilə bilərdi ki, operativ olsun, dəqiq olsun,
ictimai əhəmiyyət kəsb etsin. Aktual olmayan adicə
xronika belə qəzet səhifəsində özünə
yer tapa bilməzdi. Bayram günlərindən sonra ilk iş
gününün ilk 4-5 saatı ərzində neft mədənlərində,
fabrik və zavodlarda əmək adamlarının fədakarlığı
barədə xəbərlər elə həmin gün oxuculara
çatdırılırdı. Sabah baş verəcək hadisələr
qəzetdə məharətlə
işıqlandırılır, məlumatlar insanlarda həmin
hadisələrin iştirakçısı olmağa həvəs
oyadırdı. Səhər qəzetlərini oxumaq imkanı
olmayanlar "Bakı"da mövcud olan daimi "Səhər
qəzetləri nədən yazır" rubrikası ilə tanış olmaqla bütün rəsmi məlumatlardan xəbər tuturdular.
Qəzetin Bakı həyatı ilə
sıx bağlılığı, şəhər əhalisinin
sözün həqiqi mənasında aynası olmağa,
adamları hər gün 14:00 radələrində
köşklərə aparır, növbəyə
durub "Bakı"nın yeni nömrəsini almağa səsləyirdi.
Nəsir müəllimi
dinləməmək mümkün deyildi, çünki
jurnalistikanın zirvəsindən gəldiyi kimi, bizi də o
zirvədə görmək istədiyini hiss edirdik. Dinləməyi
bacarmaq məharəti vardı. Bu və ya digər məsələnin
müzakirəsi zamanı danışan heç bir tələbənin
sözünü kəsmir, onu axıradək dinləyir, bu
çıxışda faydalı toxum axtarırdı.
Belə bir Şərq məsəli
var: "Müəllimin ciddiliyi ata nəvazişindən daha
yaxşıdır..."
Nəsir müəllim
ciddi insan idi. Lakin onun ciddiliyi mehribanlıqdan, səmimiyyətdən
və tələbələrinə
olan qayğıdan yoğrulmuşdu.
Mən Tbilisidə yaşayıb
işləsəm də, "Bakı" qəzeti ilə
sıx əlaqə saxlayırdım. Heç yadımdan
çıxmır, Azərbaycan Dövlət Universitetinin tətbiqi
riyaziyyat fakültəsinin dekanı işləyən
qardaşım Mustafanın telefon məsələsi ilə
bağlı Nəsir İmanquliyevə müraciət
etmişdim. O isə məsələnin müsbət həllini
təmin etmək məqsədilə telefon idarəsinə nəinki
məktub yazdı, həm də idarənin rəhbərliyinə
zəng vurdu. Məhz onun köməyi sayəsində telefon məsələsi
tezliklə həll olundu. Daha bir fakt: bizim yaxın qohumlardan
biri ağır xəstəliyə düçar olmuşdu. Həkimlər
onun həyatı uğrunda mübarizədə qalib
çıxdılar. Həkimlərin bu fədakarlığı
da Nəsir İmanquliyevin insanpərvərliyi
sayəsində qəzetin
səhifəsində öz
əksini tapdı.
Şübhəsiz, Nəsir
İmanquliyev sözün həqiqi mənasında
böyük müəllim və jurnalist idi. O dövrdə
"Bakı" axşam qəzeti nəinki təkcə Azərbaycanın
paytaxtında, həm də respublikanın hər yerində,
Gürcüstanda, indi Ermənistan deyilən məkanda, azərbaycanlılar
yaşayan hər yerdə ən çox oxunan nəşrlərdən
biri idi. Burada çap olunan materialların
yığcamlığı, məqsədyönlülüyü,
oxunaqlı olması diqqəti cəlb edirdi. Mənə elə
gəlir ki, Mir Cəlalın yuxarıda haqqında
danışdığım "Qəbul imtahanı" hekayəsi
də həmin qəzetin səhifələrinə təsadüfi
düşməmişdi. Nəsir İmanquliyev məhz
bu cür yazılar axtarırdı və Mir Cəlal kimi şəxsiyyətlərin
timsalında bu cür yazıları tapırdı.
Hər dəfə jurnalistika
fakültəsi nəzəriyyə və təcrübə
kafedrasının qarşısından keçərkən Nəsir
İmanquliyevin portretini görəndə iftixar hissi keçirərək
öz-özümə deyirəm: "Xoşbəxtəm ki,
belə bir şəxsiyyət mənə dərs
demişdir".
Həmid VƏLİYEV
BDU-nun beynəlxalq jurnalistika kafedrasının
müdiri, Gürcüstan
Respublikasının Əməkdar
jurnalisti
Şərq.- 2011.- 9 dekabr.- S. 12.