Gənclərin
hərbə marağı artırılmalıdır
Torpaqlarının
20 faizi 20 ildən çoxdur işğal altında olan, 1
milyondan çox qaçqın və məcburi
köçkünü olan, atəşkəs rejiminin
olmasına baxmayaraq müharibə şəraitində
yaşayan Azərbaycanda gənclərin hərbi vətənpərvərlik
ruhunda formalaşması olduqca vacib amillərdən biri
sayılır. Dağlıq Qarabağ da daxil olmaqla, ərazilərimizin
20 faizinin hələ ki düşmən tapdağı
altında olması gənclərin hərbi sahəyə
marağının artırılmasını zəruri edir.
İstər müddətli hərbi xidmət olsun, istərsə
də müddətsiz hərbi xidmət, gənclərimizin bu
sahəyə marağı günü-gündən
artmalıdır. Məsələ burasındadır ki, hər
bir Azərbaycan gəncinin hərbi xidmət keçmək
borcu var ki, bunu da gənclərimiz həyata keçirirlər.
Təbii ki, hərbi xidmətdən süni yollarla yayınanlar
da mövcuddur. Amma görünən odur ki, son illər demək
olar ki, gənclərin əksəriyyəti hərbi xidmətini
uğurla başa vurub evlərinə qayıdırlar. Digər
bir qrup gənc var ki, onlar ümumiyyətlə hərbi sahəni
özlərinə peşə seçirlər, zaman-zaman
müxtəlif hərbi rütbələrə yüksəlirlər,
hərbi biliklərini təkmilləşdirirlər və s. Təbii
ki, bu hal sevindiricidir.
Amma onu da qeyd etmək
lazımdır ki, sırf hərbçi peşəsinə yiyələnmək
istəyən gənclərin sayı o qədər də
çox deyil. Bəs müharibə şəraitində olan
ölkəmizdə gənclərin hərbi xidmətə
marağını necə artırmaq olar? Ekspertlər deyirlər
ki, bu sahəni inkişaf etdirmək üçün əməli
işlər görmək lazımdır. Rəsmilər isə
bildirirlər ki, gənclərin hərbiyə
marağının artırılması üçün
mütəmadi olaraq təbliğat xarakterli tədbirlər həyata
keçirilir.
Hərbi ekspert, ehtiyatda olan
polkovnik-leytenant Üzeyir Cəfərov deyir ki,
torpaqlarının 20 faizi işğal altında olan bir
dövlətdə yaşayan hər bir gəncin hərbi xidmətə
marağı yüksək səviyyədə olmalıdır:
"Bu marağın formalaşmasında medianın rolu
böyükdür. Təəssüflər olsun ki, biz bu
gün Azərbaycanda yayımlanan televiziya kanallarında bunu
müşahidə edə bilmirik. Səhərdən axşama
kimi çal-çağır, seriallar və digər mənasız
verilişlər gənclərin formalaşmasına mənfi təsir
edir. Təbliğat işi yalnız media ilə də bitməməlidir.
Mən hesab edirəm ki, bu gün Bakı küçələrində
asılan plakatların əksəriyyəti hərbi vətənpərvərlik
ruhunda olmalıdır. Bu plakatlarda hər cür müğənninin
reklamı var, amma işğal olunmuş torpaqlarımızla
bağlı heç bir məlumat yoxdur. Milli qəhrəmanlarımızla
bağlı mütəmadi olaraq bilgilər verilməlidir.
Düzdü, Milli Qəhrəman Mübariz İbrahimovla, Fərid
Əhmədovla bağlı gənclərə müəyyən
bilgilər verilib, gənclər arasında onların
şücaətləri ilə bağlı təbliğat
xarakterli tədbirlər keçirilib. Bu da təqdirəlayiq
haldır. Amma Mübariz İbrahimov, Fərid Əhmədov və
digərləri son vaxtların qəhrəmanlarıdır. Əslinə
qalsa, müasir Azərbaycanın müharibənin ilk illərində
canlarından keçmiş xeyli sayda qəhrəmanları
var. Ümumiyyətlə, Azərbaycanda bu sahədə
görüləcək xeyli iş var. Qanunvericilik bazası təkmilləşdirilməlidir.
Vətən uğrunda canını fəda etmiş gəncin
dəfni yüksək səviyyədə təşkil
olunmalıdır. Əsgər itirmək nə qədər
acı olsa da, bu, reallıqdır ki, torpaqlarımız
işğal altındadır, xidməti borcunu yerinə yetirərkən
şəhid olan əsgərlərimiz də,
çavuşlarımız da, zabitlərimiz də olacaq.
Dövlət çalışmalıdır ki, gənclərə
stimul versin. Onların mənzil və digər sosial problemlərinin
həlli prioritet təşkil etməlidir. Hərbçiyə
təkcə bir şəxsiyyət kimi yox, dövlətin
qoruyucusu kimi münasibət bəslənilməlidir. Hərbçi
dövlətin dayağı və bel sütunudur. Onlara hər
cür qayğı göstərilməlidir ki, digər gənclərdə
də bu sahəyə həvəs oyansın". Hazırda
könüllü olaraq müddətdən artıq hərbi
xidmət keçən şəxslərin olduğunu deyən
hərbi ekspert qeyd edir ki, müşahidələrə görə,
son zamanlar bu cür hərbi xidmət keçmək istəyənlərin
sayında az da olsa dəyişiklik hiss olunur: "Məsələ
burasındadır ki, hər bir sahəyə həvəs
ürəkdən gəlməlidir. İstər həkim, istər
polis, istərsə də hərbçi ol, peşəni sevməlisən.
Hərbinin öz tələbləri var. Orada yatmaq, durmaq, təlim
keçmək rejimlədir. Ola bilər ki, müəyyən
tapşırıqla bağlı sutkanın 24 saatını
xidmətdə keçirəsən. Belə hallara tab gətirmək
lazımdır. Gənclərimizdə həvəs var, amma bu
sahəyə daha çox həvəs göstərilməlidir.
Hüquq, tibb, gömrük və vergi sahələrinə həvəs
göstərildiyi kimi, hərbi sahəyə də meyil
olmalıdır. Eyni zamanda onu deyim ki, biz müharibə şəraitində
olan bir dövlət olduğumuza görə şübhəsiz,
ali məktəblərdə hərbi kafedraların ləğvi
mənfi haldır: "Tələbələrin hərbi
hazırlığının olması müharibə şəraitində
olan bir dövlət üçün
üstünlükdür. Belə gənclər gələcək
üçün potensialdır. Hazırda təkcə Tibb
Universitetinin hərbi kafedrası qalıb. Orta məktəblərdə
ibtidai hərbi hazırlıq dərsləri keçilirdi.
İndi isə bu dərslər "Gənclərin
çağırışaqədərki
hazırlığı" adlanır. Ancaq bu dərslərdə
silahlar əyani vəsait kimi uşaqlara göstərilmir.
Şübhəsiz, hərbi
kafedralarda neqativ hallar olub. Zabit olmaq istəməyənlərə,
yaxşı oxumayanlara da qiymətlər yazılırdı,
onlara rütbələr verilirdi. Əlbəttə, bu, yolverilməzdir.
Ümumilikdə götürəndə isə hərbi
kafedraların olması hərbi kadrların
hazırlanmasına müsbət təsir edirdi. Hesab edirəm
ki, gənclərin hərbi xidmətə həm psixoloji, həm
də fiziki cəhətdən hazır vəziyyətdə
getmələri üçün tədbirlər keçirilməlidir.
Tələbələr 50-100 nəfərlik qruplar halında hərbi
hissələrə aparıla və onlara əsgərlərlə
bərabər təlimlər keçirilə bilər. Azərbaycanın
hərbi sahədə hər cür imkanları var. Sadəcə,
bu işləri təşkil etmək lazımdır. Bu, xarici
ölkələrdə təşkil olunur. Hərbi hissə
komandirlərinin də marağındadır ki, gənclərə
vətənpərvərlik ruhu aşılansın. Biz bu
işləri görsək, bu, dövlətimizə çox
böyük uğur və xeyir gətirər. Gənclərdə
hərbi elmə marağı artırmaq lazımdır. Məhəmməd
Peyğəmbərin (ə.s) belə bir hədisi var-
"Beşikdən qəbrə kimi elm öyrən". Bu kəlam
hərb elmi üçün də keçərlidir. Azərbaycanda
kifayət qədər hərbi məktəblər var. Biz
öz gənclərimizi müasir tələblərə cavab
verə bilən kadrlar kimi hazırlamalıyıq. Azərbaycanın
tarixində Mehmandarov, Vəkilov kimi dahi sərkərdələr
olub. İkinci Dünya müharibəsində Həzi Aslanov,
Mehdi Hüseynzadə kimi qəhrəmanlarımız olub. Demək
ki, Azərbaycan xalqı döyüşkən xalqdır və
əsgərlərimizin hərbi hazırlığı da daha
peşəkar səviyyədə olmalıdır"
Hərbi hüquqşünas Telman Əbilov
da bildirir ki, müharibə şəraitində yaşayan bir
dövlətin gənclərinin hərbiyə marağı, hərb
peşəsinə yiyələnməsi üçün təbliğat
işləri aparılmalıdır: "Bu gün hərbi məktəblərdə
təhsilin səviyyəsi çox aşağıdır. SSRİ
vaxtında hərbi məktəblərə ən savadlı
şagirdləri seçib götürürdülər. Bunun
üçün hərbi komissarlıqlar, digər aidiyyəti
orqanlar qəbuldan qabaq müəyyən işlər
aparır, qabaqcıl tələbələrin hərbi məktəblərə
qəbul olunmasını təmin edirdilər. Bu da gələcək
zabitlərin səviyyəsinin yüksək olmasının əsas
səbəblərindən biridir. İndi vəziyyət tamamilə
başqadır. TQDK-nın imtahanında ən aşağı
bal yığan, mülki məktəblərdə oxumaq istəməyən
abituriyentləri hərbi məktəblərə
götürürlər. Bu məktəblərdə oxuyan tələbələrin
bal səviyyəsi 250-dir. 700 bal sistemində 250 balı sovet
sistemində 1- 5 qiymət sistemi ilə müqayisə etsək,
1-2 arasındadır. 1-2 alan tələbənin səviyyəsi
nədir ki, o sabah hərbçi kimi çətin peşənin
sirlərinə yiyələnə bilsin. Zabitlərin 4-5 il xidmət
etdikdən sonra ordudan tərxis olunması haqqında ərizələr
yazması da buna bariz nümunədir. Hərb sənətinə
belə laqeyd yanaşmaq olmaz. Orduda baş verən
bütün cinayətlərin səbəbi zabit heyətinin
qeyri-peşəkarlığıdır. Bu məsələyə
diqqət yetirmək lazımdır. Deməzdim ki, bu işdə
dövlət maraqlıdır. Heç bir dövlət istəməz
ki, onun müstəqillik atributlarından olan Silahlı Qüvvələrdə
savadsız hərbçilər qulluq etsin. Dövlət istər
ki, orduda cəmiyyətin ən savadlı təbəqəsi təmsil
olunsun. Ancaq bunun yolları lazımdır, hansı yolla bunu etmək
olar? Bu seçimdə ciddi səhvlərə yol veririk. Bu
işlərlə Müdafiə Nazirliyinin kadrlar idarəsi
ciddi məşğul olmalıdır. Məsələ
burasındadır ki, bu işlə vaxtında məşğul
olunmur, tələbə qəbulu vaxtı da görürlər
ki, heç kim yoxdur, plan xatirinə ən az bal toplayan
abituriyentləri qəbul edirlər. Hərbi məktəblərə
qəbul olan tələbələrin də 50 faizdən
çoxu elə təhsil vaxtı məktəbdən
ayrılırlar. Savadları, bilikləri, fiziki
hazırlıqları çatmadığı
üçün. Qalan yarısı isə xidmətinin ilk 5
ilində yoxa çıxırlar. Belə çıxır
ki, bizim hazırladığımız kadrların heç 15
faizi xidməti sona kimi başa vura bilmir. Mən demirəm ki, hərbi
peşəyə yiyələnənlərin müəyyən
problemlər yaradıb qarşısını almaq
lazımdır. Xeyr, əlbəttə ki, gəncləri hərbi
sahəyə gətirmək lazımdır. Amma bu sahəyə
gələnlər müəyyən normaları keçə
bilən, savadlı olmalıdırlar. Hərbi məktəblərdə
oxuyanlar üçün əsas meyar tələbələrin
biliyi, fiziki hazırlığı olmalıdır. Bu əksər
hallarda yaddan çıxır. Bu proseslər az-çox öz
savadı ilə hərbi məktəbə qəbul olan tələbələrə
təsir edir, onlar da tədricən məktəbdən
qovulurlar. Buna görə də ancaq qeyri-peşəkarlar,
savadsızlar qalır". Mülki məktəblərdən
fərqli olaraq hərbi məktəblərdə təminatın
dövlət tərəfindən verildiyini qeyd edən ekspert
vurğulayıb ki, təminat məsələsində ciddi
problem yoxdur: "Hərbi məktəblərdə oxuyan tələbələr
100 manata yaxın təqaüd alırlar, digər vəsaitlərlə
də təmin olunurlar. Maddi tərəfdən pis deyil. Desək
ki, maddi təminat ucbatından hərbi məktəbi tərk
edən zabitlərimiz olub, bu ədalətli olmaz. Amma hesab edirəm
ki, hərbçilərin maaşı bütün zümrələrin
əməkhaqqından çox olmalıdır. Gənclər
də görməlidirlər ki, dövlət hərbçisinə,
əsgərinə, zabitinə necə yüksək qiymət
verir. Hərb sahəsi qanunla dövlət qulluğunun ən
ali növüdür. Ən yüksək maaşı da hərbçi
almalıdır".
Dövlət rəsmiləri də
bildirirlər ki, gənclərin hərbi sahəyə olan
marağını artırmaq üçün tədbirlər
mütəmadi olaraq həyata keçirilir. Gənclər və
İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov qeyd
edir ki, təmsil olunduğu dövlət qurumu bu günə
kimi gənclərə vətənpərvərlik ruhunun
aşılanması istiqamətində çoxlu işlər
görüb: "1996-cı ildə biz nazirliyin xətti ilə
"Şahin" idman oyunlarının keçirilməsinə
başladıq. Aradan 1-2 il keçdikdən sonra "Cəsurlar"
hərbi oyununun keçirilməsinə nail olduq. Çox
maraqlıdır ki, adını qeyd etdiyimiz oyunlar hazırda gənclər
arasında ənənə halını alıb. Biz
"Şahin" idman oyunlarını Cəmşid
Naxçıvanski adına hərbi litseydə keçiririk.
Bu oyunların keçirilməsi zamanı biz maraqlı hadisələrlə
qarşılaşırıq. Belə ki, liseyin
uşaqlarından bir neçəsi oyunlarda iştirak edən
uşaqlara yaxınlaşaraq, özlərinin də bir vaxtlar
"Şahin" idman oyunlarına qoşulduqlarını və
daha sonra hərbçi olmağa qərar verdiklərini
söyləyirdilər. Yəni deməyim odur ki, bu oyunların
keçirilməsi gənclərin hərbiyə olan
marağını artırır. Təbii ki, ilkin məqsədimiz
məhz gənclərin hərbi xidmətə olan
marağını artırmaqdır. Deyirlər ki, ən
yaxşı müdafiə hücumdur. Bu müdafiə
üçün də biz ilk növbədə gənclərimizi
vətənpərvərlik ruhunda yetişdirməliyik".
Nazirlik rəsmisi deyir ki, gənclər arasında tarixi faciələrimizlə
bağlı da tədbirlər keçirilir: "Hər il
Xocalı faciəsinin ildönümü ərəfəsində
"Mahir nişançılar" hərbi idman oyunları
keçiririk. Rəhbərliyə bu layihəni təklif etdik
və layihə çox keçmədən təsdiqini
tapdı. Ali məktəb tələbələri və
könüllülər arasında keçirilən "Mahir
nişançı"lar hər il ənənəvi şəkildə
keçirilir və bu yarışma gənclər arasında
çox böyük rəğbətlə
qarşılanır. Buna görə də biz bu layihələrin
davamlı olmasına çalışırıq, "Mahir
nişançılar"ı hər il maliyyələşdiririk.
Bununla yanaşı, tarixi günlərimizin unudulmaması
üçün gənclər arasında intellektual
yarışmalar keçiririk. "Mən Azərbaycanlıyam"
layihəsi bu cür intellektual yarışmalardan biridir. Bununla
yanaşı, yaxın gələcəkdə "Virtual
Qarabağ" layihəsini hazırlamağı
planlaşdırırıq. Bu layihə ilk növbədə
informasiya-kommunikasiya texnologiyalarının istifadəsinə
imkan yaradacaq. Sözügedən layihədə Qarabağla
bağlı həqiqətlər virtual həyatda daha çox
yayımlanacaq və bu da dolayısı yolla informasiya
müharibəsində Azərbaycanın mövqeyini gücləndirməyə
xidmət edəcək. Eyni zamanda Milli qəhrəmanlarımızın
gənclərə tanıdılması ilə bağlı da
müxtəlif layihələr həyata keçirilir. Demək
istərdim ki, biz bu sahəyə xüsusi diqqət və
qayğı ilə yanaşırıq. Azərbaycan Tələbə
Gənclər Təşkilatları İttifaqı ilə bizim
"Milli qəhrəmanlarımızı tanıyaq və
tanıdaq" layihəmiz var. Bu layihədə ən əsas
məsələ milli qəhrəmanların
tanıdılması və onlar haqqında gənclərə
geniş məlumatların verilməsidir. Yəni bütün
bu dediklərimi ona gətirirəm ki, gənclərimizdə
milli vətənpərvərlik hisslərinin oyadılması,
hərbi vətənpərvərliyin inkişaf etdirilməsi,
hərbi sahəyə olan marağın artırılması
üçün nazirliyimiz tərəfindən mütəmadi
olaraq tədbirlər həyata keçirilir".
Anar Bayramoğlu
Şərq.- 2011.- 10 dekabr.-S.11.